Məhkəmə qərarları › İş №1(055)-66/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-66/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-66/2023 27.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs iştirakları ilə, Saat: 15:25 xx.xx.1993-cü il tarixdə Saatlı rayonu Mustafabəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan sayda, vaxtda və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu 2023-cü ilin mart ayının əvvəllərində yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evinin həyətyanı bağ sahəsində, mişar daşından tikilmiş damın arxa tərəfində, su kanalının kənarında qanunsuz olaraq torpağa əkmiş, orada bitmiş 1 ədəd çətənə (kannabis) bitkisinin bir hissəsəsini 2023-cü ilin iyun ayının ortalarında toplayıb qurudaraq satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 355,0 qram ümumi təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb həyətyanı bağ sahədə narkotik tərkibli çətənə bitkisinin əkildiyi yerin yanında saxlamış, 21 iyul 2023-cü il tarixdə saat 13:10 radələrində Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində onun satış məqsədi olmadan qanunsuz olaraq hazırlayıb saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 355,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evinin həyətyanı bağ sahəsində aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hazırlayıb və saxlamışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Saatlı rayonu, Mustafabəyli kəndində anası ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. Arada tapanda narkotik vasitə olan marixuana qəbul edir. 2023-cü ilin fevral ayında yaşadığı Saatlı rayonu Mustafabəyli kəndində çöl otlaq sahəsində yerdə bükülü görmüş və həmin bükülü onun diqqətini çəkdiyi üçün yerdən götürüb baxan zaman içərisində 1 ədəd toxum olduğunu görmüş, o, “nəşə”-dən istifadə etdiyinə görə həmin toxumun “nəşə” toxumu olduğunu bilmiş və bükülünü cibinə qoyub yaşadığı ünvana gətirib əkmək üçün evdə gizlətmişdir. 2023-cü ilin mart ayının əvvəllərində həmin toxumu yaşadığı evin həyətyanı bağ sahəsinə gedən yolda yabanı bitkilərin arasında əkmişdir. Bir neçə gün sonra əkdiyi toxum cücərməyə başlamış və yetişərək şitil halına çevrilmiş, suvarıb dibini yumşaltmış, toxum boy atmışdır. Çətənə bitkisi inkişaf etdiyi üçün bitkinin 4 budağının məhsulunu 2023-cü ilin iyun ayının ortalarında qırıb quruması üçün elə əkdiyi yerin yanında alüminium teştin üstünə düzüb yerdə saxlamışdır.21 iyul 2023-cü il tarixdə təxminən saat 13 radələrində polis əməkdaşları yaşadığı evin qarşısına gəlib onu çağırmış və özlərini təqdim edərək onun həyətdə narkotik tərkibli bitkiləri əkdiyini və qurudaraq saxlamağı barədə məlumatları olduğunu bildirmişlər. O da polis əməkdaşlarına 1 ədəd narkotik bitkisi əkdiyini və həmin bitkinin 4 budağının məhsulunu qırıb qurutduğunu bildirmiş, həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları onun, hal şahidlərinin və aqranomun iştirakı ilə həyətyanı bağ sahəsində 1 ədəd əkibyetişdirdiyi çətənə bitkisini və bitkinin yanında yerdəki teştin üstündə olan qurudulmuş halda “nəşə”ni aşkar etmiş, o, həmin bitkinin narkotik tərkibli olduğunu və öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini, yanındakı qurumuş halda olan “nəşə”ni isə həmin bitkinin budağının məhsulunu qıraraq qurutduğunu etiraf etmişdir.Narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür.Baxış zamanı foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir.Hazırda əməlinə görə peşmançılıq çəkir, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Sonda məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 21 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Mustafabəyli kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkibbecərməsi və qurudaraq saxlaması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, bundan sonra polis əməkdaşları, aqranom və hal şahidlərinin iştirakı ilə Röyal Allhverdiyevin həyətinə gedib baxış keçirmişlər. Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır.Bundan sonra Təqsirləndirilən şəxs də iştirakı ilə baxış keçirilməyə başlanılmış, baxış zamanı həyətyanı bağ sahədə yabanı bitkilərin arasında 1 ədəd qanunsuz olaraq əkib-yetişdirilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar bitki və bitkinin yanında yerdə alüminium teştin üstündə sərilmiş vəziyyətdə narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri özü əkib-yetişdirdiyini, yanındakı qurumuş vəziyyətdə olan kütləni isə əkib yetişdirdiyi həmin 1 ədəd çətənə bitkisinin budaqlarından qırıb qurudaraq əldə etdiyini bildirmiş, baxışda iştirak edən mütəxəssis-aqronom narkotik vasitələrə aqrotexniki qaydada qulluq və becərilmə işləri aparılmışdır. Daha sonra narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür.Baxış zamanı foto və video çəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 digər Şahid5 ilə eyniməzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid3, Şahid4 və Şahid1 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan “baxış keçirilməsi haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan, ona əlavə olan fotoşəkillərdən və videoçəkilişdən görünür ki, Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində, mişar daşından tikilmiş tikililərin arxa tərəfində, su kanalının kənarında yabanı bitkilərinin arasında torpağa əkib-yetişdirdiyi 1 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və həmin bitkinin yanında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 22 iyul 2023-cü il tarixli 18/742 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində...1 ədəd...” sözləri və imzalar olan sintetik torbada 01 ədəd yaş vəziyyətdə ümumi çəkisi 1500 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 1 ədəd bitkiyə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində...marixuanaya oxşar...” sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi 355 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 1 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eyni tərkiblidir. Marixuananın təmiz çəkisi 355 qram olub, tədqiqata istifadə olundu 0,10 qram, qalıq 354,90 qram. İşdə olan mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində, mişar daşından olan tikilin arxa tərəfində, su kanalının kənarında bitkilərinin arasında torpağa əkilmiş vəziyyətdə aşkar edilmiş 1 ədəd narkotik tərkibli çətənə bitkisinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 12 sentyabr 2023-cü il tarixli 5837 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbul etməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, narkotik vasitənin növünü, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 354,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 31 manat 95 qəpik ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 354,90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar