Məhkəmə qərarları › İş №1(055)-6/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-6/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-6/2024 09.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 15:30-da xx xxxxxx 1984-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 1(005)-355/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.1-ci maddələri ilə qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon məhkəməsinin 29 iyun 2022-ci il tarixli 7(011)-424/2022 saylı qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 1(005)-355/2019 saylı hökmü ilə qəti olaraq təyin edilmiş üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş beş ay on səkkiz gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, İmişli rayonu Yalavac kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 19 mart 2023-cü il tarixdə saat 18 radələrində Saatlı rayonu Bəylik kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə götürməkdən ötrü Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin açıq vəziyyətdə olan pəncərəsindən yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub evin yataq otağından 490 manat dəyərində 140 metr qalın elektrik naqili oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 490 manat məbləğdə maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, zərər çəkmiş şəxsin evinə girdiyini qəbul edir. Pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. O, Bakı şəhərində başqa cinayət işi ilə əlaqədar tutulan zaman bu etdiyi hadisəni də özü etiraf etmişdir. Lakin o, zərər çəkmiş şəxsin evindən onun qeyd etdiyi həcmdə oğurluq etməmişdir. O, zərər çəkmiş şəxsin evindən sadəcə bir karobkada olan ağ şnuru oğurlamışdır. Onun oğurladığı şnur təxminən 80-90 metr olmuşdur. Həmin şnuru da onların bağçasında yandırdıqdan sonra əlində qalan misi aparıb metalyığma məntəqəsinə 33 manata satmışdır. Hadisə günü isə o, yoldan keçən zaman zərər çəkmiş şəxsin və ailəsinin hamısının evdən çıxıb getdiyini görmüş və həmin zaman plansız şəkildə zərər çəkmiş şəxsin evinə girmək qərarına gəlmişdir. Amma dediyi kimi, həmin evdən sadəcə bir ədəd karobkada olan şnuru oğurlamışdır. Orada başqa kabel və pulqabı olmamışdır. O, həmin evə girən zaman orada televizor və qırmaq kimi dəyərli əşyalar da olmuşdur. Lakin həmin əşyaları götürməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, mart ayının 19-u onlar toya getmişlər. Həmin zaman da onun evində öz evinin, qardaşının evinin və həyətlərinin təmiri üçün aldıqları ümumilikdə 7 top şnur, bir qutu elektrik yuvası, 12 metrlik udlinitel (uzadıcı naqil), 800 metr kabel, təxminən 140 metr uzunluqda barmaq qalınlığında ağ rəngli şnur olmuşdur. Onlar toydan qayıtdıqdan sonra ona məlum olmuşdur ki, bu sadaladığı təmir materialları və evdə o materiallarla bir otaqda olan pulqabındakı 700 manat oğurlanmışdır. Bununla bağlı dərhal polisə məlumat vermişdir. O, təqsirləndirilən şəxsi tanımamışdır. Hadisə yerinə baxış zamanı polis əməkdaşları ona evindən Təqsirləndirilən şəxs oğurluq etdiyini bildirmişlər və təqsirləndirilən şəxs özü də evinə girdiyini etiraf etmişdir. Ona dəyən ziyan ödənilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, Saatlı rayonunun Bəylik kənd sakini Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra təqsirləndirilən şəxs Bakı şəhərində həbsdə olarkən özü hadisəni etiraf etmişdir. O, sadəcə hadisə yerinə baxış zamanı orada olmuşdur. Həmin zaman da təqsirləndirilən şəxs evə girməsini və ağ kabeli götürməsini özü etiraf etmişdir. Lakin evdən pul götürməsini etiraf etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Qırağlı kəndində metalyığma məntəqəsində işləyir. Təqsirləndirilən şəxsi əvvəl tanımamışdır və indi də adını belə bilmir. Lakin təqsirləndirilən şəxs ona paketin içərisində 3-4 kiloqram həcmində yanmış mis gətirmişdir. Təqsirləndirilən şəxsin gətirdiyi kabelin uzunluğu təxminən 140-150 metr olmuşdur. O da həmin misi təxminən 30-40 manat verib almışdır. 3-4 kiloqram mis təxminən 1 top, yaxud 1 top yarım kabelin yandırılması nəticəsində əldə edilə bilər və o, yanmış misin 1 kiloqramını 10 manata alır. O, təqsirləndirilən şəxsi mart ayında cəmi bir dəfə görmüş və həmin zaman da aralarında qeyd etdiyi alış-veriş olmuşdur. Daha sonra təqsirləndirilən şəxsi görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 19 mart 2023-cü il tarixdə Saatlı rayonunun Bəylik kənd sakini Zərərçəkmiş şəxs evindən oğurluq edilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən bəzi əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi müəyyən edilmişdir. Daha sonra təqsirləndirilən şəxs özü hadisəni etiraf etmişdir. O, sadəcə hadisə yerinə baxış zamanı orada olmuşdur. Həmin zaman da təqsirləndirilən şəxs evə girməsini və evdən oğurlanan bütün materialları və pulu oğurladığını özü etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs atasıdır. Əvvəlcədən qeyd etmək istəyir ki, yaddaşı zəifdir və yadında nə qalıbsa onları danışacaqdır. Qeyd edilən kimi evlərindən oğurluq olmuşdur. Evdən təxminən 800 metr uzunluqda və 700 metr uzunluğunda, cəmi 1500 metr uzunluğunda və 150 metr uzunluğunda qalın kabellər oğurlanmışdır. O, həmin kabelləri oğurlanmamışdan əvvəl də evlərində görmüşdür. Kabellər olan evdə yaşayış olmadığından, həmin evə çox girməmişlər. Həmin kabelləri oğlu təmir materialı kimi alıb evə yığmışdır. Həmin əşyaları təxminən oğurlanmamışdan 2-3 ay əvvəl görmüşdür. Onların evindən keçən il təxminən 3-4 dəfə oğurluq olmuşdur və köhnə oğurluqları bağışlamışlar. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 mart 2023-cü il tarixli raportdan görünür ki, 19 mart 2023-cü il tarixdə saat 21:41-də Saatlı rayonu Bəylik kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının DİN-nin “102” xidmətinə zəng edərək yaşadığı evin qapısının kilidini açıb evə daxil olarkən 700 manat pul, 1500 manat dəyərində elektrik naqili, projektorların oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 mart 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Saatlı Rayon Polis Şöbəsinə müraciət edərək 19 mart 2023cü il tarixdə saat 21 radələrində yaşadığı evin qapısını açıb oraya daxil olan zaman naməlum şəxs və ya şəxslər tərəfindən yataq otağından 700 manat məbləğində pulun, 1500 manat dəyərində elektrik naqilləri, ev təmiri əşyalarının oğurlanmasını aşkar etməsini bildirmiş, oğurluq etmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Saatlı rayonu Bəylik kəndindəki evinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs evin yataq otağını göstərərək mis tərkibli elektrik naqillərinin və 700 manat pulun həmin otaqdan oğurlandığını bildirmiş, həmin otağa baxış keçirilərkən mis tərkibli elektrik naqillərinin orada olmadığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs 700 manat pulun qoyulduğu çantanı göstərmiş, elektrik naqilləri, 1 ədəd udlinitel, elektrik açarları və yuvalarının həmin otaqda yerdən yığıldığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 sentyabr 2023-cü il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərdiklərini bir daha təsdiq etdikdən sonra ona Saatlı rayonu Bəylik kəndində evdən etdiyi oğurluq yerini, oğurladıqlarını yandırdığı yeri və satdığı yeri göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs müdafiəçisi X9 ilə Saatlı RPŞ-nin inzibati binasından polis əməkdaşlarının müşayiəti ilə Saatlı RPŞ-nin xidməti avtomobili ilə çıxaraq avtomobili Saatlı rayonu Bəylik kəndi istiqamətində hərəkət etdirib kəndin mərkəzindən keçən su kanalının yaxınlığında avtomobili dayandırıb Zərərçəkmiş şəxs məxsus olan yaşayış evini göstərərək həyətə necə daxil olduğunu, həyətdəki evə pəncərədən daxil olduğu yeri, elektrik naqillərini oğurladığı otağı, oğurladığı naqilləri aparıb evin həyətyanı bağ sahəsinin baş tərəfindən keçən su kanalının kənarında yandıraraq əritdiyi yeri göstərmiş, daha sonra avtomobili Saatlı rayonu Qıraqlı kəndi istiqamətində hərəkət etdirib X7 yaşadığı evin qarşısında dayanıb oğurladığı elektrik naqillərini əridərək mis halında satdığı yeri göstərmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli “Amnistiya” Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad edilmiş, Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 11 may 2017-ci il tarixdə təyin edilmiş sınaq müddəti başa çatmış, Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 67.1-ci maddələri ilə təqsirli bilinib 7 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 iyul 2013-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, Xətai Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cinayətlərə görə məhkumluqları ödənilmiş, sonuncu dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 1(005)-355/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.1-ci maddələri ilə qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon məhkəməsinin 29 iyun 2022-ci il tarixli 7(011)-424/2022 saylı qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 1(005)-355/2019 saylı hökmü ilə qəti olaraq təyin edilmiş üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş beş ay on səkkiz gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasının çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 9/8058 saylı ekspert rəyindən görünür ki, 7 top, hər topunda 80 metr olmaqla, ümumilikdə göy və qırmızı rəngli, 4-lük ölçülü, yeni vəziyyətdə markasını bilmədiyi Türkiyə istehsalı elektrik naqilinin ümumi dəyəri 560 manat, 7 top, hər topunda 80 metr olmaqla, ümumilikdə göy və qırmızı rəngli, 4-lük ölçülü, yeni vəziyyətdə, markasını bilmədiyi Türkiyə istehsalı elektrik naqilinin ümumi dəyəri 800 manat, 30 metr 4-lük naqillə təchiz edilmiş, 1 il işlənmiş, markasını bilmədiyi Türkiyə istehsalı udlinitelin ümumi dəyəri 12 manat, yeni vəziyyətdə markasını bilmədiyi Türkiyə istehsalı elektrik açarın (vklyuçatel) ümumi dəyəri 30 manat, yuvası dərin olan, yeni vəziyyətdə markasını bilmədiyi elektrik yuvasının (rozetka) ümumi dəyəri 40 manatdır. Ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1442 manat müəyyən olunur. 1 metri 3,50 qəpik dəyərində olan, ağ üzlüklü, 100-lük su nasosunu qoşmaq üçün istifadə edilən, 2 il istifadə edilmiş və istifadəyə yararlı vəziyyətdə, qalın (baş barmaq qalınlığında) markasını bilmədiyi Türkiyə istehsalı elektrik naqilinin uzunluğu haqqında ətraflı məlumat olmadığından onun qiymətləndirilməsini aparmaq mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 24 oktyabr 2023-cü il tarixli 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü X1 və 2018-ci il təvəllüdlü X3 adlı iki nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş sübutların qiymətləndirilməsi haqqında 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ekspert tədqiqatının daha dəqiq aparıldığı və daha mötəbər sübut olması nəzərə alınaraq 7 top olmaqla hər topunda 80 metr olan elektrik naqilinin ümumilikdə qiyməti 560 manat, eyni əlamətli 800 metr elektrik naqilinin ümumilikdə qiyməti 800 manat, 1 ədəd udlinitelin qiyməti 12 manat, 10 ədəd elektrik açarının (kulçatel) qiyməti 30 manat, 10 ədəd elektrik yuvasının (rozetka) qiyməti 40 manat kimi qəbul edilməli, qalan əşyanın əlamətləri aydın olmadığından ekspert tərəfindən qiymətləndirilməsi mümkün olmamış, bu səbəbdən də həmin əşyanın qiyməti Zərərçəkmiş şəxs göstərdiyi kimi, yəni ağ üzlüklü, 100-lük su nasosunu qoşmaq üçün istifadə edilən, 2 il istifadə edilmiş və istifadəyə yararlı vəziyyətdə, qalın olan (baş barmaq qalınlığında) markası bilinməyən, Türkiyə istehsalı elektrik naqili ümumilikdə 490 manat dəyərində qəbul edilməlidir. İstintaqın nəticəsinə görə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus oğurlanmış təmir-tikinti ləvazimatlarına görə dəymiş ziyanın məbləği 1660 manat deyil, 1932 manat qəbul edilməli və eyni zamanda 700 manat pulun oğurlanmasını nəzərə alaraq Zərərçəkmiş şəxs oğurluq nəticəsində 2632 manat məbləğində ziyan dəydiyi qəbul edilməlidir. Həmçinin həmin qərarın 3-cü səhifəsində təqsirləndirilən şəxsin ifadəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi evin sahibi Zərərçəkmiş şəxs tanımadığını, Saatlı RPŞ-də ifadə verdiyi zaman həmin evin zərər çəkmiş şəxsə məxsus olduğunu bildiyini, təsadüfən həmin yerdən keçərkən ev sahiblərinin hamısının evdən çıxıb getdiklərini gördüyünü, həmin evdən oğurluq etmək qərarına gəldiyini, yalnız elektrik naqili oğurladığını, pul və digər hər hansı əşya oğurlamadığını, Zərərçəkmiş şəxs evindən yalnız elektrik naqillərini oğurladığını, həmin evdən 700 manat pul və bəzi təmir-tikinti ləvazimatları oğurlamadığı üçün özünü qismən təqsirli bildiyini, naqilləri topa halında olduğundan oğurladığını, əlamətlərinin yadında qalmadığını, sadəcə naqillərinin bəzisinin göy, qırmızı və qara rəngli olmasını xatırladığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin evindən naqillərdən başqa heç nə oğurlamadığını, oğurlanmış əşyalarla bağlı yaranmış qiymət fərqinin onun üçün heç bir əhəmiyyəti olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş təqsirləndirilən şəxsin dindirilməsi haqqında 24 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin evindən topa halında olduğundan naqilləri oğurladığını, naqillərin əlamətlərinin yadında qalmadığını, sadəcə naqillərin bəzisinin göy, bəzisinin qırmızı və qara rəngli olmasını bildirmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, 19 mart 2023-cü il tarixdə saat 18 radələrində Saatlı rayonu Bəylik kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə götürməkdən ötrü Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin açıq vəziyyətdə olan pəncərəsindən yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub evin yataq otağından 560 manat dəyərində 7 top (hər topda 80 metr olan) 4-lük ölçülü elektrik naqili, 490 manat dəyərində 140 metr qalın elektrik naqili, 800 manat dəyərində 800 metr açıq vəziyyətdə 4-lük ölçülü elektrik naqili, 12 manat dəyərində 1 ədəd elektrik uzadıcı (udlinitel), 30 manat dəyərində 10 ədəd elektrik açarı, 40 manat dəyərində 10 ədəd elektrik yuvası və oradakı çantanın içərisindən 700 manat pulu oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2632 manat məbləğdə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilərkən və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində dəfələrlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evindən sadəcə top halında olan ağ rəngli mis elektrik naqili oğurladığını, həmin naqilləri əridərək əldə etdiyi misi Saatlı rayonu Qıraqlı kəndində metal qəbulu ilə məşğul olan şəxsə satdığını, ona qarşı irəli sürülmüş ittihamda göstərilən digər əşyaları və pulu isə oğurlamadığını, şahid qismində dindirilmiş Şahid4 ifadəsində təqsirləndirilən şəxsdən 3-4 kiloqram həcmində uzunluğu təxminən 140-150 metr olan yanmış mis aldığını bildirmişdir. Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun atası, şahid qismində dindirilmiş Şahid3 ifadələrində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən 560 manat dəyərində 7 top (hər topda 80 metr olan) 4-lük ölçülü elektrik naqili, 490 manat dəyərində 140 metr qalın elektrik naqili, 800 manat dəyərində 800 metr açıq vəziyyətdə 4lük ölçülü elektrik naqili, 12 manat dəyərində 1 ədəd elektrik uzadıcı (udlinitel), 30 manat dəyərində 10 ədəd elektrik açarı, 40 manat dəyərində 10 ədəd elektrik yuvası və 700 manat pulun oğurluq hadisəsindən əvvəl yaşadıqları evin yataq otağında olduğunu, lakin təqsirləndirilən şəxsi tanımadıqlarını, həmin əşyaları təqsirləndirilən şəxsin götürməsi haqqında məlumatları olmadığını, sadəcə ibtidai istintaq zamanı həmin əşyaların təqsirləndirilən şəxs tərəfindən oğurlandığının onlara bildirilməsini göstərmişlər. Bundan başqa, iş materiallarında olan 23 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs ifadəsində oğurluq etdiyi Zərərçəkmiş şəxs evindən yalnız elektrik naqili oğurladığını, pul və digər hər hansı bir əşya oğurlamadığını, oğurladığı naqillərin əlamətinin yadında qalmadığını, naqillərin bəzisinin göy, bəzisinin qırmızı və qara rəngli olduğunu göstərmişdir. Halbuki, 23 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın qəbul edilməsindən bir gün sonra, yəni 24 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs dindirilərkən ifadəsində oğurladığı naqillərin əlamətinin yadında qalmadığını, naqillərin bəzisinin göy, bəzisinin qırmızı və qara rəngli olduğunu göstərmişdir. Lakin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadələri müstəntiq yazmış, o isə imzalamışdır. Lakin həmin ifadələrdə naqillərin göy, qırmızı və qara olması ilə bağlı heç bir şey deməmiş, onun oğurladığı naqil top halında ağ rəngli naqil olmuşdur. Zərər çəkmiş şəxs Saatlı Rayon Polis Şöbəsinə ünvanladığı raportunda və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində evindən oğurlanan əşyaların əlamətləri barəsində məlumat verərkən həmin əşyalar arasında 1 metri 3,50 qəpik dəyərində olan, ağ üzlüklü, 100-lük su nasosunu qoşmaq üçün istifadə edilən, 2 il istifadə edilmiş və istifadəyə yararlı vəziyyətdə, qalın (baş barmaq qalınlığında) markasını bilmədiyi Türkiyə istehsalı 140 metr uzunluqda 490 manat dəyərində elektrik naqilinin də olduğunu göstərmiş, həmçinin 20 noyabr 2023-cü il tarixli ekspertiza rəyində də oğurlanmış 1 metri 3,50 qəpik dəyərində olan, 100-lük su nasosunu qoşmaq üçün istifadə edilən, 2 il istifadə edilmiş və istifadəyə yararlı vəziyyətdə, qalın (baş barmaq qalınlığında) markasını bilmədiyi Türkiyə istehsalı elektrik naqilin ağ üzlüklü olması göstərilmişdir. Buradan da görünür ki, təqsirləndirilən şəxs tərəfindən 490 manat dəyərində 140 metr qalın elektrik naqilinin oğurlanması iş materialları, təqsirləndirilən şəxsin və Şahid4 ifadələri ilə sübut olunsa da, təqsirləndirilən şəxs tərəfindən 560 manat dəyərində 7 top (hər topda 80 metr olan) 4-lük ölçülü elektrik naqili, 800 manat dəyərində 800 metr açıq vəziyyətdə 4-lük ölçülü elektrik naqili, 12 manat dəyərində 1 ədəd elektrik uzadıcı (udlinitel), 30 manat dəyərində 10 ədəd elektrik açarı, 40 manat dəyərində 10 ədəd elektrik yuvası və 700 manat pulun oğurlanması halı ilə bağlı açıq-aşkar ziddiyyətlər yaranmışdır. Həmçinin 23 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda təqsirləndirilən şəxsin bir gün sonra verdiyi ifadəsinə istinad olunaraq onun oğurladığı naqillərin bəzisinin göy, bəzisinin qırmızı və qara rəngli olduğunun göstərilməsi özüözlüyündə şübhə doğuran haldır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 490 manat dəyərində 140 metr qalın elektrik naqilini oğurlaması halı məhkəmə istintaqı zamanı öz təsdiqini tapsa da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 560 manat dəyərində 7 top (hər topda 80 metr olan) 4-lük ölçülü elektrik naqili, 800 manat dəyərində 800 metr açıq vəziyyətdə 4-lük ölçülü elektrik naqili, 12 manat dəyərində 1 ədəd elektrik uzadıcı (udlinitel), 30 manat dəyərində 10 ədəd elektrik açarı, 40 manat dəyərində 10 ədəd elektrik yuvası və 700 manat pulu oğurlaması barədə heç bir sübut əldə olunmamış, iş materiallarında olan sübutlar isə həmin əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini əks etdirməmiş, həmin əməllərin onun tərəfindən törədilməsi sübut olunmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin evinə girməsini və evdən oğurlanan bütün materialları və pulu oğurladığını özünün etiraf etməsini göstərsə də, təqsirləndirilən şəxs öz ifadəsində sadəcə ağ rəngli kabeli oğurladığını, şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin evinə girməsini və evdən ağ kabel götürdüyünü etiraf etməsini, digər Şahid4 isə Təqsirləndirilən şəxs sadəcə uzunluğu təxminən 140-150 metr olan kabelin yanması nəticəsində əldə olunan mis aldığını bildirmişdir. Beləliklə, şahid qismində dindirilmiş Şahid1 ifadəsi digər şahidlərin ifadələri və həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla ziddiyyət təşkil etdiyindən digər əşyaların və 700 manat pulun oğurlanmasının təqsirləndirilən şəxs tərəfindən etiraf olunması hissəsində mötəbərliyi şübhə altına düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də, onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan, onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 560 manat dəyərində 7 top (hər topda 80 metr olan) 4-lük ölçülü elektrik naqili, 800 manat dəyərində 800 metr açıq vəziyyətdə 4-lük ölçülü elektrik naqili, 12 manat dəyərində 1 ədəd elektrik uzadıcı (udlinitel), 30 manat dəyərində 10 ədəd elektrik açarı, 40 manat dəyərində 10 ədəd elektrik yuvası və 700 manat pulu oğurlamasına dair hissəsində təqsirləndirilən şəxs həmin əşyaları oğurlamadığını bildirmişdir. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus əşyaların təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı elan edilmiş ittiham yalnız yuxarıda adıçəkilən zərər çəkmiş şəxsin ifadəsi əsasında irəli sürülmüşdür. Təkcə zərər çəkmiş şəxsin ifadəsi şəxsə qarşı ittiham elan edilməsi üçün əsas sayıla bilməz. Belə ki, zərər çəkmiş şəxs işdə maraqlı olan şəxsdir və onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 560 manat dəyərində 7 top (hər topda 80 metr olan) 4-lük ölçülü elektrik naqili, 800 manat dəyərində 800 metr açıq vəziyyətdə 4-lük ölçülü elektrik naqili, 12 manat dəyərində 1 ədəd elektrik uzadıcı (udlinitel), 30 manat dəyərində 10 ədəd elektrik açarı, 40 manat dəyərində 10 ədəd elektrik yuvası və 700 manat pulu oğurlamasına dair epizodlar ümumi ittihamdan xaric olunmalı, Təqsirləndirilən şəxs sadəcə 19 mart 2023-cü il tarixdə saat 18 radələrində Saatlı rayonu Bəylik kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə götürməkdən ötrü Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin açıq vəziyyətdə olan pəncərəsindən yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub evin yataq otağından 490 manat dəyərində 140 metr qalın elektrik naqili oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 490 manat məbləğdə maddi ziyan vurması, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etməsi hissəsində təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göstərilən maddənin tələbini nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 560 manat dəyərində 7 top (hər topda 80 metr olan) 4lük ölçülü elektrik naqili, 800 manat dəyərində 800 metr açıq vəziyyətdə 4-lük ölçülü elektrik naqili, 12 manat dəyərində 1 ədəd elektrik uzadıcı (udlinitel), 30 manat dəyərində 10 ədəd elektrik açarı, 40 manat dəyərində 10 ədəd elektrik yuvası və 700 manat pulu oğurlamasına dair epizodların ittihamdan xaric olunması Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın tövsifinə heç bir təsir etmir. Həmçinin məhkəmə oğurlanmış 140 metr uzunluğunda elektik naqilinin dəyəri ilə bağlı qeyd edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun atası, şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrdə oğurlanmış 140 metr uzunluqda elektrik naqilinin dəyərinin 490 manat olmasını göstərmişlər. Daha sonra oğurlanmış əşyaların dəyəri ilə bağlı 25 sentyabr 2023-cü il tarixli qərarla məhkəməəmətəəşünaslıq ekspertizası keçirilmiş, lakin ekspertizanın təyin edilməsi ilə bağlı qərarda həmin elektrik naqilinin uzunluğu qeyd edilmədiyi üçün 20 noyabr 2023-cü il tarixli ekspertiza rəyində 1 metri 3,50 qəpik dəyərində olan, ağ üzlüklü, 100-lük su nasosunu qoşmaq üçün istifadə edilən, 2 il istifadə edilmiş və istifadəyə yararlı vəziyyətdə, qalın (baş barmaq qalınlığında) markasını bilmədiyi Türkiyə istehsalı elektrik naqilinin qiymətləndirilməsini aparmaq mümkün olmamışdır. Buna görə də sübutların qiymətləndirilməsi haqqında 23 noyabr 2023-cü il tarixli qərarla ağ üzlüklü, 100-lük su nasosunu qoşmaq üçün istifadə edilən, 2 il istifadə edilmiş və istifadəyə yararlı vəziyyətdə, qalın olan, markası bilinməyən, Türkiyə istehsalı elektrik naqili zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi, yəni 490 manat qəbul edilmişdir. Odur ki, oğurlanmış ağ üzlüklü, 100-lük su nasosunu qoşmaq üçün istifadə edilən, 2 il istifadə edilmiş və istifadəyə yararlı vəziyyətdə, qalın olan, markası bilinməyən, Türkiyə istehsalı elektrik naqilinin dəyərinin 490 manat qəbul edilməsi məqsədəmüvafiqdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 19 mart 2023-cü il tarixdə saat 18 radələrində Saatlı rayonu Bəylik kəndində yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə götürməkdən ötrü Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin açıq vəziyyətdə olan pəncərəsindən yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub evin yataq otağından 490 manat dəyərində 140 metr qalın elektrik naqili oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 490 manat məbləğdə maddi ziyan vurması, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinin dispozisiyasına görə məsuliyyət yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə yaranır. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə və hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkumluğu olmuş və ödənilmiş, sonuncu dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 1(005)-355/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.1-ci maddələri ilə qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 7(011)-424/2022 saylı qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli, 1(005)-355/2019 saylı hökmü ilə qəti olaraq təyin edilmiş üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş beş ay on səkkiz gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasının çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 07 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli “Amnistiya” Qərarının 1.1-ci bəndinə əsasən azad edilmiş, Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 11 may 2017-ci il tarixdə təyin edilmiş sınaq müddəti başa çatmış, Nəsimi Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 67.1-ci maddələri ilə təqsirli bilinib 7 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 iyul 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Xətai Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cinayətlərə görə məhkumluqları ödənilmişdir. Məhkəmə bu halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyinində təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2023-cü il və 18 dekabr 2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan başqa bir cinayət işi ilə əlaqədar həbs qətimkan tədbiri seçilmişdir və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı istintaq təcridxanasında həsdə saxlanılır. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı istintaq təcridxanasında həsdə saxlanılması nəzərə alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 noyabr 2023-cü il tarixli, 9/8058 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Ona görə də, həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 560 manat dəyərində 7 top (hər topda 80 metr olan) 4-lük ölçülü elektrik naqili, 800 manat dəyərində 800 metr açıq vəziyyətdə 4-lük ölçülü elektrik naqili, 12 manat dəyərində 1 ədəd elektrik uzadıcı (udlinitel), 30 manat dəyərində 10 ədəd elektrik açarı, 40 manat dəyərində 10 ədəd elektrik yuvası və 700 manat pulu oğurlamasına dair epizodlar ümumi ittihamdan xaric edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı istintaq təcridxanasında həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 09 yanvar 2024-cü il tarixdən hesab edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar