Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-56/2023 06.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 18:00 xx xxxxx 1978-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(055)-37/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 7(055)-32/2023 saylı qərarı ilə Saatlı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(055)-37/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi on bir ay iki gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Saatlı rayonu, Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 05 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə saat 18:00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən tapdığı kağız bükümdəki kustar üsulla hazırlanmış 0,220 qram təmiz çəkidə narkotik vasitə olan heroini mənimsəyərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və əynindəki qara rəngli gödəkçəsinin sağ cibinə qoyaraq qanunsuz olaraq saxlamış, cinayət əməlini davam etdirərək həmin narkotik vasitəni istehlak üçün yaşadığı Saatlı rayon Mustafabəyli kəndinə gedib qanunsuz olaraq daşıyarkən 16 may 2023-cü il tarixdə saat 11:10 radələrində əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-nə gətirib, 16 may 2023-cü il tarixdə saat 12:35 radələrində həmin narkotik vasitəni aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan heroin qəbul edir. Saatlı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmünə əvvəlcə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza çəkmənin şərtlərini pozduğuna görə Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. 14 may 2023-cü il tarixdə, yəni azadlıqda olduğu vaxt, təxminən saat 11 radələrində Saatlı rayonu Mustafabəyli kəndindən keçən magistral yolun kənarı ilə piyada yaşadığı evə tərəf gedərkən yerdə bir ədəd kağız büküm görmüş, həmin büküm onu cəlb etdiyinə görə yerdən götürüb baxanda 1 ədəd siqaretin şəffaf sellofanına bükülü vəziyyətdə içərisində kağız büküm olduğunu görmüşdür. Şəffaf sellofanı açıb tullamış və içindəki kağız bükülünü açıb baxanda istifadəçisi olduğundan bükümün siqaret kağızı, içərisindəkinin isə toz halında heroin olduğunu bilmişdir. Heroin olduğunu bildikdən sonra həmin bükümü əynində olan gödəkçənin cibinə qoymuş ki, sonra istifadə etsin. Həmin vaxtdan narkotik bükümünü cibində saxlamışdır. 16 may 2023-cü il tarixdə saat 11:10 radələrində Saatlı rayonu Mustafabəyli kəndində yaşadığı evin yerləşdiyi küçədə evinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu Saatlı RPŞ-yə dəvət etmişlər. Saatlı RPŞ-də üstündə şəxsi axtarış aparılarkən yolun kənarından tapıb gödəkçəsinin cibinə qoyduğu içərisində heroin olan büküm polis əməkdaşları tərəfindən aşkar edilmiş və götürülmüşdür. O, polis əməkdaşlarına həmin narkotik vasitəni özünün istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib olunaraq imza edilmiş, foto və video çəkiliş aparılmışdır. Əməlindən peşmandır. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 16 may 2023-cü il tarixdə Saatlı rayonu, Mustafabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra onun və digər polis əməkdaşlarının iştirakları ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs Saatlı rayonu, Mustafabəyli kəndində yaşadığı evin yerləşdiyi küçəyə çatmamış piyada gedərkən onlar tərəfindən müəyyən edilərək Saatlı RPŞ-yə gətirilmişdir.Saatlı RPŞ-yə gətirildikdən sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən 01 ədəd kağız büküm aşkar edilmişdir. Həmin 01 ədəd kağız büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdəki kütlənin heroin olduğunu, özünə məxsus olduğunu və öz istifadəsi üçün saxladığını bildirmiş, sonda axtarış və götürmə aparılması ilə bağlı protokol tərtib edilərək imza edilmiş, foto və video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də şahidlər Şahid2 və Şahid3 Firudin oğlunun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 16 may 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlərdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 17 may 2023-cü il tarixli 18/522 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi -0,220qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi 0,220qram olub, tədqiqata istifadə olundu - 0,05qram, qalıq -0,170qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş məhkəmə-narkoloji ekspertizanın 12 sentyabr 2023-cü il tarixli 5839 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 17 may 2023-cü il tarixli qərardan görünür ki, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,170 qram qalan heroin maddi sübut kimi tanınmış və Saatlı RPŞ-yə məsul saxlanışa verilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(055)-37/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 7(055)-32/2023 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(055)-37/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan bir il on ay beş gün müddətə hissəsi on bir ay iki gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(055)-37/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 7(055)-32/2023 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(055)-37/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan bir il on ay beş gün hissəsi on bir ay iki gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Saatlı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(055)-37/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 7(055)-32/2023 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilərək çəkilməmiş qalan on bir ay iki gün hissəsi hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 7(055)-32/2023 saylı qərarında göstərilən tarixdən, yəni 26 sentyabr 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək hazırda başqa cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 05 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertzanın rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis 0,170 qram narkotik maddə olan heroin məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Saatlı Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli, 1(055)-37/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 7(055)-32/2023 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilərək çəkilməmiş qalan on bir ay iki gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan iki gün çıxılmaqla onun üzərində qəti olaraq bir il beş ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 7(055)-32/2023 saylı qərarında göstərilən tarixdən, yəni 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hazırda başqa cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 05 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 0,170 qram narkotik maddə olan heroin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-56/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-56/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver