Məhkəmə qərarları › İş №1(055)-42/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-42/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-42/2025 04.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Saatlı rayonu Nəsimikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, evli, Bərdə rayonu Soğanverdilər kəndində qeydiyyatda olan və Saatlı rayonu Smadakənd kəndində yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin PX-in 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə 79,10 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, 13 yanvar 2025-ci il tarixdə saat 18 radələrində Saatlı rayonu Smadakənd kəndində yol kənarında həmin narkotik vasitənin 5,99 qramını üstündə, 73,11 qramını isə idarə etdiyi “Vaz 2107” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdəki oturacağın altında qanunsuz olaraq satış məqsədilə saxlayıb və daşıyarkən Saatlı RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, orada həmin tarixdə saat 18:55 dəqiqədə baxış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümdə həmin 5,99 qram narkotik vasitə qurudulmuş marixuana, idarə etdiyi “Vaz 2107” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdəki oturacağın altında 01 ədəd narıncı rəngli polietilen torbada təmiz çəkisi 17,09 qram, həmin torbanın içərisində isə 02 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 18,75 qram və 37,27 qram, ümumilikdə 73,11 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana və həmin avtomobilin saxlanc yerinin altındakı hissədə üzərində narkotik vasitə qurudulmuş marixuananın mikrohissəcikləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2024-cü ilin yay ayında Saatlı rayonu, Smadakənd ərazisində boş ərazidə 14 ədəd çətənə kolu əkmişdir. Həmin kollardan 4-5 ədəd çətənə kolu yetişmiş və o, həmin çətənə kollarını yığıb qurutmuşdur. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi “VAZ-2107” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdəki oturacağın altında saxlayırdı və arabir bir hissəsini üzərində götürüb istifadə etmişdir. Sonuncu dəfə, yəni 13 yanvar 2025-ci il tarixdə, həmin narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini özünə istifadə etmək üçün gödəkçəsinin sağ cibinə qoymuşdur. 13 yanvar 2025-ci il tarixdə axşam saatlarında yaşadığı kəndin giriş hissəsində qeyd edilən avtomobili yolun kənarında saxlayıb, yanında həmkəndlisi X6 ilə söhbət etmişdir. Yusifin narkotik vasitə ilə heç bir əlaqəsi olmamışdır. Həmin vaxt mülki geyimli şəxslər kənardan yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək ona qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və üstünün yoxlanılacağını demişlər. O, buna etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa, onu təqdim etsin. Bundan sonra o, səmimi şəkildə üstündə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Polis əməkdaşları ondan başqa qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması barədə soruşmuş, o da idarə etdiyi “VAZ-2107” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altında saxladığı narıncı rəngli sellofan torbada və onun içərisində ayrı-ayrı 2 ədəd şəffaf sellofan bükümünün içərisində narkotik vasitə olan qurudulmuş marixuananı, eləcə də avtomobilin saxlanc yerinin altındakı hissədən 1 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra kağız zərflərə qablaşdırılmış və kağız zərflərin üzərində imza atıldıqdan sonra Saatlı RPŞ-nin 89 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa, üzərindən 1 ədəd “Redmi” markalı mobil telefon və üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinin mobil qurğusu da aşkar edilərək götürülmüşdür. Eyni zamanda X5 da üstü yoxlanılmış, lakin ondan hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Baxış videoçəkiliş vasitəsi ilə lentə alınmışdır. O həminin bildirmişdir ki, həmin narkotik vasitə qurudulmuş marixuanaları özü istifadə etmək məqsədi ilə saxlamışdır, kiməsə satmaq fikri olmamışdır. Tərəzini isə Bakı şəhərindən tanımadığı bir mağazadan 4-5 ay əvvəl almışdır. Həmin tərəzidə narkotik vasitə olan qurudulmuş marixuananı çəkib özünə hissələrə ayırmışdır. O, narkotik vasitə satışı ilə məşğul olmamış, indiyədək heç kimə narkotik satmamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuanadan başqa, heç bir narkotik vasitə qəbul etməmişdir. Sonda ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdi ki, Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 yanvar 2025-ci il tarixdə Bərdə rayonu Soğanverdilər kəndində qeydiyyatda olan və Saatlı rayonu Smadakənd kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq, o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Ardınca əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Firudun oğlu, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürülmüşdür. Təqsirləndirilən şəxs həmin gün saat 18 radələrində Saatlı rayonu Smadakənd kəndində idarə etdiyi Vaz 2107 markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında yol kənarında saxlanılmış, Təqsirləndirilən şəxs həmin vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması, ilkin araşdırma zamanı müdafiəçinin təmin olunacağı izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğu izah edilmiş və üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Buna görə də həmin şəxsin üstünə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibində gizlətdiyi 01 ədəd polietilen kəsiyi bükümdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni, üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinin mobil qurğusunu, gödəkçəsinin sol yan cibindən 1 ədəd “LD” markalı siqaret qutusunu, əynindəki şalvarın sağ yan cibindən istifadə etdiyi “Redmi” markalı mobil telefonu, bundan başqa idarə etdiyi avtomobilin sürücü oturacağının altında içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 01 ədəd sellofan torbanı və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş həmin kütlə olduğu bükümlə birlikdə elektron tərəzidə çəkildikdə 6,42 qram, idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş kütlə isə olduğu 1 ədəd sellofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə 82 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələrə baxış keçirilərkən narkotik vasitə olan qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündən və avtomobilindən aşkar edilmiş kütlələr kağız zərflərlə qablaşdırılıb götürülmüş, həmin şəxsdən aşkar edilmiş digər əşyalar isə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yanında olan həmkəndlisi X3 üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığı soruşulmuşdur. Yusif Abbasov üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olmadığını bildirmişdir. Yusif Abbasovun üzərinə baxış zamanı üstündən qanunla qadağan olunmuş əşya, yaxud predmet aşkar olunmamışdır. Baxış zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanalar və elektron tərəzi müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlələr ilə birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldığı zaman götürülmüş həmin kütlələrə Saatlı RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində başqa əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlələr kağız zərflərdə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş və o da digər iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Firudun oğlu və Əhmədov X2 Fariz Bəhrəm oğlu ilə eyniməzmunlu ifadə vermişlər. İşdə olan 13 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Smadakənd kənd sakini Təqsirləndirilən şəxs üstündən 01 ədəd sellofan bükümü ilə birlikdə çəkisi 6,42 qram, idarə etdiyi avtomobilin sürücü oturacağının altından isə sellofan torba ilə birlikdə çəkisi 82 qram olan narkotik vasitə qurudulmuş marixuanalar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşdə olan 13 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Smadakənd kənd sakini Təqsirləndirilən şəxs üstündən və avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuana və elektron tərəziyə baxış keçirilmiş və yenidən qablaşdırılaraq götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/31 nömrəli ekspert rəyində göstərilmişdir ki: 1. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 5,99 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs idarə etdiyi...marixuanaya bənzər...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd narıncı rəngli polietilen torbada təmiz çəkisi – 17,09 qram, həmin torbanın içərisində 02 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri – 18,75 qram, 37,27 qram, ümumi çəkisi – 73,11 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narkotik vasitə qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynitərkiblidir. 3. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi tərəzi...” sözləri yazılmış və imzalar olan kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın mikrohissəcikləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) iz mikrohissəciklərinin miqdarını və təqdim edilən kütlələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(055)-48/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdür Məhkəmənin sorğusuna əsasən Saatlı rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(055)-48/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il, 02 (iki) ay, 08 (səkkiz) günü çəkilməmiş qalmaqdadır İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, üzərindən aşkar olunmuş narkotik vasitənin satış məqsədilə deyil, öz şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, işdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/31 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi tərəzi...” sözləri yazılmış və imzalar olan kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın mikrohissəcikləri vardır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki baxılan iş üzrə Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş narkotik vasitələrin bükümlərə bükülməsi, həmin narkotik vasitənin hissəcikləri olan elektron tərəzinin aşkar olunması Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə edib, saxlayıb və daşımasına dəlalət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(055)-48/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il, 02 (iki) ay, 08 (səkkiz) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(055)-48/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il, 02 (iki) ay, 08 (səkkiz) gün hissəsinin iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət qanunvericiliyini tələbinə əsasən hazırda Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(055)-48/2023 saylı saylı hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(055)-48/2023 saylı saylı hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, həmin hökmlə hazırda mövcud olan məhkumluq hazırki baxılan cinayətə münasibətdə residiv yaratmır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci ildə şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2025-ci il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 78,70 qram qram olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik)manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(055)- 48/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il, 02 (iki) ay, 08 (səkkiz) gün hissəsinin iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla hazırkı hökmlə ona təyin ediləcək üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilib üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 13 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 78,70 qram qram olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar