Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-63/2024 10.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, "xxxx" MMC-nin ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin PX-in 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, yivli odlu silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hissə və mexanizimlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən, nömrəsi silinmiş, 9 mm kalibrli “Makarov” konstruskiyalı PM modelli tapançanı və həmin tapançaya aid olan 4 ədəd zavod üsulu Azərbaycan Respublikasında 2020-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, döyüş sursatı hesab edilən, istifadəyə və atəş üçün yaralı olan Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları hesab edilən patronları və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yaralı olan, 8 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən darağı qanunsuz olaraq əldə edib və yaşadığı Saatlı şəhəri M.Kərimov küçəsi ev 17 ünvanında yerləşən evinə qanunsuz olaraq daşıyıb və orada saxlamış, 01 iyul 2024-cü il tarixdə saat 11:35 dəqiqədə Saatlı şəhəri M.Kərimov küçəsində həmin silah və sursatı üstündə qanunsuz olaraq gəzdirərkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunub Saatlı RPŞ-yə gətirilmiş, orada həmin tarixdə saat 12:40 dəqiqədə üstünə şəxsi axtarış aparan zaman əynində olan şalvarın arxa tərəfində bel kəmərinə keçirdiyi qara rəngli sellofan torbanın içərisindən qeyd edilən 1 ədəd “Makarov” konstruskiyalı PM modelli tapança, 4 ədəd Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları hesab edilən patronlar və 1 ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq aşkar edilərək götürülmüşdür, yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmiş, daşımış, saxlamış və gəzdirmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin nəzdində olan zibillik idarəsində təmizlik işləri ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə Saatlı rayonu ərazisində, dəmiryol xəttindən bir qədər kənarda yerləşən zibil qabılarını boşaldan zamanı zibil qabının birinin içərisində 1 ədəd tapança olduğunu görmüşdür. Tapdığı tapança “Makarov” tipli olmuşdur. O, tapançanın içərisinə baxdıqda, tapançanın içində 1 ədəd daraq olduğunu və həmin darağın içərisində 4 ədəd patronun olduğunu görmüşdür. Patronlar da həmin tapancanın patronları olmuşdur. Kimsənin gəlməməsinə əmin olduqdan sonra tapançanı zibil qabından götürüb hərdən içərisinə əşya yığmağı üçün istifadə etdiyi qara rəngli sellofan torbaya qoyub əynində olan şalvarın bel kəmərinin arasına keçirib köynəyini tapançanın üzərinə örtmüşdür. Bundan sonra işlərini yekunlaşdırıb yaşadığı evə getmişdir. Evə gəldikdən sonra tapançanı qonaq otağında yerləşən divanın altında olan saxlanc yerinə qoyaraq orada saxlamışdır. Zibil qabından tapdığı tapançanı bir-iki dəfə üzərində gəzdirmişdir. Sonuncu dəfə tapançanı içərisində daraq və patronlarla birlikdə bel kəmərinə taxıb yaşadığı Saatlı şəhəri M.Kərimov küçəsi ev 17 ünvanında yerləşən yaşadığı evin qarşısında dayanıb taksi gözləyərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Saatlı RPŞnin əməkdaşları olduqlarını deyib ona üzərində odlu silah gəzdirməyi barədə məlumat aldıqlarını və buna görə də onlarla birlikdə Saatlı RPŞ-nə gedəcəyini bildirmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib birlikdə Saatlı RPŞ-nə getmişdir. Saatlı RPŞ-də təhqiqatçı ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa, təqdim etməyini bildirmiş, o da üzərində 1 ədəd tapanca və həmin tapancanın içərisində daraq və 4 ədəd patron olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarın bel nahiyyəsində şalvarın kəmərinin arasına keçirərək saxladığı 1 ədəd “Makarov” tipli tapançanı təqdim etmişdir. Təhqiqatçı onun təqdim etdiyi 1 ədəd “Makarov” tipli tapançaya baxış keçirərkən tapançanın nömrəsinin silinmiş olduğu və tapançanın üzərində 1 ədəd daraq və 4 ədəd patron olduğu müəyyən olunmuşdur. Bundan sonra təhqiqatçı ondan həmin tapança barədə soruşduqda o, həmin tapançanı Saatlı rayonu ərazisində dəmiryolun xəttindən bir qədər kənarda yerləşən zibil qabının içərisindən tapdığını bildirmişdir. Təhqiqatçı həmin tapançanı nə üçün üzərində saxladığını soruşduqda isə o, tapançanı üzərində gəzdirməkdən xoşu gəldiyini demişdir. Onun üstündən aşkar edilmiş 1 ədəd “Makarov” tipli tapança təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, üzərindən 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan aşkar edilmiş, zərurət olmadığı üçün həmin əşyalar ona qaytarılmışdır. Bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolda imza etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, tapançadan istifadə etmək istəməmiş, onun tapança saxladığını heç kim bilməmiş, onun tapançanı satmaq kimi fikri olmamışdır. Sonda əməlindən peşman olduğunu və ona köməklik olunmasını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 iyul 2024cü il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Zamin Cavadov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs saat 11:35 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı evin qarşısında olarkən polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməyi barədə məlumatlarının olduğunu bildirib Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Saatlı RPŞ-nə gətirildikdən sonra Saatlı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Zamin Cavadov tərəfindən vəkil dəvət edilmiş, sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən əynindəki şalvarın arxa tərəfində bel kəmərinə keçirdiyi qara rəngli sellofan torba aşkar edilmişdir. Həmin qara rəngli sellofan torba açılarkən içərisindəki əşyaların 1 ədəd “Makarov” konstruskiyalı PM modelli tapança, 4 ədəd Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları hesab edilən patronlar və 1 ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin əşyaların odlu silah və onun komplekt hissələri olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilməsindən ötrü 1 ədəd kağız zərfdə qablaşdırılmış, həmin zərflər Azərbaycan Respublikası DİN-nin 89 №-li möhürü ilə möhürlənib götürülmüşdür. Həmin kağız zərfin üzərində Təqsirləndirilən şəxs və iştirakçılar imza etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd qara rəngli sellofan torbadakı əşyaların “Makarov” konstruskiyalı PM modelli tapança və onun komplekt hissələri olduğunu, həmin odlu silahın özünə məxsus olduğunu, silaha marağı olduğu üçün üstündə saxladığını bildirmişdir. Sonda axtarış, baxış və götürmə aparılması ilə bağlı təhqiqatçı Zamin Cavadov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, doğru yazıldığı üçün digər iştirakçılar kimi o da həmin protokolda imza etmişdir. Şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Atakişiyev X1 Vüsal Ramiz oğlu ilə eyniməzmunlu ifadə vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın arxa tərəfində bel kəmərinə keçirdiyi qara rəngli sellofan torbanın içərisindən 1 ədəd “Makarov” konstruskiyalı PM modelli tapança, 4 ədəd Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları hesab edilən patronlar və 1 ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/1164 nömrəli ekspert rəyində göstərilmişdir ki:
1. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissəmexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında 2020-ci ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar.
3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11/2-9293/2024 nömrəli məktubdan görünür ki, təqdim edilmiş 9 mm kalibrli, №-si silinmiş PM modelli, Makarov konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin "güllə-giliz" kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İşdə olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2323 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyəti müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli hökmü ilə köhnə Azərbaycan Respublikası CM-nin 207-ci maddəsinin 3-cü hissəsi, 226-1-ci maddəsinin 1-ci hissəsi və 38-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bundan başqa, Saatlı Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə köhnə Azərbaycan Respublikası CMnin 145-ci maddəsinin 2-ci hissəsi, 2,6 bəndi, 146-cı maddəsi, 220-ci maddəsinin 1-ci hissəsi və 38-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bundan başqa, Saatlı Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə köhnə Azərbaycan Respublikası CM-nin 106-cı maddəsinin 3-cü hissəsi, 207-ci maddəsinin 1-ci hissəsi və 38-ci maddələri ilə təqsirli bilinərək qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə isah işləri cəzasına məhkum olunmuşdur. Bundan başqa, Saatlı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 4 (dörd) il, 01 (bir) ay, 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bundan başqa, Saatlı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Saatlı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 5 ay, 25 gün müddətinə azadlıqadan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvvəl azad edilmişdir. Bundan başqa, Saatlı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Saatlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunduğun o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2ci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, 02 iyul 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, 1 ədəd “Makarov” konstruskiyalı PM modelli tapança, 4 ədəd Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları hesab edilən patronlar və 1 ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İşdə məhkəmə xərci, mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, 1 ədəd “Makarov” konstruskiyalı PM modelli tapança, 4 ədəd Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları hesab edilən patronlar və 1 ədəd Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.