Məhkəmə qərarları › İş №1(055)-51/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-51/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-51/2023 20.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, saat: 15:40 xx.xx.1994-cü ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, İmişli şəhəri, Koroğlu küçəsi ev 43-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamış, 02 aprel 2023-cü il tarixdə saat 21:50 radələrində Saatlı rayonu Dəllər kəndi ərazisində “Araz” çayı üzərindəki “Asma Körpü”nün yaxınlığında Şahid3 idarə etdiyi VAZ 2106 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı İmişli rayonuna getdiyi vaxt həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən, avtomobildə olan nasazlığa görə sürücü Şahid3 avtomobili saxlayarkən qeyd edilən ərazidə xidmət aparan Saatlı RPŞ-nin PPXB-nin əməkdaşlarının onlara yaxınlaşdığını görüb cinayət əməlini gizlətmək üçün həmin bir ədəd polietilen kəsiyi bükümündəki narkotik vasitəni yerə atmış, Saatlı RPŞ-nin PPXB-nin manqa komandiri, polis serjantı Şahid4 tərəfindən həmin narkotik vasitə yerdən götürülüb onunla birlikdə Saatlı RPŞ-yə gətirilmiş, həmin tarixdə saat 22:55 radələrində polis serjantı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin təqdim edilib götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, anası Aqidə Abbasova ilə birlikdə yaşayır. Narkotik vasitəsi olan heroindən 6 ildir ki, istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, İmişli şəhər sakinləri Şahid2 və Şahid1 ilə birlikdə iş tapmaq üçün tanımadıqları taksi ilə Bakı şəhərinə getmişlər. Onlar Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanışları ilə görüşüb iş mövzusunda söhbət etmişlər. Lakin iş tapa bilmədiklərinə görə İmişli rayonuna geri qayıtmışlar. Həmin vaxt onlardan bir qədər aralıda dayanan və narkotik istifadəçisinə oxşayan bir şəxs onun diqqətini çəkmişdir. O, həmin şəxsə yaxınlaşıb onunla söhbət etməyə başlamış, söhbət əsnasında həmin şəxs ona narkotik istifadəçisi olduğunu bildirmişdir. O, həmin şəxsə rayondan gəldiyini və ağrılarının olduğunu deyib narkotik tapmasını istəmişdir. Həmin şəxs ona narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra o, Şahid2 və Şahid1 yanına gəlib çayxanaların birində oturmalarını və onu gözləmələrini xahiş etmişdir. O tanış olduğu və sonradan adının Məmməd olmasını bildiyi şəxsin vasitəsilə 20 manata bir büküm narkotik vasitə olan heroini əldə etmiş və onu gözləyən Şakirin və Elməddin yanına gəlmişdir. Bundan sonra onlar İmişli rayonuna qayıtmaları üçün 20 yanvar dairəsinə, taksilər dayanan yerə gəlmişlər. Onlar rayona gedən taksilər tərəfdə «Vita» markalı avtomobilə əyləşib Sabirabad rayonuna getmişlər. O,yolda ikən onları Sabirabad rayonuna gəlib aparması üçün tanışları Şahid3 mobil telefonla zəng etmişdir. Onlar Sabirabad rayonunda “Qlobus” adlanan yerə çatanda Samir onları özünə məxsus olan VAZ-2106 markalı avtomobillə orada gözləmişdir. Orada taksidən düşüb Samirin avtomobilinə əyləşmişlər. Bundan sonra onlar Saatlı rayonu Novruzlu kəndi ərazisində, «Araz» çayının üzərində olan “Asma” körpüdən keçib Dəllər- Məzrəli yolu adlanan arxa yolla İmişli rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Sabirabad rayonundan İmişli rayonuna gedərkən Saatlı rayonu Dəllər kəndi ərazisində “Asma” körpünü keçəndən sonra avtomobili nasaz olduğu üçün Samir avtomobili saxlamışdır. Həmin vaxt o, Şakir və Elməddin avtomobildə oturub söhbət etmişlər. Söhbət zamanı o istifadə məqsədilə şalvarının cibindən içərisində narkotik vasitə heroin olan selofan bükümü çıxartmışdır. Bu zaman yaxınlıqdan avtomobil ilə keçən polis əməkdaşları avtomobili saxlayıb onlara yaxınlaşmışlar. O da qorxduğu üçün cibindən çıxardığı selofan bükümdə olan narkotik vasitə heroin kütləsini yerə atmışdır. Bunu görən polis əməkdaşlarından bir nəfəri kütləni yerdən götürüb onu narkotik vasitə heroinə oxşatdığını demiş və onları Saatlı RPŞ-yə gətirmişlər. Saatlı RPŞ-də şəxsi axtarış zamanı heroinin özünə məxsus olduğunu və polis əməkdaşlarının onlara yaxınlaşan zaman yerə atdığını bildirmişdir. Bir ədəd sellofan bükülü açılmış, içərisində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Sonra həmin bükülü polis əməkdaşları tərəfindən götürülmüş, foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir.Hazırda əməlinə görə peşmançılıq çəkir, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Saatlı RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəridir. xx.xx.2023-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları ilə birlikdə rayonun Dəllər kəndində xidmətdə olarkən Araz çayı üzərində olan “Asma” körpünün yaxınlığında avtomobil yolunda “VAZ-2106” markalı avtomobilin dayandığını görüb həmin avtomobilə yaxınlaşaraq nə baş verdiyini soruşduqda oradakı şəxslər avtomobildə nasazlıq olduğunu bildirmişlər. Həmin vaxt məlum Təqsirləndirilən şəxs əlindəki kağız bükümü onları görən kimi yerə atmışdır. Buna görə də Təqsirləndirilən şəxs, həmçinin RPŞ-yə gətirildikdən sonra şəxsiyyətləri məlum olan Şahid1 və Şahid2 RPŞ-yə gətirilmiş, lakin bir nəfər şəxs isə qaçıb getmişdir. Bundan başqa qaçan şəxsə məxsus VAZ 2106 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobil də RPŞ-yə gətirilmişdir. Saatlı RPŞ-yə gətirildikdən sonra Saatlı təhqiqatçı tərəfindən şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs yerə atdığı 1 ədəd sellofan bükümü təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs onun təqdim etdiyi həmin narkotik vasitə olan kütlənin özünə məxsus olduğunu və öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmış, lakin narkotik vasitəyə oxşar kütlə və ya qanunla saxlanılması qadağan edilən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bir ədəd bükümdəki narkotik vasitə olan heroinə oxşar kütlə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılarkən foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imzalanmışdır. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini,səhhətilə əlaqədar Bakı şəhərində müalicə aldığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid1, Şahid2, Şahid3, Şahid4 və X1 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 02 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, əlavə edilən fotoşəkillər və videoçəkilişdən görünür ki, Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 Bilal oğlu cibindən çıxarıb təqdim etdiyi 1 ədəd bükümün Təqsirləndirilən şəxs yerə atdığı büküm olduğunu bildirmiş, həmin büküm şəxsi axtarışda iştirak edən bütün şəxslərin yanında açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Şahid4 təqdim etdiyi həmin kütlənin narkotik olduğunu, özünə məxsus olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. Həmin 1 ədəd bükümdəki narkotik vasitə olan heroinə oxşar kütlə müvafiq ekspertizaya göndərilməsindən ötrü 1 ədəd zəfrdə qablaşdırılıb Saatlı RPŞnin 89 saylı möhürü ilə möhürlənib götürülmüşdür. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 03 aprel 2023-cü il tarixli 18/389 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Saatlı RPŞ-nin PPXBnin polis baş serjantı Şahid4 təqdim etdiyi...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,310 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 22 iyun 2023-cü il tarixli 3962 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 02 aprel 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 0,260 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə 49 manat 74 qəpik ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 0,260 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar