Məhkəmə qərarları › İş №1(055)-47/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-47/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-47/2025 21.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Saatlı rayonu Şirinbəy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 7,22 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitəni 08 yanvar 2025-ci il tarixdə saat 18:24 radələrində Saatlı rayonu, Şirinbəy kəndi ərazisində piyada satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu saxlayaraq, orada həmin tarixdə və vaxtda 1 ədəd kibrit qutusunda xeyli miqdarda 7,22 qram narkotik vasitə olan qurudulmuş marixuananı onun əynindəki şalvarının sol cibindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 12-13 il ərzində arada tapdığı vaxtlarda el arasında “nəşə” adlanan narkotik vasitə marixuanadan istifadə etmişdir. İstifadə etdiyi marixuanadan bir ədəd toxum əldə etmiş və həmin toxumu gələcəkdə şəxsi istifadəsi üçün həyətində əkmək məqsədilə evinin həyətində gizlətmişdir. 2024-cü ilin əvvəllərində həmin toxumu yaşadığı kəndin çöl sahəsində yerləşən bostanda əkmişdir. Təxminən 2024-cü ilin ortalarında həmin bitkini bostandan çıxarıb, lazım olan hissələrini sellofan torbaya yığmış, gövdəsini isə kökü ilə birlikdə yaxınlıqdakı kollektora atmışdır. Bitkinin istifadə ediləcək hissələrini yaşadığı evin həyətyanı sahəsində qurudaraq, daha sonra işlədiyi bərbərxananın yanında gizlətmişdir. Vaxtaşırı həmin sellofan torbadakı marixuanadan götürüb istifadə etmişdir. Sonuncu dəfə marixuananın qalan hissəsini sellofan torbadan götürərək 1 ədəd kibrit qutusuna tökmüş və şəxsi istifadə məqsədilə əynindəki şalvarın sol yan cibinə qoymuşdur. 08 yanvar 2025-ci il tarixdə, saat 18:20 radələrində bərbərxanada işini bitirdikdən sonra Şirinbəy kəndinin içərisindən keçərək yaşadığı ev istiqamətində hərəkət edərkən Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşmış, narkotik vasitə saxlamaqda şübhəli bilinməsi ilə bağlı məlumatlarını bildirmiş və üstündə hər hansı qanunsuz əşya olub-olmamasını soruşmuşlar. Həmin andan etibarən şübhəli şəxs qismində saxlanılmış, azadlığı faktiki olaraq məhdudlaşdırılmış, müdafiəçi ilə təmin olunmaq hüququnun olduğu izah edilmişdir. Bu vəziyyətdə, polis əməkdaşlarının marixuana saxladığını bildiklərini anlayaraq etiraz etməmiş, əynindəki şalvarın sol cibindən 1 ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Onun üzərində aparılan baxış zamanı gödəkçəsinin sağ cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefon aşkar olunmuşdur. Polis əməkdaşları təqdim edilmiş kibrit qutusunu onun yanında açdıqda, içərisində narkotik vasitə marixuana olduğu görülmüşdür. Səmimi şəkildə kibrit qutusundakı kütlənin “nəşə” olduğunu, onu 2024-cü ildə əkdiyi bir çətənə bitkisindən əldə etdiyini və şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. Marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkildikdə, çəkisinin 10 qram olduğu müəyyən olunmuş və kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Eyni zamanda, “Xiaomi” markalı mobil telefon da polis əməkdaşları tərəfindən baxış keçirilərək götürülmüşdür. Bütün bu hadisələrlə bağlı protokol tərtib olunmuş və o, protokolu imzalamışdır. Daha sonra polis əməkdaşları tərəfindən Saatlı Rayon Polis Şöbəsinə dəvət olunmuş və onlarla birlikdə şöbəyə getmişdir. Saatlı RPŞ-yə gətirildikdən sonra təhqiqatçı İsa Əlizadə tərəfindən ona şübhəli şəxs qismində saxlanıldığı bildirilmiş, hüquq və vəzifələri izah olunmuş və tutulması barədə həyat yoldaşı Tacirə Məmiyevaya mobil telefonla məlumat verilmişdir. Sonra təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş kibrit qutusundakı marixuanaya baxış keçirilmişdir. Baxış zamanı bir daha bildirmişdir ki, həmin kütlə marixuanadır və 2024-cü ilin mart ayında bostanda əkdiyi bir çətənə bitkisindən əldə edilmişdir. Təhqiqatçı tərəfindən əlavə əşyaların olub-olmaması soruşulduqda, üzərində başqa qanunsuz əşya olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aparılan baxış zamanı marixuanadan başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Bütün bu hərəkətlərlə bağlı protokol tərtib olunmuş və o, protokolu imzalamışdır. Hazırda əməlindən peşmandır, ona köməklik olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir. 08 yanvar 2025-ci il tarixdə Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq, Şahid1 raport tərtib edərək polis şöbəsinin rəisinə məruzə etmişdir. Daha sonra raport əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi Şahid1 həvalə olunmuşdur. Şahid1 tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyənləşdirilmişdir. Belə ki, əməliyyat tədbirində CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və o, iştirak etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. 08 yanvar 2025-ci il tarixdə saat 18:24-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Məmiyev X1 müəyyən edilmişdir. Daxil olmuş məlumat barədə Təqsirləndirilən şəxs bildirərək, üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitənin olub-olmamasını açıqlaması istənilmişdir. Əgər varsa, təqdim etməsi tələb olunmuş və həmin andan etibarən şübhəli şəxs qismində saxlanılmış, faktiki olaraq azadlığı məhdudlaşdırılmış, müdafiəçi ilə təmin olunmaq hüququ olduğu və təhqiqat zamanı müdafiəçinin təmin ediləcəyi izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sol cibindən 1 ədəd kibrit qutusu və gödəkçəsinin sağ cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Kibrit qutusunun içərisində “nəşə” olduğunu, onu 2024cü ildə əkdiyi 1 ədəd çətənə bitkisindən əldə etdiyini və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Kibrit qutusu açılıb baxıldıqda içərisində qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş və 10 qram olduğu müəyyənləşdirilmişdir. Qutudakı kütlə bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Sonra aşkar edilmiş qurudulmuş marixuana, mobil telefon və Təqsirləndirilən şəxs Saatlı Rayon Polis Şöbəsinə gətirilmiş, müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib olunması məqsədilə videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol oxunmuş və yekununda şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs müdafiə hüququ olduğu və araşdırma zamanı öz vəsaiti və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrlə birlikdə təhqiqat bölməsinə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs iştirakı ilə üst geyimi yoxlanılarkən götürülmüş kütlələrə Saatlı RPŞ-nin inzibati binasında təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa əşya olub-olmaması sual edilmiş, üzərində qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Təqdim olunmuş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və onun tərəfindən imzalanmışdır. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs kütlənin özünə məxsus olduğunu, satış məqsədilə saxlamadığını, qurudulmuş marixuana olduğunu bildirmişdir. Bütün bu hərəkətlər videoçəkilişlə qeydə alınmış və protokol tərtib olunmuşdur. Protokola o da digər iştirakçılar kimi imza atmışdır. Məhkəmə istintaqı zamanı elan edilmiş şahidlər Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrində Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan 08 yanvar 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki şalvarının sol cibində saxladığı 1 ədəd kibirt qutusu ilə birlikdə 10 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan 08 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Şirinbəy kənd sakini Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusu ilə birlikdə 10 qram narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 09 yanvar 2025-ci il tarixli 18/16 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə olan 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 7,22 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 326 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinərək 02 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının çəkib qurtarmış və məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 08 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 10 yanvar 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 7,20 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 7,20 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar