Məhkəmə qərarları › İş №1(055)-67/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-67/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-67/2025 17.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin PX-in 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə 9,98 qram çəkidə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edərək saxlamış və 08 aprel 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığına satış məqsədilə qanunsuz olaraq daşıyıb, orada həmin narkotik vasitədən 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,33 qram hissəsini tanışı Şahid1 10 manat pulun müqabilində qanunsuz olaraq satmış, 16 aprel 2025-ci il tarixdə saat 17:05 radələrində Saatlı rayonu Sarıcalar kəndində işlədiyi kafedə qalan 8,65 qram narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə üstündə daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və orada 17:05-dən 17:16-dək üstü yoxlanılarkən əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd kağız bükümdə həmin 8,65 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni satmışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç kəsə, həmçinin Sərdara narkotik vasitə satmamışdır. İnstintaq vaxtı təziq altında olduğundan qorxusundan etirafedici ifadə vermişdir. Onun üzərində narkotik olmayıb və satmamışdır. O, Saatlı rayonun Sarıcalar kəndində işləyirdi və ordan gəlib onu aparmışlar. Ona təzyiqlər etmişlər ki, narokitki üzərinə götürsün, o, da qorxub üzərinə götürmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, malyar ustası olaraq işləmiş və əldə etdiyi pulla ailəsini dolandırmışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində Saatlı şəhəri Nizami küçəsində yaşayan tanışı Şahid1 onun istifadəsində olan mobil nömrəsinə zəng etmiş və ondan "nəşən var?” deyə soruşmuşdur. O da Sərdara cavabında “hə, var, gəl küçəyə götür” demişdir. Həmin gün təxminən saat 21 radələrində Sərdar onun yaşadığı evin yaxınlığındakı küçəyə gəlmişdir. Üzərində olan narkotik vasitənin bir qismini ağ rəngli kağıza bükərək Sərdara vermiş, qalan hissəsini isə özündə saxlamışdır. Daha sonra Sərdar ona 10 manat pul vermişdir. O, həmin pulu götürüb yaşadığı evə getmişdir. xx.xx.2025-ci il tarixdə Saatlı rayonunun Sarıcalar kəndində kafedə usta kimi işləyərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı bir predmet və ya narkotik vasitə olub-olmadığını, həmçinin Sərdar adlı şəxsə 10 manat məbləğində narkotik vasitə olan marixuana satıb-satmadığını soruşmuşlar. O, səmimi etiraf etməyin yüngülləşdirici hal olacağını düşünərək etiraf etmişdir ki, üzərində qanunla saxlanılması qadağan olunmuş narkotik vasitə var və Sərdar adlı şəxsə 10 manat qarşılığında marixuana satmışdır. Əynindəki gödəkçənin sol yan cibində şəffaf sellofanda saxladığı qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, daha sonra kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Daha sonra polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-nin inzibati binasına getmiş və orada da üstündən aşkar olunmuş kütləyə baxış keçirilmiş, yenidən qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokola imza etmişdir. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində istifadə etdiyi mobil nömrə ilə Saatlı şəhəri, X11 küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng vuraraq ona nəşə satmasını istəmişdir. Bildirmişdir ki, 10 manat pulu var və həmin məbləğə qarşılıq olaraq Arazdan qurudulmuş marixuana almaq istəmişdir. Araz isə ona yaşadığı evin yaxınlığındakı küçəyə gəlməsini demişdir. Bundan sonra o, Saatlı şəhəri, X11 küçəsinə getmişdir. Saat təxminən 21 radələrində Araz onun yanına gəlmiş, o isə üzərində olan 10 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Araz isə ona 1 ədəd kağız bükümdə olan qurudulmuş marixuana vermişdir. Həmin bükümdə olan marixuananın az miqdarından istifadə etmiş, qalanını isə gödəkçəsinin cibinə qoyaraq istifadə etmək məqsədilə saxlamışdır. xx.xx.2025-ci il tarixdə Saatlı şəhəri, H.B.Zərdabi küçəsində piyada hərəkətdə olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üstündə axtarış aparılacağını demişlər. Bununla bağlı etiraz etməmişdir. Polis əməkdaşları üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif etmiş, o da səmimi şəkildə üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı və şalvarının sağ cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Həmin əşyalara baxış keçirilmiş, 1 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Daha sonra həmin kağız bükümdəki kütlə elektron tərəzidə çəkilmiş, kağız zərfə qablaşdırılmış, zərfin üzərinə imza etdikdən sonra Saatlı RPŞ-nin 89 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. “Samsung” markalı mobil telefon isə əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, özü və iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Baxış prosesi videoçəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmin zaman üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kağız bükümdə narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs 10 manat pul müqabilində aldığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-yə getmiş və təhqiqatçının otağında üstündən aşkar olunaraq götürülmüş 1 ədəd kağız bükümdə narkotik vasitəyə baxış keçirilmişdir. Həmin kütləni tanışı Təqsirləndirilən şəxs 10 manat müqabilində aldığını bir daha etiraf etmişdir. Daha sonra həmin narkotik vasitə kağız zərfə qablaşdırılmış, zərfin üzərində imza etdikdən sonra Saatlı RPŞ-nin 89 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bütün bunlara dair protokol tərtib olunmuş, özü və iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdi ki, Saatlı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 aprel 2025-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə Saatlı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili X1 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Elvin Məhərrəmov raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Elvin Məhərrəmova həvalə olunmuşdur. Elvin Məhərrəmov tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru X2, KMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X4 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Şahid1 Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər əməliyyat nəzarətinə götürmüşlər. 16 aprel 2025-ci il tarixdə saat 14:56-da başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri ilə əlaqədar Saatlı şəhəri X11 küçəsində Şahid1 müəyyən olunduğu üçün ona daxil olmuş məlumat barədə bildirib üstündə hər hansısa bir qanunsuz əşya, narkotik vasitənin olubolmaması, olduğu təqdirdə özünün təqdim etməsini bildirmişlər, hazırkı vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlığının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüququnun olması, təhqiqat zamanı müdafiəçinin təmin olunacağı izah edilmişdir. Bundan sonra Şahid1 əynindəki şalvarının sağ yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu, əynindəki göy rəngli cins gödəkçənin sol yan cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində "nəşə" olduğunu və həmin "nəşəni" qonşusu Arazdan 10 manata aldığını bildirmişdir. Həmin büküm açılıb içərisinə baxılarkən içərisində qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. İçərisində marixuanaya oxşar kütlə olduğu bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 2 qram olduğu müəyyən olunmuşdur. Həmin 01 ədəd bükümdəki marixuanaya oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. "Samsung" markalı mobil telefon da onlar tərəfindən götürülmüşdür. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlə, mobil telefon, həmçinin Şahid1 Saatlı polis şöbəsinə gətirilərək müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Şahid1 müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Şahid1 həmin kütlə ilə birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra onların iştirakı ilə Şahid1 üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən baxış keçirilmişdir. Şahid1 üstündən aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Şahid1 təklif edilmişdir ki, üzərində başqa əşya varsa təqdim etsin. Şahid1 üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu əsasında Şahid1 kütlənin özünə aid olduğunu, satış məqsədinin olmadığını, qurudulmuş marixuana olduğunu və həmin "nəşəni" qonşusu Arazdan 10 manata aldığını bildirmişdir. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, digər iştirakçılar kimi o da protokola imza etmişdir.Bundan sonra Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 icraatına daxil olmuş Saatlı RPŞ-nin Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığında ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid1 qanunsuz olaraq narkotik vasitə satması qeyd edilmiş, həmçinin Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Şahid3 raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid3 həvalə olunmuşdur. Şahid3 tərəfindən təxirəsalınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. 16 aprel 2025-ci il tarixdə saat 17:05-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri ilə əlaqədar Saatlı rayonu Sarıcalar kəndi ərazisində Təqsirləndirilən şəxs müəyyən olunduğu üçün ona daxil olmuş məlumat barədə, yəni Şahid1 saxlanılarkən üstündən aşkar edilmiş narkotiki “Araz” adlı şəxsdən aldığını və Araz adlı şəxsin Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini bildirib üstündə hər hansısa bir qanunsuz əşyanın, narkotik vasitənin olub-olmaması, olduğu təqdirdə özünün təqdim etməsini bildirmişlər, hazırkı vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlığının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüququnun olması, təhqiqat zamanı müdafiəçinin təmin olunacağı izah edilmişdir. Quliyev X6 bir büküm "narkotik"i 10 manata satdığını bildirərək əynindəki şalvarının sağ yan cibindən 01 ədəd "KGTEL" markalı mobil telefonu, 01 qutu "West" markalı siqareti, 01 ədəd alışqanı, əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində "narkotik" olduğunu bildirmişdir. Həmin büküm açılıb içərisinə baxılarkən içərisində qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. İçərisində marixuanaya oxşar kütlə olduğu bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 9.42 qram olduğu müəyyən olunmuşdur. Həmin 01 ədəd sellofan bükümdəki marixuanaya oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. "KGTEL" markalı mobil telefon onlar tərəfindən götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlə, mobil telefon, həmçinin Təqsirləndirilən şəxs Saatlı polis şöbəsinə gətirilərək müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə ilə birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində başqa əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs kütlənin özünə aid olduğunu, satış məqsədinin olmadığını, qurudulmuş marixuana olduğunu və həmin "nəşənin” bir hissəsini, yəni 1 ədə kağız bükümdə 10 manat pul müqabilində Sərdara satdığını etiraf etmişdir. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, digər iştirakçılar kimi o da protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 da Şahid2 ilə eyniməzmunlu ifadə vermişlər. İşdə olan 16 aprel 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1 üstünə baxış keçirilən zaman əynindəki gödəkçənin sol cibində saxladığı 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və 1 ədəd kağız bükümdə olan qurudulmuş marixuananın çəkisinin olduğu kağız bükümlə birlikdə 2 qram olduğu müəyyən olunmuşdur. Şahid1 həmin kütləni tanışı Təqsirləndirilən şəxs 10 manat pul müqabilində aldığını etiraf etmişdir. İşdə olan 16 aprel 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı şəhər sakini Şahid1 üstündən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanalara baxış keçirilmiş, Şahid1 həmin kütləni tanışı Təqsirləndirilən şəxs 10 manat pul müqabilində aldığını bir daha etiraf etmişdir. İşdə olan 16 aprel 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki gödəkçənin sol yan cibində saxladığı 1 ədəd kağız bükümdə olduğu bükümlə birlikdə 9,42 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu əsasında üstündən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini, yəni 01 ədəd kağız bükümdə tanışı Şahid1 10 manat pul müqabilində satdığını etiraf etmişdir. İşdə olan 16 aprel 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı şəhər sakini Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kütlədən 01 ədəd kağız bükümdə tanışı Şahid1 10 manat pul müqabilində satdığını bir daha etiraf etmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/313 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1) Tədqiqata təqdim olunmuş üzərində: "...Şahid1 üzərindən.." sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən.." sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 8,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 ədəd bükümdə olan narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 3557 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək, Şahid1 narkotik vasitə satmadığını göstərmişdir. Lakin təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində, xx.xx.2025-ci il tarixdə1 ədəd kağız bükümdə olan qurudulmuş marixuananı 10 manat pulu Təqsirləndirilən şəxs aldığını ifadəsində bildirmişdir. Bundan başqa, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(055)-603/2025 saylı qərarı ilə Şahid1 Təqsirləndirilən şəxs az miqdarda narkotik vasitə alaraq üzərində saxladığı və daşıdığı üçün İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə olunmuş və həmin qərar qanuni qüvvəsini almışdır. Bundan başqa, işdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/313 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş Şahid1dan aşkar olunmuş və Təqsirləndirilən şəxsdan aşkar olunmuş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının ona fiziki zor tətbiq etmələri ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda onlar hər ikisi bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki zor nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Məhkəmənin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Məhkəmə iclasında Təqsirləndirilən şəxs şəxsi işində olan tutulmuş şəxsin tibbi kitabçasına baxış keçirilmiş və Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinəsi zamanı, bədən baxışı zamanı yeni zədə və xəsarəti izi aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2025-ci il tarixdə saat 11 radələrində saxlanıldığı, sonradan isə ittihamda qeyd edilən saatda tutulduğu yerə gətirilməsi ilə bağlı qeyd etdikləri məhkəmə araşırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin xx.xx.2025-ci il tarixdə saat 09:00-dan 18:00-dək anten məlumatlartının "xxxx" MMC-dən götürülməsi qərar alınmışdır. Məhkəmənin qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirlərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə xx.xx.2025-ci il tarixdə saat 09:19:05-də, 09:19:11-də, 09:28:14-də Saatlı rayonunda, saat 15:02:46-da isə Saatlı rayonu Sarıcalar kəndi olmuşdur. Həmin saatdan sonra mobil nömrənin anten dairəsi müəyyən olunmamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdə saat 11:00-dan 17:00-dək polis şöbəsində saxlanılması öz təsdini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs həmin gün saat 15:02:46-da Saatlı rayonu Sarıcalar kəndində olmuşdur. Məhkəmə bir daha qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi fakt öz təsdiqini tapmamış və müdafiə tərəfi də bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsi işdə olan təkzibolunmaz sübutların məcmusu ilə təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin göstərdikləri özünümüdafiə məqsədilə verilmiş sayılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2025-ci ildə şübhəli şəxs qismində tutulmuş, 18 aprel 2025-ci il tarixdə Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 9,94 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 16 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 9,94 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar