Məhkəmə qərarları › İş №1(055)-51/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-51/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-51/2025 18.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Saatlı rayonu Tverskoy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işsiz, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, ümumi təmiz çəkisi 38,94 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, 15 fevral 2025-ci il tarixdə saat 19:23 dəqiqədə Saatlı rayonu Şirinbəy kəndində yaşadığı evin yaxınlığında piyada hərəkət edərək həmin narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və orada 19:23-dən 19:30-dək üstü yoxlanılarkən əynindəki gödəkçənin sol cibindən həmin 1 ədəd sellofan bükümdə həmin 38,94 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulduğu gündən təxminən 20 gün əvvəl, yəni 2025-ci ilin yanvar ayının axırı rayonun Şirinbəy kəndi ərazisində piyada hərəkət edərkən yolun kənarında 1 ədəd sellofan büküm olduğunu görmüşdür. Həmin bükülüyə yaxınlaşmış və içərisində narkotik vasitə olan nəşənin olduğunu müşahidə etmişdir. Narkotik istifadəçisi olduğuna görə, həmin kütlənin iyindən nəşə olduğuna əmin olmuşdur. Bundan sonra həmin nəşədən bir qədərini siqaretə dolduraraq istifadə etmiş və tam əmin olmuşdur ki, həmin kütlə narkotik vasitədir. Daha sonra həmin kütləni sellofana büküb, əynində olan gödəkçənin sol yan cibində saxlamış və üzərində daşımışdır. Həmin narkotik vasitədən arabir istifadə etmişdir. 15 fevral 2025-ci il tarixdə saat 19 radələrində, Saatlı rayonu Şirinbəy kəndində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, xidməti vəsiqələrini göstərərək üzərində axtarış aparılacağını demişlər. O, etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa, təqdim etsin. Səmimi olaraq üzərində narkotik vasitə nəşə olduğunu bildirmişdir. Sonra əynində olan gödəkçənin sol yan cibində saxladığı narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra kağız zərfə qablaşdırılıb götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokolun doğruluğuna imza atmışlar. Daha sonra polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-yə getmiş və üzərində aşkarlanmış kütləyə RPŞ-də təhqiqatçı tərəfindən də baxış keçirilmişdir. Baxış zamanı, üzərindən aşkarlanaraq götürülmüş kütlənin narkotik vasitə olduğunu, onu yalnız şəxsi istifadəsi üçün saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 fevral 2025-ci il tarixdə Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Daha sonra raport əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ardınca əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Belə ki, əməliyyat tədbirində CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Firudun oğlu, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və o, iştirak etmişlər. Sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. 15 fevral 2025-ci il tarixdə saat 19:23-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri çərçivəsində Saatlı rayonu Şirinbəy kəndində, yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən olunduğuna görə, daxil olmuş əməliyyat məlumatı barədə Təqsirləndirilən şəxs bildirilmiş, üzərində hər hansı qanunsuz əşya və narkotik vasitənin olub-olmaması, olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Həmin andan etibarən şübhəli şəxs qismində saxlanılmış, faktiki olaraq azadlığı məhdudlaşdırılmış, müdafiəçi ilə təmin olunmaq hüququnun olduğu və təhqiqat zamanı müdafiəçi ilə təmin ediləcəyi izah olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükümü, sağ cibindən isə 1 ədəd "Redmi" markalı mobil telefon və "Magna" markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin sellofan bükümün içərisində “nəşə” olduğunu, onu 20 gün əvvəl çöldə tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin sellofan büküm açılıb içərisinə baxıldıqda, içərisində qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 39,18 qram olduğu müəyyən olunmuşdur. Həmin kütlə 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüş, siqaret qutusu əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuana, 1 ədəd mobil telefon və Təqsirləndirilən şəxs Saatlı Rayon Polis Şöbəsinə gətirilmiş, müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi məqsədilə videoçəkiliş dayandırılmışdır. Bütün bu proseslər barədə protokol tərtib olunmuşdur. Protokol oxunmuş, yekununda şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs müdafiə hüququnun olduğu, istintaq zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah olunmuşdur. Daha sonra həmin kütlə ilə birlikdə təhqiqat bölməsinə təqdim edilmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində aparılmış baxış zamanı götürülmüş kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əşya olub-olmadığı soruşulmuş, o isə üzərində qanunla qadağan edilmiş başqa əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, satış məqsədinin olmadığını və qurudulmuş marixuana olduğunu bildirmişdir. Bütün bu hallar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş və o, digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində və məhkəmə istintaqı zamanı elan edilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan 15 fevral 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki şalvarının sol cibində saxladığı 1 ədəd sellofan bükümlə birlikdə 39,18 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan 15 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Şirinbəy kənd sakini Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 1 ədəd kağız bükümlə birlikdə 39,18 qram narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 16 fevral 2025-ci il tarixli 18/146 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə olan 01 ədəd bükümdə təmiz çəkisi – 38,94 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 1140 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifaə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs üzərindən 38,94 qram bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş-marixuana aşkar edilmişdir. Məhkəmə hesab edir ki, “şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”sına (Siyahı İ) görə şəxsi istehlak miqdarını aşsa da, eyni zamanda xarakterik cinayət işləri üzrə formalaşmış məhkəmə təcrübəsi halları və işin digər mühüm və diqqətəlayiq hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 15 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 17 fevral 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdən 17 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki müqayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Naromaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 38,84 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdən 17 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 38,84 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar