Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-6/2023 31.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, saat: 17:30 xx xxxx 1954-cü ildə Sabirabad rayonu Əsgərbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı şəhəri, M.Ağayev küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə saat 22 radələrində, Saatlı şəhəri M.Ağayev küçəsində onunla qonşuluqda yaşayan qardaşı Zərərçəkmiş şəxs Adil oğlunun onun yaşadığı evin həyətinə gələrək ona oğlu Qəhrəman Qarayevin onun gəlini Şahid2 əxlaqsız təkiflər etməsini iddia edərək bu səbəbdən ailələrində söz-söhbət yarandığını bildirdikdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən daşla bir dəfə sağ göz nahiyəsindən vuraraq sonuncuya sağ orbitanın bayır divarı hüdudunda almacıq-alın tikişinin sınaraq aralanması ilə müşayiət olunan, sağ almacıq sümüyü proyeksiyasında qançırdan ibarət zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmaya aid olan, qəsdən daşla bir dəfə isə sol göz nahiyəsinə vuraraq travmatik iridosiklit göz almasının kontuziyası ilə müşayiət olunanan, sol gözün alt və üst qapaqlarında hematomadan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olan və həmin zərbələrdən yıxılması nəticəsində sağ təpə-gicgah nahiyəsində, sol yanaqda qançırlardan, sağ saidin orta 1/3-də iç səthdə, sol saidin aşağı 1/3-də bayır səthdə, sağ diz oynağının ön səthində sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, yəni zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, onunla və ailəsi ilə münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. Təxminən 2022-ci ilin fevral ayında qardaşı Ülkər onun oğlu Qəhrəmanın gəlini Zinyətə söz atdığını, əxlaqsız təkliflər etdiyini bildirmişdir. Sonra qardaşı Ülkər yaşadığı evə gələrək bu barədə onunla danışdıqda, həmin vaxt ağlayaraq Ülkərdən üzr istəmiş və oğlu Qəhrəmanı yaşadığı evdən başqa yerə göndərəcəyini, bu söhbətin də bağlanmasını demişdir. Həmin vaxtdan sonra onların arasında heç bir söz-söhbət olmamışdır. Təxminən 2022-ci ilin aprel ayında Ülkərin oğlu Asim həbsdən azad olaraq yaşadığı evə qayıtdıqdan sonra həmin söz-söhbət daha da böyüməyə başlamışdır. 11 iyun 2022-ci il tarixdə saat 21:30 radələrində yaşadığı evdə olan vaxt küçədən səs eşitmiş, həyətə düşərkən qardaşı Ülkər qapını açaraq içəri girib həyətə daxil olmuşdur. Qardaşı Ülkər onun yaxasından tutaraq silkələmiş və oğlu Qəhrəmana görə yaşadıqları evdə söz-söhbət yarandığını demişdir. Sonra Qəhrəmanın arvadı Pərvanə evdən çıxmış və Ülkər hər ikisini nalayiq ifadələrlə təhqir etmişdir.O da qardaşı Ülkərə sakit durmasını, problem yaratmamasını demişdir. Həmin vaxt o, DİN-in 102 xidməti zəng mərkəzinə zəng edib məlumat vermişdir. Daha sonra Ülkərin oğlu Qardaşəli yaşadığı evin həyətinə daxil olaraq yumruqla baş nahiyyəsinə vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. O da əsəbiləşib yerdən daş götürərək Ülkərə tərəf atmışdır. Daş Ülkərin başına dəymiş və hasara tərəf söykəndiyini görmüşdür. O, yenidən Ülkəri daşla vurmaq istəyərkən ona baxdığını görüb əlində olan daşı yerə atmışdır. Əməlinə görə peşmandır və gələcəkdə belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda yaşlı olmasını nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, onunla və ailəsi ilə münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. Təxminən 2022-ci ilin fevral ayında gəlini X1 həyətdə olarkən yaxınlaşdığını, onu sevdiyini dediyini, əxlaqsız təkliflər etdiyini demişdir. Bundan sonra o da əsəbiləşərək qardaşı Adilə zəng etmişdir. Adilin yaşadığı evə gedərək oğlu Qəhrəmanın gəlini Zinyətə dediklərini ona bildirmişdir. Adil də həmin vaxt ağlayaraq üzr istəmiş və oğlu Qəhrəmanı yaşadığı evdən başqa yerə göndərəcəyini, bu söhbətin də bağlanmasını demişdir. Təxminən 2022-ci ilin aprel ayında oğlu Asim həbsdən azad olaraq yaşadığı evə qayıtmışdır. Gəlini Zinyət də olanlar barədə oğlu Asimə danışmışdır. Bundan sonra həmin söz-söhbət daha da böyüməyə başlamışdır. Yaşadığı evdə mübahisə yarandığından oğlu Asim də əsəbiləşərək qardaşı oğlu Qəhrəmanı öldürəcəyini demişdir. Oğlu Asimin gəlini Zinyətlə də mübahisə etdiyini görüb onu danlayaraq yaşadığı evdən çıxıb getməsini istəmişdir. Asim də onun sözündən sonra yaşadığı evdən çıxıb getmişdir. O da oğlu Asimin Qəhrəmanı öldürəcəyindən qorxduğundan və mübahisənin böyüyəcəyindən ehtiyat edərək 11 iyun 2022-ci il tarixdə saat 21 radələrində qardaşı Adilin yaşadığı ünvanın qarşısına getmişdir. O, Adili küçəyə çağırıb ona oğlu Asimin həbsdən qayıtdıqdan sonra söz-söhbət yarandığını, oğlu Qəhrəmanı öldürmək istədiyini, Qəhrəmanın da yaşadığı evdən çıxaraq gedəcəyinə söz verdiyini, indi də sözünün üstündə durmasını demişdir. Qardaşı Adil də oğlu Qəhrəmanın öldürüləcəyi halda onlar tərəfdən də ölüm olacağını demişdir. Buna görə də onunla qardaşı Adilin arasında mübahisə yaranmağa başlamışdır. Mübahisə yarandıqdan sonra arvadı Heyvagül də qardaşı Adilin yaşadığı ünvanın qarşısına gəlmişdir. Qəhrəmanın arvadı Pərvanə evdən küçəyə çıxaraq nalayiq ifadələrlə onları təhqir etmişdir. O da Pərvanəyə dediyi nalayiq ifadələri ona qaytararaq sözlə Qəhrəmanı öldürəcəyi ilə hədələmişdir. Bundan sonra mübahisələri daha da böyümüşdür. Qardaşı Adil də bundan sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək mübahisə barədə məlumat vermişdir. Sonra qardaşı Adilin qızı Mirvari küçəyə çıxaraq onlarla mübahisə etmişdir. Bundan sonra qardaşı Adil ona yaxınlaşaraq yerdən daş götürüb sağ və sol gözündən ayrı-ayrılıqda bir dəfə, ümumilikdə iki dəfə vurmuşdur. Həmin vaxt zərbənin təsirindən sağ və sol gözündə də xəsarət yaranmışdır. O, zərbənin təsirindən özünü itirərək yerə yıxılmış, yerə yıxılarkən sağ və sol qolu, həmçinin sağ dizi yerə dəyərkən həmin yerlərdə xəsarətlər yaranmışdır. Sonradan onun və Adilin ailə üzvləri hər biriləri öz yaşadıqları evə qayıtmışlar. Sonda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin fevral ayında qayınatası Ülkər və qayınanası Heyvagül İmişli rayonuna qohumlarının övladı hərbi xidmətdən qayıtdığına görə baş çəkməyə getmişlər. Həmin vaxt Adilin oğlu Qəhrəman onların yaşadığı evin yaxınlığına gələrək ona sevdiyini bildirib istədiyini demişdir.O da Qəhrəmanın sözlərindən əsəbiləşərək acıqlanıb onu qovmuşdur. Axşam saatlarında qayınatası Ülkər və qayınanası Heyvagül yaşadıqları evə qayıtmışlar. O da Qəhrəmanın sözlərinə çox əsəbiləşmiş və kefi olmamışdır. Ülkər və Heyvagül halının pis olduğunu görüb ondan nə baş verdiyini soruşmuşlar. Qayınatası Ülkərə qardaşı Adilin oğlu Qəhrəmanın həyətdə olarkən ona yaxınlaşdığını, onu sevməsini dediyini, əxlaqsız təkliflər etdiyini demişdir. Bundan sonra qayınatası Ülkər də əsəbiləşərək qardaşı Adilə zəng etmişdir. Bir qədər sonra Ülkər yaşadığı evdən çıxaraq Adilin yaşadığı evə getmişdir. Daha sonra Ülkər geri qayıdaraq qardaşı Adilin həmin vaxt ağlayaraq üzr istədiyini və oğlu Qəhrəmanı yaşadığı evdən başqa yerə göndərəcəyini, bu söhbətin də bağlanmasını dediyini bildirmişdir. Təxminən 2022-ci ilin aprel ayında əri Asim həbsdən azad olunaraq yaşadığı evə qayıtmışdır. O da əri Asimdən söz gizlətmədiyindən olanlar barədə ona danışmışdır. Bundan sonra əri Asim əsəbi olduğundan ona əsəbiləşmiş və münasibətləri pozulmuşdur. Həmin vaxtdan sonra söz-söhbət daha da böyüməyə və yaşadığı evdə əri Asimlə aralarında mübahisə yaranmağa başlamışdır. Əri Asim də əsəbiləşdiyindən əmisi oğlu Qəhrəmanı öldürəcəyini demişdir. 11 iyun 2022-ci il tarixdə əri Asim onunla mübahisə edərkən qayınatası Ülkər onları görüb Asimi danlayaraq yaşadığı evdən çıxıb getməsini istəmişdir. Əri Asim də Ülkərin sözlərindən sonra yaşadığı evdən çıxıb getmişdir. Qayınatası Ülkər əri Asimin Qəhrəmanı öldürəcəyindən qorxduğundan və mübahisənin böyüyəcəyindən ehtiyyat edərək 11 iyun 2022-ci il tarixdə saat 21radələrində qardaşı Adilin yaşadığı ünvanın qarşısına getmişdir. Ülkər Adili küçəyə çağırıb ona əri Asimin həbsdən qayıtdıqdan sonra söz-söhbət yarandığını, oğlu Qəhrəmanı öldürmək istədiyini, Qəhrəmanın da yaşadığı evdən çıxaraq gedəcəyinə söz verdiyini, indi də sözünün üstündə durmasını demişdir. Adil də oğlu Qəhrəmanın öldürüləcəyi halda onlar tərəfdən də ölüm olacağını demişdir. Buna görə də Ülkərlə qardaşı Adilin arasında mübahisə yaranmağa başlamışdır. Mübahisə yarandıqdan sonra qayınanası Heyvagül də Adilin yaşadığı ünvanın qarşısına getmiş, o da yaşadığı evin qarşısında durub onlara baxmışdır. Qəhrəmanın arvadı Pərvanə yaşadıqları evdən küçəyə çıxaraq nalayiq ifadələrlə ailə üzvlərini təhqir etməyə başlamışdır. Qayınatası Ülkər də Pərvanəyə dediyi nalayiq ifadələri ona qaytararaq sözlə Qəhrəmanı öldürəcəyi ilə hədələmişdir. Bundan sonra mübahisə daha da böyüməyə başlamışdır. Adil də bundan sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək mübahisə barədə məlumat vermişdir. Bundan sonra qardaşı Adil qayınatası Ülkərə yaxınlaşaraq yerdən daş götürüb sifətindən iki dəfə vurmuşdur. Həmin vaxt zərbənin təsirindən qayınatası Ülkərin sifətində xəsarət yaranmış, zərbənin təsirindən özünü itirərək yerə yıxılmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 digər Şahid2 ilə eyniməzmunlu ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və digər ailə üzvləri ilə əvvəllər münasibətləri normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. Lakin sonradan Ülkər və digər ailə üzvləri ilə onun əri Qəhrəmanın Asimin arvadı Zinyətə əxlaqsız təkliflər etməsi, onu sevdiyini söyləməsinə görə münasibətləri pozulmuşdur. Asim həbsdən qayıdıb gəldikdən sonra münasibətləri daha da pozulmağa başlamış və söz-söhbətləri böyümüşdür. Qayınatası Adil dəfələrlə Ülkərdən üzr istəyərək söhbətin daha da böyüməməsini istəmiş, əri Qəhrəmanın da yaşadığı evdən gedəcəyini və bir daha yaşadığı evə qayıtmayacağını demişdir. 11 iyun 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən baldızı Mirvari də onların yaşadığı evə qonaq gəlmişdir. Saat 21 radələrində yaşadığı evdə baldızı Mirvari ilə birlikdə iş görərkən qəflətən küçədə səs eşitmişlər. Qayınatası Adil də həmin səsə görə həyətə düşmüş və ardınca baldızı Mirvari də getmişdir. O da onların arxasınca həyətə çıxmış və Ülkərin qayınatası Adilin yaxasından tutaraq silkələdiyini görmüşdür. Sonra Ülkər onu nalayiq ifadələrlə təhqir etdiyindən ürəyi getmiş, ayılanda artıq sakitlik yarandığını görmüşdür. Sonradan qaynatası Adilin Ülkəri daşla vurduğunu bilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 12 iyun 2022-ci il tarixli baxış protokolu ilə müəyyən olunur ki, hadisə Saatlı şəhəri, M.Ağayev küçəsində yerləşən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşadıqları evin qarşısında baş bermişdir İşdə olan məhkəmə-tibbi ekspertizanın 12 iyun 2022-ci il tarixli 193 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ orbitanın bayır divarı hüdudunda almacıq-alın tikişinin sınaraq aralanması, travmatik iridosiklit göz almasının kontuziyası ilə müşayiət olunan, sol gözün alt və üst qapaqlarında hematoma, sağ təpə-gicgah nahiyəsində, sağ almacı sümüyü proyeksiyasında, sol yanaqda qançırlar, sağ saidin orta 1/3də iç səthdə, sol saidin aşağı 1/3-də bayır səthdə, sağ diz oynağının ön səthində sıyrıqlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İşdə olan əlavə məhkəmə-tibbi ekspertizanın 10 sentyabr 2022-ci il tarixli 5-193A nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ orbitanın bayır divarı hüdudunda almacıq-alın tikişinin sınaraq aralanması, travmatik iridosiklit, göz almasının kontuziyası ilə müşayiət olunan, sol gözün alt və üst qapaqlarında hematoma, sağ təpə gicgah nahiyəsində, sağ almacıq sümüyü proyeksiyasında, sol yanaqda qançırlar, sağ saidin orta 1/3-də iç səthdə sol saidin aşağı 1/3-də bayır səthdə, sağ diz oynağının ön səthində sıyrıqlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ayrı-ayrılıqda dərəcəsinə görə sağ orbitanın bayır divarı hüdudunda almacıq-alın tikişinin sınaraq aralanması ilə müşayiət olunan, sağ almacıq sümüyü proyeksiyasında qançır sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Travmatik iridosiklit göz almasının kontuziyası ilə müşayiət olunanan, sol gözün alt və üst qapaqlarında hematoma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmağa aiddir. Sağ təpə-gicgah nahiyəsində, sol yanaqda qançırlar, sağ saidin orta 1/3-də iç səthdə, sol saidin aşağı 1/3-də bayır səthdə, sağ diz oynağının ön səthində sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən Zərərçəkmiş şəxs iki dəfə deyil, bir dəfə daşla vurması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında zərərçəkmiş və şahid ifadələri, eləcə də məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olundu. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsini qeyd olunan hissədə inandırıcı bilmir və hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, bu cür ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, ahıl yaşda olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını orta həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür: Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №1(055)-6/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-6/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver