Məhkəmə qərarları › İş №1(055)-65/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-65/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-65/2025 10.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2005-ci ildə Saatlı rayon Gomuşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Saatlı rayon Gomuşçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Saatlı rayon Gomuşçu kəndində yerləşən fərdi yaşayış evinin pəncərəsini özü ilə götürdüyü, istintaqa məlum olmayan bıçaq ilə mexaniki təsir göstərərək açıb həmin pəncərədən yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olaraq, qonaq otağından 2019-cu ildə Rusiya Federasiyasında istehsal olunmuş, “Samsung” markalı, UE50NU7097U modelli, 127 sm dioqanallı 1000 manat dəyərində televizoru, 2018-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş, “Regular 9999 mini” markalı 20 manat dəyərində peyk qəbuledici aparatı və 145x165 sm ölçüdə sintetik materialdan hazırlanmış və istifadədə olmuş 5 manat dəyərində parçanı oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1025 (min iyirmi beş) manat məbləğdə maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxsı tanıyır, həmkəndlisi və uzaq qohumudur. xx.xx.2024-cü il tarixdə Elxan oğlu Elnura Saatlı şəhərində yerləşən “Xəyal” şadlıq evində təşkil etmiş, həmin toya qardaşı və anası da getmişdir. Əvvəllər Elxan və ailəsi ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Uşaq vaxtlarında bir neçə dəfə Elxangilin yaşadığı evdə olsa da uzunmüddətdir ki, həmin evdə olmamışdır. Elxanın təşkil etdiyi toy məclisindən sonra evdə olmadıqlarını görmüşdür. Təxminən 1 il olar ki, Lənkəran rayonundan olan və hazırda Bakı şəhərində yaşayan, aralarında sevgi münasibətləri olan Cəmalə adlı qızla görüşmək qərarına gəlmişdir. Lakin Bakı şəhərinə getmək üçün pul tapa bilməməyi səbəbindən Elxangilin evlərindən oğurluq etmək fikrinə düşmüşdür. Oğurluq etmək üçün xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı evdən çıxaraq Elxangilin yaşadığı evə getmişdir. Evdən çıxan zaman pəncərəni açmaq üçün lazım olar deyə üzərində yağ bıçağı da götürmüşdür. Elxangilin evi yaşadığı evə yaxın olduğu üçün bir-iki dəqiqəyə evə çatmışdır. Yol tərəfdə olan qaz xəttinin arxa tərəfində dəmir listlər olan hasardan evin həyətinə keçmişdir. Ordan da üzü evə tərəf dayananda evin sol tərəfində olan və plastik materialdan hazırlanmış pəncərəsinə yaxınlaşmışdır. Bu zaman yerdə olan təxminən 2 metr hündürlüyündə nərdivanı pəncərənin alt hissəsinə söykənib pəncərəyə çıxmışdır. Üzərində olan yağ bıçağını pəncərənin açılan hissəsinə salaraq pəncərəni açmışdır. Bundan sonra evin otağına daxil olmuşdur və həmin otağın yataq otağı olduğunu görmüşdür. Orada götürüb sata biləcəyi əşyaya rast gəlmədiyi üçün evin salonuna keçmişdir. Salona daxil olan kimi gözü televizora sataşmış və həmin vaxt qərara gəlmişdir ki, televizoru götürüb sata bilər. Bundan sonra otaqdan bir ədəd çəhrayı rəngli parça götürmüş və televizorun üzərinə ataraq, televizoru üzərində olan peyk qəbuledici antena aparatı ilə birlikdə götürmüşdür. Bundan sonra evə daxil olduğu yolla geri qayıdaraq həyətə düşmüşdür. Pəncərəyə çıxdığı nərdivanı yanı üstə yerə qoymuş və həyətdən çıxmaq üçün evin giriş darvazasına yaxınlaşmışdır. Evin giriş darvazasının tək taylı qapısının içəri tərəfdən zirəzəsini açaraq küçəyə çıxmışdır. Oradan birbaşa yaxınlıqdan keçən su arxının kənarına gedərək həmin əşyaları orada olan qamış kollarının arasında gizlətmişdir. Bir iki gün sonra təxminən xx.xx.2024-cü il tarixdə səhər saatlarında evdən 3 kiloqramlıq bir ədəd balonu da Saatlı şəhərinə qaytarmaq məqsədi ilə özü ilə götürmüşdür və birbaşa televor saxladığı yerə getmişdir. Orada televizoru və televizora bitişik olan peyk qəbuledici aparatı götürüb piyada asfalt yola doğru getməyə başlamışdır. Kənd arası yolda televizoru yerə qoyub dincələn zaman yolda Qüdrət adlı həmkəndlisi onu görmüşdür. Qüdrət onu görən kimi “bu nədi hara aparırsan” demiş, o da “evin televizorudur, aparıram ustaya” demişdir. Qüdrət də “niyə taksi ilə aparmırsan” demiş, o da cavabında “yüngüldür, yorğunluğumu alıb aparacam” demişdir. Bundan sonra Qüdrət çıxıb getmişdir. Bundan sonra bir qədər getmişdir ki, yolda Arif adlı həmkəndlisi ilə qarşılaşmışdır. Arif hara getdiyini soruşduqda, o da Saatlı şəhərinə getdiyini demişdir. Arif televizoru göstərib “bu nədir” demiş, o da özünə məxsus televizor olduğunu və ustaya apardığını demişdir. Bundan sonra Arifdən kömək etməsini xahiş etmiş, Arif də televizoru götürərək asfalt yolun kənarına kimi aparmışdır. Bu zaman həmkəndlisi taksi sürücüsü Behdulla üzü Saatlı şəhəri istiqamətində gəldiyini görmüş, həmin vaxt Behdulla ona işıq siqnalı vermiş, o da əl edərək saxlatmışdır. Həmin vaxt taksi avtomobili dolu olmuş, içərisində bir boş yer olmuşdur. Televizori avtomobili yük yerinə qoymuşlar, özü isə avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Həmin taksi avtomobili ilə gələrək Saatlı şəhərində yerləşən bazarın qarşısında avtomobildən enmişdir. Bazarın qarşısında əvvəlcə tanımadığı balaca butkada televizor düzəldən şəxsə televizoru almağı təklif etmiş, həmin şəxs televizoru almaq istəməmiş, bundan sonra paltaryuyan təmir edən, sonradan adının Loğman olduğunu bildiyi bir nəfərə yaxınlaşmış, həmin şəxs də almaq istəməmişdir. Bundan sonra başqa iki nəfərə də televizoru almağı təklif etsədə heç biri almamışdır. Daha sonra bazarın qarşısı ilə geri qayıdan zaman Loğman kənardan ona əl edib yanına çağırmışdır. Loğmanın yanına gəldikdən sonra televizora 200 manat verə biləcəyini demişdir. O da 200 manat pula razılaşmışdır. Bu zaman Loğman özünün pulu olmadığını deyərək yanında yerləşən mağazadan 200 manat borc almışdır. 150 manat pulu ona verərək 50 manatı da 3-4 gün sonra verəcəyini bildirmişdir. O da razılaşaraq 150 manat pulu götürmüşdür, televizoru və peyk qəbuledici aparatı Loğmana vermişdir. Həmin gün saat 13 radələrində kəndə qayıtmadan birbaşa sürücüsünü tanımdaığı taksi avtomobili ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində “20 yanvar” dairəsinin yaxınlığında 13 manat yol pulunu verib taksidən enmişdir. Bunda sonra 3 manat pul verərək sürücüsünü tanımadığı başqa bir taksi ilə Binə qəsəbəsinə “Binə-Sovxoz” adlanan yerə getmişdir. Bakı şəhərinə gedən zaman yolda puldan 60-70 manat xərcləyərək meyvə, qoz-fındıq almışdır. Yerdə qalan pulu isə Cəmalə ilə birlikdə yemək, şirniyyat, qazlı içkilər alıb xərcləmişdir. Ertəsi gün isə taksi avtomobili ilə geri qayıtmışdır. Saatlı şəhərinə çatanda təxminən 5 manat pulu qalmışdır. Həmin 5 manata da telefona balans yükləmişdir. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə oğlu Elnura toy məclisi təşkil etmişdir. Həmin toyu Saatlı şəhərində yerləşən “Xəyal” şadlıq evində təşkil etmişdir. xx.xx.2024-cü il tarixdə oğlu Elnurla təzə gəlini Gülnar Bakı şəhərinə getmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 6-7 radələrində isə o, arvadı Mehparə ilə birlikdə Bakı şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhərindən taksi avtomobili ilə arvadı Mehparə və qızı Nəhayətlə birlikdə çıxaraq həmin gün saat təxminən 09:30 radələrində Saatlı rayon Gomuşçu kəndində yaşadığı evə çatmışdır. Yaşadığı evin giriş darvazasına çatdıqdan sonra darvazanı açıb həyətə daxil olmuşlar. Həyətdən də evə daxil olduqdan sonra o, qaz sobasını yandırmaq istəyən zaman arvadı Mehparə yataq otağına daxil olmuş və ona “pərdə çəkilib” demişdir. O da tez durub həmin otağa keçdikdə arvadı pəncərəyə baxaraq pəncərənin açıq olduğunu bildirmişdir. Bu zaman o, pəncərəyə toxunulduğunu və sındırılaraq açıldığını görmüşdür. Bu zaman o, evin salonuna qayıtmış və evin salonuna qoyulmuş “Samsung” markalı televizorun da yerində olmadığını görmüşdür. Bu zaman arvadı Mehparə yataq otağında olan güzgü masasının çəkməcəsini çəkib orada olan iki ədəd qızıl üzüyün yerində olmadığını görüb ona bu barədə bildirmişdir. Bundan sonra telefonla polisə müraciət edərək, yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Daha sonra isə bu barədə ərizə də yazmışdır. Lakin sonra ona məlum olmuşdur ki, həmin 2 ədəd qızıl üzüyü gəlini Gülnar Əmiraslanova Bakı şəhərinə gedərkən özü ilə aparmışdır. Onun bundan xəbəri olmadığı üçün ilkin məlumatında həmin qızılların da oğurlanması barədə məlumat vermişdir. Bundan başqa evdən 1 ədəd də sintetik parça oğurlanmışdır. Polis əməkdaşlarının apardıqları işlər nəticəsində ona sonradan məlum olmuşdur ki, yaşadığı evdən oğurluq edən şəxs qonşusu və qohumu Təqsirləndirilən şəxsdur. Ona məxsus evdən avadanlıqların oğurlanması nəticəsində ona 1025 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin dekabr ayının təxminən 29-30 tarixlərində saat təxminən 11 radələrində iş yerinin qarşısında olmuşdur. Bu zaman sonradan tanıdığı Şamxal əlində televizor onun yanına gəlmiş və televizoru satdığını bildirmişdir. O, almaq istəmədiyini demiş, Şamxal əlində gətirdiyi televizoru yolun kənarında yerə qoyub onun yanından çıxıb Saatlı şəhərində yerləşən bazar istiqamətində getmişdir. Təxminən 5-6 dəqiqə sonra Şamxal yenidən onun yanına qayıtmış və televizoru götürüb gedəndə Şamxalı çağırmış və televizorun qiymətini soruşmuşdur. Şamxal da 500 manata verə biləcəyini demişdir. O da özü üçün aldığını, evdə televizorunun xarab olduğunu, evə qoymaq üçün istədiyini demişdir. Bu zaman Şamxal onun nə qiymət verəcəyini soruşmuş, o da “normal qiymət desən alaram” demişdir. Şamxal da “sən neçə deyirsən” deyə sual vermiş, o da “200 manata alaram” demişdir. Bu zaman Şamxal onunla razılaşmışdır. O da Şamxala şərt qoydmuşdur ki, şəxsiyyət vəsiqəsini versin, şəklini çəksin, sonra alsın. Bundan sonra o, Şamxalı tanımaq üçün danışdırmışdır. Şamxal da Gomuşçu kəndindən olduğunu, Hacı adlı şəxsin qardaşı oğlu olduğunu, televizorun öz əşyası olduğunu, yetim uşaq olduğunu, vəziyyətinin yaxşı olmadığını, ehtiyacı üçün satdığını, köçüb Bakı şəhərinə gedəcəklərini demişdir. Bundan sonra onun sexinə bitişik mağaza işlədən Ramilin mağazasına gedib televizoru yoxlamış və işlək vəziyyətdə olduğunu görmüşdür. Daha sonra yenə Şamxalla maraqlanmış və televizoru Ramilin mağazasınnın giriş qapısının içəri tərəfinə qoyub Şamxalla birlikdə küçəyə çıxmışdır. Bundan da sonra küçədə Şamxala “birdən problem olar” demiş, Şamxal da “narahat olma, öz əşyamdır, istəyirsən anama, qardaşıma yığım danış” demişdir. Bundan sonra o, televizorun oğurluq olmadığından əmin olub Şamxala 150 manat pul vermiş, 50 manat da 3-4 günə verəcəyini bildirib televizoru almışdır. Sonra Ramilin mağazasına daxil olub Ramilə “televizoru 200 manata aldım, nə təhər aldım” demişdir. Ramil də televizoru nahaq aldığını, problemli ola biləcəyini demişdir. O da Şamxalın şəxsiyyət vəsiqəsinin şəklini çəkdiyini demişdir. Bundan sonra o, işlərinin arxasınca getmiş, televizor isə mağazada qalmışdır. Axşam saatlarında Ramil mağazada yerinin olmadığını deyib televizoru götürməsini istəmişdir. O da Ramildən televizoru yaşadığı evə aparmasını xahiş edərək, maşınsız olduğunu, yaxın günlərdə götürəcəyini, evdə olan televizorunun xarab olduğunu, bu televizoru evə aparsa yerdə qalacağını və uşaqlarının sındıracağını bildirmişdir. Bundan sonra Ramil televizoru yaşadığı evə aparmışdır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları iş yerinə gələrək televizoru alıb almadıqlarını soruşmuşlar, o da aldığını bildirmiş, bu zaman həmin televizorun oğurluq olduğunu bildirib, televizora baxış keçirməli olduğunu demişlər. O da televizorun Ramildə olduğunu demiş və bundan sonra birlikdə Ramilin yaşadığı evə gedərək televizora baxış keçirib televizoru götürmüşlər. Bundan sonra 200 manat aldığı televizoru Şamxalın oğurlaması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin sonlarının xatırlamadığı günündə təxminən saat 10-11 radələrində iki nəfər qadın müştəri ilə Saatlı rayon, Gomuşçu kəndindən Saatlı şəhəri istiqamətində gedərkən Gomuşçu kəndin kənarı ilə keçən asfalt yolun kənarında Şamxalın dayandığını, əlində bir ədəd sellofan torba və yanında da yerə qoyulmuş və üzəri parça ilə örtülmüş vəziyyətdə televizor olduğunu görmüşdür. O, Şamxalın yanına çatana yaxın ona əli ilə saxla işarəsi vermiş, o da yolun kənarında saxlamışdır. Şamxal yaxınlaşaraq avtomobilin qabaq sağ qapısını açmış və televizoru və əlində sellofan torbada olan balonu salona qoya biləcəyini soruşmuş, o da arxada iki nəfər adam oturduğunu bu səbəbdən də içəridə yer olmadığını demişdir. Bu zaman Şamxal “baqaja qoya bilərkmi” demiş. O da “baxaq, sığarsa qoy, sığmazsa qoyma” demiş və avtomobildən düşərək yük yerini açmışdır. Şamxal televizoru yük yerinə qoymuş, lakin televizor yük yerinə tam sığmamış, bu səbəbdən yük yeri qismən açıq qalmışdır. Bundan sonra Şamxal qabaq sağ oturacaqda əyləşmiş və Saatlı şəhərinə gəlmişlər. Saatlı şəhərində “Loğman poçt” adlanan "xxxx" MMC-nin filialının yaxınlığında avtomobili saxlamasını bildirmişdir. O da Şamxalın dediyi yerdə avtomobili saxlamış və Şamxal avtomoildən düşərək televizoru götürmüş, yek yerini bağlamış, ona da bir manat taksi pulu vermişdir. Bundan sonra o, avtomobillə Saatlı şəhərində yerləşən bazarın qarşısına gələrək avtomobildə olan digər iki nəfəri düşürmüş və orada dayanaraq növbəti müştərilərini gözləməyə başlamışdır. Təxminən 2 gün bundan əvvəl isə həmkəndlisi Elxanın evinə oğurluq olduğunu və televizor oğurlandığını eşitmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, həmin Şamxalın onun avtomobili ilə apardığı televizoru Şamxal Elxanın evindən oğurlamışdır. İşdə olan 28 dekabr 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı hadisə yerinin Saatlı rayonu, Gomuşçu kəndində yerləşən Zərərçəkmiş şəxs oğluna məxsus fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Həmin fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş yaşıl rəngli, dəmir darvazadandır. Həyətyanı sahəyə daxil olduqda mərkəz hissədə 1 mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evinin giriş qapısı dəmir, pəncərələri isə plastik materialdandır. Həmin evə baxış keçirdikdə evin sol tərəfində yerləşən, yataq otağına açılan plastik pəncərədə daxil olma izlərinə rast gəlindi. Baxış zamanı Zərərçəkmiş şəxs naməlum şəxs və ya şəxslərin həmin pəncərədən evin yataq otağına daxil olduğunu, daha sonra evin qonaq otağında olan televizor altlığının üstündən 1 ədəd “Samsung” markalı televizorun, 1 ədəd “Regular 9999” markalı peyk qəbuledici aparatın və həmin otağdan 1 ədəd sintetik parçanın oğurlandığını bildirmişdir. Baxış zamanı fərdi yaşayış evinin yataq otağının plastik pəncərəsindən əl barmaq izləri götürülmüşdür. İşdə olan 03 yanvar 2025-ci il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs evindən oğurlanmış 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Regular 9999” markalı peyk qəbuledici aparata və 1 ədəd sintetik parçaya baxış keçirildi. Baxış zamanı Şahid2 Zərərçəkmiş şəxs evindən oğurlanmış 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Regular 9999” markalı peyk qəbuledici aparata və 1 ədəd sintetik parçanı təqdim edərək, həmin əşyaları ona saxlaması üçün 2024-cü ilin dekabr ayının 29-30 tarixlərində Şahid1 verdiyini bildirdi. Həmin əşyaların oğurluq olmasından heç bir məlumatının olmadığını da qeyd etdi. Həmin əşyalara baxış keçirildi və 1 ədəd “Samsung” markalı, UE50NU7097U modelli, 2019-cu ildə Rusiya Federasiyasında istehsal olunmuş televizor, 1 ədəd “Regular 9999 mini” markalı, 2018-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş peyk qəbul edici aparat, 1 ədəd 145x165 sm ölçüdə sintetik materialdan hazırlanmış çəhrayı rəngli 145x165 sm ölçüdə parçanın olması müəyyən olundu və həmin əşyalar cinayət işi üzrə əhəmiyyətli olduğuna görə götürülmüşdür. İşdə olan 04 yanvar 2025-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərdiklərini bir daha təsdiq etdikdən sonra ona oğurluğu haradan və necə etdiyini 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Regular 9999” markalı peyk qəbuledici aparat və 1 ədəd sintetik parçaynı necə oğurladığını göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs bundan sonra konvoy xidmətinin müşayiəti ilə müdafiəçisi Vüsal Abbasov iştirakı ilə Saatlı RPŞ-nin inzibati binasından çıxıb Saatlı rayonu, Gomuşçu kəndinə gedərək Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evini göstərərək dəmir listlər olan hasardan evin həyətinə daxil olduğunu, evin sol tərəfində yerləşən plastik pəncərəni açıb həmin pəncərədən evə daxil olduğu yeri, 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Regular 9999” markalı peyk qəbuledici aparat və 1 ədəd sintetik parçanı oğurladığı yeri, daha sonra həmin pəncərədən çıxdığı yeri, oğurladığı əşyaları su kanalının yanında olan kolların arasında gizlətdiyi yeri əyani olaraq göstərdi. İşdə olan 06 yanvar 2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə X3 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən baxış keçirilərək götürülmüş 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Regular 9999” markalı peyk qəbuledici aparat və 1 ədəd sintetik parçaya baxış keçirdim. Həmin vaxt Zərərçəkmiş şəxs həmin əşyaların xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə Saatlı rayonu, Gomuşçu kəndində yerləşən fərdi yaşayış evindən oğurlandığını, həmin əşyaların özünə məxsus olduğunu, əşyaların salamatlığını yoxlayarkən heç bir şikayət və tələbin olmadığını bildirmişdir. İşdə olan daktiloskopik ekspertizasının xx.xx.2025-ci il tarixli 25/378 nömrəli rəyindən görünür ki, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq və 02 ədəd ovuc izi (tədiqata təqdim edilmiş) xx.xx.2005-ci ildə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc, sağ əlinin adsız və ovuc əksləri ilə eynilik təşkil etmişdir. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 807 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqətin pozulması, kǝmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Bǝdir oğlu barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 27 dekabr 2024-cü il tarixdə 01 ədəd “Samsung” markalı, UE50NU7097U modelli, 2019-cu ildə Rusiya Federasiyasında istehsal olunmuş, həmin ildən alınmış və istifadədə olan, 127 sm dioqanal “LED” televizor 1000 manat, 01 ədəd 2018-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş, 2019-cu ildə alınmış və həmin vaxtdan da istifadədə olmuş “Regular 9999 mini” markalı peyk qəbul edici aparat 20 manat, 01 ədəd 145x165 sm ölçüdə sintetik materialdan hazırlanmış və istifadədə olmuş parça isə 5 manat təşkil etməklə, ümumilikdə əşyaların orta bazar qiyməti 1025 manat olmuşdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddəylə də təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 03 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 05 yanvar 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 03 yanvar 2025-ci il tarixdən 05 yanvar 2025ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd “Samsung” markalı, UE50NU7097U modelli, 2019-cu ildə Rusiya Federasiyasında istehsal olunmuş, həmin ildən alınmış və istifadədə olan, 127 sm dioqanal “LED” televizor, 01 ədəd 2018-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş, 2019-cu ildə alınmış və həmin vaxtdan da istifadədə olmuş “Regular 9999 mini” markalı peyk qəbuledici aparat və 01 ədəd 145x165 sm ölçüdə sintetik materialdan hazırlanmış və istifadədə olmuş parça saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 yanvar 2025-ci il tarixdən 05 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il, altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “Samsung” markalı, UE50NU7097U modelli, 2019-cu ildə Rusiya Federasiyasında istehsal olunmuş, həmin ildən alınmış və istifadədə olan, 127 sm dioqanal “LED” televizor, 01 ədəd 2018-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş, 2019-cu ildə alınmış və həmin vaxtdan da istifadədə olmuş “Regular 9999 mini” markalı peyk qəbuledici aparat və 01 ədəd 145x165 sm ölçüdə sintetik materialdan hazırlanmış və istifadədə olmuş parça saxlanması üçün sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar