Məhkəmə qərarları › İş №1(055)-67/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-67/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-67/2024 07.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Saatlı rayonu Qaracalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmayan, Ə.Əhmədov adına Qaracalar tam orta məktəbində təsərrüfat müdiri işləyən, Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin PX-in 3 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, 20 iyun 2024-cü il tarixdə saat 17:16 dəqiqədə Saatlı şəhəri H.Əliyev prospekti 137 ünvanında yerləşən Saatlı rayon Notariat ofisinə gələrək, mərhum nənəsi X6 və mərhum qardaşı X7 barəsində vərəsəlik işinin açılması və ünvan 3i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamış X3 notariat ofisində iştirak edib alqı-satqıya dair sənədləri şəxsən imzalamalı olduğu halda, sonuncunun Rusiya Federasiyasında olmasını, Azərbaycan Respublikasına gələ bilməyəcəyini, buna görə də təkcə anasının iştirakı ilə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini tələb edərək, notariat ofisinin işçilərinin ona bu hərəkətin qanunvericiliyin tələblərinə zidd olduğunu bildirməsini bəhanə edib, həmin vaxt orada olan notariat ofisinin əməkdaşlarının və müştərilərin gözləri qarşısında uca səslə nalayiq ifadələr işlədib, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mədəniyyət normalarına qarşı saymazlıqda ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan atası Şahid3 əlində olan dəmir əsadan silah qismində istifadə edərək, ofisin işçisi aparıcı mütəxəssis – kargüzar Zərərçəkmiş şəxs2 sol qol nahiyyəsindən vuraraq sonuncuya sol dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan, hematoma, sol saidin yuxarı 1/3-də bayır səthdə qançırla müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmiş, həmin vaxt orada olan şəxslər onu tutub sakitləşdirməyə, əlində olan dəmir əsanı almağa çalışsalar da, o, təxminən 20 dəqiqə müddətində əməllərinə davam edib, notariat ofisinin iş rejimini pozmaqla, qərəzli hərəkətlər, yəni silah qismində istifadə olunan əşyadan istifadə edilməklə xuliqanlıq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mərhum nənəsi X6 və mərhum qardaşı X7 barəsində vərəsəlik işinin açılması və ünvan 3ində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün Saatlı şəhərində yerləşən notarius xidmətinə atası Şahid3 ilə birlikdə getmiş və həmin vaxt notariusun işçilərinə bu barədə bildirmişdir. Həmin vaxt notariusun işçiləri tərəfindən ona vərəsələrin dairəsi barədə məlumat verilmiş və həmin vərəsələrin şəxsən notariat ofisinə gəlməli və yaxud nümayəndələri tərəfindən təmsil olunmalı olduqları bildirilmişdir. Həmçinin yetkinlik yaşına çatmış vərəsələrin bir neçəsi Rusiya Federasiyasında olduğuna görə onların da “Mobil notariat” tətbiqi vasitəsi ilə və yaxud olduqları yer üzrə notariat ofisinə yaxınlaşaraq istədikləri şəxsə müvafiq etibarnamə vermək hüquqlarının olduğu bildirilmişdir. xx.xx.2024cü il tarixdə zəruri sənədləri toplayıb, eləcə də xaricdə olan vərəsələrdən etibarnamə alaraq, vərəsələr – anası X1, qardaşının arvadı X8 və atası Şahid3 ilə birlikdə Saatlı rayon notariat ofisinə yaxınlaşmışlar. Saatlı rayon notariat ofisində X7 barəsində vərəsəlik işi açılmış və məhrumun arvadı – X8, qayınanası X1, yetkinlik yaşına çatmış qızı X9, yetkinlik yaşına çatmamış iki uşağı – X10 və X2 vərəsə kimi tanınmışlar. İki azyaşlı vərəsələrin adından qanuni nümayəndə - anaları çıxış etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yazılarkən o, notariat ofisinin əməkdaşı, aparıcı mütəxəssizkargüzar Nümayəndə bildirmişdir ki, vərəsəlik işi bitdikdən sonra əmlaka dair çıxarış alacaq və dərhal notariat ofisində həmin əmlakın alqı-satqısını rəsmiləşdiriləcəkdir. Bu zaman notariusun işçiləri tərəfindən ona bildirilmişdir ki, bu halda 15 yaşı tamam olmuş şəxs X10 alqı – satqı müqaviləsini özü imzalamalıdır, həmçinin qanuni nümayəndəsinin və Saatlı rayon İcra Hakimiyyəti Başçısı Qəyyumluq və Himayəçilik Komissiyasının əqdin bağlanılmasına razılığı olmalıdır. Bu zaman o, etiraz edərək 15 yaşı tamam olmuş X3 Rusiya Federasiyasında olmasını, Azərbaycana gələ bilməyəcəyini, buna görə də vərəsəlik işində olduğu kimi - yalnız qanuni nümayəndəsi olan anasının iştirakı ilə alqısatqı müqaviləsinin rəsmiləşdirilməsini tələb etmişdir. O, eyni zamanda bildirmişdir ki, Rüstəm Rüstəmli 2024-cü ilin avqust ayında Azərbaycan Respublikasına gələcək və o, həmin vaxta qədər gözləmək istəmir. Həmin vaxt o, əsəbləşmiş və notariusun işçilərindən Rüstəm Rüstəmlini yola verməsini tələb etmiş, lakin notariusun işçiləri bu barədə ona kömək etməmiş, qanunvericiliyin tələbinə görə Rüstəm Rüstəmlinin mütləq özü iştirak etməli olduğunu bildirmişlər. O, bunu eşitdikdən sonra əsəbləri gərgin olduğu üçün notariusun işçiləri ilə mübahisə etməyə başlamışdır. O, əvvəlcə ofisin işçisi Murmanla sözlə mübahisə etmiş, daha sonra isə əsəblərini cilovlaya bilməyərək atası Rüstəmin əlində olan metal çəliyi alaraq ofisin işçisi aparıcı mütəxəssis – kargüzar Zərərçəkmiş şəxs2 sol qol nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Hadisə təxminən 20-30 dəqiqə davam etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də ona köməklik olunmasını məhkəmədən xahiş etdi. Son söz söylərkən isə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2022-ci il tarixdən hazırkı vaxtadək Saatlı Saatlı rayon Notariat ofisində aparıcı mütəxəssis-kargüzar vəzifəsində işləyir. Onun notariusda vəzifəsi ofisə müraciət edən vətəndaşlara səlahiyyəti çərçivəsində xidmət göstərməkdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ofisdə xidmət aparan zaman rayonun Qaracalar kənd sakinləri Şahid3 və oğlu Təqsirləndirilən şəxs ofisə gələrək istifadələrində torpaq sahəsinin olduğunu bildirərək həmin torpaq sahəsini başqasına satmaq istədiklərini demişlər. Lakin həmin torpaq sahəsinin iki nəfər paylı mülkiyyətçisi ölmüşdür. Bu səbəbdən həmin vəfat edən mülkiyyətçilərin qanunvericiliyə uyğun olaraq vərəsələri müəyyən olunmuşdur. Vəfat edən mülkiyyətçilərdən biri olan X4 4 nəfər vərəsəsi müəyyən olunmuşdur. Həmin vərəsələr mərhumun arvadı Günel Rüstəmova, övladları İlahə Rüstəmova, Əzizbəyim Rüstəmova və Rüstəm Rüstəmli olmuşdur. Həmin şəxslərdən X15 Federasiyasında olduğu üçün və 18 yaşı tamam olduğundan, sadəcə olaraq anasının adına etibarnamə tələb olunmuşdur. Digər vərəsələrdən olan 4 yaşlı Əzizbəyim Rüstəmova azyaşlı olduğundan, səlahiyyətli nümayəndəsi anası olmuşdur. Lakin dördüncü vərəsə olan Rüstəm Rüstəmlinin isə 15 yaşı tamam olduğu üçün həmin şəxs özü müstəqil şəkildə notariat ofisinə gələrək müstəqil formada imza etmək hüququ olmuş, lakin Rüstəm Rüstəmli hazırda Rusiya Feredasiyasında olduğundan, həmin torpaq sahəsinin vərəsələrin imzaları ilə satılması mümkün olmamışdır. Həmin məsələ Təqsirləndirilən şəxs və atası Şahid3 bildirilmişdir. Təqsirləndirilən şəxs və Şahid3 15 yaşlı Rüstəm Rüstəmlinin özünün iştirakı olmadan həmin torpaq sahəsinin alqı-satqı prosesinin baş verməsini tələb etmişlər. O, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbini izah etsə də, Təqsirləndirilən şəxs qanunun bu tələbi ilə razılaşmayaraq Rüstəm Rüstəmlinin iştirakı olmadan alqı-satqı prosesinin baş verməsini israr etmişlər. Təqsirləndirilən şəxs səsinin tonun qaldıraraq öz tələblərini irəli sürmüşdür. Səs-küyü eşidən ofisin notariusu Şahid1 ora yaxınlaşmış və vəziyyət barədə maraqlanmış, o da baş verənləri Şahid1 bildirmişdir. Bundan sonra Şahid1 qanunvericiliyin tələbini Təqsirləndirilən şəxs izah etmiş, lakin Təqsirləndirilən şəxs əvvəlcə onunla və ofisin işçiləri ilə sözlə mübahisə etmiş, yenidən öz qanunsuz tələblərini irəli sürmüşdür. O, yenidən Qalib Rüstəmliyə qanunun tələbini izah etmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs əvvəlcə Şahid1 ünvanına söyüş söyərək nalayiq ifadələr işlətmişdir. Bu zaman o, Qalib Rüstəmlidən səbrli olmasını xahiş etmiş, lakin Təqsirləndirilən şəxs onun ünvanına da nalayiq ifadələr işlətmişdir. O, həmin şəxsi nizam-intizama dəvət etmiş, Təqsirləndirilən şəxs isə dəfələrlə ondan istəyinin yerinə yetirilməsini tələb etmişdir. O, da Təqsirləndirilən şəxs qanunvericiliyin tələbini izah etmiş, buna əsəbləşən Təqsirləndirilən şəxs onunla kəskin formada mübahisə etmiş və yenidən ünvanına söyüş söyərək, atası Şahid3 əlində olan metal çəliyi (əsa) götürüb onun sol qol nahiyəsinə zərbə endirmişdir. Nəticədə o, xəsarət almışdır. Həmin zaman ətrafda olan vətəndaşlar Təqsirləndirilən şəxs qərəzli hərəkətlərini dayandırmaq üçün əlində olan metal çəliyin almışlar. Bu vaxt notariat ofisinin iş fəaliyyəti təxminən 20-30 dəqiqə pozulmuşdur. Həmin müddət ərzində osifin işçiləri vətəndaşlara hüquqi xidmət göstərə bilməmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmış ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, 2022-ci ildən etibarən Saatlı rayon notariat ofisində aparıcı-mütəxəssis kimi fəaliyyət göstərir. Hadisənin baş verdiyin gündən təxminən bir ay əvvəl Şahid3 və Təqsirləndirilən şəxs notariat ofisinə yaxınlaşaraq ölmüş şəxslər – X6 və X7 barəsində vərəsəlik işinin açılması və ünvan 3i ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsini xahiş etmişlər. Həmin vaxt vətəndaşlara bunun üçün lazım olan zəruri sənədlərin siyahısı verilmiş və vərəsələrin dairəsi barədə məlumat verilərək vərəsələrin şəxsən notariat ofisinə gəlməli və yaxud nümayəndələri tərəfindən təmsil olunmaları bildirilmişdir. Həmçinin yetkinlik yaşına çatmış vərəsələrin bir neçəsi Rusiya Federasiyasında olduğuna görə “Mobil notariat” tətbiqi vasitəsi ilə və yaxud olduğu yer üzrə notariat ofisinə yaxınlaşaraq istədiyi şəxsə müvafiq etibarnamə verə biləcəyi barədə vətəndaşlara bildirilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəruri sənədləri toplamış, eləcə də xaricdə olan vərəsələrdən etibarnamə alaraq, Saatlı rayon notariat ofisinə yaxınlaşmışdır. Saatlı rayon notariat ofisində X7 barəsində vərəsəlik işi açılmış və məhrumun arvadı - X8, atası Şahid3, anası X1, yetkinlik yaşına çatmış qızı X9, yetkinlik yaşına çatmamış iki uşağı – X10 və X2 vərəsə kimi tanınmışlar. İki azyaşlı vərəsələrin adından qanuni nümayəndə - anaları çıxış etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yazılarkən vərəsələri müşayiət edən şəxs – Təqsirləndirilən şəxs ona vərəsəlik işi bitdikdən sonra əmlaka dair çıxarış alacağını və dərhal notariat ofisində həmin əmlakın alqı-satqısını rəsmiləşdirəcəyini bildirmişdir. Bununla bağlı olaraq Təqsirləndirilən şəxs izah olunmuşdur ki, bu halda 15 yaşı tamam olmuş şəxs X10 alqı – satqı müqaviləsini özü imzalamalıdır, həmçinin qanuni nümayəndəsinin və Saatlı rayon İcra Hakimiyyəti Başçısı Qəyyumluq və Himayəçilik Komissiyasının əqdin bağlanılmasına razılığı olmalıdır. Təqsirləndirilən şəxs buna etiraz edərək 15 yaşı tamam olmuş şəxs X3 Rusiya Federasiyasında olmasını, Azərbaycana gələ bilməyəcəyini, buna görə də vərəsəlik işində olduğu kimi - yalnız qanuni nümayəndəsi olan anasının iştirakı ilə alqısatqı müqaviləsinin rəsmiləşdirilməsini tələb etmiş və çox aqressiv şəkildə ona bildirmişdir. Notariat ofisinin əməkdaşları tərəfindən qanunun tələbləri Təqsirləndirilən şəxs izah olunması cəhdləri heç bir nəticə verməmiş, əksinə Təqsirləndirilən şəxs daha da aqressivləşərək ofisin fəaliyyətini tam şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs ona etirazını bildirərək ondan qeyri-qanuni hərəkətlər etməyi tələb etmişdir. Baş vermiş səsküyə ofisin notariusu Şahid1 gəlmiş və Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışdır. Həmiçinin Şahid1 də Təqsirləndirilən şəxs qanunun tələblərini izah etmişdir. Eyni zamanda əmlakın çıxarışını aldıqdan sonra notariat ofisinə yaxınlaşa biləcəyini və aidiyyəti şəxslərə bu barədə rəsmi imtina qərarı qəbul edilərək təqdim olunacağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs Şahid1 dedikıərini heç cür qəbul etməyərək daha da aqressivləşib, notariat ofisi, eləcə də bütün dövlət orqanları və qurumları barədə söyüş və nalayiq ifadələr işlədərək, notariat ofisinin əməkdaşlarını təhqir etmiş, zor tətbiq etməklə hədələmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs notariat ofisinin fəaliyyətini kobud surətdə pozmuş, qərəzli hərəkətlərini davam etdirib, əsəblərinə hakim olmayaraq atası Şahid3 əlində olan metal çəliyi götürüb ofisin işçisi aparıcı mütəxəssis – kargüzar Zərərçəkmiş şəxs2 sol qol nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. O, dərhal Saatlı rayon Polis şöbəsinə bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışlar. Lakin cəza təyini məsələsini məhkəmənin mülahizisəni buraxırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 Qəhraman oğlu ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, mərhum qayınanası X6 və mərhum oğlu X7 barəsində vərəsəlik işinin açılması və ünvan 3ində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə çalışmışdır. Bunun üçün o, Saatlı şəhərində yerləşən notarisu xidmətinə getmiiş və həmin vaxt notariusun işçilərinə bu barədə bildirmişdir. Həmin vaxt onun yanında oğlu Təqsirləndirilən şəxs da olmuşdur. Bu zaman ona vərəsələrin dairəsi barədə məlumat verilmiş və həmin vərəsələrin şəxsən notariat ofisinə gəlməli və yaxud nümayəndələri tərəfindən təmsil olunmalı olduqları bildirilmişdir. Həmçinin yetkinlik yaşına çatmış vərəsələrin bir neçəsi Rusiya Federasiyasında olduğuna görə onların da “Mobil notariat” tətbiqi vasitəsi ilə və yaxud olduğu yer üzrə notariat ofisinə yaxınlaşaraq istədikləri şəxsə müvafiq etibarnamə vermək hüquqlarının olduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixdə zəruri sənədləri toplayıb, eləcə də xaricdə olan vərəsələrdən etibarnamə alaraq, vərəsələr – arvadı X1, gəlini X8 və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Saatlı rayon notariat ofisinə yaxınlaşmışlar. Saatlı rayon notariat ofisində X7 barəsində vərəsəlik işi açılmış və məhrumun arvadı- X8, qayınanası X1, yetkinlik yaşına çatmış qızı X9, yetkinlik yaşına çatmamış iki uşağı – X10 və X2 vərəsə kimi tanınmışlar. İki azyaşlı vərəsələrin adından qanuni nümayəndə - anaları çıxış etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yazılarkən vərəsələri müşayiət edən şəxs – oğlu Təqsirləndirilən şəxs notariat ofisinin əməkdaşı, aparıcı mütəxəssiz-kargüzar Nümayəndə bildirmişdir ki, vərəsəlik işi bitdikdən sonra əmlaka dair çıxarış alacaq və dərhal notariat ofisində həmin əmlakın alqı-satqısını rəsmiləşdiriləcək. Bu zaman ofisin işçisi tərəfindən ona bildirilmişdir ki, bu halda 15 yaşı tamam olmuş şəxs X10 alqı – satqı müqaviləsini özü imzalamalı, həmçinin qanuni nümayəndəsinin və Saatlı rayon İcra Hakimiyyəti Başçısı Qəyyumluq və Himayəçilik Komissiyasının əqdin bağlanılmasına razılığı olmalıdır. Bu zaman o və oğlu Təqsirləndirilən şəxs etiraz edərək 15 yaşı tamam olmuş şəxs X3 Rusiya Federasiyasında olmasını, Azərbaycana gələ bilməyəcəyini, buna görə də vərəsəlik işində olduğu kimi - yalnız qanuni nümayəndəsi olan anasının iştirakı ilə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini tələb etmişlər. Rüstəm Rüstəmli 2024-cü ilin avqust ayında Azərbaycan Respublikasına gələcək, o isə həmin vaxta qədər gözləmək istəmədiklərini ofisin işçilərinə bildirmişlər. Həmin vaxt oğlu Qalib əsəbləşmiş və notariusun işçilərindən Rüstəm Rüstəmlini yola verməsini tələb etmiş, lakin notariusun işçiləri bu barədə kömək etməmişlər. Ofisin işçiləri ona qanunvericiliyin tələbinə görə Rüstəm Rüstəmli mütləq özünün iştirak etməli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs da əsəbləri gərgin olmuş və bu səbəbdən söz-söhbət yaranmışdır. Oğlu Təqsirləndirilən şəxs əvvəlcə ofisin işçisi Murmanla sözlə mübahisə etmiş, daha sonra isə əsəblərini cilovlaya bilməyərək onun əlində olan metal çəliyi (əsa) onun əlindən alaraq ofisin işçisi Zərərçəkmiş şəxs2 sol qol nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Şahid3 ifadəsini davam etdirərək bildirmişdir ki, o, mübahisə zamanı heç kəsi təhqir etməmiş və vurmamışdır. Hadisə təxminən 20-30 dəqiqə davam etmiş və həmin zaman ətrafda ofisin işçiləri və təxminən 10 nəfərə yaxın vətəndaşlar toplaşmışdır. Hadisə zamanı o, heç kəsi söyməmiş, xəsarət yetirməmiş və hədələməmişdir. O, sadəcə olaraq vərəsəlik sənədlərinin tez hazır olmasını tələb etmişdir. Hadisə zamanı notariusun iş fəaliyyəti tamamilə pozulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli “Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD disk kompyuterin oxuyucusuna taxdıqdan sonra dərhal ekranda 2 ədəd fayl peyda oldu. “**********0955353” adlı fayl 9 dəqiqə 41 saniyə; “**********1951494” adlı fayl isə 16 dəqiqə 46 saniyə müddətindədir. Həmin video görüntülərə tərəfimizdən baxış keçirildi. Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntülərdəki şəxs özüdür. “**********0955353” adlı fayldakı videogörüntüyə baxış keçirilən zaman müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə saat 16:54 dəqiqədən etibarən Təqsirləndirilən şəxs Saatlı rayonu notariat ofisinin inzibati binasının içərisində vərəsəlik məsələsi ilə bağlı müzakirələr aparır. O, vərəsəlik məsələsinin həll olunması üçün mütəmadi olaraq ofisin işçilərinə yaxınlaşır, onlara öz iradlarını bildirir. “**********1951494” adlı fayldakı videogörüntünün 1-ci dəqiqə 3-cü saniyəsində görünür ki, Təqsirləndirilən şəxs aqressiv şəkildə ofisin notariusu Şahid1 və işçilər Nümayəndə, Zərərçəkmiş şəxs2 yaxınlaşıb öz iradlarını bildirir. Videonun irəliləyən dəqiqələrindən görünür ki, Təqsirləndirilən şəxs əməlini davam etdirərək, ucadan səs-küy salır, notariat ofisinin iş fəaliyyətini pozur və ofisin işçiləri tərəfindən orada olan digər vətəndaşlara hüquqi yardım göstərilməsinə mane olur. Videogörüntünün 2-ci dəqiqə 24-cü saniyəsindən görünür ki, ofisin notariusu Şahid1 Təqsirləndirilən şəxs nizam-intizama dəvət etsə də, sonuncu buna riayət etməyərək daha da aqressivləşir. Videogörüntünün 3-cü dəqiqə 24cü saniyəsindən görünür ki, ofisin işçisi Nümayəndə mübahisənin böyüməməsi üçün Təqsirləndirilən şəxs notariat ofisinin inzibati binasından çölə çıxmağa dəvət edir. Bu zaman Təqsirləndirilən şəxs daha da aqressivləşərək Şahid1 ilə ucadan mübahisə etməyə başlayır. Videogörüntünün 10-cu dəqiqə 56-cı saniyəsindən görünür ki, ofisin işçiləri notariat ofisinin iş fəaliyyətini bərpa edərək vətəndaşlara hüquqi yardım göstərməyə çalışsalar da, Təqsirləndirilən şəxs yenidən ofisin inzibati binasına daxil olur və həmin vaxt orada olan notariat ofisinin əməkdaşlarının və müştərilərin gözləri qarşısında uca səslə nalayiq ifadələr işlədib, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, ictimai qaydanı kobud surətdə pozur, cəmiyyətə açıqca hörmətsizliklə ifadə olunan qərəzli hərəkətlər edir. Getdikcə daha da aqressivləşən Təqsirləndirilən şəxs videogörüntünün 11-ci dəqiqə 55-ci saniyəsində ofisin işçilərini təhqir edir və heç bir əsaslı səbəb olmadan atası Şahid3 əlində olan dəmir əsadan silah qismində istifadə edərək, ofisin işçisi aparıcı mütəxəssis – kargüzar Zərərçəkmiş şəxs2 sol qol nahiyyəsindən vuraraq sonuncuya bədən xəsarətləri yetirir. Həmin zaman orada olan vətəndaşları və ofisin işçiləri Təqsirləndirilən şəxs inzibati binadan çölə çıxarırlar. Həmin zaman ofisin iş fəaliyyəti tamamilə pozulur və hadisə yerinə polis əməkdaşları cəlb olunur. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 135 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan, hematoma, sol saidin yuxarı 1/3-də bayır səthdə qançırlar küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyi və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövüsif olunmasını xahiş etsə də, cinayət işini üzrə sübutların məhkəmə iclasında tədqiqi zamanı onun əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövüsif olunması üçün hər hansı əsas müəyyən olunmamışdır. Yuxarıda da qeyd edildiyi kimi Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədldə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, iş yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, 11 iyul 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, 1 ədəd dəmir əsa sahibi Şahid3 qaytarılmalıdır. İşdə mülki iddia, maddi ziyan, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 09 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd dəmir əsa sahibi Şahid3 qaytarılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar