Məhkəmə qərarları › İş №1(055)-65/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-65/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-65/2024 08.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 12:33-də baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 8,57 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitəni 06 iyun 2024-cü il tarixdə saat 13:50 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Təndir” marketin qarşısında satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu Saatlı RPŞ-yə gətirib, orada 06 iyun 2024-cü il tarixdə saat 14:45 radələrində həmin xeyli miqdarda 8,57 qram narkotik vasitəni əynindəki şalvarın arxa sol cibində olan “Sobranie” markalı siqaret qutusunun içərisindən aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Təndir” marketin yaxınlığında, bərbərxananın qarşısında polis əməkdaşları onu saxlamış, daha sonra Saatlı RPŞ-yə gətirib, orada onun arxa cibinə narkotik vasitə olan marixuana qoymuşlar. Həmin narkotik vasitə onun olmamışdır. Polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. Polis şöbəsində döyülmüşdür. Qorxduğu üçün şikayət etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs son söz söyləyərkən etdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu göstərmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün sonrakı etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ifadəsində göstərdi ki, Saatlı Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrini alışı, istifadəsi və saxlanması barədə məlumat daxil olmuşdur. Onlar əməliyyat qrupu yaratmış, Saatlı rayonunun bazar dairəsi yaxınlığında “Təndir” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onunla polis bölməsinə getməsini demişlər. Polis bölməsində vəkil Vüsal Abbasovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və sonuncunun şalvarının arxa cibindən siqaret qutusunun içində 8,57 qram marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə istifadə etmədiyini, dəmiryolunun yanından tapdığını, özü üçün istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları ilə birlikdə aşkar olunmuş narkotik vasitəni aktlaşdırıb ekspertizaya göndərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə verdilər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” 06 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 07 iyun 2024-cü il tarixli 3-16-16/2-18/565 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd siqaret qutusunda təmiz çəkisi – 8,57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 aprel 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 336-cı maddəsi ilə (hərbi xidmət qanunun pozulması) iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 02 aprel 2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 8,57 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, həmin narkotik vasitəni 06 iyun 2024-cü il tarixdə saat 13:50 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “Təndir” marketin qarşısında satış məqsədi olmadan qanunsuz olaraq daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşlarının onu Saatlı RPŞ-yə gətirib, orada 06 iyun 2024-cü il tarixdə saat 14:45 radələrində həmin xeyli miqdarda 8,57 qram narkotik vasitəni əynindəki şalvarın arxa sol cibində olan “Sobranie” markalı siqaret qutusunun içərisindən aşkar edərək götürmələri, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hallarında yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1ci siyahıya əsasən marixuananın xeyli miqdarının aşağı həddi 5 qramdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını orta həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin 16 avqust 2024-cü il tarixli 5620 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Naromaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 06 iyun 2024-cü il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 08 iyun 2024-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 8.55 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 07 iyun 2024-cü il tarixli 3-16- 16/2-18/565 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək şübhəli şəxs kimi tutularaq iki gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 8.55 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar