Məhkəmə qərarları › İş №1(055)-55/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-55/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-55/2024 17.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 17 sentyabr 2024-cü il, saat 12:13 Saatlı şəhəri xx xxxxxxx 1984-cü ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Saatlı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli 3(055)-453/2024 saylı qərarı ilə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş və Saatlı rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 6,38 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımış, 15 may 2024-cü il tarixdə saat 10:50 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində özünə məxsus “Mercedes Benz C180” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olub, həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq avtomobilində daşıyıb, yol hərəkəti qaydalarını pozduğuna görə Saatlı RPŞ-nin DYP-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitələrin təsiri altında avtomobil idarə etdiyindən şübhələnildiyi üçün Saatlı RPŞ-nə gətirilmiş, orada 15 may 2024-cü il tarixdə saat 10:50 radələrində onun avtomobilinə baxış keçirilərkən avtomobilinin sol qabaq qapısının cibində parçaya bükülmüş vəziyyətdə iki ədəd kağız bükümdə ümumi təmiz çəkiləri 4,32 və 1,17 qram, avtomobilin sürətlər qutusunun yanındakı cibdən iki ədəd siqaretin içərisində təmiz çəkisi 0,89 qram, ümumilikdə 6,38 qram xeyli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əmək haqqını aldıqdan sonra özünün istifadə etməsi üçün Kamal adlı dostu vasitəsi ilə onun, yəni Kamalın tanışından Qırağlı kəndində 10 manat dəyərində narkotik vasitə almışdır. Həmin narkotik vasitə bir aydan artıq onun maşınında qalmış, istifadə etməmişdir. Ona 10 manatlıq narkotik vasitə 2-3 ay bəs edir. Belə ki, o narkotik aludəçisi deyil, sadəcə arabir özü üçün çəkir. 10 manatlıq narkotik vasitədən 2 dənə siqaret formasında düzəldərək maşınında saxlamış, bir az da iki ədəd kağız bükülüdə qalmışdır. Yol polis əməkdaşları onu saxlayanda könüllü bildirmişdir ki, özünün istifadə etməsi üçün maşınında narkotik vasitə vardır. Həmin vaxt maşınına baxış keçirilmiş, narkotik vasitəni maşınından götürmüşlər. Amma polis əməkdaşları narkotik vasitənin çəkisini artırmışlar. Belə ki, onda olan narkotik vasitə o qədər olmamışdır. O hadisə yerində çəkiliş zamanı da bildirmişdir ki, narkotik vasitənin çəkisi artırılmış, onun bu qədər narkotiki olmamışdır. O, 10 manat dəyərində bir qutu narkotik vasitə almışdır ki, onun da çəkisi təqribən 2 qram olmuşdur. Bundan sonra ondan analiz götürmək üçün onu Saatlı RMX-yə göndərmişlər. Saatlı RMX-da müayinə zamanı onun qanında narkotik vasitə aşkarlanmamışdır. Daha sonra onu Polis bölməsində müayinə etsələr də, orada da onun qanında narkotik vasitə aşkarlanmamışdır. Son olaraq onu Sabirabad rayonunda özəl xəstəxanaya göndərmişlər. Orada analizi götürən xanım ona demişdir ki, əgər son 6 ayda narkotik vasitə istifadə etmişdirsə, analiz nəticələrində görüləcəkdir. Müayinədən sonra narkotik vasitə istifadə etdiyi bəlli olmuşdur. Əməlindən peşmandır. Ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilkin olaraq yol polis əməkdaşı Şahid1 tərəfindən saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq maşınında narkotik vasitə olduğunu bildirmişdir. Onlar baxış keçirən zaman təqsirləndirilən şəxs maşının sol qabaq qapısından 2 kağız parçasında, bir də sürətlər qutusunun aşağı hissəsindən siqaret formasında narkotik vasitəni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt narkotik vasitəni satış məqsədi ilə saxlamadığını, yalnız özünün istifadə etdiyini bildirmişdir. Onlar daha sonra narkotik vasitəni aktlaşdıraraq ekspertizaya göndərmişlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” 15 may 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə Saatlı şəhər ərazisində özünə məxsus olan "Mercedes Benz” markalı ** ST *** qeydiyyat nömrəli nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında sərxoş vəziyyətdə idarə etdiyi üçün Saatlı RPŞ- nin DYPB-nin YPX-nin əməkdaşı tərəfindən duracağa yerləşdirilmiş həmin nəqliyyat vasitəsinə baxış keçirilən zaman nəqliyyat vasitəsinin sol qabaq qapısının cibində parçaya bükülmüş vəziyyətdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan iki ədəd kağız büküm və nəqliyyat vasitəsinin orta hissəsində olan bağlı cibində 2 ədəd içərisində narkotik vasitə marixuana olması ehtimal edilən doldurulmuş vəziyyətdə siqaret çubuqları 10:50 radələrində protokol əsasında götürülmüş və üstündə də narkotik vasitə olması ehtimal edildiyi üçün Təqsirləndirilən şəxsnın üstünə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsnın üstündə narkotik vasitǝyǝ oxşar kütlə aşkar edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 16 may 2024-cü il tarixli 3-16-16/2-18/496 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs idarə etdiyi... ”sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,32qram, 1,17qram, ümumi çəkisi 5,49 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2 ədəd tamlığı pozulmuş siqaretin içərisində ümumi çəkisi -0,89 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş ümumi təmiz çəkisi -6,38 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Saatlı RPŞ-yə daxil olmuş “Tələbnamə”yə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Kalujisk vilayəti Dzerjinski rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Rusiya Federasıyasının Cinayət Məcəlləsinin 162 M 4 H ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Elektron məhkəmə” informasiya sisemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə anadan olmuş X4 və 05 may 2024-cü il tarixdə anadan olmuş X3 adlı iki nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı rayon Mərkəzi Xəxtəxanası PHŞ tərəfindən təqdim edilmiş xx.xx.2024-cü tarixli 18-1-65/2-674/2024 nömrəli məktubda Təqsirləndirilən şəxs Saatlı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji kabinetində və psixonevroloji xəstəliklərlə bağlı dispanser qeydiyyatında olmadığı göstərilmişdir. İşdə olan və məhkəmə istintaqında baxış keçirilmiş axtarış və götürmə aparılarkən video çəkilişi aparılaraq cinayət işinə əlavə edilmiş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi -6,38 qram olan marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 6,38 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, 15 may 2024-cü il tarixdə saat 10:50 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində özünə məxsus “Mercedes Benz C180” markalı, ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olub, həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq avtomobilində daşıyıb, yol hərəkəti qaydalarını pozduğuna görə Saatlı RPŞ-nin DYP-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitələrin təsiri altında avtomobil idarə etdiyindən şübhələnildiyi üçün Saatlı RPŞ-nə gətirilmiş, orada 15 may 2024-cü il tarixdə saat 10:50 radələrində onun avtomobilinə baxış keçirilərkən avtomobilinin sol qabaq qapısının cibində parçaya bükülmüş vəziyyətdə iki ədəd kağız bükümdə ümumi təmiz çəkiləri 4,32 və 1,17 qram, avtomobilin sürətlər qutusunun yanındakı cibdən iki ədəd siqaretin içərisində təmiz çəkisi 0,89 qram, ümumilikdə 6,38 qram xeyli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini qismən etiraf etsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, həmçinin də axtarış və götürmə aparılarkən video çəkilişi aparılaraq cinayət işinə əlavə edilmiş “DVD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Ona görə də Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamda göstərilənləri qəbul etməməsi barədə ifadəsi özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hallarında yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1ci siyahıya əsasən marixuananın xeyli miqdarının aşağı həddi 5 qramdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Kalujisk vilayəti Dzerjinski Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Rusiya Federasıyasının Cinayət Məcəlləsinin 162 M 4 H ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İbtidai istintaq zamanı həmin hökmün Azərbaycan Respublikası ərazisində tanınıb-tanınmaması barədə aidiyyəti üzrə apellyasiya məhkəmələrinə sorğular verilmiş və qeyd edilən hökmün Azərbaycan Respublikası ərazisində tanınmadığı müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Kalujisk vilayəti Dzerjinski Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Rusiya Federasıyasının Cinayət Məcəlləsinin 162 M 4 H ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi həmin hökm Azərbaycan Respublikası ərazisində tanınmadığı üçün cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 07 iyun 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.2-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 521-ci maddəsinin müddəalarına uyğun olaraq, yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Xarici ölkələrin məhkəmələrinin hökmlərinə əsasən yaranmış məhkumluqlara görə cinayətlərin residivinin müəyyən edilməsinin mümkünlüyü məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 7 iyun 2019-cu il tarixli qərarına əsasən “yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir”. Müvafiq olaraq bu qərara görə Azərbaycan Respublikası ilə digər dövlət (dövlətlər) arasında xarici ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluğun birbaşa və yaxud hökmün Azərbaycan Respublikasının ərazisində tanınması prosedurundan sonra nəzərə alınmasını nəzərdə tutan beynəlxalq müqavilə yoxdursa, başqa ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluq cinayətlərin residivi məsələsinin həlli zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə-narkoloji ekspertin xx.xx.2024-cü il tarixli 5394 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, naromaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 15 may 2024-cü il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 17 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 17 may 2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 6,30 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 16 may 2024-cü il tarixli 3-16- 16/2-18/496 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək şübhəli şəxs kimi tutularaq iki gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 6,30 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar