Məhkəmə qərarları › İş №1(055)-7/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-7/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-7/2024 09.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə saat 11:05-də xx xxxxxx 1991-ci il tarixdə Saatlı rayonu Mircəlal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Saatlı rayonu Mircəlal kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə saat 23 radələrində Saatlı rayonu Mircəlal kəndində Şahid1 həyətindəki toy mərasimi zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 rəqs edərkən onlara lağ etdiyinə görə Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb “guya siz Saatlının canavarlarısınız?” dediyini bəhanə edərək həmin mərasimdə iştirak edən şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq Zərərçəkmiş şəxs1 üst dodaqda, sol yanağın selikli qişasında yaralar, alt və üst dodaqda, sol yanağın selikli qişasında qansızmalar, sol yanaq proyeksiyasında hematomadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol gicgah - alın nahiyəsində, burunun belində, sağ kürəküstü nahiyədə, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol baldırın orta 1/3-də ön səthdə, sağ baldırın yuxarı 1/3-də ön səthdə qançırlardan ibarət sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs2 isə sağ diz oynağının bayır səthində hematomadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və alın nahiyəsində solda, sol bazunun orta 1/3-də iç səthdə, sol kürəkaltı nahiyədə, sol baldırın orta 1/3-də bayır səthdə qançırlardan ibarət sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirməklə və onları öldürməklə və vurmaqla hədələyərək toy mərasimində iştirak edən şəxslərin dincliyini pozub qəsdən xuliqanlıq etmiş, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əsəbi olduğundan çox da yaxşı xatırlamasa da, hadisə ittihamda göstərilən kimi olmuşdur. Zərərçəkmiş şəxs1 ona söz deyəndən sonra o, əsəbləşərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmuş, Pərviz və Sadiq də onu vurmuşdur. Lakin birinci o, Pərvizi və Sadiqi vurmuşdur. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə istintaqında iştirak etməyən iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələblərinin olmadığını, ailə vəziyyəti və işlə əlaqədar olaraq məhkəmə iclasında işirak edə bilməyəcəklərini bildirmişlər və məhkəmə iclasının onların iştrakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən gün Şahid1 həyətindəki toy mərasimində olmuşlar. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında dava başlayan zaman o, Şahid1 və bir neçə şəxslə birlikdə içəridə - toyxanada olmuş, Ellərin Pərvizi və Sadiqi vurmasını görməmiş, sonradan gəldikdə onların sözlə mübahisə etdiklərini görmüş və onları aralaşdırmışdır. Ellərin üzərinə çox adam gəldiyi üçün o, Elləri uzaqlaşdıraraq avtomobilinə aparmış, özü də daha sonra avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Ellərin Pərvizi və Sadiqi vurmasını sonradan eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi nəvəsidir. Hadisə baş verən zaman o, toy sahibi kimi həmin yerdə olmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun oğlunun iş yoldaşlarıdır. Ellər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır, lakin qəfil nə üçün tanımadığı adamları vurduğunu bilmir. Ellər toyda dava salıb onun toyunu dağıtmışdır. O, Ellərin Pərvizi və Sadiqi vurmasını görmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 aprel 2023-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs2 Saatlı Rayon Polis Şöbəsinə müraciət edərək 25 aprel 2023-cü il tarixdə Şahid1 nəvəsinin kiçik toy məclisində iştirak edən zaman tanımadığı şəxslər tərəfindən ona və Zərərçəkmiş şəxs1 hücum edildiyini, təhqir edildiklərini bildirmişdir. Şahid1 isə Saatlı Rayon Polis Şöbəsinə müraciət edərək 25 aprel 2023-cü il tarixdə nəvəsinin kiçik toy məclisində Saatlı rayonu Mircəlal kənd sakini Təqsirləndirilən şəxs Bakı şəhərindən qonaq gəlmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vuraraq onlara xəsarət yetirməsini bildirmiş və Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 26 aprel 2023-cü il tarixdə Saatlı rayonu Mircəlal kənd sakini Şahid1 Saatlı Rayon Polis Şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə əlaqədar Şahid1 yaşadığı ünvana baxış keçirilmiş, faktla əlaqədar Şahid1 bildirmişdir ki, 25 aprel 2023-cü il tarixdə nəvəsinin kiçik toy məclisi keçirilərkən oğlunun dostları və iş yoldaşları Bakı şəhərindən toyda iştirak etmək üçün gəlmişlər. Saat təxminən 22:30 radələrində Saatlı rayonu Mircəlal kənd sakini Təqsirləndirilən şəxs rəhmətlik Aydının oğlu Muradla birlikdə münaqişə yaradaraq X3 və Zərərçəkmiş şəxs1 toy üçün nəzərdə tutulmuş mağardan çıxarkən qəfil onların üstünə gəlib hücum etdiyini və vuraraq xəsarət yetirdiyini, daha sonra mağardan 10-15 metr sonra həyətin giriş hissəsinin qarşısında Ellərin idarə etdiyi avtomobili Sadiqin üzərinə sürdüyünü, ayaq nahiyəsini avtomobilin önü ilə vurduğunu və qarşılarını kəsdiyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Saatlı Rayon Polis Şöbəsinə müraciət edərək 25 aprel 2023-cü il tarixdə Saatlı rayonu Mircəlal kəndində Şahid1 nəvəsinin kiçik toy məclisində olarkən tanımadığı şəxslərin onu döydüyünü bildirmiş, həmin şəxslərin kimliyinin müəyyən edilərək barələrində qanuni ölçü götürülməsini xahiş etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X7 Şəxsin 29 aprel 2023-cü il tarixli 106 saylı rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 alın nahiyəsində solda, sol bazunun orta 1/3-də iç səthdə, sol kürəkaltı nahiyədə, sol baldırın orta 1/3-də bayır səthdə qançırlar, sağ diz oynağının bayır səthində hematoma küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 25 aprel 2023-cü il tarixə uyğun gəlir, ayrıayrılıqda dərəcəsinə görə sağ diz oynağının bayır səthində hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər - alın nahiyəsində solda, sol bazunun orta 1/3-də iç səthdə, sol kürəkaltı nahiyədə, sol baldırın orta 1/3-də bayır səthdə qançırlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X7 Şəxsin 29 aprel 2023-cü il tarixli 107 saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 üst dodaqda, sol yanağın selikli qişasında yaralar, alt və üst dodaqda, sol yanağın selikli qişasında qansızmalar, sol yanaq proyeksiyasında hematoma, sol gicgah - alın nahiyəsində, burunun belində, sağ kürəküstü nahiyədə, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol baldırın orta 1/3-də ön səthdə, sağ baldırın yuxarı 1/3-də ön səthdə qançırlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 25 aprel 2023-cü il tarixə uyğun gəlir, ayrı-ayrılıqda dərəcəsinə görə üst dodaqda, sol yanağın selikli qişasında yaralar, alt və üst dodaqda, sol yanağın selikli qişasında qansızmalar, sol yanaq proyeksiyasında hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər - sol gicgah - alın nahiyəsində, burunun belində, sağ kürəküstü nahiyədə, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol baldırın orta 1/3-də ön səthdə, sağ baldırın yuxarı 1/3-də ön səthdə qançırlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 18 may 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Saatlı Rayon Polis Şöbəsinə müraciət edərək 25 aprel 2023-cü il tarixdə Saatlı rayonu Mircəlal kəndində keçirilmiş toy zamanı Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alsa da, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 22 may 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Saatlı Rayon Polis Şöbəsinə müraciət edərək 25 aprel 2023-cü il tarixdə Saatlı rayonu Mircəlal kəndində keçirilmiş toy zamanı Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alsa da, heç kimdən şikayətinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 may 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Polis Şöbəsinə müraciət edərək 25 aprel 2023-cü il tarixdə qohumu Şahid1 həyətindəki toy məclisi zamanı xəsarət alsa da, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, heç kimdən şikayət və tələbinin olmadığnı bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 14 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş İ-19682, İ-17762, İ-7582 və İ- 25635 saylı Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmə barədə vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Elektron məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 25 aprel 2023-cü il tarixdə saat 23 radələrində Saatlı rayonu Mircəlalkənd kəndində Şahid1 həyətindəki toy mərasimi zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 rəqs edərkən onlara lağ etdiyinə görə Zərərçəkmiş şəxs1 ona yaxınlaşıb “guya siz Saatlının canavarlarısınız?” dediyini bəhanə edərək həmin mərasimdə iştirak edən şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq Zərərçəkmiş şəxs1 üst dodaqda, sol yanağın selikli qişasında yaralar, alt və üst dodaqda, sol yanağın selikli qişasında qansızmalar, sol yanaq proyeksiyasında hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol gicgah alın nahiyəsində, burunun belində, sağ kürəküstü nahiyədə, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol baldırın orta 1/3-də ön səthdə, sağ baldırın yuxarı 1/3-də ön səthdə qançırlardan ibarət sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən, Zərərçəkmiş şəxs2 isə sağ diz oynağının bayır səthində hematomadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və alın nahiyəsində solda, sol bazunun orta 1/3-də iç səthdə, sol kürəkaltı nahiyədə, sol baldırın orta 1/3-də bayır səthdə qançırlardan ibarət sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirməklə və onları öldürməklə və vurmaqla hədələyərək toy mərasimində iştirak edən şəxslərin dincliyini pozub qəsdən xuliqanlıq etməsi, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edildiyi hallarda yaranır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2-ci qrup əlil olmasını və Vətən müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikasının medalları ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə on faiz məbləğdə pul tutulmaqla altı ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar