Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-44/2025 17.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, Xüsusi ittihamçı X12, Təqsirləndirilən şəxs X4, Müdafiəçi Saatlı rayon Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Saatlı rayonu, Əlisoltanlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə Saatlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X19 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 qohumunun yanında şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltdığına, eyni zamanda yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən məlumatları yaymaqla ona böhtan atdığına görə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, 08 aprel 2025-ci il tarixdə X1 yaşayan qızı X5 qaynanası X17 ilə telefonla danışarkən onun barəsində şərəf və ləyaqəti ləkələyən məlumatlar vermiş və həmçinin onu təhqir etmişdir. Belə ki, Almaniyada yaşayan qızı X14 ailəsi ilə (həyat yoldaşı, 10 aylıq övladı ilə) 08 aprel 2025-ci il tarixdə qaynanasının evinə qonaqları olduğuna görə dəvət olunur. Naciyə bacısından nigaran olduğuna görə qaynanası X6 xahiş edir ki, bacısına telefon açsın. X22 bacısına telefon açarkən telefona cavab verən Saatlı rayonu Əlisoltanlı kəndində yaşayan X13 olur. X13 telefonla danışmağa başlar başlamaz onun barəsində şərəf və ləyaqəti ləkələyən məlumatlar, təhqiramiz sözlər işlətməyə başlamışdır. Naciyə görmüş ki, bütün bu olanları evə gələn qonaqlar eşidir, bu zaman X4 telefon danışığını Naciyə öz telefonuna yazmağa başlayır. Həmin səs yazısını 11 aprel 2025-ci il tarixdə qaynanası ilə Azərbaycana, Bakıya gələrək mənə təqdim edirlər. Həmin səs yazısını dinləyərkən məlum olur ki, X13 qızının qaynanasına onu barəsində şərəf və ləyaqəti ləkələyən məlumatlar, təhqiramiz sözlər işlədərək, ona qarşı qarayaxma məqsədi irəli sürǝrək, ona şər, böhtan atmış və onun Almaniya dövlətində yaşayan qohum- əqrəba, onu tanıyanlar arasında nüfuzuna xələl gətirmişdir. X4 onun haqqında yaydığı məlumatlar böhtan xarakterli olduğundan X13 barəsində cinayət işi açılmalıdır. Məhkəmə iclasında xüsusi ittihamçı X19 xüsusi ittiahm qaydasında verdiyi ərizənin dəlillərinə uyğun ifadəsində verərək X4 qohumunun yanında şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltdığına, eyni zamanda yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən məlumatları yaymaqla ona böhtan atdığına görə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs X13 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İncinin qızı Banuçiçəklə eyni iş yerində, yəni 4 saylı penitensiar müəssisəsində işləmişdir. O, orada penitensiar müəssisəsinin rəisinin qeyrirəsmi sürücüsü olmuşdur. Banuçiçəklə orada tanış olub bir-birlərini bəyənmişlər. Banunçiçəyin anası İnci İkramlı onların münasibətimə razı olmamışdır. O, da Banuçiçəyin razılığı ilə onu qaçırtmışdır. Daha sonra isə Banuçiçəklə qarşılıqlı razılıqla nikaha daxil olmuşlar. İnci İkramlı onun barəsin də polis bölmələrinə şikayətlər etmişdir. Hətta onu və qızını hədələmişdir. Bununla bağlı əlində səs yazısı da mövcuddur. İncinin qudası ilə olan səs yazısına münasibətdə isə qeyd edir ki, həmin günü İnci İkramlının qudası ona zəng etmişdir. Telefon danışı zamanı o, əsəbi olduğundan həmin ifadələri işlətmişdir. X24 şərəf və ləyaqətinə toxunmaq məqsədi olmamışdır. Telefon danışı zamanı onların danışıqlarının kənar şəxslərin eşitdini zənn etməmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq əməlində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişdir. İş materiallarında olan diskdə əks olunmuş səs yazısından görünür ki, təqsirləndirilən şəxs X13 ilə xüsusi ittihamçı X15 qudası X17 arasında telefon danışığı aparılmışdır. Həmin səs yazısında X2 İnci İkram qızı barəsində müxtəlif fikirlər irəli sürür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təsdiq edilmiş 29 may 2025-ci il tarixli tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyildir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X13 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçıların gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əvvəla nəzərə çatdırılmalıdır ki, xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmişdir ki, X13 qızının qaynanası X17 ilə telefon danışı zamanı onun barəsində “o qadın qadın deyil” və “tüpürüm onun şərəfinə” cümlələrində “tüpürüm onun şərəfinə” ifadələri ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmişdir ki, X13 onun barəsində “o kişi ilə gəzir” - məlumatının yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla böhtan atmış, eyni zamanda, “o qadın qadın deyil” və “tüpürüm onun şərəfinə” cümlələrində “tüpürüm onun şərəfinə” ifadəsi ilə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından, eləcə də “Azərbaycan dilinin izahlı lüğəti”ndən “tüpürüm onun şərəfinə” kimi sözlərin şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaldan sözlər olduğu müəyyən olunur. Lakin qeyd edilməlidir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Beləliklə yuxarıda istinad olunan qanunvericiliyin normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, X4 xüsusi ittihamçı X15 barələrində məzmununda təhqir və böhtan xarakterli cümlələri əks etdirən cümlələri xüsusi ittiahmçısının qızının qaynansına telefon vasitəsilə təklikdə deməsi halı onun əməlində təhqir və böhtan cinayətinin tərkib əlamətinin olmasına və bununla bağlı cinayət məsuliyyətinə cəlb edilməsi üçün hər hansı bir əsasın mövcudluğuna dəlalət etmir. Belə ki, şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. “Azərbaycan dilinin izahlı lüğəti”ndən də görünür ki, kütləvi sözü geniş xalq kütləsinin, yaxud çoxlu adamın iştirakı ilə olan; kütləyə xas olan mənasını bildirir. Hazırki işdə təhqir və ehtimal edilən böhtan xarakterli cümlələri əks etdirən mesajların kütləvi olaraq yayılması halı isə müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin əməlində CM-nin 147.1 və 148-ci maddəsinin tərkibi yaranması üçün təhqir və böhtan xarakterli məlumatlar şəxs tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Hazırki iş üzrə isə xüsusi ittihamçının qeyd etdiyi təhqir və böhtan xarakterli məlumatlar X13 tərəfindən yalnız onun qudası X11 bildirilmiş, hər hansı ikinci bir insan bunu eşitməmiş və bilməmişdir. Ona görə də məhkəmə, təqsirləndirilən şəxs X13 tərəfindən 08 aprel 2025-ci il tarixdə xüsusi ittihamçı X15 qudası X17 ilə telefon danışı zamanı ona şəxsən bildirdiyi ifadələrin məzmunlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkiblərinin olması ilə razılaşmır və hesab edir ki, həmin səs yazısında səsləndirilən fikirlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasında təsbit edilmiş cinayət əməllərinin tərkibinin olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. X18 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X9 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində təhqir və böhtan cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs X9 istinad edilən ittiham üzrə bəraət verilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-350, 352- 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-44/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-44/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver