Məhkəmə qərarları › İş №1(055)-56/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-56/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-56/2024 17.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Tərtər rayonu Qaraqoyunlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Y/X məhəllə 3123, ev 2, mənzil 121-də qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə saat 04 radələrində tanışları X6 və şəxsiyyəti istintaqa məlum olmayan Dilqəm adlı şəxs ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Saatlı rayonu Dəllər kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətindəki tövlənin hasarından qanunsuz olaraq saxlanc yeri hesab olunan tövləyə daxil olaraq, oradan 1 başı 300 manat dəyərində, ümumilikdə 4 baş, cəmi 1200 manat dəyərində quzuları oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1200 manat məbləğdə maddi ziyan vurmuş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X6 ilə bir yerdə işlədiyindən uzun müddətdir ki tanıyır, Dilqəm adlı şəxsi isə Şirxanın vasitəsilə tanımışdır. Özü rəsmi olaraq heç bir yerdə işləmədiyindən, Bakı şəhərində hər hansı iş olarsa orada fəhlə kimi işləyib pul qazanır. 03 may 2024-cü il tarixdə o, Şirxan və Dilqəmlə Bakı şəhərində görüşüb söhbət edərkən ona rayonda sezona uyğun meyvələr satıldığını, həmin meyvələri gedib gətirərək Bakıda sataraq pul qazanmaq istədiklərini demişlər. O da Şirxan və Dilqəmlə razılaşaraq meyvə satıb pul qazanacağını düşünmüşdür. Şirxan ona maşın lazım olacağını və həmin meyvələri maşınla rayondan Bakı şəhərinə gətirə biləcəklərini demişdir. Bu səbəbdən həmin tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "xxxx" MMC-yə gedərək oradan 28 may 2024-cü il tarixədək “Kia forte” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. O, avtomobili yaxşı idarə edə bilmədiyindən və yolları yaxşı tanımadığından Şirxana vermişdir. 07 may 2024-cü il tarixdə saat 24 radələrində Ramana qəsəbəsi ərazisində Şirxan və Dilqəmlə əlaqə saxlayaraq görüşmüşdür. Şirxan onunla Dilqəmə Saatlı rayonu ərazisinə getməklərini və orada əlverişli yer olarsa oğurluq etmək istədiyini demişdir. Onun maddi cəhətdən imkanı zəif olduğundan, həmçinin borcları yarandığından Dilqəmlə birlikdə Şirxanla razılaşmış və birlikdə icarəyə götürdüyü “Kia forte” markalı avtomobilə əyləşərək Saatlı rayonu istiqamətində gəlməyə başlamışlar. Saat 04 radələrində ev axtararaq Saatlı rayonu Dəllər kəndinə gəlib çatmışlar. Dəllər kəndinin içərisində Şirxan avtomobili idarə edərkən əvvəldən tanımadığı, lakin sonradan adını bildiyi həyətyanı sahəsi mişar daşlarından ibarət olan Zərərçəkmiş şəxs yaşadığı evin yanına çatmışlar. Tövlənin hasarının yola yaxın olduğunu və oğurluq etməyin rahat olacağını düşünərək avtomobili orada saxlamışlar. Şirxan avtomobildən düşüb tövlənin hasarına yaxınlaşaraq içəri baxmışdır. O və Dilqəm isə hasarın yanında ətrafa baxaraq hər hansı şəxslərin gəlib-gəlməməsinə nəzarət etmişlər. Şirxan isə hasarın üstünə çıxaraq tövləyə daxil olmuş və içəridən xırdabuynuzlu heyvanları tutaraq bir-bir çıxarmağa başlamışdır. Şirxan ümumilikdə 4 baş quzunu tövlədən çıxartdıqdan sonra Dilqəmlə o, avtomobilin baqajına qoymuşlar. Şirxan tövlədən çıxdıqdan sonra hamısı avtomobilə əyləşərək kəndin içərisindən çıxıb Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Saat 11 radələrində Bakı şəhərinə çatmış və o, Ramana qəsəbəsində avtomobildən enmişdir. Şirxan ona Dilqəmlə birlikdə tanışının yanına gedəcəyini və xırdabuynuzlu heyvanları ora sataraq geri qayıdacağını demişdir. Lakin Şirxan ona hansı tanışının yanına gedəcəyini və 4 baş quzunu kimə satacağını deməmişdir. Dilqəm Şirxanla birlikdə avtomobillə çıxıb getmişlər. Saat 15 radələrində Şirxan “Whatsapp” sosial şəbəkəsində zəng edərək xırdabuynuzlu heyvanları satdığını, harada olduğunu və Ramana qəsəbəsinə gələrək payına düşən pulu vermək istədiyini demişdir. O, Şirxana heç bir problem olmadığını demiş və Şirxanın dediyi yerə getmişdir. Bir müddət sonra Şirxan Dilqəmlə birlikdə həmin yerə gəlmişdir. Şirxanla yenidən görüşdükdən sonra xırdabuynuzlu heyvanları satdığını və adama 165 manat pul düşdüyünü demişdir. Şirxan cibindən 165 manat pulu çıxarıb ona vermiş və avtomobili sürüb getmişdir. Şirxandan götürdüyü pulla özünə siqaret və yaşadığı evə ərzaq alaraq hamısını xərcləmişdir. O sonra yaşadığı evə qayıtmışdır. 10 may 2024-cü il tarixdə Şirxana verdiyi “Kia forte” markalı avtomobili Qaradağ rayonu Müşviqabad qəsəbəsinə aparıb yol kənarına atdıqlarını bilmişdir. Sonradan polis əməkdaşları onu həmin oğurluqla əlaqədar RPŞ-nə dəvət etmişlər. O da həmin avtomobilin açarlarını polis əməkdaşlarına təhvil vermişdir. Polis şöbəsinə gəldikdən sonra Şirxan və Dilqəmlə birlikdə etdikləri oğurluğu könüllü olaraq etiraf etmişdir. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ərizə təqdim edərək ifadəsində göstərdi ki, ona məxsus təsərrüfatda ümumilikdə 22 baş qoyun və 20 baş quzular vardır, xırdabuynuzlu heyvanlarını yaşadığı evin həyətindəki tövlədə saxlayır. O, rəsmi olaraq heç bir yerdə işləmədiyindən, mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara gedərək orada fəhlə kimi işləyib pul qazanır. Yaşadığı evin həyətindəki tövlədə xırda və iribuynuzlu heyvanları alıb saxlayır. 18 aprel 2024-cü il tarixdə o, bankdan kredit götürdükdən sonra Sabirabad rayonunda yaşayan hazırda adı yadında qalmayan şəxsdən ümumilikdə 20 baş xırdabuynuzlu heyvanlar almışdır. Həmin xırdabuynuzlu heyvanları yaşadığı evə gətirdikdən sonra digər özünə məxsus heyvanların yanında saxlamışdır. 01 may 2024-cü il tarixdə yaşadığı evdə işlərini bitirdikdən sonra işləmək məqsədilə Kəlbəcər rayonuna geri qayıtmışdır. 08 may 2024-cü il tarixdə saat 07:50 radələrində arvadı Svetlana ona məxsus mobil telefon nömrəsinə zəng edərək yaşadığı evin həyətindəki tövlədən xırdabuynuzlu heyvanları sayarkən 4 baş quzunun olmadığını demişdir. O da Svetlanaya yaşadığı evin həyətini yaxşı axtarmasını, quzuların həyətdə ola biləcəyini və baxdıqdan sonra yenidən zəng edərək ona məlumat verməsini istəmişdir. Bir qədər sonra yenidən Svetlana ona zəng edərək yaşadığı evin həyətini axtardığını, 4 baş quzunu tapa bilmədiyini, tövlənin daş hasarında quzunun tükündən qaldığını və quzuların oğurlandığını demişdir. O da bundan sonra dərhal DİN-in 102 xidmətinə yaşadığı evin həyətindən 1 başı 300 manat dəyərində, ümumilikdə 1200 manat dəyərində 4 baş quzunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. Sonradan yaşadığı evin həyətindəki tövlədən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu, Zaməddinin isə oğurluğu Şirxan və Dilqəm adlı şəxslərlə birlikdə etdiyini bilmişdir. Oğurluq nəticəsində ona 1200 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Təqsirləndirilən şəxsə köməklik olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 Firudin oğlu ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. İşin mahiyyəti üzrə bildirir ki, 08 may 2024-cü il tarixdə Saatlı rayonu Dəllər kəndində yaşayan X1 məxsus evin həyətindəki tövlədən 1200 manat dəyərində 4 baş xırdabuynuzlu heyvanların oğurlanması barədə icraatına əməliyyat tapşırığı daxil olmuşdur. Bununla bağlı tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Svetlana Alışovanın yaşadığı evin həyətindəki tövlədən oğurluq etmiş şəxs və ya şəxslərin hadisə zamanı “Kia forte” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etdikləri, həmin avtomobilin isə "xxxx" MMC-yə məxsus olması müəyyən edilmişdir. Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində "xxxx" MMC-yə getmiş, orada həmin avtomobilin Bakı şəhər sakini Təqsirləndirilən şəxs günlük icarəyə verildiyi məlum olmuş və MMC-nin nümayəndəsi Yusif İbrahimzadə bununla bağlı yol vərəqəsini təqdim etmişdir. Sonra oğurluq zamanı istifadə edilmiş “Kia forte” markalı avtomobilin Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən 320 nömrəli tam orta məktəbin yaxınlığında olması barədə məlumat daxil olmuşdur. Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən 320 nömrəli tam orta məktəbin yaxınlığına getdikdən sonra orada “Kia forte” markalı avtomobilin 4 təkəri üzərində dayandığı müəyyən edilmişdir. Aşkar edilmiş “Kia forte” markalı avtomobilə Saatlı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Qərib İsmayılov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı avtomobilin üzərində hər hansı bir izin olmadığı, lakin içərisinə baxış keçirilərkən isə baqajında xırdabuynuzlu heyvanlara məxsus spesifik qoxu, sidik və xırdabuynuzlu heyvanların nəcisi müəyyən olunmuşdur. Sonda baxış keçirilməsi ilə əlaqədar təhqiqatçı Qərib İsmayılov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, protokol doğru yazıldığı üçün məndə digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Baxış zamanı foto və video çəkiliş aparılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evdə müəyyən edilərək oğurluqda şübhəli olduğunu bildirib Saatlı RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs RPŞ-nə gəldikdən sonra könüllü olaraq Saatlı rayonu Dəllər kəndində yaşayan Svetlana Alışovanın həyətindəki tövlədən 4 baş xırdabuynuzlu heyvanları oğurladığını, oğurluğu isə tanışları X6 və Dilqəm adlı şəxslərlə birlikdə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 Firudin oğlu ibtidai istintaq zamanı Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan 08 may 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 4 baş xırdabuynuzlu heyvanlar onun Saatlı rayonu Dəllər kəndində yerləşən yaşadığı evin həyətindəki tövlədən oğurlanmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Saatlı RPŞ-nə daxil olmuş məktubda göstərimişdir ki, 08 may 2024-cü il tarixinə əlamətləri qeyd edilən xırdabuynuzlu heyvanların orta bazar qiyməti ayrı-ayrılıqda aşağıdakı kimidir: 4 baş, 17 kiloqram çəkidə, 3-4 aylıq, sarı rəngli, yerli cinsdən, başqa heç bir fərqləndirici əlamətləri olmayan quzular hər biri ayrı-ayrılıqda 300 manat, ümumilikdə 1200 manat təşkil edir. İşdə olan 04 iyun 2024-cü il tarixdə tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Azercell MMC-nin 31 iyul 2024-cü il tarixli 16477 nömrəli məktubu ilə daxil olmuş CD şəklində olan telefon məlumatlarına baxış keçirərkən müəyyən edildi ki, 07 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərindən Saatlı rayonu Dəllər kəndinə gələrkən özünə məxsus ***-***-**-** mobil telefon nömrəsindən Bülbülə qəsəbəsində olarkən 16:12:56-da, Sabirabad rayonu Bulaqlı kəndində olarkən saat 23:10:32-də, 08 may 2024-cü il tarixdə ünvan 1 ünvanında olarkən isə 06:22:43-də istifadə etmişdir. İşdə olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yerində yoxlanılması prtokolundan görünür ki, o, Zərərçəkmiş şəxs məxsus Saatlı rayonu Dəllər kəndində yerləşən yaşadığı evin həyətindəki tövləyə Şirxan Əzizovun haradan daxil olduğu, tövlədəki 4 baş xırdabuynuzlu heyvanları oğurladığı yeri və xırdabuynuzlu heyvanları apardıqları istiqaməti əyani olaraq göstərmişdir. Bunlarla bağlı protokol tərtib edilib, fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Yusif adlı bir övladı vardır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və X2 11 may 2024-cü il tarixədən 13 may 2024-cü il tarixdək tutularaq həbsdə saxlanılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixədən 13 may 2024-cü il tarixdək tutularaq 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixədən 13 may 2024-cü il tarixdək, 02 (iki) gün tutularaq həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar