Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-52/2022 29.08.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, saat: 15:45 xx xxxxxx 1987-ci ildə Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək gündə 4 (dörd) saatdan çox olmamaqla 400 (dörd yüz) saat müddətə ictimai işlər cəzasına məhkum edilmiş, 28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqında Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli Qərarının 1.6-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmiş və məhkumluğu ödənilmiş, Saatlı rayonu, Məzrəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan, qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni 29 aprel 2019-cu il tarixdən hesablanmaqla 16 avqust 2011-ci il təvəllüdlü X1 və 22 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Saatlı Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(055)-424/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Saatlı Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 3(055)-293/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 14 oktyabr 2021-ci il və 02 mart 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 29 aprel 2022-ci il tarixədək 7400,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2010-cu il tarixdə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və onların nikahı 2014-cü il tarixdə rəsmi olaraq qeydə alınmışdır. Zərərçəkmiş şəxs ilə evli olduğu müddətdə birgə nikahlarından 16 avqust 2011-ci il tarixdə Aytən və 22 aprel 2013-cü il tarixdə Səid adlı övladları anadan olmuşdur. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan aralarında yaranmış söz-söhbətlərə görə münasibətləri korlanmış və yola getmədiklərindən nikahlarına 2014-cü ildə xitam verilmişdir. Həmin vaxtdan da Zərərçəkmiş şəxs övladları ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamağa başlamış və Saatlı Rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin 07 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən onların birgə nikahlarından doğulmuş 16 avqust 2011-ci il təvəllüdlü X1 və 22 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə Saatlı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Saatlı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 noyabr 2014-cü il tarixli qətnaməsini icra etmədiyi üçün barəsində Ədliyyə Nazirliyi İstintaq idarəsində cinayət işi başlanılmış və Saatlı Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək gündə 4 saatdan çox olmamaqla 400 saat müddətə ictimai işlər cəzasına məhkum edilmişdir. Aliment borcunu tam şəkildə ödədiyi üçün və Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət etddiyindən onun işinə xitam verilmişdir. Zərərçəkmiş şəxs sonradan alimentin artırılmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Saatlı Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq 29 aprel 2019-cu il tarixdən hesablanmaqla 16 avqust 2011-ci il təvəllüdlü X1 və 22 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə Saatlı Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Saatlı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi üçün, 8 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İcra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də 29 aprel 2022-ci il tarixədək yaranmış olan 7400,00 manat borcunu maddi imkanının olmaması və Zərərçəkmiş şəxs onunla övladlarının görüşüməsinə icazə vermədiyi üçün ödəməmişdir. Hal hazırda da aliment borcundan 1000 manat ödəniş etmiş və qalan borcunu da hər ay 200 manat olmaqla ödəyəcəkdir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2010-ci ilin sentyabr ayının 24-də faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 2014-cü il tarixdə rəsmi olaraq qeydə alınmışdır. Evli olduqları müddətdə birgə nikahlarından 16 avqust 2011-ci il tarixdə Aytən və 22 aprel 2013-cü il tarixdə Səid adlı övladları anadan olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan aralarında yaranmış söz-söhbətlərə görə münasibətləri korlanmış və yola getmədiklərindən 2014-cü ildə nikahlarına xitam verilmişdir. Həmin vaxtdan övladları ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamışdır. Nikahlarına xitam verildikdən sonra Təqsirləndirilən şəxs övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərməmişdir. Övladlarını tək başına saxlaya bilmədiyindən 2014-cü ildə Təqsirləndirilən şəxs qarşı Saatlı Rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmış və məhkəmənin 07 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Saatlı Rayon Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən onların birgə nikahından doğulmuş 16 avqust 2011-ci il təvəllüdlü X1 və 22 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etməmişdir. Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi üçün barəsində Ədliyyə Nazirliyi İstintaq idarəsində cinayət işi başlanılmış və Saatlı Rayon Məhkəməsinin 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəza verilmişdir. Təqsirləndirilən şəxs sonradan ona olan aliment borcunu tam şəkildə ödədiyindən ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs işinə xitam verilmişdir. Sonradan aliment məbləğinin az olması səbəbindən aliment məbləğinin artırılmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Saatlı Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsinə əsasən Saatlı alimentin məbləği artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 16 avqust 2011-ci il təvəllüdlü X1 və 22 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs qərəzli hərəkətlərini davam etdirərək ona olan aliment borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs ona olan 7400,00 manat aliment borcundan cəmi 1000 manat ödəniş etmişdir. Sonda məhkəmədən aliment borcunun ödənilməsinə köməklik edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsinə əsasən Saatlı Rayon Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 16 avqust 2011-ci ildə anadan olmuş X5 və 22 aprel 2013-cü ildə anadan olmuş X7 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün atası-cavabdeh Təqsirləndirilən şəxs hər ay hər bir uşağa 100,00 manat, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutulub anası-iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi xx.xx.2019-cu il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti yoxlanılmış, lakin borcluya məxsus əmlak aşkar olunmamış və borclunun nəməlum ünvanda yaşaması məlum olmuşdur. Borclu Təqsirləndirilən şəxs qeydiyatda olduğu ünvanda yaşamadığı məlum olmuş və borclu barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Saatlı Rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs Saatlı Rayon Polis əməkdaşları 16 sentyabr 2021-ci il tarixdə Saatlı Rayon İcra və Probasiya şöbəsinə təhvil vermiş, həmin tarixdə borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmiş və Saatlı Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətində inzibati həbs edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Halhazırda borclu Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsi üzrə 29 aprel 2022-ci il tarixə 7400,00 manat ödənilməmiş aliment borcu qalmışdır. Tələbkar Zərərçəkmiş şəxs Saatlı Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsi ilə eyniməzmunlu ifadə verdi. İşdə olan Saatlı Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(055)-424/2019 saylı qətnaməsinin və onun əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli 2(055)-874/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 16 avqust 2011-ci ildə anadan olmuş X5 və 22 aprel 2013-cü ildə anadan olmuş X7 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün atası-cavabdeh Təqsirləndirilən şəxs hər ay hər bir uşağa 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub anası-iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsiq ət edilmişdir. İşdə olan X2 16 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində xx.xx.2019-cu il tarixdən işaxtaran şəxs kimi qeydiyyatdadır. İşdə olan Saatlı Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 3(055)- 293/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs olunmuşdur. İşdə olan Saatlı Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 8(055)-71/2021 saylı qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən (Azərbaycan Respublikası hüdudlarınından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 012-9265-1222 saylı tələbnamədən və Saatlı Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər həmin rayon məhkəməsinin 03 mart 2016-cı il tarixli, 1(055)-09/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək gündə 4 (dörd) saatdan çox olmamaqla 400 (dörd yüz) saat müddətə ictimai işlər cəzasına məhkum edilmiş, 28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqında Azərbaycan Respublikası Milli Məclisin 20 may 2016-cı il tarixli Qərarının 1.6-ci bandi tədbiq edilməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cəzadan azad edilmiş və məhkumluğu ödənilmişdir. İşdə olan 06 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1000 (bir min) manat ödəniş etmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, təqsirini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu gündən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №1(055)-52/2022
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-52/2022
29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver