Məhkəmə qərarları › İş №1(055)-48/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-48/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-48/2024 28.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi və zərərçəkmiş şəxs X5 hüquqi varisi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə saat:11:10 xx xxxx 1981-ci ildə Saatlı rayonu Yuxarı Hacıqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Məzrəli kəndində qeydiyyada olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs M-6(59km, Saatlı)-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndindən keçən 2-ci km-də, 30 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində yol hərəkəti qaydalarını pozub, idarə etdiyi “VAZ 21070” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbinə zidd olaraq Saatlı şəhəri istiqamətindən Sarıcalar kəndi istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən qarşı əks hərəkət zolağında hərəkətdə olan Şahid1 idarə etdiyi “VAZ 21063” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili onun hərəkət zolağına çıxarması ilə yaranmış təhlükə qarşısında vaxtında tormozlama əməliyyatı aparmaqla idarə etdiyi avtomobili toqquşma yerinə çatmadan öz hərəkət zolağında dayandırmaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməyib, idarə etdiyi avtomobili qarşı sol hərəkət zolağına istiqamətləndirərək hadisənin qarşısını alacağını zənn etsə də, həmin anda Şahid1 avtomobili geri öz hərəkət zolağına qaytararkən sonuncunun hərəkət istiqamətində yolun orta xəttindən sola doğru 0,6 metr məsafədə nəqliyyat vasitələri arasında baş vermiş toqquşma nəticəsində ehtiyyatsızlıqdan onun avtomobilində olmuş sərnişinlər Zərərçəkmiş şəxs2 baş beyinin yüngül dərəcəli əzilməsi, solda ənsə sümüyünün kəllə əsasına keçən sınığı, pnevmosefaliya, sağ orbitaətrafının əzilməsi, hər iki almacıq sümüyünün sınığı, burun sümüyünün sınığı, sağ bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, sol said sümüyünün orta 1/3-nin, sol mil sümüyünün distal ucunun az yerdəyişən sınıqlarından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 sol yanaq nahiyyəsində yumşaq toxumaların əzilməsi, geniş ölçülü cırılmış yara, sol gözün billurunun travmatik bulanması, qansızmasından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid ehtiyatsızlıqdan xəsarətlər yetirilməklə, X5 qaraciyərin cırılması, sağ bud sümüyünün yuxarı 1/3-də, sağ qamış və incik sümüklərinin aşağı 1/3-də qapalı yerdəyişmiş sınıqlar, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, çənəaltı nahiyyədə yara, qaşarası proyeksiyada, sol qaşın tış hissəsində, sol gözaltı nahiyyədə, sağ yanaq nahiyyəsində, sağ bazunun bayır səthində, sağ qoltuqaltı proyeksiyada, sol körpücük xətti üzrə 3-7-ci qabırğa səviyyəsində, sağ məmə xətti üzrə 5-7-ci qabırğa səviyyəsində, sağ budun orta 1/3-də bayır səthdə, sağ diz oynağının ön səhində, sağ baldırın aşağı 1/3-də bayır səthdə, sağ iç topuq proyeksiyasında, sağ ayağın üst səthində sıyrıqlar ilə nəticələnən ehtiyatsızlıqdan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, onlardan qarnın qapalı küt travmasından, qaraciyərin cırılması nəticəsində baş vermiş daxili qanaxma ilə ehtiyatsızlıqdan ölümünə səbəb olmuş, yəni yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, zərərçəkmiş şəxs və ailə üzvlərini tanıyır, ədavət və düşmənçiliyi olmamışdır. Özünə məxsus olan VAZ 21070 minik markalı ** BE *** qeydiyyat nişanlı avtomobili var, həmin avtomobil X2 adına qeydiyyatdan keçmiş və avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla, baş etibarnamə əsasında idarə etmiş, avtomobilin mülkiyyətçisi başqa şəxs olsa da avtomobil özünə məxsus olmuşdur. BC 701945 nömrəli sürücülük vəsiqəsi var. 30 sentyabr 2023-cü il tarixdə təxminən 11 radələrində tanışı X7 ona zəng edib uşaqlarının xəstələnməsi ilə əlaqədar olaraq onları Saatlı rayonu Fətəlikənd kəndinə həkimə aparmasını istəmiş, təxminən 11:15 radələrində o, Xalıq Ağayevin yaşadığı evin qarşısına getmiş, həmin vaxt Xalıq Ağayev onun avtomobilində ön oturacaqda, arvadı Xalıqın arxasında, iki övladı və başqa bir nəfər qadın isə avtomobildə onun oturacağının arxasında əyləşmiş və o, hərəkət edərək Saatlı rayonu Fətəlikənd kəndinə yola düşmüşdür. Təxminən 20-25 dəqiqə yol getdikdən sonra saat 11:40 radələrində Saatlı rayonu, Sarıcalar kəndi istiqamətində hərəkət edib, Saatlı rayonu, Qıraqlı kəndinə gedən ferma yolunun yaxınlığında təxminən 300 metr məsafədən əks istiqamətdə VAZ 2106 markalı avtomobilin gəldiyini görmüş, həmin avtomobil öz hərəkət yolu ilə, o da idarə etdiyi avtomobili öz hərəkət hissəsində idarə etmişdir. Həmin avtomobilə çatmağına təxminən 70-80 metr məsafə qalmış, anidən necə olduğunu bilmədən qarşıdan gələn avtomobil öz yolundan çıxaraq onun hərəkət hissəsinə keçmiş, həmin an hesab etmiş ki, kimsə onunla zarafat edir və yoluna qayıdar. Əksinə olaraq qarşıdan gələn avtomobil öz yoluna qayıtmaq əvəzinə onun hərəkət hissəsində ehtiyyat hissəyə çıxmış, həmin vaxt o, idarə etdiyi avtomobili yolun sağ ehtiyyat hissəsinə qaçıra bilmədiyi üçün əks istiqamətli yola çıxarmaq qərarına gəlmiş ki, qarşıdan gələn avtomobil onun sağından keçib getsin. O, avtomobili sol istiqamətdə, yəni əks hərəkət hissəsinə çıxaran zaman onun sağında olan avtomobil də sanki ayılıb avtomobili öz yoluna qaytarmaq istədiyi vaxt onun idarə etdiyi avtomobilin sağ qanad hissəsi ilə qarşıdan gələn avtomobilin sağ qanad hissəsi toqquşmuş, onun idarə etdiyi avtomobil hərəkət istiqamətindən sol ehtiyyat hissədə, qarşıdan gələn VAZ 2106 markalı avtomobil isə yolun hərəkət hissəsində qalmışdır. Daha sonra avtomobildən çıxıb xəsarət alanları TTTY avtomobili ilə xəstəxanaya yola salmış, sonra digər sürücü ilə onu başqa bir TTTY avtomobili ilə Saatlı MRX-ya aparmışlar..Sonradan ona məlum olmuş ki, əks istiqamətli yolda hərəkətdə olan və onun idarə etdiyi avtomobil ilə toqquşan avtomobilin sürücüsü əvvəldən tanıdığı Şahid1dur və Saatlı RMX-da olan zaman bilmiş ki, avtomobilində ön oturacaqda əyləşən sərnişin Xalıq Ağayev isə ölmüşdür. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli işdə iştirak edən şəxslərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi və zərərçəkmiş şəxs X5 hüquqi varisi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, mərhum X7 onun əridir. 30 sentyabr 2023-cü il tarixdə saat təxminən 11:15 radələrində o, əri Xalıq Ağayev, onun xalası Şahid2 ilə birlikdə azyaşlı övladları Mərva və X6 çağırdığı VAZ 2107 markalı avtomobil ilə Saatlı rayonu, Fətəlikənd kəndinə həkimə aparmaq məqsədi ilə birlikdə həmin avtomobilə əyləşmiş və yola düşmüşlər. Həmin vaxt Xalıq Ağayev avtomobildə qabaq sağ oturacaqda, arxasında o, onun qucağında qızı Mərva, sürücünün arxasındakı oturacaqda Şahid2, ortada isə oğlu Mirhüseyn əyləşmidir. Təxminən 20-25 dəqiqə yol getdikdən sonra avtomobilin sürücüsü uca səslə nələrsə deməyə başlamış və avtomobili oynadaraq sağ və sol idarə etmiş, daha sonra Xalıq Ağayev də avtomobildə uca səslə danışmağa başlamışdır. O, avtomobilin ön şüşəsindən yola baxıb görmüş ki, qarşıdan gələn avtomobil əks yola çıxaraq surətlə onlara tərəf gəlir və onların yolundan da ehtiyyat hissəyə çıxır. Həmin vaxt avtomobildə onlar səs-küy salmağa başlamış və sürücü uca səslə “bu maşın bizi qıracaq”deyib, avtomobili yolun sol istiqamətində hərəkət etdirməyə başlamışdır. Bu vaxt qarşıdan gələn avtomobil də öz yoluna qayıtmaq istədikdə onun da olduğu avtomobilin sağ hissəsi ilə qarşıdan gələn avtomobilin sağ hissəsi toqquşmuşdur. Avtomobillərin sağ hissələri toqquşduğu üçün əri Xalıq Ağayev hadisə nəticəsində ölmüş, o və qızı Mərva xəsarətlər almışdır. Hazırda təqsirləndirilən şəxslərlə aralarında barışıq əldə edilmişdir. Baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs şikayətçi deyildir. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Özünə məxsus olan, lakin tanışı X3 adına qeydiyyatdan keçən VAZ 21063 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, baş etibarnamə əsasında idarə etmiş, avtomobilinin mülkiyyətçisi başqa şəxs olsa da, həmin avtomobil onun özünə məxsus olmuşdur. Belə ki, AB № 584216 nömrəli sürücülük vəsiqəsinin müddəti 12 iyul 2020-ci il tarixdə bitmişdir. 30 sentyabr 2023-cü il tarixdə qeyri iş günü o, Saatlı rayonu Şirinbəy kəndində tanışı Qədir adlı şəxs ilə görüşüb işlərini bitirdikdən sonra saat təxminən 11:30 radələrində yaşadığı Saatlı şəhəri istiqamətində özünə məxsus olan yuxarıda qeyd etdilən avtomobil ilə hərəkət etməyə başlamış, saat təxminən saat 11:30 radələrində Saatlı rayonu, Qıraqlı kəndinə gedən, ferma yolu kimi adlanan yeri keçdikdən sonra saat 11:40 radələrində qarşıdan qırmızı rəngli avtomobilin gəldiyini təxminən 500 metr məsafədən görmüş, həmin avtomobilə təxminən 200-300 metr məsafə qalmış yoldan diqqətini ayırmadan hərəkətini davam etdirmiş, qarşıdan gələn avtomobil anidən necə olmuşsa 10-15 metr məsafə qalmış onun yoluna çıxmış və həmin avtomobil ilə onun idarə etdiyi avtomobil toqquşmuş və hadisə baş vermişdir. Hadisə olan zaman avtomobili sol istiqamətdə, yəni əks istiqamətdə çəksə də hadisənin qarşısını ala bilməmiş, avtomobili deformasiyaya uğradığı üçün o, idarə etdiyi avtomobildə sıxılıb qalmış, huşunu itirmişdir. Bir qədər sonra hadisə yerinə TTTY avtomobili gəlib onu avtomobildən çıxarmış və digər avtomobildə xəsarət alan sürücü və sərnişinləri Saatlı MRX-ya aparmış, xəstəxanaya çatdıqdan sonra özünə gəlib sifət nahiyyəsinin qan olduğunu görmüş və xəstəxanadan çıxıb piyada yaşadığı evə getmişdir. Evdə olduğu zaman məlum olmuş ki, idarə etdiyi avtomobil ilə baş vermiş yol nəqliyyat hadisəsinin digər sürücüsü Təqsirləndirilən şəxsdur və həmin avtomobildə sərnişin olan X7 ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, mərhum X7 onun bacısı oğludur. 30 sentyabr 2023-cü il tarixdə saat təxminən 11:15 radələrində o, Xalıq Ağayev və onun ailə üzvləri ilə birlikdə Xalıq Ağayevin çağırdığı VAZ 2107 markalı avtomobil ilə onun azyaşlı övladları Mərva və Mirhüseyni Saatlı rayonu, Fətəlikənd kəndinə həkimə aparmaq məqsədi ilə birlikdə həmin avtomobilə əyləşib yola düşmüş, həmin vaxt Xalıq Ağayev avtomobildə qabaq sağ oturacaqda, arxasında arvadı Zərərçəkmiş şəxs1, onun qucağında isə qızı Mərva, ortada oğlu Mirhüseyn, o isə sürücünün arxasındakı oruracaqda əyləşmişdir. Təxminən 20-25 dəqiqə yol getdikdən sonra avtomobilin sürücüsü uca səslə “bu neynir” kimi ifadələr işlətməyə başlamış və onun sözündən sonra o, avtomobilin ön şüşəsindən yola baxıb görmüş ki, qarşıdan gələn avtomobil əks yola çıxaraq onlara tərəf gəlir. Həmin vaxt avtomobildə onlar səs-küy salmağa başlamış və sürücü uca səslə “bu maşın bizi qıracaq”- demiş və avtomobili yolun sol istiqamətində hərəkət etdirməyə başlamışdır. Bu vaxt qarşıdan gələn avtomobil də öz yoluna qayıtmaq istədikdə onun da olduğu avtomobilin sağ hissəsi ilə qarşıdan gələn avtomobilin sağ hissəsi toqquşmuşdur. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməsə də, ərizə ilə məhkəməyə müraciət edərək hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan hadisə yerinin baxışının aparılması haqqında 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə M-6(59km, Saatlı)-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndindən keçən 2-ci km hissəsində baş vermişdir. İşdə olan məhkəmə-tibbi ekspertizanın 25 oktyabr 2023-cü il tarixli 15 nömrəli rəyindən görünür ki, X5 meyitinin müayinəsi zamanı aşkar edilmiş qaraciyərin cırılması, sağ bud sümüyünün yuxarı 1/3-də, sağ qamış və incik sümüklərinin aşağı 1/3-də qapalı yerdəyişmiş sınıqlar, sınıq proyeksiyasında yumşaq toxumalarda qansızma, çənəaltı nahiyyədə yara, qaşarası proyeksiyada, sol qaşın tış hissəsində, sol gözaltı nahiyyədə, sağ yanaq nahiyyəsində, sağ bazunun bayır səthində, sağ qoltuqaltı proyeksiyada, sol körpücük xətti üzrə 3-7-ci qabırğa səviyyəsində, sağ məmə xətti üzrə 5-7-ci qabırğa səviyyəsində, sağ budun orta 1/3-də bayır səthdə, sağ diz oynağının ön səhində, sağ baldırın aşağı 1/3-də bayır səthdə, sağ iç topuq proyeksiyasında, sağ ayağın üst səthində sıyrıqlar küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlərin qərarda göstərilən şəraitdə əmələ gəlməsi inkar edilmir. X7 ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. X5 ölümünə səbəb, qarnın qapalı küt travmasından, qaraciyərin cırılması nəticəsində baş vermiş daxili qanaxma olmuşdur. İşdə olan məhkəmə-tibbi ekspertizanın 22 noyabr 2023-cü il tarixli 363 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol yanaq nahiyyəsində yumşaq toxumaların əzilməsi, geniş ölçülü cırılmış yara, sol gözün billurunun travmatik bulanması, qansızması küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan məhkəmə-tibbi ekspertizanın 22 noyabr 2023-cü il tarixli 364 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər baş beyinin yüngül dərəcəli əzilməsi, solda ənsə sümüyünün kəllə əsasına keçən sınığı, pnevmosefaliya, sağ orbitaətrafının əzilməsi, hər iki almacıq sümüyünün sınığı, burun sümüyünün sınığı, sağ bazu sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, sol said sümüyünün orta 1/3-nin, sol mil sümüyünün distal ucunun az yerdəyişən sınıqları küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İşdə olan kompleks məhkəmə yol-nəqliyyat hadisələri və nəqliyyat trasoloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli 8/3552-8/3553 nömrəli rəyindən görünür ki, nəqliyyat vasitələri üzərində olan əziklərin xarakterləri, yerləşmə sahələri və deformasiyalarının istiqamətləri nəzərə alınmaqla avtomobillər arasında ilkin kontakt anında toqquşma «VAZ-21070» markalı 49BE024 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə «VAZ-21063» markalı 18BF557 dövlət qeydiyyat nişanlı atomobilin qabaq orta hissəsi arasında təxminən 30-35 dərəcə bucaq altında baş vermişdir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, «VAZ-21070» markalı 49BE024 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərin rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs vaxtında tormozlama əməliyyatı aparmaqla idarə etdiyi «VAZ-21070» markalı avtomobili toqquşma yerinə çatmadan öz hərəkət zolağında dayandırmağa texniki imkanı olması və toqquşmanın «VAZ-21063» markalı avtomobilin hərəkət zolağında baş verməsi faktları onu izah edir ki, sürücü Təqsirləndirilən şəxs sola doğru apardığı manevr, yəni idarə etdiyi «VAZ-21070» markalı avtomobili sola istiqamətləndirərək əks hərəkət zolağına çıxması hərəkət təhlükəsizliyini təmin etməmişdir. Ona görə də «VAZ-21070» markalı 49BE024 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, «VAZ-21063» markalı 18BF557 dövlət qeydiyyat nişanlı atomobilin sürücüsü Şahid1 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərin rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Mövcud şəraitdə sürücü Şahid1 hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, idarə etdiyi «VAZ- 21063» markalı avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı idi. Lakin istintaq tərəfindən müəyyən edildiyi kimi, sürücü Şahid1 idarə etdiyi «VAZ-21063» markalı avtomobili Saatlı şəhər istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən avtomobili qarşı sol hərəkət zolağına çıxartması, hərəkət üçün təhlükə yaratması, buna görə qarşıdan əks istiqamətdən hərəkətdə olan «VAZ-21070» markalı avtomobilin qarşı sol hərəkət zolağına istiqamətlənməsi və «VAZ-21063» markalı avtomobilin öz hərəkət zolağına qayıtmaq istəyərkən nəqliyyat vasitələri arasında toqquşmanın baş verməsi faktları onu izah edir ki, qeyd olunan vəziyyətdə «VAZ-21063» markalı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şahid1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şahid1 avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasi Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuz olmuşdur. İşdə olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" MMC-nin 10 oktyabr 2023-cü il tarixli 11-1/2-150-104/2023 saylı məktubundan görünür ki, M-6(59km, Saatlı)-Sarıcalar-Səmədkənd avtomobil yolunun 2-ci km hissəsində avtonəqliyyat vasitələrinin maksimum sürəti 60 km/saatdır. İşdə olan Azərbaycan DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilmədiyini, hadisənin VAZ 21063 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 təqsiri ucbatından baş verdiyini göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar kompleks məhkəmə yol-nəqliyyat hadisələri və nəqliyyat trasoloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli 8/3552-8/3553 nömrəli rəyi və digər iş materialları ilə təkzib olunduğundan məhkəmə qeyd olunan dəlilləri özünümüdafiə məqsədilə verilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70ci maddəsinin tətbiqi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində 1 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, hadisə nəticəsində özünün də ağır xəsarət almaqla hazırda müalicə almasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Buna görə də məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübutlar olan və Saatlı RPŞ-nin avtomobil duracağında saxlanılan «VAZ-21063» markalı ** BF *** dövlət qeydiyyat nişanlı və «VAZ-21070» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 250 manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar olan və Saatlı RPŞ-nin avtomobil duracağında saxlanılan «VAZ-21063» markalı ** BF *** dövlət qeydiyyat nişanlı və «VAZ-21070» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılsın. İş üzrə 250(iki yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan oldunduğu vaxtdan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar