Məhkəmə qərarları › İş №1(055)-62/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-62/2025

01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-62/2025 01.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 6 sentyabr 1988-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, Saatlı rayon İcra Hakimiyyəti Başçısının Qara Nuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 saylı təsərüffat kitabında 824 saylı şəxsi hesabla qeydiyyata alınmış, özünün ailə təsərrüfatına məxsus, istifadəsində olan 0,29 hektar torpaq sahəsində irbuyunuzlu heyvanlar saxlayıb, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün apardığı tikinti işləri ilə əlaqədar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilməsi və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunduğu halda, qanunvericiliklə müəyyən olunmuş qaydaları, yəni həmin Məcəllənin 80-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələblərini pozmaqla, tikintiyə başlamazdan əvvəl bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə etməklə tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən, 2020-2021-ci illərdə həmin torpaq sahəsində uzunluğu 19 metr, eni 10 metr olmaqla, sahəsi 190 kvadratmetr olan, 5 mişar daşı hündürlüyündə bir mərtəbəli kənd təsərrüfatı fəaliyyəti ilə bağlı inşa etdirdiyi obyektin tikintisini 2023-cü ilin avqust-sentyabr aylarında davam etdirməklə tikilini 3,8 metr hündürlüyə çatdırdıqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş dövlət tikinti müfəttişliyinin səlahiyyətli şəxsləri tərəfindən aşkar edilməklə tərtib edilmiş 5 sentyabr 2023-cü il tarixli, 219192 nömrəli texniki baxış aktına əsasən, həmin Agentliyin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş “Tikinti işlərinin dayandırılması barədə” 11 sentyabr 2023-cü il tarixli, 0787 nömrəli qərarı almaqdan imtina etsə də, 13 sentyabr 2023-cü il tarixdə rəsmi olaraq göndərişli poçtla yaşadığı ünvana göndərilməsi səbəbindən həmin dövrdə tikinti işlərini müvəqqəti dayandırmış, lakin uzun müddət ərzində barəsində heç bir tədbir görülmədiyinə görə tikinti işlərini davam etdirərsə hər hansı problem yaranmayacağını düşündüyü üçün 2024-cü ilin avqust ayından tikinti işlərini davam etdirərək, həmin tikilini bir cərgə mişar daşları ilə hörməklə 4 metr hündürlüyünə qaldırdıqdan sonra tikilinin üzərinə 10 ədəd ferma quraşdırmış, tikilinin dam örtüyünü vurmuş, yerdən dam örtüyünə qədər hündürlüyü 6 metr, uzunluğu 19 metr, eni 10 metr olmaqla, sahəsi 190 kvadratmetr olan tikinti işlərini başa çatdıraraq, aparılan tikinti işlərinin dayandırılması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Tikinti işlərinin dayandırılması barədə” 11 sentyabr 2023-cü il tarixli, 0787 nömrəli qərarı qəsdən qərəzli olaraq icra etməmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iribuynuzlu heyvan saxlayıb təsərrüfatla məşğul olur. Həyətində iribuynuzlu heyvan saxlamaq üçün tövlə inşa etmək qərarına gəlmiş, bu məqsədlə 2020- 2021-ci illərdə 5 mişar daşı hündürlüyündə tikili inşa etmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün 5 mişar daşı hündürlüyündə tövləni inşa etdikdən sonra apardığı tikintini dayandırmışdır. 2023-cü ilin avqust ayında yenidən tikinti işlərini davam etdirərək tikilini 19 mişar daşı, yəni 4 metr hündürlüyündə inşa etmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin əməkdaşları gələrək apardığı tikinti işlərini dayandırması barədə ona xəbərdarlıq etmişlər. Bundan sonra 2023cü ilin sentyabr ayında yaşadığı ünvana inşa etdiyi tikinti obyekti ilə əlaqədar poçt vasitəsilə 11 sentyabr 2023-cü il tarixli, 0787 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar göndərilmiş, həmin qərarı qəbul etmiş və qərarla tanış olmuşdur. Bir müddət tikinti işlərini dayandırmışdır. 11 sentyabr 2023-cü il tarixli, 0787 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərarla tanış olduqdan bir müddət sonra inşa etdiyi tikiliyə heç kim gəlib-getməmişdir. O, inşa etdiyi tikili ilə bağlı heç bir problemin olmadığını, bundan sonra da heç bir problem olmayacağını düşünüb, 2024-cü ilin avqust ayında yarımçıq qalmış tikinti işlərini davam etdirmişdir. Tikilinin üzərində 10 ədəd ferma quraşdırmış və dam örtüyünü vurmuşdur. Tikinti işlərinin hamısını qardaşı Şahid5 görmüş, o isə fəhlə kimi sonuncuya köməklik etmişdir. Maddi imkanı yaxşı olmadığı üçün tikintidə başqa şəxslər iştirak etməmişdir. Qeyd olunan tikinti işlərini 2024-cü ilin avqust ayında yekunlaşdırmışdır. Bundan sonra tikilidə heç bir iş aparılmamışdır. Hal-hazırda tikilinin eni 10 metr, uzunluğu 19 metr, hündürlüyü isə dam örtüyü ilə birlikdə 6 metrdir. İnşa etdiyi tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci maddəsinə əsasən, bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərini keçməyi barədə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmamışdır. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Baş dövlət tikinti müfəttişliyi Muğan regional tikinti müfəttişliyinin baş məsləhətçisi-baş müfəttişi işləyir. Təhkim olunduğu ərazi Sabirabad, Saatlı və İmişli rayonlarıdır. Saatlı rayonuna növbəti baxış zamanı Qara Nuru kəndi ərazisində həyətyanı torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən tikili inşa olunduğu aşkar olunmuşdur. Tikilinin icazə sənədlərinin olmadığı müəyyən olunduğu üçün xx.xx.2023-cü il tarixli, 219192-Ö nömrəli texniki baxış aktı tərtib edilmişdir. Həmin vaxt tikilinin uzunluğu 19 metr, eni 10 metr, hündürlüyü 3,8 metr olmuşdur. Bundan sonra 11 sentyabr 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən 0787 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar qəbul edilmişdir. Həmin qərarı Təqsirləndirilən şəxs qəbul etməkdən imtina etmiş, qərar sifarişli poçt vasitəsi ilə sonuncunun ünvanına göndərilmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs tikinti işlərini dayandırmış, lakin 2024-cü ilin avqust ayında yenidən tikinti işlərini davam etdirərək, 19 mişar daşı hündürlüyündə tikilinin üzərinə 10 ədəd ferma quraşdırmış, tikilinin dam örtüyünü vurmuş və işləri bitirmişdir. Qeyd olunan ünvana ikinci dəfə baxış keçirilən zaman tikinti işləri davam etdiyindən 27 avqust 2024-cü il tarixli, 236932 nömrəli texniki baxış aktı tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Baş dövlət tikinti müfəttişliyinin dövlət əhəmiyyətli obyektlər üzrə dövlət tikinti müfəttişliyinin baş mütəxəssis-böyük inspektoru Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ildən Saatlı rayon İcra Hakimiyyəti Başçısının Qara Nuru kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Saatlı rayonu, Qara Nuru kəndində yaşayır. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evi birmərtəbəlidir. Təqsirləndirilən şəxs apardığı tikinti işləri barədə 2023-cü ilin avqust ayında məlumatlı olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən aparılan tikinti işləri aşkar edilən zaman tikilinin uzunluğu 19 metr, eni 10 metr, hündürlüyü 3,8 metr olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin əməkdaşları qeyd edilən tikiliyə 2023cü ilin sentyabr ayında baxış keçirmiş, daha sonra həmin Agentlik tərəfindən 11 sentyabr 2023-cü il tarixli, 0787 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixli, 0787 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərarı qəbul etməkdən imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tikilinin inşasını bir müddət dayandırmışdır. 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs yenidən tikinti işlərini davam etdirməyə başlamış və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən 0787 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar qəbul edilməsinə baxmayaraq, tikilinin dam örtüyündə tikinti quraşdırma işləri davam etdirilmişdir. 27 avqust 2024-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Baş dövlət tikinti müfəttişliyi muğan regional tikinti müfəttişliyinin baş məsləhətçisi-baş müfəttiş Şahid1, Saatlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Şahid3 və onun iştirakları ilə akt tərtib edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Şahid3 da Şahid4 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid5 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Saatlı rayonu, Qara Nuru kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Qardaşı Təqsirləndirilən şəxs də ailəsi və anası Nəsibə Rəciyeva ilə birlikdə Saatlı rayonu, Qara Nuru kəndində yaşayır. Ev uzun illər əvvəl anası Nəsibə Rəciyevanın adına rəsmiləşdirilsə də, evin faktiki sahibi qardaşı Təqsirləndirilən şəxsdur. Qardaşı Cəlal həyətində iribuynuzlu heyvan saxlayıb təsərrüfatla məşğul olmaq üçün tövlə tikmək qərarına gəlmişdir. O, fərdi qaydada ustalıqla məşğul olduğu üçün qardaşı Cəlalın xahişi ilə 2020-2021-ci illərdə sonuncunun həyətində tövlə inşa etmək məqsədi ilə tikinti işlərinə başlamışlar. Tikintidə işlərin hamısını o görmüş, Cəlal isə fəhlə kimi ona köməklik etmişdir. Cəlalın maddi imkanı yaxşı olmadığı üçün tikintidə başqa şəxslər iştirak etməmişdir. Əvvəlcə 5 mişar daşı hündürlüyündə hörgü işləri apararaq tikili inşa etmişlər. Cəlalın maddi vəziyyəti yaxşı olmadığı üçün 5 mişar daşı hündürlüyündə tikilini inşa etdikdən sonra tikinti işləri dayandırılmışdır. 2023-cü ilin avqust ayında yenidən tikinti işlərini davam etdirmişlər. Tikilini 4 metr hündürlükdə inşa etdikdən sonra 2023-cü ilin sentyabr ayının ortalarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin əməkdaşları gələrək, görülən tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq etmişlər və tikilinin inşası dayandırılmışdır. 2024-cü ilin avqust ayında qardaşı Cəlalın xahişi ilə yarımçıq qalan tikilinin inşasını davam etdirmişlər və bundan sonra tövlənin dam örtüyü vurulmuşdur. Dam örtüyünün alt hissəsində 10 ədəd ferma quraşdırılmış və qeyd edilən işlərin hamısı 2024-cü ilin avqust ayında yekunlaşdırılmışdır. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid6 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Saatlı rayonu, Qara Nuru kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. 2020-2021-ci illərdə qonşusu Cəlal həyətində iribuynuzlu heyvan saxlayıb təsərrüfatla məşğul olmaq üçün tövlə inşa etmək məqsədi ilə tikinti işlərinə başlamış, həmin tikilini Cəlalın xahişi ilə sonuncunun qardaşı Şahid5 inşa etməyə başlamışdır. Cəlal da fəhlə kimi qardaşı Yalçına kömək etmişdir. Cəlalın maddi imkanı yaxşı olmadığı üçün tikintidə başqa şəxslər iştirak etməmişdir. Qeyd edilən tikilidə əvvəlcə 5 mişar daşı hündürlüyündə hörgü işləri aparılmışdır. Daha sonra Cəlal maddi imkanı yaxşı olmadığı üçün 5 mişar daşı hündürlüyündə inşa etdiyi tikilidə tikinti işlərini dayandırmışdır. Bundan bir müddət sonra, 2023-cü ilin təxminən avqust ayında Cəlal yenidən tikilinin inşasını davam etdirmişdir. 2024-cü ilin avqust ayında Cəlal qeyd edilən tikilinin inşasını bitirmiş, dam örtüyünü vuraraq 10 ədəd ferma quraşdırmış, 2024-cü ilin avqust ayından sonra isə inşa etdiyi tikilidə heç bir iş görməmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin rəisi Cəbrayıl Xanlarovun 01 noyabr 2024-cü il tarixli, 3-18-2/2-11848/2024 nömrəli məlumatında göstərilmişdir ki, Saatlı rayonu, Qara Nuru kəndində fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən tikintiyə icazə sənədi olmadan tikinti işlərinin aparıldığı aşkar edilmiş, tikinti işlərinin aparılmasına icazə sənədi olmadığı üçün Agentlik tərəfindən qüvvədə olan qanunvericiliyə uyğun olaraq 219192-Ö nömrəli 07 sentyabr 2023-cü il tarixli baxış aktı və tikinti işlərinin dayandırılması, barədə 11 sentyabr 2023-cü il tarixli, 0787 nömrəli qərar tərtib olunaraq poçt vasitəsilə yaşadığı ünvana göndərildikdən sonra Təqsirləndirilən şəxs pozuntuları aradan qaldırmadan tikinti işlərini davam etdirdiyi üçün 26 avqust 2024-cü il tarixli akt tərtib edilmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan obyekt Saatlı rayonu, Qara Nuru kəndində yerləşən, Təqsirləndirilən şəxs tərəfindən mişar daşlarından inşa edilmiş birmərtəbəli tikilidir. Tikilinin inşa edildiyi torpaq sahəsinə girişdə quraşdırılmış iki taylı dəmir darvazadan daxil olduqda, tikili sağ tərəfdə yerləşir. Tikilinin uzunluğu 19 metr, eni 10 metr, hündürlüyü dam səviyyəsinə qədər 4 metr, dam örtüyü ilə birlikdə 6 metrdir. Tikilinin dam örtüyünün altında 10 ədəd ferma quraşdırılmış, üzəri isə dalğavari metal təbəqə ilə örtülmüşdür. Tikilinin qapı və pəncərə boşluqları boş vəziyyətdədir. Tikilinin döşəməsi torpaq qatıdır üzərinə örtük vurulmamışdır. Tikilinin daxilində təmir işləri aparılmamış, heç bir elektrik xətti çəkilməmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 01 noyabr 2024-cü il tarixli, 3-18-2/2-11848/2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədə əsasən, Tikintidə X2 Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən Saatlı rayonu, Qara Nuru kəndində təyinatı məlum olmayan tikinti işlərinin aparılması ilə əlaqədar Saatlı rayonu, Qara Nuru kəndində yaşayan, fiziki şəxs Təqsirləndirilən şəxs barəsində 11 sentyabr 2023-cü il tarixli 0787 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar qəbul edilmişdir. İşdə olan Saatlı rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-69/2-30/2025 nömrəli məktubuna əsəsən, Saatlı rayon İcra Hakimiyyətində Saatlı rayonu, Qara Nuru kəndində Təqsirləndirilən şəxs tərəfindən tikinti-quraşdırma işlərinin aparılmasına əsas olmuş sənədlər, o cümlədən sərəncam, tikintinin müvafiq dövlət qurumları tərəfindən təsdiq olunmuş layihə sənədləri barədə heç bir məlumat yoxdur. Tikinti-quraşdırma işləri qeyri-qanuni, özbaşına aparılmışdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Saatlı rayonu, Qara Nuru kəndində apardığı özbaşına tikinti işləri ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi Baş dövlət tikinti müfəttişliyi tərəfindən 05 sentyabr 2023-cü il tarixdə, 219192-Ö nömrəli, 27 avqust 2024-cü il tarixli, 236932 nömrəli texniki baxış aktları tərtib olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Təqsirləndirilən şəxs Saatlı rayonu, Qara Nuru kəndində apardığı özbaşına tikinti işləri ilə əlaqədar 11 sentyabr 2023-cü il tarixli 0787 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar qəbul edilmişdir. İşdə olan X6 Müştəri Xidmətləri Şöbəsinin xx.xx.2023-cü il tarixli, SS**********AZ nömrəli Tranzaksiya/Göndəriş qəbzinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən Təqsirləndirilən şəxs Saatlı rayonu, Qara Nuru kəndində apardığı özbaşına tikinti işləri ilə əlaqədar 11 sentyabr 2023-cü il tarixli 0787 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar Təqsirləndirilən şəxs poçt vasitəsilə göndərilmişdir. İşdə olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Qara Nuru kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş 13 may 2025-ci il tarixli, 5-69-29/2-18/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Saatlı rayonu, Qara Nuru kəndi ərazisində inşa edilmiş tikili Təqsirləndirilən şəxs ailə təsərrüftaına aid ümumi sahəsi 0,29 ha olan həyətyanı torpaq sahəsində yerləşir. Tikilinin yerləşdiyi torpaq sahəsi Saatlı rayon İcra Hakimiyyəti Başçısının Qara Nuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 saylı təsərrüftbaşına kitabının 9-cu səhifəsində, 824 saylı şəxsi hesabla qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/9551/2024 nömrəli məhkəmə tikintitexniki ekspert rəyinə əsasən, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən torpaq sahəsində uzunluğu 19 metr, eni 10 metr, hündürlüyü dam səviyyəsinə qədər 4 metr, dam örtüyü ilə birlikdə 6 metr ölçüdə mişar daşından birmərtəbəli tikilinin inşa olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3-cü maddəsinin 3.0.20-ci bəndinə (“tikinti obyektlərinin yenidən qurulması (rekonstruksiyası)”) əsasən, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən torpaq sahəsində aparılmış işlərin bina və qurğular tikmə işlərinə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə əsasən, aparılmış tikinti işlərinə dair müvafiq icazə alınmalı idi. Tədqiq olunan ərazidə aparılmış tikinti-quraşdırma işlərinə dair hər hansı bir icazə sənədləri olmadığını (təqdim edilmədiyini) nəzərə aldıqda, həmin tikinti işlərinin aparılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Müdafiə tərəfinin təqdim etdiyi doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı övladları vardır. Müdafiə tərəfinin təqdim etdiyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın surətindən görünür ki, Saatlı rayonu Qara Nuru kəndində yerləşən 0,29 ha torpaq sahəsi Təqsirləndirilən şəxs və ailə üzvlərinin adına xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Çıxarışa əlavə edilmiş torpaq sahəsinin planından görünür ki, mübahisəli tikili Cəlal Allahverdi oğlunun və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əməlin ictimai təhlükəliliyin aradan qaldırılması üçün cəhd etməsini, yəni qanunsuz tikilinin sənədləşdirilməsi üçün müvafiq dövlət orqanına müracitə etməsini, cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından pul tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar