Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-62/2023 06.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Lətifova (Həsənova) Şahzeynəb Qədimulla qızının, Təqsirləndirilən şəxs iştirakı ilə saat 17:30 05 avqust 1981-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı rayonu, Xanlarkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Lətifova (Həsənova) Şahzeynəb Qədimulla qızına ödənilməsinə dair Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(055)-124/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(055)-35/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5810,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Lətifova (Həsənova) Şahzeynəb Qədimulla qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Lətifova (Həsənova) Şahzeynəb Qədimulla qızı ilə 2007-ci ilin fevral ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahlarını sonradan rsəmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Aysel və xx.xx.2009-ci il tarixdə Yusif adlı iki nfər övladları dünyaya gəlmişdir. Şahzeynəb (Həsənova) Lətifova ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailə münasibətləri kəskin şəkildə pisləşmişdir. Bu səbəbdən də Şahzeynəb (Həsənova) Lətifova aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, ondan uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq Lətifova (Həsənova) Şahzeynəb Qədimulla qızına verilməsi qət edilmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi icra olunması məqsədi ilə Saatlı rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Şahzeynəb (Həsənova) Lətifovaya ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, Saatlı Rayon Məhkəməsinin qərarları ilə ayrı-ayrılıqda üç dəfə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Saatlı Rayon Məhkəməsinin qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlara baxmayaraq, o, Lətifova (Həsənova) Şahzeynəb Qədimulla qızına olan aliment borcunu ödəməmiş, bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, aliment borcundan heç bir ödəniş etməmişdir. Hal hazırda faktiki olaraq yaşadığı Bakı şəhərində etibarnamə əsasında idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik 20-50 manat arası qazanc əldə edir. O, aliment borcunu Lətifova (Həsənova) Şahzeynəb Qədimulla qızının övladları ilə onun görüşməsinə icazə vermədiyi və madi imkanı olmadığı üçün ödəməmişdir. Buna baxmayaraq aliment borcundan 27 sentyabr 2023-cü il tarixdə 600 manat ödəniş etmişdir. Hər ay 400 manat ödəmək imkanı vardır. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin ifadəsi, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs Lətifova (Həsənova) Şahzeynəb Qədimulla qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları sonradan rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Aysel və xx.xx.2009-ci il tarixdə Yusif adlı iki övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri kəskin şəkildə pisləşmişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs ilə aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, Təqsirləndirilən şəxs iki nəfər uşağının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu qəsdən ödəməmişdir. Hal hazırda da Təqsirləndirilən şəxs Bakı şəhərində öz adına olmasa da, şəxsi maşını ilə taksi fəaliyyəti ilə məşğul olur. Ona görə də, qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda barəsində ən ağır cəza tətbiq olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(055)-124/2017 saylı qətnaməsinin və onun əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Lətifova (Həsənova) Şahzeynəb Qədimulla qızına ödənilməlidir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(055)-68/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(055)-306/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(055)-35/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(055)-29/2022 saylı qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan X2 X1 Mərkəzi Filialının arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran və ya işsiz şəxs kimi qeydiyyatı aşkarlanmamış və Təqsirləndirilən şəxs Filiala işlə bağlı müraciət etməmişdir. İşdə olan Saatlı rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu 5090 manat aliment borcunu 10 gün müddətində ödəmədiyi halda Azərbaycan Respublikası CM-nin 528.1-ci maddəsi ilə cinayət məsuliyyətinə xəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, cəzasının sonu xx.xx.2019-cu il tarixdə başa çatdığı üçün qeydiyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə aliment borcundan 600 manat ödəniş etmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və dəymiş ziyandan 600 manat ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, cəzasının sonu xx.xx.2019-cu il tarixdə başa çatdığı üçün qeydiyatdan çıxarılmış və məhkumluğu ödənilmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən yəni, 06 noyabr 2023-cü il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-62/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-62/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver