Məhkəmə qərarları › İş №1(055)-70/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-70/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-70/2024 07.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1990-cı ildə Saatlı rayonunun Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2024-cü ilin aprel ayının axırında yaşadığı Saatlı rayonu Mustafabəyli kəndindəki evinin bağ sahəsində müxtəlif növ tərəvəz bitkilərinin arasında torpaqda 9 ədəd, orada 3 ədəd plastik qabın hər birində 1 ədəd olmaqla, ümumilikdə 12 ədədini xüsusi hazırladığı torpağa qanunsuz olaraq əkmiş, 24 iyun 2024-cü il tarixədək müddət ərzində həmin torpaq sahəsində böyüyən 3 ədəd plastik qabın hər birində 1 ədəd, torpaqda isə 9 ədəd olmaqla, ümumilikdə 12 ədəd xeyli miqdarda çətənə (kannabis) şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, həmin ünvanda 24 iyun 2024-cü il tarixdə saat 20:15 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilən zaman 12 ədəd xeyli miqdarda yaş vəziyyətdə ümumi çəkisi – 1850,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüş, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkibyetişdirərək kultivasiya etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, arada-bir narkotik vasitə olan nəşədən istifadə edir. O, Xocavənd rayonunda aparılan təmir tikinti işlərində fəhlə kimi işləyir. 2024-cü il tarixdə Xocavənd rayonunda fəhlə işləyərkən nəşə toxumları tapmışdır. Həmin toxumları kibrit qutusunun içərsinə yığıb yaşadığı Saatlı rayonu Mustafabəyli kəndində yerləşən evinə gətirmiş və həmin kibrit qutusunda olan toxumları əkib məhsulunu yığarmaq məqsədilə evdə gizlətmişdir. 2024-cü ilin aprel ayının axırlarında həyətyanı sahənin bağ hissəsində mültəlif növ tərəvəz bitkilərinin arasında həmin toxumlardan torpağa və 3 ədəd plastik qabda olan torpağa əkmişdir. Həmin toxumlardan 12 ədəd yəni 3 ədəd plastik qabın hər birində 1 ədəd, torpağa əkdiyi toxumlardan isə 9 ədəd, ümumilikdə 12 ədəd nəşə bitkiləri bitmişdir. 24 iyun 2024-cü il tarixdə saat 20 radələrində polis əməkdaşları yaşadığı evə gəlib həyətində narkotik tərkibli bitkiləri əkməyi barədə məlumatlarının olduğunu, bununla bağlı həyətyanı sahəyə baxış keçirəcəklərini bildirdikdə o, polis əməkdaşlarının onun çətənə bitkisi əkməyi barədə məlumatları olduğunu başa düşüb etiraz etməmiş və bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşları bağ sahəsinə baxış keçirərkən 12 ədəd çətənə bitkilərini aşkar etmişlər. Baxışda iştirak edən aqronom tərəfindən həmin bitkilərə baxış keçirilmiş və daha sonra çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq götürülmüşdür. Baxış zamanı foto və videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Hazırda əməlinə görə peşmançılıq çəkir, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Himayəsində iki azyaşlı övladı vardır.Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Saatlı RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 iyun 2024-cü il tarixdə Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olmaqla yaşayn Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkibbecərməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs bağ sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı bağ sahəsindən ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin şitillərini aşkar etmişlər.Baxışda iştirak edən aqronom həmin bitkilərə baxış keçirilmiş və Tural İbrəhimli bildirmişdir ki, həmin bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Həmin bitkilər tərəflərindən əkildikləri yerdən çıxarılaraq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. Baxış keçirilərkən foto və videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Saatlı RİHB-nın Mustafabəyli kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyir. 24 iyun 2024-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları onu keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. O, digər hal şahidi qismində dəvət edilmiş Saatlı rayon Mustafabəyli kənd bələdiyyə sədri vəzifəsində işləyən Şahid5, polis əməkdaşları və aqronomla birlikdə Saatlı rayonu, Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom tərəfindən həmin 12 ədəd bitkiyə baxış keçirilmişdir. Həmin bitkilər əkildikləri yerdən çıxarılaraq götürülmüş, baxış zamanı foto və videoçəkiliş aparılmış, protokol tərtib edilərək imza edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan “baxış keçirilməsi haqqında” 24 iyun 2024-cü il tarixli protokoldan, ona əlavə olan videoçəkilişdən görünür ki, Saatlı rayonu Mustafabəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 25 iyun 2024-cü il tarixli 3-16-16/2-18/610 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən...” sözləri və imzalar olan sintetik torbanı açdıqda ümumi sayı 12 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 1850,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 12 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşdə olan məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 5704 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində müxtəlif növ tərəvəz bitkiləri olan yerdə aşkar olunmuş ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, ailəsinin yeganə qazanc gətirəni olmasını, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə teztez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən prinsiplər nöqteyi-nəzərindən yanaşdıqda da aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 24 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 26 iyun 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan on iki ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə 31 manat 95 qəpik ekspertiza xərci tərsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan on iki ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar