Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-68/2023 14.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə saat:10:15 xx xxxx 1992-ci il tarixdə Saatlı rayonunun Qaracalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Saatlı Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli,1(055)-53/2023 saylı hökmünə əsasən qəti olaraq təyin edilmiş iki il yeddi ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkən, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq. Müəyyənetdi: Təqsirləndirilən şəxs, 26 avqust 2023-cü il tarixdə saat 19:30 radələrində Saatlı şəhəri, H.Əliyev prospekti 155A ünvanında yerləşən “OBA Market” mağazasına daxil olub, tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü, orada rəfdən 11 manat 99 qəpik qiymətində 700 ml həcmində bir şüşə “Organika Green” markalı spirtli içki olan arağı, mağazada olan satıcı Zərərçəkmiş şəxs2 və müştərilərin gözü qarşısında, açıq şəkildə götürüb aparmaqla talayaraq, həmin mağazanın müdiri, zərərçəkmiş Zərərçəkmiş şəxs1 11 manat 99 qəpik məbləğdə maddi ziyan vurmuş, yəni özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 16 avqust 2023-cü il tarixdə təxminən saat 19 radələrində pulu olmadığına və araq içmək istədiyi üçün Saatlı şəhəri H.Əliyev prospektində yerləşən “OBA Market” mağazasına gedib orada müdriyyətdən ona pulsuz araq verməsini istəməsi üçün həmin marketə daxil olmuşdur. Orada satıcı işləyən, tanımadığı bir qadına ona pulsuz bir butulka araq verməsini demiş, qadın isə “olmaz” cavabını vermişdir. O da qadına heç nə deməyib onun gözü qabağında gedib vitrindən bir ədəd araq götürmüş və mağazadan çölə çıxmışdır. Bu vaxt həmin qadın ona arağı qaytarmasını demiş, o isə qadına “qaytarmıram, elə fikirləş ki, əlindən düşüb sınıb” demişdir. Həmin qadın mağazanın giriş qapısından ona çox desə də o, qadına əhəmiyyət verməyib çıxıb getmiş və həmin arağı içmişdir. 28 avqust 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və Saatlı şəhərində yerləşən “OBA” marketinin müdiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 ona zəng edib Tərlan adlı şəxsin marketə gəlib ondan pul istədiyini, Tərlana pul verə bilməyəcəyini dedikdə Tərlanın marketdə spirtli içkilərin yığıldığı rəfin yanına gedib oradan onun və marketdəki müştərilərin yanında bir ədəd şüşə butulkada spirtli içki götürdüyünü, Tərlana təkidlə spirtli içkini qaytarıb yerinə qoymasını desə də sonuncunun ona əhəmiyyət verməyib spirtli içkini götürüb qaçıb getdiyini demişdir. O da dərhal marketə qayıtmış, Məryəm olanlar barəsində həyəcanlı vəziyyətdə yenidən ona danışmış və Tərlanın hansı spirtli içkini götürdüyünə baxdıqda qiymətinin 11 manat 99 qəpik olan bir ədəd “Organika Green” markalı spirtli içkinin götürüldüyünü müəyyən etmişdir. Bundan sonra marketdə olan müşahidə kamerlarının görüntülərində baxarkən Tərlan adlı şəxsin necə marketdə daxil olub satıcı Məryəm ilə mübahisə etdiyini və marketin rəfindən 1 ədəd şüşə butulkada spirtli içkini götürüb çıxıb getdiyini müşahidə etmişdir.Dəymiş ziyan ödənilməmişdir.Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2022-ci ilin dekabr ayından Saatlı rayonu H.Əliyev prospekti 155A ünvanında yerləşən “OBA” marketində kassır-satıcı işləyir. xx.xx.2023-cü il tarixdə sat 19 radələrində işdə olarkən Təqsirləndirilən şəxs əvvəlcə marketin qapısının qarşısında dayanıb marketin içərisinə baxmış, qadın müştərilər marketdən çıxdıqdan sonra Tərlan marketə daxil olub onun oturduğu kassaya yaxınlaşmışdır. Tərlan ondan pul tələb etmiş, o isə Tərlana marketdə işçi olduğunu və pul verə bilməyəcəyini bildirmişdir. Tərlan ona əlini göstərərək əlinin içində nəsə olduğunu deyib pul verməyəcəyi halda ona xəsarət yetirə biləcəyini demiş, o da Tərlana “səndən qorxmuram, sən mənə heç nə edə bilməzsən” cavabını vermişdir. Daha sonra Tərlan əsəbi halda marketdə spirtli içkilərin yığıldığı vitrinin yanına gedib oradan 11 manat 99 qəpik dəyərində 1 ədəd şüşə butulkada “Organika Green” markalı spirtli içkini götürərək marketdən çıxıb ərazidən uzaqlaşmışdır. O da Tərlanın arxası ilə qaçıb götürdüyü araq butulkasını geri qaytarmasını tələb etsə də, Tərlan marketdən götürdüyü araq butulkasını sındırıb ona xəsarət yetirəcəyini bildirmiş, o da qorxduğundan və marketdə müştərilərin olmasına görə Tərlanın arxası ilə getməyib marketə geri qayıtmış və dərhal marketin müdiri Zərərçəkmiş şəxs1 zəng vurmuşdur. Təxminən 10 dəqiqədən sonra Fəqan da marketə gəlib spirtli içkilərin yığıldığı vitrinə və marketin müşahidə kamerasının görüntüsünə baxmış, hadisə barədə polisə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Dəymiş ziyan ödənilməmişdir.Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 26 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 satıcı işlədiyi Saatlı şəhəri, H.Əliyev prospekti 155A ünvanında yerləşən “OBA” marketdə spirtli içkilərin yığıldığı vitrindən bir ədəd araq şüşəsinin götürülüb aparılması ilə bağlı həmin cinayəti törətmiş Tərlan adlı şəxsi müəyyən etmək məqsədilə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs müəyyən edib Saatlı RPŞ-nin İB-yə təqdim etmişlər və Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman Saatlı şəhəri H.Əliyev prospekti 155A ünvanında yerləşən “OBA” marketdən soyğunçuluq etməsini bildirmişdir. İfadələrin yerində yoxlanılması aparılan zamanı fotoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Məhkəmə istintaqı zamanı şahid X2 Şahid2 ilə oxşar məzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 28 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 satıcı işlədiyi Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketindən bir ədəd şüşə butulkada arağ birinci sırada yerləşən spirtli içkilərin yığıldığı rəfdən açıq talanmışdır. İşdə olan 28 avqust 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Saatlı şəhəri H.Əliyev prospekti 155A ünvanında yerləşən “OBA” marketin müşahidə kameralarının görüntülərinə marketdəki “Philips” markalı monitorda baxılarkən Təqsirləndirilən şəxs “OBA” marketin qarşısında dayandığı, bir qədər gözlədikdən sonra marketə daxil olduğu və marketin satıcısı Zərərçəkmiş şəxs2 ilə sözlə mübahisə etdiyi, bundan sonra marketdə sol tərəfdə yerləşən spirtli içkilərin yığıldığı vitrindən 1 ədəd araq şüşəsini götürüb marketdən çıxması, satıcı Zərərçəkmiş şəxs2 onun ardıca çıxıb ona nəsə deməsi müşahidə edilmişdir. Həmin görüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən marketdəki apartdan 1 ədəd “Flash kart”a, oradan isə Saatlı RPŞdə xidməti iş otağında komyuter vasitəsilə 1 ədəd CD-yə köçürülüb protokola əlavə edilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli,1(055)- 53/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 maddələri ilə iki il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq iki il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılması ona təyin olunmuş iki il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq iki il yeddi ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza CM-nın 66-cı maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qaydalar əsasında təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nın 66.1-66.2-ci maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası CM-nın 66.1-ci maddəsinə əsasən məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Saatlı Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(055)-53/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş iki il yeddi ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, üzərində qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 28 avqust 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-68/2023
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-68/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver