Məhkəmə qərarları › İş №1(055)-62/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-62/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-62/2024 17.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Əlizamin oğlunun iştirakları ilə, xx xxxxx 2000-ci ildə Saatlı rayonu Şirinbəy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işləməyən, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əlizamin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs Əlizamin oğlu, о, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 13 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2024-cü ilin may ayının əvvəlində yaşadığı Saatlı rayonu Şirinbəy kəndindəki evinin bağ sahəsinin sol tərəfində olan özünə məxsus su kollektorunun içərisində xüsusi hazırladığı torpağa və dibçəyə qanunsuz olaraq əkmiş, 08 iyun 2024-cü il tarixədək müddət ərzində əkdiyi 13 ədəd toxumdan bitmiş, 8 ədədi bir ədəd dibçəkdə və 4 ədədi torpaqda olmaqla, ümumilikdə 12 ədəd xeyli miqdarda çətənə (kannabis) şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmin ünvanda 08 iyun 2024-cü il tarixdə saat 14:20 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilən zaman 12 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisini aşkar olunaraq götürülmüş, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Əlizamin oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Əlizamin oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2-3 ildir ki arada tapanda el arasında “nəşə” adlanan narkotik vasitə olan marixuanadan istifadə edir. 2022-ci ilin avqust ayında yaşadığı evin yaxınlığından keçən su kollektorunun kənarında gəzərkən orada yabanı halda yetişmiş və qurumuş 1 ədəd çətənə bitkisinin olduğunu görmüşdür. Özü marixuanadan istifadə etdiyi üçün həmin bitkinin çətənə bitkisi olduğunu bilmişdir. Çətənə bitkisinə yaxınlaşaraq kökündən çıxarıb 13 ədəd toxum əldə etmiş və çətənə bitkisini su kollektoruna atmışdır. Əldə etdiyi toxumları oradan sellofan büküm taparaq içərisinə qoyub yaşadığı evə gətirərək toxumları nə vaxtsa öz istifadəsi üçün həyətində əkməyi üçün yaxınlıqdan keçən su kollektorunun kənarında gizlətmişdir. 2024-cü ilin may ayının əvvəlində həmin toxumları əkmək qərarına gəlmiş və xüsusi yer hazırlayaraq yaşadığı evin həyətindəki bağçada sol tərəfdə yerləşən su kollektorunun içərisində 09 ədədini 01 ədəd plastik dibçəkdə, 04 ədədini isə aralarında 1 metr məsafə olmaqla, torpağa əkmişdir. Beləliklə, 13 ədəd çətənə bitkisinin toxumunu əkmişdir. Əkdiyi toxumların 12 ədədi cücərmiş və cücərtilər çıxdıqdan sonra polis əməkdaşları aşkar edənədək onlar 10, 50, 70 sm hündürlükdə boy atmışlar. 08 iyun 2024-cü il tarixdə saat 14:10 radələrində yaşadığı evin həyətində olarkən evin qarşısına gələn polis əməkdaşları onu küçəyə səsləyərək çağırmış, həyətində narkotik tərkibli bitkiləri əkməyi barədə məlumatlarının olduğunu, bununla bağlı həyətyanı sahəyə baxış keçirəcəklərini bildirdikdə o, polis əməkdaşlarının onun çətənə bitkisi əkməyi barədə məlumatları olduğunu başa düşüb, etiraz etməyinin lüzümsüz olduğunu anlamış və buna etiraz etməyərək bu barədə ərizə yazaraq polis əməkdaşlarına vermişdir. Bundan sonra polis əməkdaşları 2 hal şahidinin və aqronomun iştirakları ilə onun yaşadığı evin həyətinə baxış keçirərkən evin bağ sahəsinin sol tərəfindəki su kollektorunun içərisində torpaqda əkib-yetişdirdiyi ümumi 12 ədəd çətənə bitkilərini aşkar etmişlər. O, səmimi olaraq baxışda iştirak edən bütün şəxslərin yanında 12 ədəd bitkinin narkotik tərkibli çətənə bitkisi olduğunu və öz istifadəsi üçün əkibyetişdirdiyini etiraf etmişdir. Baxışda iştirak edən aqronom tərəfindən həmin 12 ədəd bitkiyə baxış keçirilmiş və aqronom bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu və becərilmə işləri aparıldığını qeyd etmişdir. Həmin 08 ədəd plastik dipçəkdə və 04 ədəd torpağa əkdiyi, ümumilikdə 12 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq 02 ədəd çətənə bitkisi ayrıca 01 ədəd zərfdə, 10 ədəd çətənə bitkisi isə ayrıca 01 ədəd sintetik torbada qablaşdırılıb götürülmüşdür. O, hal şahidləri və polis əməkdaşları kimi həyətindən aşkar edilmiş çətənə bitkisinin şitillərinin qablaşdırıldığı kağız zərfin və sintetik torbanın üzərində imza etmişdir. Həyətinə baxış keçirilərkən foto və videoçəkiliş aparılmış, sonra baxışın keçirilməsi ilə bağlı tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o, hal şahidləri, aqronom və polis əməkdaşları protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək bildirmişdir ki, 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini özü istifadə etmək məqsədilə əkib-yetişdirmiş, heç vaxt narkotik satmamış, onun çətənə bitkilərini əkibyetişdirdiyindən ailə üzvlərindən heç kimin xəbəri olmamış, ailə üzvləri həmin bitkiləri görməmiş, həmin bitkilərin əkilib-yetişdirilməsində heç kim ona köməklik etməmiş, çətənə bitkilərini əkdiyi su kollektoru ona məxsus olmuş, həmin su kollektorunu öz həyətini suvarmaq üçün özü düzəltmişdir. Hazırda əməlinə görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Əlizamin oğlunun törətmiş olduğu cinayət əməli, onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Saatlı RİHB-nın Şirinbəy kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyir. 08 iyun 2024-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları onu keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. O, digər hal şahidi qismində dəvət edilmiş Saatlı RİHB-nın Şirinbəy kənd İƏD-si üzrə nümayəndəliyində müavin işləyən X6, polis əməkdaşları və aqronom Tural İbrəhimli ilə birlikdə Saatlı rayonu, Şirinbəy kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişlər. Orada baxış keçirilməmişdən əvvəl polis əməkdaşları tərəfindən ona və digər hal şahidinə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra orada olan Saatlı rayonu, Şirinbəy kənd sakini, heç bir qohumluq əlaqəsi olmayan Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsinin yaxınlığında olan özünə məxsus su kollektorunun içərisində ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 12 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli həmin bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işlərinin aparıldığını bildirərək bu barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Həmin 12 ədəd bitkilər polis əməkdaşları tərəfindən əkildikləri yerdən çıxarılaraq qablaşdırılmış, möhürlənib götürülmüşdür. Tədbirdə iştirak edən polis əməkdaşları, o, digər hal şahidi və proses iştirakçıları qablaşdırmanın üzərində imza etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən qeyd olunanlardan başqa narkotik tərkibli bitkilər və ya narkotik vasitəyə oxşar kütlələr aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyun 2024-cü il tarixdə Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsinin yaxınlığında olan özünə məxsus su kollektorunun içərisində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla Saatlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra, həmin tarixdə onun tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı onun, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri Mirhüseyn Əzizovun, əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssis-aqronom Tural İbrəhimlinin, hal şahidləri qismində dəvət edilmiş Saatlı RİHB-nın Şirinbəy kənd İƏD-si üzrə nümayəndəlikdə müavin vəzifəsində işləyən Qənbər Nəcimovun və Saatlı RİHB-nın Şirinbəy kənd İƏD-si üzrə nümayəndə vəzifəsində işləyən Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsinin yaxınlığında olan özünə məxsus su kollektorunun içərisində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsinin yaxınlığında olan özünə məxsus su kollektorunun içərisində ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 12 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli bildirmişdir ki, həmin bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Bununla bağlı Tural İbrəhimli tərəfindən rəy tərtib edilərək polis əməkdaşlarına təqdim olunmuşdur. Həmin 12 ədəd bitkilər polis əməkdaşları tərəfindən əkildikləri yerdən çıxarılaraq ekspertizaya göndərilməsindən ötrü bir ədəd sintetik torbada qablaşdırılmış, həmin torba Azərbaycan Respublikası DİN-nin 89 №-li möhürü ilə möhürlənib götürülmüşdür. Tədbirdə iştirak edən polis əməkdaşları, hal şahidləri və Təqsirləndirilən şəxs həmin qablaşdırmanın üzərində imza etmişlərdilər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsinin yaxınlığında olan özünə məxsus su kollektorunun içərisindən aşkar edilmiş həmin 12 ədəd çətənə bitkilərinə oxşar bitkilərdən başqa narkotik vasitə və ya narkotik tərkibli bitkilərinə oxşar bitkilər aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verdi. İşdə olan “baxış keçirilməsi haqqında” 08 iyun 2024-cü il tarixli protokoldan, ona əlavə olan fotoşəkillərdən və videoçəkilişdən görünür ki, Saatlı rayonu Şirinbəy kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin sol bağ sahəsinin sol tərəfində olan özünə məxsus su kollektorunun içərisində ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 09 iyun 2024-cü il tarixli 3-16-16/2-18/575 nömrəli rəyində göstərilmişdir ki: 1) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən...02 ədəd...” sözləri və imzalar olan kağız paketdə ümumi sayı 02 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 1,10 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 2) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən...10 ədəd...” sözləri və imzalar olan sintetik torbanı açdıqda ümumi sayı 10 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 330,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş cəmi 12 ədəd, ümumi çəkisi – 331,10 qram olan çətənə bitkiləri orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 12 ədəd bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan mütəxəssis rəyinə əsasən Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsinin sol tərəfində olan özünə məxsus su kollektorunun içərisində aşkar olunmuş ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2024-cü il tarixli 5390 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Əlizamin oğlu əvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Əlizamin oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Əlizamin oğlunun qeyd olunan cinayət əməlini yuxarıda şərh olunan qaydada törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs Əlizamin oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Əlizamin oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Əlizamin oğlunun ilk dəfə məhkum olunmasını, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlizamin oğlunun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Əlizamin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Əlizamin oğluna təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlizamin oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Əlizamin oğlu törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 08 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 10 iyun 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs Əlizamin oğlunun 08 iyun 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Əlizamin oğlunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əlizamin oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, X2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, X3 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 329,10 qram çəkidə olan 12 ədəd çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs Əlizaminoğlundan alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Əlizamin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlizamin oğlunun 08 iyun 2024-cü il tarixdən 10 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs Əlizamin oğlunun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Əlizamin oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Əlizamin oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 329,10 qram çəkidə olan 12 ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs Əlizamin oğlundan alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar