Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-59/2023 27.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi- Saatlı rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə saat 11:58-də xx xxxxx 1995-ci il tarixdə Saatlı rayonu Mustafabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,342 qram təmiz çəkidə narkotik vasitə olan heroini əldə etmiş və əynindəki boz rəngli cins şalvarının sağ cibinə qoyaraq qanunsuz olaraq saxlamış, 17 iyun 2023-cü il tarixdə saat 14:45 radələrində Saatlı rayonu Mustafabəyli kəndi ərazisində, kəndarası avtomobil yolunda həmin narkotik vasitəni üstündə piyada qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-nə gətirib, 17 iyun 2023-cü il tarixdə saat 16:00 radələrində həmin narkotik vasitəni onun üstündən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yolda asfaltın kənarından bir ədəd bükümdə, qara siqaret qutusunun içərisində el arasında “kakos” adlanan narkotik vasitə olan heroin tapmış, həmin narkotik vasitəni cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Lakin yolda gedərkən polis əməkdaşları onu tutmuşlar və polis şöbəsinə aparmışlar. O, şöbədə olarkən üzərindən həmin narkotik vasitə aşkar edilərək götürülmüş və o da həmin narkotik vasitəni tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təxminən 5-6 ildir ki, narkotik vasitədən istifadə edir və narkotik vasitə istifadəsinə görə əvvəl də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, 17 iyun 2023-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinə Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş, bununla bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün Saatlı rayonu Mustafabəyli kəndində saxlanılaraq Saatlı RPŞ-yə dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman üzərində olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünün olduğunu və onu öz istifadəsi üçün saxladığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması barədə 17 iyun 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlaması barədə Saatlı RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 17 iyun 2023-cü il tarixdə Saatlı RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs üstünə Saatlı RPŞnin Təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Əlisafa İsgəndərov tərəfindən şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd büküm aşkar edilmiş, həmin büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütləni tapdığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə ekspertizaya göndərilməsindən ötrü 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 18 iyun 2023-cü il tarixli 18/648 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,342 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” daxildir. (İ siyahı) İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmuş və ödənilmiş, sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 fevral 2022-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarına əsasən cəzası 6 ay azaldılmış, 09 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqadarda, 0,342 qram təmiz çəkidə narkotik vasitə olan heroini əldə etməsi və əynindəki boz rəngli cins şalvarının sağ cibinə qoyaraq qanunsuz olaraq saxlaması, 17 iyun 2023-cü il tarixdə saat 14:45 radələrində Saatlı rayonu Mustafabəyli kəndi ərazisində, kəndarası avtomobil yolunda həmin narkotik vasitəni üstündə piyada qanunsuz olaraq daşıyarkən əməliyyat tdəbiri keçirən polis əməkdaşlarının onu Saatlı RPŞ-nə gətirmələri, 17 iyun 2023-cü il tarixdə saat 16:00 radələrində həmin narkotik vasitəni onun üstündən aşkar edərək götürmələri, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qramdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,15 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər başqa cinayət əməlinə görə məhkumluğu olmuş və həmin cinayətə görə məhkumluğu ödənilmişdir. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyinində təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin 12 sentyabr 2023-cü il tarixli, 5838 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 17 iyun 2023-cü il tarixli protokoldan, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 19 iyun 2023-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 1(055)-59/2023 saylı qərarından və Saatlı Rayon Polis Şöbəsinin 01 noyabr 2023-cü il tarixli 102/2-2/913 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və həbs etmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 01 noyabr 2023-cü il tarixdə Saatlı rayonu Mustafabəyli kəndi ərazisində saxlanılaraq Saatlı RPŞ-nin MSY-nə yerləşdirilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 01 noyabr 2023-cü il tarixdən hesab edilməlidir. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,292 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 iyun 2023-cü il tarixli 18/648 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub iki gün saxlanılması ona təyin olunmuş iki il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq iki il iki ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 01 noyabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,292 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-59/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-59/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver