Məhkəmə qərarları › İş №1(055)-54/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-54/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-54/2025 18.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Rəhman oğlunun, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci ildə Saatlı rayonu Fətəlikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Saatlı rayonu Fətəlikənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Rəhman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs Rəhman oğlu, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, ümumi təmiz çəkisi 105,43 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, 26 fevral 2025-ci il tarixdə saat 21 radələrində Saatlı rayonu Şirinbəy kəndində yol kənarında həmin narkotik vasitənin 11,0 qramını üstündə, 94,43 qramını isə idarə etdiyi “Vaz 2106” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sürücü və sərnişin oturacaqlarının arasında qanunsuz olaraq satış məqsədi olmadan saxlayıb və daşıyarkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, orada həmin tarixdə saat 21:13-dən 21:35-dək baxış keçirilərkən əynində olan gödəkçənin sol yan cibindən 2 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 5,64 qram və 5,36 qram olmaqla, ümumi təmiz çəkisi 11,0 qram, idarə etdiyi “Vaz 2106” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sürücü və sərnişin oturacaqlarının arasında 01 ədəd şəffaf polietilen torbada 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,28 qram, 5,91 qram, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,24 qram və 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 80,0 qram olmaqla, ümumi təmiz çəkisi 94,43 qram, cəmi təmiz çəkisi 105,43 qram, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Rəhman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Rəhman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 fevral 2025-ci il tarixdə saat 11 radələrində Saatlı rayonu, Məmmədabad kəndi ərazisində çöl sahədə balıq ovuna getmişdir. Həmin vaxt orada yerdən 1 ədəd sarı rəngli sellofan tapmışdır. Həmin sellofanı açdıqda içərisində 4 ədəd kibrit qutusunda, 1 ədəd falqa kəsiyi bükümdə, 1 ədəd şəffaf sellofanda narkotik vasitə - qurudulmuş marixuana olduğunu görmüş və istifadəçisi olduğuna görə həmin sellofandan 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı gödəkçəsinin sol yan cibinə qoymuşdur. Digərlərini isə özünə məxsus VAZ- 2106 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salon hissəsində, ön tərəfdə sürücü və sərnişin oturacağının arasına qoymuşdur. Daha sonra axşam saatlarında Saatlı rayonu, Şirinbəy kəndində yol kənarında dayanarkən mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üstünün yoxlanılacağını demişlər. O, etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra səmimi şəkildə üzərində və avtomobilində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra əynindəki gödəkçənin sol yan cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Sonra polis əməkdaşları başqa narkotik vasitənin olub-olmadığını soruşmuşlar və avtomobilində də narkotik olduğunu demişdir. Daha sonra özünə məxsus “VAZ-2106” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda olan 1 ədəd sarı rəngli sellofan torbadakı şəffaf rəngli sellofanın içərisində 2 ədəd kibrit qutusunda, 1 ədəd falqa kəsiyi bükümdə və 1 ədəd şəffaf sellofanda açıq formada narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlələrə baxış keçirilmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra onun üzərindən aşkar edilərək götürülmüş 2 ədəd kibrit qutusundakı kütlə elektron tərəzidə çəkildikdən sonra kağız zərfdə, avtomobilindən aşkar edilmiş kütlələr isə sarı rəngli sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, o və iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs Rəhman oğlunun törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 fevral 2025-ci il tarixdə Saatlı rayonu, Fətəlikənd kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Daha sonra raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürülmüşdür. 26 fevral 2025-ci il tarixdə saat 21:13-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri ilə əlaqədar Saatlı rayonu, Şirinbəy kəndi ərazisində Təqsirləndirilən şəxs müəyyən olunduğu üçün ona daxil olmuş məlumat barədə bildirilmiş və üstündə hər hansısa bir qanunsuz əşya, narkotik vasitənin olub-olmaması, olduğu təqdirdə özünün təqdim etməsi bildirilmişdir. Həmin vaxtdan etibarən şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlığı məhdudlaşdırılmış, müdafiəçi ilə təmin olunmaq hüququnun olması, təhqiqat zamanı müdafiəçinin təmin olunacağı izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu, sol yan cibindən isə 2 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutuları ayrı-ayrılıqda açıldıqda hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olduğu müəyyən olunmuşdur. Kibrit qutuları ilə birlikdə çəkilən narkotik vasitələrdən 1 ədədinin çəkisi 9,98 qram, digəri isə 9,42 qram olmuşdur. Həmin kibrit qutuları bir ədəd zərfdə qablaşdırılaraq Təhqiqat bölməsinə təqdim edilməsi üçün götürülmüşdür. "Nokia" markalı mobil telefon da tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı avtomobildə narkotik vasitənin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs avtomobilində narkotik olduğunu və təqdim edə biləcəyini demişdir. İdarə etdiyi VAZ-2106 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsində sürücü və sərnişin oturacağının arasında saxladığı 1 ədəd sarı rəngli sellofan torbanı təqdim etmiş, içərisində "nəşə" olduğunu və həmin "nəşə"ni tapdığını bildirmişdir. Həmin sellofan torba açıldıqda içərisində 1 ədəd şəffaf rəngli sellofan torbanın, 2 ədəd kibrit qutusunun və 1 ədəd falqa kəsiyi bükümünün olduğu müəyyən olunmuşdur. Torbanın içərisindəki torba açıldıqda onun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, çəkisi 85 qram olaraq müəyyən edilmişdir. Kibrit qutuları ayrı-ayrılıqda açıldıqda hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin kibrit qutularında olan narkotik vasitələr kibrit qutuları ilə birlikdə çəkildikdə 1 ədədinin çəkisi 9,26 qram, digərinin çəkisi isə 9,54 qram olmuşdur. Daha sonra 1 ədəd falqa kəsiyi bükümü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olduğu müəyyən olunmuşdur. Bu bükümdəki narkotik vasitənin çəkisi 1,54 qram olmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofan torbada, 2 ədəd kibrit qutusunda və 1 ədəd falqa kəsiyi bükümdə olan narkotik vasitə olan kütlələr, avtomobilin yük yerindən götürülmüş 1 ədəd sarı rəngli sellofan torbada qablaşdırılmış və Təhqiqat bölməsinə təqdim olunmuşdur. Daha sonra aşkar edilmiş narkotik vasitəyə oxşar kütlələr, 1 ədəd "Nokia" markalı mobil telefon, eləcə də Təqsirləndirilən şəxs və idarə etdiyi nəqliyyat vasitəsi Saatlı polis şöbəsinə gətirilmiş və müvafiq təhqiqat orqanına təhvil verilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol oxunmuş, yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması və müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlələr ilə birlikdə Təhqiqat bölməsinə təqdim olunmuşdur. Daha sonra onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində aparılan yoxlama və avtomobilinə keçirilən baxış zamanı götürülmüş həmin kütlələrə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən baxış keçirilmişdir. Üzərindən və avtomobilindən aşkar edilmiş kütlələr təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələrin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində başqa əşya varsa təqdim etsin. O, üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlələr 1 ədəd kağız zərfdə və sellofanda qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olduğunu, satış məqsədi güdmədiyini və qurudulmuş marixuana olduğunu bildirmişdir. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, və protokola digər iştirakçılarla birlikdə imza atmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş şahidlər Şahid1 və Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 26 fevral 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Fətəlikənd kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki gödəkçənin sol cibində saxladığı 01 ədəd kibrit qutusu ilə birlikdə çəkisi 9,98 qram, digər kibrit qutusu ilə birlikdə çəkisi 9,42 qram, idarə etdiyi VAZ- 2106 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsində 01 ədəd sarı rəngli sellofan torbanın içərisində 01 ədəd şəffaf rəngli sellofan torbada, olduğu sellofan torba ilə birlikdə çəkisi 85 qram, bundan başqa, avtomobildə 01 ədəd kibrit qutusu ilə birlikdə çəkisi 9,26 qram, digər kibrit qutusu ilə birlikdə çəkisi 9,54 qram, 01 ədəd falqa kəsiyi bükümü ilə birlikdə çəkisi 1,54 qram narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. İşdə olan 26 fevral 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Fətəlikənd kənd sakini Təqsirləndirilən şəxs üstündən və avtomobilindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanalara baxış keçirilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 27 fevral 2025-ci il tarixli 18/189 nömrəli rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə olan 02 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri – 5,64 qram, 5,36 qram, ümumi çəkisi – 11,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən” sözləri və imzalar olan polietilen torbada 01 ədəd şəffaf polietilen torbada 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 7,28 qram, 5,91 qram, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 1,24 qram, 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi – 80,0 qram, ümumi çəkisi – 94,43 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır.Tədqiqata təqdim olunmuş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 1266 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən Respublika Narkoloji Mərkəzində “F12.2” (kannabinoidlərin qəbulu) diaqnozu ilə dispanser qeydiyyatındadır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Saatlı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Saatlı Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, Saatlı rayon İcra və Probasiya Şöbəsində xx.xx.2022-ci il tarixdə qeydiyyata götürülmüşdür və onun cəzası xx.xx.2025-ci il tarixdə başa çatdığı üçün Saatlı rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Rəhman oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Rəhman oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Rəhman oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Rəhman oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Rəhman oğlunun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Rəhman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs Rəhman oğlunun üzərindən 105,43 qram bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş-marixuana aşkar edilmişdir. Məhkəmə hesab edir ki, “şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”sına (Siyahı İ) görə şəxsi istehlak miqdarını aşsa da, eyni zamanda xarakterik cinayət işləri üzrə formalaşmış məhkəmə təcrübəsi halları və işin digər mühüm və diqqətəlayiq hallarını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Rəhman oğlunun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Rəhman oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Rəhman oğlu törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 26 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 28 fevral 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs Rəhman oğlunun 26 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Rəhman oğlunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Rəhman oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 104,83 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs Rəhman oğlundan alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Rəhman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Rəhman oğlunun 26 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs Rəhman oğlunun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Rəhman oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 104,83 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Rəhman oğlundan alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar