Məhkəmə qərarları › İş №1(055)-66/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-66/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-66/2024 20.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əzizova (Əkbərova) Sahilə Ərrəhman qızının, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1975-ci il tarixdə Saatlı rayonu, Sarıcalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Saatlı rayonu, Sarıcalar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan, qətnamə qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Əzizova (Əkbərova) Sahilə Ərrəhman qızına ödənilməsinə dair Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-526/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(055)-113/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 (on iki) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 7000,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Əzizova (Əkbərova) Sahilə Ərrəhman qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Əzizova (Əkbərova) Sahilə Ərrəhman qızı ilə 2009-cu ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2009-cu il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2010-ci il tarixdə Xədicə adlı övladları dünyaya gəlmişdir. Sonradan Sahilə (Əkbərova) Əzizova ilə münasibətləri kəskin şəkildə pisləşmiş və Saatlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aralarında bağlnmış nikahına xitam verilərək, ondan xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2010-ci il təvəllüdlü X3 yetkinlik yaşlına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq Əzizova (Əkbərova) Sahilə Ərrəhman qızına verilməsi qət edilmişdir. Daha sonra Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-526/2019 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq Sahilə (Əkbərova) Əzizovaya verilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il qətnaməsi qanuni qüvvəsini aldıqdan Saatlı rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Sahilə (Əkbərova) Əzizovaya ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 12 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək Sahilə (Əkbərova) Əzizovaya yaranmış olan 7000 manat aliment borcundan maddi imkanı olmadığından heç bir ödəniş etməmişdir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs Əzizova (Əkbərova) Sahilə Ərrəhman qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2009-cu il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2010-ci il tarixdə Xədicə adlı övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailə daxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və Saatlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə onların nikahına xitam verilərək, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla xx.xx.2010-ci il təvəllüdlü X3 yetkinlik yaşlına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği 140 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcunu qərəzli olaraq ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də Əfqan xx.xx.2024-cü il tarixədək yaranmış olan 7000 manat aliment borcunu ödəməmişdir. Qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda təqsirləndirilən şəxs barəsində ən ağır cəza tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 526/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2010-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq Əzizova (Əkbərova) Sahilə Ərrəhman qızına verilməlidir. Qeyd olunan icra sənədi üzrə Saatlı rayon icra və probasiya şöbəsində xx.xx.2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Bir müddət borclu tərəfindən alimentin ödənilməsi təmin olunsa da, sonradan borclu aliment borcunu ödəməkdən yayınmışdır. Aliment borcunu ödəməkdən yayındığı üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Saatlı rayon məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin Saatlı Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati tənbehlərdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Borclu Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş və əməlində qərəzlilik müşahidə olunmuşdur. Borclu Təqsirləndirilən şəxs tələbkar Əzizova (Əkbərova) Sahilə Ərrəhman qızının xeyrinə təqdimat verilən günədək 1540 manat ödəmiş, borclunun 7000 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Tələbkar Əzizova (Əkbərova) X4 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmiş və Təqsirləndirilən şəxs tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra etmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün tərəfindən təqdimat göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid Saatlı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ilə eyniməzmunlu ifadə verdi. İşdə olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-526/2019 saylı qətnaməsinin və onun əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Əzizova (Əkbərova) Sahilə Ərrəhman qızına verilməsi qət edilmişdir İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(055)-113/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 gün müddətinə inzibati həbs edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(055)-14/2024 saylı qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan X2 X1 Mərkəzi Filialının 21 fevral 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran və ya işsiz şəxs kimi qeydiyyatı aşkarlanmamış və X8 işlə bağlı müraciət etməmişdir. İşdə olan Saatlı rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu 10 gün müddətində ödəmədiyi halda Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə xəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin dispozisiyasına görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə aktını icra etməməyə görə müvafiq inzibati məsuliyyətə cəlb olunduqdan və təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqdan sonra vurulmuş ziyandan heç bir ödəniş etməməsini nəzərə alıb hesab edir ki, onun buna görə inzibati məsuliyyətə cəlb edilməsi nəticəsiz qalmış, inzibati tənbeh tərbiyəedici və xəbərdaredici təsir göstərmədiyindən cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs həmin əmələ görə cəza çəkmədən islah olunması mümkünsüzdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında qanuni qüvvəyə minmiş qətnaməsi ilə üzərinə düşən öhdəlikləri, həmçinin zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı qaytarmaqdan boyun qaçırmaq niyyətinin olmamasını, maddi imkanı kifayət etmədiyi üçün bu qədər vaxt qətnamələri icra edə bilməməsi ilə bağlı ifadəsini özünümüdafiə xarakterli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaranmış aliment borcunun miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkün deyil. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən tam təcrid edilməsi yolu ilə mümkün olduğuna görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə saat 03:00-da tutulmuş, 05 sentyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək müvəqqəti saxlama təcridxanasından azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024cü il tarixədək tutularaq iki gün həbsdə saxlanılması ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Saatlı Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 1(055)-66/2024 saylı qərarı ilə həbsli axtarış elan edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq həbsdə saxlanılır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 29 oktyabr 2024-cü il tarixdən hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı iki gün ona təyin olunmuş bir il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 29 oktyabr 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar