Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-47/2023 18.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, saat 14:45 xx xxxxxx 1969-cu il tarixdə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonunun Soltanlı kəndində qeydiyyatda olmaqla Saatlı rayonunun Əlisoltanlı kəndində yerləşən qaçqın və məcburi köçkünlər qəsəbəsi 16 saylı evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, sərxoş vəziyyətdə 05 iyun 2023-cü il tarixdə saat 13 radələrində Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində yerləşən məcburi köçkünlər qəsəbəsi 133 saylı evdə yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətində sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq əlində olan şüşə parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbələr vurub ona, sol mil sümüyünün oynaqdaxili qapalı sınığı ilə müşaiyət olunan, sağ budun orta 1/3-də bayır səthdə qançır, sağ qulağın xarici seyvanının sırğalıq hissəsində, sağ kürək sümüyü proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol kürəkaltı nahiyədə, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sağ əlin 5-ci barmağının ovuc hissəsində kəsilmiş yaralar əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla 1990-cu ildə ailə həyatı qurmuş, birgə nikahlarında dörd övladları vardır. Münasibətləri kəskinləşdiyindən 2013-cü ildə rəsmi olaraq boşanmışlar. Sonradan kecmiş arvadı Leyla başqa bir şəxslə ailə həyatı qurmuşdur. O, spirtli içki aludəçisi olmuş, dəfələrlə keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək sonuncu ilə mübahisələr etmişdir. 05 iyun 2023-cü il tarixdə evdə yemək yeyərkən xeyli miqdarda spirtli içki qəbul etmiş, təxminən saat 13 radələrində Leylanın yaşadığı ünvana gedib mənzilə daxil olaraq Leyla ilə mübahisə etmiş, daha sonra həyətə çıxmışlar. Leylanın ona qarşı soyuq münasibət göstərməsi onda sonuncuya qarşı qəzəb yaratdığından həyətdə olarkən şüşədən olan bankanı sındırıb iki yerə bölmüş və hər iki əlinə götürüb Leylanın üstünə yerimişdir.Bu zaman əlində olan şüşə parçası ilə Leylanın bədəninin müxtəlif nahiyələrinə vurub ona xəsarətlər yetirməkdə davam etmiş, Leyla ondan qurtulub qaçmaq istəyərkən şüşə parçası ilə sonucunun qoluna xəsarət yetirmişdir. Əsəbi olduğu üçün, həmçinin kubik daşı götürüb Leylanın başına vurmaq istəmiş, bu zaman sonuncu qolunu qabağa verdiyindən daş Leylanın qoluna dəymişdir. Onların səsinə qonşular gəlmiş, o da çıxıb evinə getmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir.Sonda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Belə ki, Yasiflə 1990-cı ildə ailə həyatı qurmuş, birgə nikahlarından dörd övladları olmuşdur. Sonradan münasibətləri pozulmuş və 2013-cü ildə məhkəmə qərarı ilə boşanmışlar. O da 2018-ci ildə rəsmi olaraq Füzuli rayon sakini X3 ilə ailə həyatı qurmuşdur. Əri hərbiçi olmaqla sərhəddə ximət aparmış, o, isə qəsəbədəki evində tək yaşamışdır. Boşanmalarına baxmayaraq Yasiflə bir qəsəbədə ayrı-ayrı evlərdə yaşamışlar.Həmin vaxtlarda Yasif içkili halda onu mütəmadi olaraq narahat etdiyindən dəfələrlə polis şöbəsinə müraciət etmişdir.05 iyun 2023cü il tarixdə saat 13 radələrində hamamda yuyunarkən Yasifin səsini eşidib çölə çıxmış, Yasifin əlində ağac olduğunu görüb həyətə qaçmış, bu zaman Yasif şüşəni sındırıb hər iki əlində olan şüşə parçası ilə onun arxasınca gəlib onun bədənini doğramağa başlamış, bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirməkdə davam etmişdir. O, qışqırmağa başlamış, bu zaman Yasif onun saçından tutub dartmış və yerdən kubik daş götürüb başına vurmaq istəyəndə qolunu qabağa verdiyindən daş qoluna xəsarət yetirmiş və qan içində özündən getmişdir. Həmin vaxt səsə qonşulardan Şahid2 və Şahid1 gəlib onu Yasifin əlindən almışlar. Bundan sonra qonşusu Şahid1 DİN-nin 102-xidmətinə zəng edib bu barədə məlumat vermiş, polis əməkdaşları onun yaşadığı ünvana gəldikdən sonra Yasifin barəsində Saatlı RPŞyə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamış və ondan şikayətçidir. Sonda məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində yerləşən məcburi köçkünlər qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs və sonuncunun keçmiş əri Təqsirləndirilən şəxs tanıyır, onlarla uzun müddətdir ki, qəsəbədə qonşu yaşamış, hər ikisi ilə münasibəti normal olmuşdur. Leyla ilə Yasif uzun illər ailəli olsalar da, sonradan boşanmışlar. 05 iyun 2023-cü il tarixdə saat 13 radələrində Leylanın həyətdə qışqırıq səsini eşidib qonşu kimi Leylanın həyətinə getmiş və Yasifin sərxoş vəziyyətdə əlində olan şüşə parçası və daşla Leylanın bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirdiyi və qaçıb getdiyi məlum olmuşdur. Yasifin Leylaya xəsarət yetirməsi anında orada olmamışdır. Şahid1 məhkəməyə ərizə ünvanlayaraq təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ağır xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid1 təhqiqat zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 06 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Zərərçəkmiş şəxs yaşadığı, Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində yerləşən məcburi köçkünlər qəsəbəsi 133 saylı fərdi yaşayış evinin həyətində baş vermişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 153 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol mil sümüyünün oynaqdaxili qapalı sınığı ilə müşayiət olunan, sağ budun orta 1/3-də bayır səthdə qançır küt əşyanın (əşyaların), sağ qulağın xarici seyvanının sırğalıq hissəsində, sağ kürək sümüyü proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol kürəkaltı nahiyədə, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sağ əlin 5-ci barmağının ovuc hissəsində kəsilmiş yaralar isə kəsici səthə malik əşyanın, ola bilsin şüşə parçasının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-çü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan 05 iyun 2023-cü il tarixli 95 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər də eyni xarakterli cinayətlər törətməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkün deyil. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən tam təcrid edilməsi yolu ilə mümkün olduğuna görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını orta həddə təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Saatlı Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 1(055)-47/2023 saylı qərarı ilə həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə tutularaq Saatlı RPŞ-nin MSY-yə yerləşdirilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs-qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 22 avqust 2023-cü il tarixdən hesab edilməlidir. İşdə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 22 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-47/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-47/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver