Məhkəmə qərarları › İş №1(055)-58/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-58/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-58/2025 05.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ saat 17:10 Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1972-ci ildə Saatlı rayonunun Krasnoselski kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonunun Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan ümumi təmiz çəkisi 8,60 qram xeyli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, 20 yanvar 2025-ci il tarixdə saat 22:05 dəqiqədə Saatlı rayonu Sarıcalar kəndi ərazisində piyada hərəkət edərək həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və orada həmin tarixdə 22:05-dən 22:13-dək üstü yoxlanılarkən əynindəki gödəkçənin sol cibindən 1 ədəd sellofan bükümdə həmin 8,60 qram, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 18 yanvar 2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq kənddəki mağazadan çörək almağa getmişdir. Kəndin içərisindən keçən asfalt yolun kənarı ilə hərəkət edərkən yerdə 1 ədəd sellofan büküm olduğunu görmüşdür. Maraq üçün həmin sellofan bükümü yerdən götürüb açıb içinə baxdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu müəyyən etmiş və həmin marixuananı əynindəki gödəkçənin sol yan cibinə qoyaraq mağazaya getmişdir. Mağazadan çörək alaraq yaşadığı ev istiqamətində qayıtmağa başlamışdır. 20 yanvar 2025-ci il tarixdə axşam saatlarında tapdığı narkotik vasitəsinin kimə aid olduğunu öyrənmək üçün mağazanın ətrafında kənd sakinlərindən bir neçəsindən soruşmuş, lakin heç kim narkotik vasitəsinin kimə aid olduğunu bilməmişdir. Bundan bir neçə saat sonra qardaşıgilə qonaq getmiş, sonra isə yaşadığı evə qayıtmaq üçün kəndin içərisindən keçən asfalt yolla yaşadığı ev istiqamətində hərəkət edərkən, saat 22:05 radələrində Saatlı RPŞnin əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumatlar aldıqlarını bildirmişlər. O əlavə olaraq qeyd etmişdir ki, narkotik vasitələrdən istifadə etmir və satışı ilə məşğul deyil. Hazırda əməlindən peşmandır. Ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 20 yanvar 2025-ci il tarixdə Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və gəzdirməsi barədə Saatlı RPŞ-nin CABnin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat tədbirində Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Firudun oğlu və o iştirak etmişlər. 20 yanvar 2025-ci il tarixdə saat 22:05-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən 1 ədəd alışqanı, gödəkçəsinin sol cibindən isə 1 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotiki tapdığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 yanvar 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki şalvarın sağ cibində saxladığı 1 ədəd sellofan bükümlə birlikdə 8,94 qram marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 yanvar 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayon Qara Nuru kənd sakini Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan bükümlə birlikdə 8,94 qram marixuanaya baxış keçirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin xx.xx.2025-ci il tarixli, 18/16 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi – 8,60 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair” aktdan görünür ki, 8,60 qram narkotik vasitəsi qəbul olunub, 0,10 qram nümunə götürülüb, 8,50 qram geri qaytarılıb. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Saatlı RPŞ-yə daxil olmuş “Tələbnamə”yə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 may 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək təmiz çəkisi 8,60 qram, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, saxlaması, 20 yanvar 2025-ci il tarixdə saat 22:05 dəqiqədə Saatlı rayonu Sarıcalar kəndi ərazisində piyada hərəkət edərək həmin narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan qanunsuz olaraq üstündə daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və orada həmin tarixdə 22:05-dən 22:13-dək üstü yoxlanılarkən əynindəki gödəkçənin sol cibindən 1 ədəd sellofan bükümdə həmin 8,60 qram narkotik vasitə qurudulmuş marixuanın aşkar edilərək götürülməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hallarında yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1ci siyahıya əsasən marixuananın xeyli miqdarının aşağı həddi 5 qramdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını nisbətən aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin 16 may 2025-ci il, 2856 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2025-ci il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 22 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 22 yanvar 2025-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 8,50 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli, 18/56 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək şübhəli şəxs kimi tutularaq iki gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan dörd gün çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 8,50 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə münasibətdə hökmün surətinin ona verildiyi andan) 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar