Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-55/2023 10.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə saat 15:30-da xx xxxxxx 1989-cu il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, hazırkı cinayət əməlini törədən zaman məhkumluğu olmayan, Saatlı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(055)-55/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 7(055)-5/2023 saylı qərarı ilə Saatlı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(055)- 55/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi on ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, ünvan 1 ünvanda yaşamış, hazırkı cinayət işi üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 05 saylı cəzaçəkmə müəssisəsində Saatlı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(055)- 55/2022 saylı hökmü ilə təyin edilmiş və Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 7(055)- 5/2023 saylı qərarı ilə çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş cəzanı çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə saat 00:20 radələrində tanışı Şahid3 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı şəhəri, 28 May küçəsi 39 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə götürməkdən ötrü Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki qəhəlin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan qəhələ daxil olaraq oradan 1 baş 300 manat dəyərində ana qoyunu və 1 baş 200 manat dəyərində erkək quzunu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs cəmi 500 manat məbləğdə maddi ziyan vurmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. 17 iyul 2022-ci il tarixdə gecə saatlarında Sabirabad rayonuna getmək üçün Şahid3 zəng edərək ona taksi lazım olduğunu bildirmişdir. Amid də taksi ilə gəlib onu götürəcəyini bildirmişdir. Bir qədər sonra Amid tanış taksi Sədulla ilə gələrək onu götürmüş, daha sonra taksi sürücüsü Saatlı rayonundakı idman kompleksinin qabağında, dəmir yolunun yanında, Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında maşını saxlamış, o da maşında gözləmişdir. Saat 00:20 radələrində Amid iki baş qoyunu onlara tərəf gətirmişdir. O da Amidə kömək etmiş və qoyunları maşına qoymuşlar. Amid maşında olarkən ona həmin qoyunları Zərərçəkmiş şəxs həyətindən oğurladığını bildirmişdir. Daha sonra onlar həmin taksi ilə Şahid1 yaşadığı evin həyətinə getmişlər. O, daha sonra Sabirabad rayonuna, tanışıgilə gedəcəyi üçün maşında gözləmiş, Amid həyətə girərək Raqillə nəsə danışmış və qoyunları ona vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, səhər 5-in yarısına zəngli saatı qoşaraq oyanır və həyətdəki heyvanlara baxmağa gedir. 17 iyul 2022-ci il tarixdə də səhər oyanmışdır ki, heyvanlara baxıb saat 6-da Potubəyli kəndinə gedəcəkdir. Lakin o görmüşdür ki, iki baş qoyunu yoxdur. Bundan sonra 102 xidmətinə məlumat vermiş və polislər gələrək onun həyətinə baxış keçirmişlər. Bundan bir neçə gün sonra polislər onun qoyunlarını özünə qaytarmışlar və təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası FHN-in Saatlı rayon DYMH-də yanğın söndürən işləyir. Lakin işdə olmadığı vaxtda əlavə qazanc üçün taksi fəaliyyəti ilə məşğul olur. O, Qüdrəti əvvəllər tanımamış, sadəcə Amidi tanımışdır. Şahid3 onun nənəsigilin qonşusudur. Hadisə ilə bağlı onu deyə bilər ki, o, gecə vaxtı bazarın qabağında olarkən Amid ona yaxınlaşmış və Tərlanın xəstəsi olduğunu, onu vacib xəstəxanaya aparmaq üçün pul lazım olduğunu, Tərlanın qohumunun qoyunu olduğunu və həmin qoyunları satmaq üçün taksi lazım olduğunu bildirmiş, işləri təcili olduğu üçün ona yaxşı pul verəcəklərini bildirmişlər. Amid onun maşınına minmiş, birlikdə Tərlanın olduğu yerə getmişlər, o, maşında gözləmiş, həmin vaxt Amidlə Tərlan qoyunları gətirib maşına qoymuşlar. Onlar birlikdə Şahid1 evinə getmişlər. Amid və Tərlan həmin qoyunları Şahid1 təhvil vermişlər. Daha sonra Tərlanı başqa yerdə maşından düşürərək, Amidlə birlikdə Saatlı rayonundakı idman kompleksinin qabağına getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs həmin yerdə gözlədiyini görmüşlər. Amid maşından düşmüş, o isə maşında gözləmiş, bir qədər sonra Amidlə Qüdrət qoyunları gətirərək maşına qoymuşlar. Lakin qoyunların sayını xatırlamır. Daha sonra onları Şahid1 həyətinə aparmışlar. O, qoyunların oğurluq olduqlarını bilməmişdir. Amidgil ona 40 manat pul vermişlər. Danışdığı proseslər təxminən bir saat yarım - iki saat çəkmişdir. O, adətən bu müddət ərzində taksi fəaliyyəti ilə məşğul olduqda 40 manat qazanmır, lakin Amidgil onlara təcili taksi lazım olduğunu dedikləri üçün ona da çox pul vermişlər. Hadisə ilə bağlı başqa heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Şahid3 əvvəldən tanımışdır. Hadisə baş verən gün gecə saatlarında Amid ona zəng edərək dayısının xəstə olduğunu, təcili pul lazım olduğunu demiş və satılıq qoyunu olduğunu deyərək həmin qoyunları satmaq üçün gətirəcəyini bildirmişdir. Daha sonra Amid qoyunları gətirmiş, qoyunların oğurluq olub-olmadığını Amiddən soruşmuş, lakin Amid ona heç bir problem olmadığını demiş, o da Amidi tanıdığı üçün ona inanmışdır. O, bir ana və bir bala qoyunu 500 manata almışdır. Amid onun yanına tək gəlmiş, o, maşında neçə nəfər olduğunu bilməmişdir. Hadisədən bir müddət sonra polislər gələrək qoyunları götürmüşlər. Hadisə ilə bağlı başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 17 iyul 2022-ci il tarixdə gecə saatlarında Qüdrət ona zəng edərək Sabirabad rayonuna getmək üçün taksi lazım olduğunu demişdir. O da həmin vaxt evinin qabağında Şahid2 maşınını düzəltmişdir, Sədulla da onun yanında olmuşdur. Qüdrət taksi lazım olduğunu dedikdən sonra o, Sədulla ilə birlikdə Qüdrəti götürmüşdür. Daha sonra Saatlı rayonundakı idman kompleksinin qabağına getmişlər. O, Sədullaya və Qüdrətə getmələrini, o, zəng etdikdən sonra gəlib onu götürmələrini bildirmişdir. O, dəmir yolunun üstündən Zərərçəkmiş şəxs həyətinə baxaraq heç kim olmadığını görüb həyətə girmiş, oradan bir qoyunu çıxarıb ayaqlarını bağlamış, Sədullaya və Qüdrətə zəng edərək gəlmələrini demişdir. O, Qüdrətin köməyi ilə qoyunu maşının baqajına qoymuşdur, daha sonra digər qoyunu da gətirmiş və maşına qoymuşlar. Bundan sonra Şahid1 evinə getmişlər. O, həyətə girərək Raqili oyatmış, qoyun satdığını, xəstəsi olduğu üçün təcili dərman almalı olduğunu bildirmişdir. Raqil əvvəl razı olmasa da, sonradan qoyunu almağa razı olmuşdur. Raqil qoyunların müqabilində ona cəmi 120 manat pul vermişdir. Daha sonra Sədulla ilə birlikdə Qüdrəti Sabirabad rayonuna qoyub geri qayıtmışlar. İşdə olan və məhkəmə istintaqında elan edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraat ayrılmış və icraata qəbul edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs Saatlı Rayon Polis Şöbəsinə təqdim etdiyi 17 iyul 2022-ci il tarixli ərizədən və izahatından görünür ki, Zərərçəkmiş şəxs 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə ona məxsus bir baş qoyunun və onun balasının qəhəldən oğurlanıb aparıldığını, həmin qoyunların bazarda 500 manat satıldıqlarını bildirmiş, oğurluq edən şəxsi tapıb barəsində tədbir görülməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 17 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 17 iyul 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə 2 baş qoyununun tövlədən oğurlanaraq aparıldığı ərazilərə baxış keçirilərkən Zərərçəkmiş şəxs qoyunların tövləsini və 2 baş qoyunun haradan oğurlandığını göstərərək tanış etmişdir. Qoyunların tövləsi arxa tərəfi hasarla bağlı olsa da, qarşı tərəfinin setka ilə bağlı, açıq havada olması müşahidə edilmişdir. Tövlə yaşayış yeri ilə 40-50 metr yola tərəf dəmir darvaza ilə yan-yana tikilidən ibarətdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs Saatlı Rayon Polis Şöbəsinə təqdim etdiyi 23 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs 17 iyul 2022-ci il tarixdə həyətindən oğurlanmış iki baş qoyuna görə ona dəymiş ziyanın tam ödənildiyini, faktla bağlı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 23 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Saatlı Rayon Polis Şöbəsinə qəbz təqdim edərək 17 iyul 2022-ci il tarixdə müraciəti əsasında istintaqı aparılan cinayət işi üzrə ona məxsus olan oğurlanmış iki baş qoyunun Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunub maddi sübut kimi tanınaraq saxlanmaları üçün ona təhvil verildiyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Saatlı RPŞ-nin əməkdaşlarının iştirakı ilə xidmti “FORD” markalı **-JB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Saatlı RPŞ-dən çıxaraq avtomobili Saatlı şəhəri, 28 May küçəsi istiqamətində hərəkət etdirib həmin küçəyə ərazidən keçən dəmir yolu xəttini keçmək yolu ilə gəldikləri yolu və həmin küçədə yerləşən boz rəngli dəmir darvazanın yaxınlığını göstərib orada gözlədiyini, daha sonra tanışı Şahid3 həyətə daxil olub orada olan qəhələ daxil olub 2 baş qoyunları küçəyə çıxarıb birlikdə qoyunları oğurladıqları yeri göstərmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məktublarından görünür ki, 2 baş dişi, yerli (Beyləqan) cinsli, 7 aylıq, diri çəkiləri 30 kq olan xırdabuynuzlu, ayrı-ayrılıqda 1 baş heyvanın (qoyunun) 12 iyul 2022-ci il tarixə orta bazar qiyməti 300 manat olmuşdur. 1 baş dişi, yerli cinsli, 2 yaşlı, diri çəkisi 3 kq olan xırdabuynuzlu heyvanın (qoyunun) 16 iyul 2022-ci il tarixə orta bazar qiyməti 300 manat və həmin tarixə bir baş erkək, yerli cinsli, 6 aylıq, diri çəkisi 25 kq olan xırdabuynuzlu ehyvanın (qoyunun) orta bazar qiyməti 200 manat olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 dekabr 2022-ci il tarixli arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 dekabr 2016-cı il təvəllüdlü X3 və 05 mart 2019-cu il təvəllüdlü X4 adlı iki nəfər uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Təqsirləndirilən şəxs Saatlı Rayon Polis Şöbəsinə təqdim etdiyi 14 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış, sahibində saxlanılan 2 baş qoyunla tanış olmaq hüququ ona izah olunmuşdur, lakin iş üzrə maddi sübut olan 2 baş qoyun ilə tanış olmaq istəmir. Çünki 2 baş qoyun onun tərəfindən oğurlanmışdır, onları görmüşdür, bununla bağlı hər hansı bir halı mübahisələndirmir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(055)-55/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 7(055)-5/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(055)-55/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il səkkiz ay bir gün hissəsi on ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cəzası 24 noyabr 2023-cü il tarixdə bitir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini qismən etiraf etsə də, ona istinad edilən cinayət əməlini törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, şahidin ifadəsinin yerində yoxlanılması haqqında 29 iyul 2022-ci il tarixli protokolla, həmçinin Təqsirləndirilən şəxs Saatlı Rayon Polis Şöbəsinə təqdim etdiyi 14 sentyabr 2023-cü il tarixli ərizə ilə, həmin ərizədə 2 baş qoyunu oğurladığı üçün həmin qoyunlarla tanış olmaq istəmədiyini bildirməsi ilə də öz təsdiqini tapmışdır. Ona görə də təqsirləndirilən şəxsin qoyunları oğurlamaması, sadəcə maşında gözləyərək qoyunların maşına qoyulmasına kömək etməsi barədə ifadəsi özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs son sözünü söyləyərkən ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətdiyini tamamilə etiraf etmiş, Şahid3 ilə birlikdə Zərərçəkmiş şəxs həyətindəki qəhəldən iki baş qoyunu oğurladıqlarını, qoyunları daşıdıqları taksi sürücüsü Şahid2 və qoyunları satdıqları Şahid1 da cinayətdən xəbərdar olduqlarını, Şahid2 Amidlə birlikdə gələrək cinayətin törədilməsində onlara köməklik etdiyini, Şahid1 isə əvvəlcədən Amidlə razılaşaraq oğurlanan qoyunları aldığını və aldığı qoyunların müqabilində 500 manat deyil, Amidin ifadəsində göstərdiyi kimi cəmi 120 manat verdiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 17 iyul 2022-ci il tarixdə saat 00:20 radələrində tanışı Şahid3 ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı şəhəri, 28 May küçəsi 39 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə götürməkdən ötrü Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki qəhəlin qapısını açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan qəhələ daxil olaraq oradan 1 baş 300 manat dəyərində ana qoyunu və 1 baş 200 manat dəyərində erkək quzunu oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs cəmi 500 manat məbləğdə maddi ziyan vurması, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinin dispozisiyasına görə məsuliyyət oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə yaranır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü madələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(055)-55/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 7(055)-5/2023 saylı qərarı ilə Saatlı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(055)-55/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi on ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzaçəkmə müddətinin əvvəlinin 23 yanvar 2023-cü il tarixdən hesab edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs hazırda Saatlı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(055)-55/2022 saylı hökmü ilə təyin edilmiş və Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 7(055)-5/2023 saylı qərarı ilə çəkilməmiş qalan bir il səkkiz ay bir günü on ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş cəzanı çəkməkdədir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək Saatlı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(055)- 55/2022 saylı hökmü ilə məhkum edilməzdən əvvəl hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlini (2022-ci ilin iyul ayının ortalarında) törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.2-ci maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən, Saatlı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(055)-55/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 7(055)-5/2023 saylı qərarı ilə çəkilməmiş qalan bir il səkkiz ay bir günü on ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş hissəsi hazırkı hökm üzrə təyin olunacaq cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və cəzaçəkmənin əvvəli azadlıqdan məhrum etmə cəzasını faktiki çəkməyə başladığı - Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 7(055)- 5/2023 saylı qərarında göstərilən tarixdən, yəni 23 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs hazırda başqa cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 05 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 2 baş qoyunun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Saatlı Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(055)-55/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 7(055)-5/2023 saylı qərarı ilə çəkilməmiş qalan bir il səkkiz ay bir günü on ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş hissəsi hazırkı hökmlə ona təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq iki il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli azadlıqdan məhrum etmə cəzasını faktiki çəkməyə başladığı - Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 7(055)-5/2023 saylı qərarında göstərilən tarixdən, yəni 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırkı iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və hazırda başqa cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 05 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-55/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-55/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver