Məhkəmə qərarları › İş №1(055)-53/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-53/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-53/2025 17.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1989-cu il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli , işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sabirabad rayonunun Kürkəndi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə saat 11:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Saatlı rayonu Mustafabəyli kəndində yaşayan Şahid1, sonuncunun evində 1 ədəd “gümüşü” rəngli falqa kəsiyi bükümündə xeyli miqdarda 0,512 qram çəkidə psixotrop maddə olan metamfetamini 20 manat pulun müqabilində satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üstündə saxlamış və 20 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Saatlı rayonu Mustafabəyli kəndinin içərisindən keçən avtomobil yolunda satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu saxlayaraq Saatlı RPŞ-yə gətirib, orada həmin tarixdə saat 23:10 radələrində həmin 1 ədəd “gümüşü” rəngli falqa kəsiyi bükümündə xeyli miqdarda 0,512 qram psixotrop maddə olan metamfetamini onun əynindəki şalvarının sol yan cibindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Saatlı rayonu Mustafabəyli kəndində yaşayan Şahid1 metamfetamin almaq üçün Saatlı rayonuna gəlmiş, metamfetamin alıb qayıdarkən polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona köməklik edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Saatlı rayonunun Mustafabəyli kəndində xidmətdə olarkən Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələndikləri üçün onu saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun üzərində psixotrop maddəyə oxşar kütlə aşkar edilmiş, bundan sonra bir sıra prosessual hərəkətlər edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin ƏRQ-nin kiçik inspektoru Şahid4 digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki şalvarın cibindən aşkar edilmiş büküm açılarkən içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olduğu müəyyən olunmuş və Təqsirləndirilən şəxs həmin kütləni Əfrail adlı şəxsdən aldığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 1 ədəd gümüşü rəngli kağız bükümdəki psixotrop maddə metamfetaminə oxşar kütləyə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kütləni Saatlı rayonu Mustafabəyli kənd sakini Əfrail adlı şəxsdən öz istifadəsi üçün aldığını bir daha etiraf etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 21 noyabr 2024-cü il tarixli, 18/930 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd “gümüşü” rəngli falqa kəsiyi bükümündə təmiz çəkisi – 0,512 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “...Şahid1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 5,974 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 bükümdə, Şahid1 üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 2 bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetaminin ümumi çəkisi 6,486 qr, cəmi tədqiqata sərf edildi-0,1 qr ( hər ob-0,05 qr), qalıq-6,386 qramdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısı”na daxildir. (İ siyahı) İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Sabirabad Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmündən görünür ki, Muxtarov X1 Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 1(056)-27/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 avqust 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 1(056)-27/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016cı il təvəllüdlü X4 adlı bir nəfər uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 06 dekabr 2024-cü il tarixli 5-70- 21/2-756/2024 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxs Muxtarov X1 rayonunun Kürkəndi kəndində qeydiyyatda olmaqla yaşayır. Himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 20 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Saatlı rayonu Mustafabəyli kəndində yaşayan Şahid1, sonuncunun evində 1 ədəd “gümüşü” rəngli falqa kəsiyi bükümündə xeyli miqdarda 0,512 qram çəkidə psixotrop maddə olan metamfetamini 20 manat pulun müqabilində satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, üstündə saxlaması və 20 noyabr 2024-cü il tarixdə saat 23 radələrində Saatlı rayonu Mustafabəyli kəndinin içərisindən keçən avtomobil yolunda satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşlarının onu saxlayaraq Saatlı RPŞ-yə gətirib, orada həmin tarixdə saat 23:10 radələrində həmin 1 ədəd “gümüşü” rəngli falqa kəsiyi bükümündə xeyli miqdarda 0,512 qram psixotrop maddə olan metamfetamini onun əynindəki şalvarının sol yan cibindən aşkar edərək götürmələri, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hallarında yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 2ci siyahıya əsasən metamfetammin xeyli miqdarının aşağı həddi 0,15 qramdır. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,15 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Muxtarov X1 Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 1(056)-27/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 avqust 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 16 yanvar 2024cü il tarixli 1(056)-27/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin xx.xx.2024-cü il tarixli, 7670 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X9 26 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Sabirabad rayonunun Kürkəndi kəndində yaşayan, xx.xx.1989cu il təvəllüdlü Muxtarov X1 Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin “Əsəb-ruhi, narkoloji” kabinetlərində hər hansı bir xəstəliklə əlaqədar qeydiyyatda deyil. Ona görə də Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 20 noyabr 2024-cü il tarixli protokoldan, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 22 noyabr 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,462 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 21 noyabr 2024-cü il tarixli, 18/930 saylı ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il on ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub iki gün saxlanılması ona təyin olunmuş bir il on ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq bir il doqquz ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 17 iyun 2025-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,462 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə münasibətdə hökmün surətinin ona verildiyi andan) 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar