Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-73/2024 15.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1977-ci il tarixdə Saatlı rayonunun Fətəlikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Saatlı rayonunun Fətəlikənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 11:40-da baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2024-cü ilin mart ayının əvvəlində yaşadığı Saatlı rayonu Fətəlikənd kəndindəki evinin bağ sahəsində böyürtkən kollarının arasında xüsusi hazırladığı torpağa qanunsuz olaraq əkmiş, 01 iyul 2024-cü il tarixədək müddət ərzində həmin torpaq sahəsində böyüyən ümumilikdə 12 ədəd xeyli miqdarda çətənə (kannabis) şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 01 iyul 2024-cü il tarixdə saat 19:05 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilən zaman 12 ədəd xeyli miqdarda yaş vəziyyətdə ümumi çəkisi – 3000,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüş, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o əvvəllər narkotik vasitələrin istifadəçisi olmuş, 2020-ci Saatlı Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona həmin hökmlə məcburi müalicə təyin edilmiş, həqiqətən də müalicə alaraq sağalmış, lakin azadlığa çıxdıqdan sonra yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əkdiyi 12 ədəd çətənə bitkisinin toxumlarını istifadə etdiyi narkotik vasitənin içərisindən tapmış və əkmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, Şahid4 ifadəsində göstərdi ki, Saatlı rayon İHB-nin Fətəlikənd kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyir. 01 iyul 2024-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları onu keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. Bundan sonra Saatlı rayon Fətəlikənd kənd sakini Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 12 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli həmin bitkilərə aqrotexniki qaydada becərilmə və qulluq işlərinin aparıldığını bildirmişdir. Həmin 12 ədəd bitkilər polis əməkdaşları tərəfindən əkildikləri yerdən çıxarılaraq qablaşdırılmış, möhürlənib götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 01 iyul 2024cü il tarixdə Saatlı rayonu Fətəlikənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində böyürtkən kolları arasında qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə ona daxil olmuş və həmin məlumat əsasında qərar qəbul edilmişdir. Bundan sonra, həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı onun və digər şahidlərin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsində böyürtkən kolları arasında narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində böyürtkən kolları arasında ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün əkibyetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 12 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli bildirmişdir ki, həmin bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Bununla bağlı Tural İbrəhimli tərəfindən rəy tərtib edilərək polis əməkdaşlarına təqdim olunmuşdur. Həmin 12 ədəd bitkilər polis əməkdaşları tərəfindən əkildikləri yerdən çıxarılaraq ekspertizaya göndərilməsindən ötrü sintetik torbalarda qablaşdırılmış, həmin torba möhürlənib götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Saatlı rayonu Fətəlikənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində böyürtkən kolları arasında ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 02 iyul 2024-cü il tarixli 3-16-16/2-18/635 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində..12 ədəd” sözləri və imzalar olan sintetik torbada ümumi sayı 12 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 3000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 01 iyul 2024-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində böyürtkən kolları arasında aşkar olunmuş ümumilikdə 12 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, Saatlı Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 1(055)-63/2021 saylı hökmünün və Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 7(010)-1031/2022 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və məhkumluqları ödənilmişdir. Sonuncu dəfə Saatlı Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmaqla 01 il 02 ay 28 gün müddətə endirilmiş, həmin məhkəmənin 31 oktyabr 2022ci il tarixli qərarı ilə 01 ay 19 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı MRX-yə aid olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan və Bakı Baş Səhiyyə İdarəsi Kliniki Tibbi Mərkəzinin 7894 nömrəli epikrizindən görünür ki, Təqsirləndirilən şəxs xroniki “Hepatit C” virusu, xroniki polisistit, xroniki pankreatit diaqnozu qoyulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2024-cü ilin mart ayının əvvəlində yaşadığı Saatlı rayonu Fətəlikənd kəndindəki evinin bağ sahəsində böyürtkən kollarının arasında xüsusi hazırladığı torpağa qanunsuz olaraq əkməsi, 01 iyul 2024-cü il tarixədək müddət ərzində həmin torpaq sahəsində böyüyən ümumilikdə 12 ədəd xeyli miqdarda çətənə (kannabis) şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etməsi, 01 iyul 2024-cü il tarixdə saat 19:05 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilən zaman 12 ədəd xeyli miqdarda yaş vəziyyətdə ümumi çəkisi – 3000,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş, orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkilərinin aşkar olunaraq götürülməsi, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 3cü siyahıya əsasən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin miqdarı 3-15 ədəd olduqda xeyli miqdar başa düşülür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu əkib onlara aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə xeyli miqdarda kultivasiya etdiyindən onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs xəstə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkumluğu olmuş və ödənilmiş, sonuncu dəfə Saatlı Rayon məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmaqla 01 il 02 ay 28 gün müddətə endirilmiş, həmin məhkəmənin 31 oktyabr 2022-ci il tarixli qərarı ilə 01 ay 19 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də başqa cinayət əməllərinə görə məhkumluqları olmuş və həmin cinayətlərə görə məhkumluqları ödənilmişdir. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyinində təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin xx.xx.2024-cü il tarixli 5279 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 01 iyul 2024-cü il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdən 03 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 03 iyul 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 02 iyul 2024-cü il tarixli 3-16-16/2- 18/635 saylı ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdən 03 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub iki gün saxlanılması ona təyin olunmuş iki il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 15 oktyabr 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-73/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-73/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver