Məhkəmə qərarları › İş №1(055)-74/2024

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-74/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-74/2024 23.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1989-cu ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, məhkum olunmamış, Cəbrayıl şəhəri, M.Mehdizadə küçəsi ev 38-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, 20 noyabr 2023-cü il tarixdə saat 00 radələrində Laçın şəhəri, İ.Mirzəyev küçəsi ev 93-də qeydiyyatda olmaqla, Saatlı rayonu Nərimankənd kəndi ərazisindəki qaçqın və köçkün qəsəbəsi ev 79-da yaşayan Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncuya məxsus fərdi yaşayış evinin yataq otağının açıq pəncərəsindən yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub, oradakı yataq otağında olan çemodandan 400 manat dəyərində 5 qram çəkidə 1 ədəd qızıl kişi üzüyü, 560 manat dəyərində 7 qram çəkidə 1 ədəd qızıl qadın üzüyü, 480 manat dəyərində 6 qram çəkidə 1 ədəd qızıl qadın üzüyü, 240 manat dəyərində 3 qram çəkidə 1 ədəd qızıl qadın üzüyü, 560 manat dəyərində 7 qram çəkidə 1 ədəd qızıl kişi qolbağı, 480 manat dəyərində 6 qram çəkidə 1 ədəd qızıl kişi qolbağı, ümumilikdə 320 manat dəyərində hər biri 2 qram olan 2 ədəd qızıl dişi və 70 manat məbləğində pulu götürüb apararaq oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3110 manat məbləğdə maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 may 2024-cü il tarixdə saat 22 radələrində Füzuli rayonu Aybasanlı kəndində qeydiyyatda olmaqla, Saatlı rayonu Nərimankənd kəndi ərazisindəki qaçqın və köçkün qəsəbəsi ev 73-də yaşayan Zərərçəkmiş şəxs2 əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncuya məxsus fərdi yaşayış evinin yataq otağının pəncərəsindən yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub, oradakı yataq otağında olan stolun üstündən 300 manat məbləğində pulu götürüb apararaq oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 300 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 19 noyabr 2023-cü il tarixdə yaşadığım evdə olarkən mağazadan spirtli içki alıb qəbul etmişdir. Həmin vaxt maddi cəhətdən imkanı zəif olduğundan və borcları yarandığından oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən yaşadığı evdən çıxaraq qəsəbənin içərisindən keçən küçədə piyada gəzərək oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Piyada Həsənin evinin qarşısına gəlmiş və evin işıqlarının sönmüş vəziyyətdə olduğunu görmüşdür. Ətrafa və evin həyətinə baxaraq Həsənin evində heç kimin olmadığına əmin olub hasarın üstünə çıxıb həyətə daxil olmuşdur. Həyətdən evin yan tərəfinə getmiş və evin pəncərəsinin açıq olduğunu görüb oradan qonaq otağına daxil olmuşdur. Yataq otağında olan çemodana yaxınlaşıb kənarındakı cibindən əl dəsmalını götürmüşdür. Həmin dəsmalı açarkən içərisində 4 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq, 2 ədəd qızıl diş və 70 manat pul olduğunu görmüşdür. Dəsmaldakı qızıl-zinət əşyalarını, 70 manat pulu götürüb dəsmalı ora atmış və evə daxil olduğu pəncərədən həyətə düşmüşdür. Həyətə daxil olduğu hasardan küçəyə çıxmış və yaşadığı evə qayıtmışdır. Oğurladığı qızıl-zinət əşyalarını həyətdə gizlətdikdən sonra yatmışdır. Təxminən 2023-cü ilin noyabr ayının axırlarında oğurladığı qızıl-zinət əşyalarından 1 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl dişi götürüb Saatlı rayon mərkəzi bazarına daxil olub orada qızıl mağazası işlədən Nadir adlı şəxsə yaxınlaşmışdır. Qızıl-zinət əşyalarını Nadirə vermişdir. Nadir qızıl-zinət əşyalarına baxdıqdan sonra haradan əldə etdiyini soruşduqda, o, Nadirə zibil maşınında işlədiyini və zibil götürərkən tapdığını demişdir. Nadiq qızıl-zinət əşyalarının çəkisini müəyyən etdikdən sonra 500 manat pul verə biləcəyini demişdir. O da Nadirə heç bir problem olmadığını demişdir. Nadir dəftərində qeydiyyat aparması üçün ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O da şəxsiyyət vəsiqəsini Nadirə vermiş və dəftərdə qeydlərini apardıqdan sonra ona 500 manat pul vermişdir. O da Nadirə məxsus dəftərdə adının qarşısında imza etmişdir. O, Nadirdən aldığı pulların bir hissəsini borclarına verib digər hissəsini də ehtiyaclarına xərcləmişdir. Pulları xərcləyib qurtardıqdan sonra həyətində gizlətdiyi 1 ədəd qızıl üzüyü götürüb yenidən Saatlı şəhərinə gəlmişdir. Saatlı şəhərində qızıl mağazası olan Vüsal adlı şəxsi uzun müddətdir tanıdığından ora getmişdir. Vüsalla görüşərək rayonda zibil yığarkən qızıl-zinət əşyaları tapdığını və satmaq istədiyini demişdir. Vüsal ondan dəftərində qeydiyyat aparmaq üçün şəxsiyyət vəsiqəsini istəmişdir. O, Vüsala şəxsiyyət vəsiqəsinin üstündə olmadığını, narahat olmamasını və ona oğurluq qızıl satmadığını demişdir. Vüsal ona inandıqdan sonra heç bir problem olmadığını demiş və qızıl üzüyü tərəzidə çəkmişdir. Vüsal həmin qızıl üzüyə görə 250 manat pul verəcəyini dedikdə o, Vüsalla razılaşmışdır. O, Vüsaldan pulu götürüb mağazadan çıxmış və aldığı pulları borclarına verib lazımi ehtiyaclarına xərcləmişdir. Təxminən 2023-cü ilin dekabr ayında həyətində gizlətdiyi 1 ədəd qızıl dişi götürüb yenidən Vüsalın işlədiyi qızıl mağazasına gəlmişdir. O, Vüsala rayonda zibil yığarkən 1 ədəd qızıl diş tapdığını və pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. Vüsal ondan dəftərində qeydiyyat aparmaq üçün yenidən şəxsiyyət vəsiqəsini istəmişdir. O, Vüsala şəxsiyyət vəsiqəsinin üstündə olmadığını, narahat olmamasını və ona oğurluq qızıl satmadığını demişdir. Vüsal ona inandıqdan sonra qızıl dişi tərəzidə çəkmiş və qızıl dişə görə 45 manat pul verə biləcəyini demişdir. O da Vüsalla razılaşmış və pulu götürüb yaşadığı evə qayıtmışdır. Həmin pullarla özünə siqaret, yaşadığı evə isə ərzaq almışdır. Pulları xərcləyib qurtardıqdan sonra yenidən pula ehtiyacı olduğundan həyətində gizlətdiyi 2 ədəd üzük və 1 ədəd qolbağı satmaq qərarına gəlmişdir. Yaşadığı evin həyətində gizlətdiyi qızıl-zinət əşyalarını oradan götürüb Saatlı şəhərinin mərkəzinə gəlmişdir. Həmin qızıl-zinət əşyalarını Saatlı şəhərində satarsa şübhələnəcəklərindən ehtiyyatlanaraq tanımadığı yol avtomobilinə əyləşərək Sabirabad şəhərinə getmişdir. Sabirabad şəhər mərkəzi bazarının qarşısında avtomobildən düşmüş və bazarın içərisinə tərəf getməyə başlamışdır. Bazarın içərisində yerləşən və hazırda yadında qalmayan qızıl mağazasına daxil olmuşdur. Mağazada satıcı ilə görüşmüş və qızıl-zinət əşyalarını təqdim edərək satmaq istədiyini bildirmişdir. Həmin şəxs qızıl-zinət əşyalarını götürdükdən sonra oğurluq olub-olmadığını soruşmuşdur. O, satıcıya evinin qızılları olduğunu, lakin pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. Həmin şəxs qeydiyyat aparmaq məqsədilə şəxsiyyət vəsiqəsini istəsə də, satıcıya vəsiqəsinin evdə qaldığını, narahat olmamasını və qızıl-zinət əşyalarının oğurluq olmadığını demişdir. Satıcı qızılların ona məxsus olmasına inanmış və tərəzidə qızılları çəkmişdir. Satıcı verdiyi qızıllara görə 600 manat pul verə biləcəyini demişdir. O da heç bir problem olmadığını deyib pulu götürüb tanımadığı yol avtomobili ilə yaşadığı evə qayıtmışdır. Həmin pullarla özünə siqaret, evə ərzaq almış və qalan hissəsini borclarına vermişdir. 14 may 2024-cü il tarixdə ad günü ilə əlaqədar yaşadığı evdə yığıncaq keçirmişlər. O, bu səbəblə evə ərzaqlar və araq almışdır. Həmin vaxt o və digər ailə üzvləri dayısı Əbülfətin arvadı Xuramana və digər qohumlarına zəng edərək yığıncağa dəvət etmişdir. Saat 20 radələrində dayısı Əbülfət arvadı Xuramanla birlikdə onun yaşadığı evə gəlmişdir. Təxminən saat 21 radələrində yaşadığı evə daxil olaraq qonaqlarla birlikdə masada əyləşmişdir. Bir qədər qonaqlarla əyləşdikdən sonra dayısı Əbülfətin arvadı Xuraman digər qohumlara yaşadığı evi təmir etdirdiyini və onunla birlikdə yaşadıqları evə gedib təmir etdirdiyi evi göstərmək istədiyini demişdir. O da Xuramanla birlikdə dayısı Əbülfətin yaşadığı evə getmişdir. Xuramanın yaşadığı evə çatdıqdan sonra evə daxil olub bir qədər gözləmiş və Xuraman evi digər şəxsə təmirini göstərdikdən sonra qapını açarla bağlamışdır. Yenidən Xuramanla birlikdə yaşadığı evə qayıtmışdır. Xuramanın yaşadığı evdə heç kim olmadığından, maddi cəhətdən çətinlik çəkdiyindən və borcları yarandığından dayısı Əbülfətin yaşadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Saat 22 radələrində bu səbəbdən masadan qalxaraq həyətə düşmüş və yaşadığı evdən çıxaraq dayısı Əbülfətin yaşadığı evə getmişdir. Yataq otağının pəncərəsinə yaxınlaşmış və oradan dəmir parçası tapıb vuraraq pəncərənin şüşəsini sındırmışdır. Yataq otağının pəncərəsindən içəri daxil olmuş və oradakı stolun üstündən 300 manat pul götürmüşdür. Pulu götürüb cibinə qoymuş və yaşadığı evə qayıtmışdır. Həyətə çatdıqdan bir neçə dəqiqə sonra dayısı arvadı Xuraman dayısı Əbülfətlə birlikdə evdən çıxaraq öz yaşadıqları evə getmişlər. O da yaşadığı evə daxil olmuşdur. Bir neçə dəqiqə sonra dayısı arvadı Xuraman qardaşı Yavərə zəng edərək yaşadığı evin pəncərəsinin sındırıldığını və pulunun oğurlandığını demişdir. Qardaşı Yavər də yaşadığı evdən çıxıb dayısı Əbülfətin yaşadığı evə getmişdir. O da heç kimin şübhələnməməsi üçün yaşadığı evdə qalmış və heç bir yerə getməmişdir. Bir qədər sonra Yavər yenidən yaşadığı evə qayıdaraq dayısı Əbülfətin evinin pəncərəsinin sındırıldığını və oradan oğurluq olduğunu demişdir. Bundan sonra digər ailə üzvləri ilə birlikdə dayısı Əbülfətin yaşadığı evə getmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək fotoşəkillər çəkmiş və dayısı arvadı Xuraman oğurluq barədə ərizə vermişdir. Saatlı polis şöbəsinə dəvət edilərkən tutulacağından qorxduğu üçün əvvəlcə heç bir şeydən xəbərinin olmadığını və oğurluq barədə heç kimdən şübhələnmədiyini demişdir. Sonradan yaşadığı evdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq dayısı Əbülfətin yaşadığı evdən baş vermiş oğurluqla əlaqədar barmaq izinin oradan aşkarlandığını bildirib bununla bağlı yenidən polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsinə getdikdən sonra oğurluq etdiyini etiraf etmişdir. Etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə, Zərərçəkmiş şəxs1 isə qismən ödəmiş, qalan 610 manatı isə ən qısa müddətdə ödəyəcəyinə söz verir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşadığından uzun müddətdir ki tanıyır, münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. 19 noyabr 2023-cü il tarixdə o, digər ailə üzvləri ilə birlikdə Bakı şəhərində keçiriləcək toy mərasimində iştirak etmək üçün Bakı şəhərinə getmişlər. Bakı şəhərində digər ailə üzvləri ilə birlikdə toy mərasimində iştirak edib 20 noyabr 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhərindən avtomobillə yaşadığı qəsəbəyə tərəf gəlməyə başlamışdır. Saat 03 radələrində yaşadığı evə çatmış və həyətin qapısını açaraq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra qaz sobasını yandırıb ailə üzvləri ilə birlikdə çay içmişdir. Yaşadığı evin qonaq otağına daxil olarkən pəncərənin açıq olduğunu və pəncərənin “setka”sının cırıldığını görmüşdür. O, dərhal yataq otağına daxil olmuş və çemodana baxarkən dəsmalın içərisində saxladıqları 400 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünün, 560 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünün, 480 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünün, 240 manat dəyərində 1 ədəd qızıl qadın üzüyünün, 560 manat dəyərində 1 ədəd qızıl kişi qolbağının, 480 manat dəyərində 1 ədəd qızıl kişi qolbağının, ümumilikdə 320 manat dəyərində 2 ədəd qızıl dişin və 70 manat məbləğində pulun oğurlandığını müəyyən etmişdir. Həmin vaxt 102 xidmətinə zəng edərək yaşadığı evdən qızıl-zinət əşyalarının və pulun naməlum şəxs tərəfindən oğurlanması barədə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra yaşadığı evdən oğurluq olması barədə ərizə verib hadisə yerini onlara göstərmişdir. Sonradan onunla qonşuluqda Təqsirləndirilən şəxs yaşadığı evdən qızıl-zinət əşyalarını və 70 manat məbləğində nağd pulu oğurladığını bilmişdir. Dəymiş ziyandan 2500 manat ödənilmiş, qalan 610 manat isə ödənilməmiş qalmışdır. Ziyanın qalan hissəsinin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə razılıq əldə etmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs az müddətdir ki tanıyır, lakin Qəmbərlə onun heç bir münasibəti, düşmənçilik və ədavəti olmamışdır. O, təxminən 2004-cü ildən qızıl-zinət əşyalarının alveri ilə məşğul olur. O, qızıl əşyalarını şəxslərdən alarkən onların şəxsiyyət vəsiqəsinin nömrəsini, adını, soyadını və ata adını, satdığı qızıl-zinət əşyalarının adını, yəni sırğa, üzük, boyunbağı olmasını, əyarını və çəkisini özünə məxsus dəftərdə qeyd edir. Dəftərdə bunları qeyd etdiyi yerdə qızıl-zinət əşyalarını satan şəxsə imza etdirir. Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarda qızıl mağazası vardır. 22 noyabr 2023-cü il tarixdə səhər saatlarında Qəmbər onun qızıl mağazasına gələrək ona qızıl-zinət əşyalarının olduğunu və satmaq istədiyini demişdir. O da heç bir problem olmadığını, qızılzinət əşyalarını sənəd əsasında götürdüyünü demişdir. Qəmbər də şəxsiyyət vəsiqəsini çıxarıb vermişdir. Qəmbər cibindən 1 ədəd əzik qızıl üzük, 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl dişi ona vermişdir. Qəmbərdən həmin qızıl-zinət əşyalarını haradan əldə etdiyini soruşarkən, ona zibil maşınında işlədiyindən zibillikdən tapdığını və pula ehtiyacı olduğundan satdığını demişdir. O da həmin qızıl-zinət əşyalarına baxdıqdan sonra lom kimi götürmüş və tərəzidə çəkmişdir. O, qızıl-zinət əşyalarının qiymətini hesabladıqdan sonra Qəmbərə 500 manat pul vermişdir. Özünə məxsus dəftərdə Qəmbərdən aldığı qızılzinət əşyalarının qeydiyyatını aparmışdır. Qəmbər pulu götürdükdən sonra mağazasından çıxıb getmişdir. Qəmbərdən aldığı qızıl-zinət əşyalarını sonradan Bakı şəhərindən mağazasına səyyar şəkildə gələn qızıl-zinət əşyaları götürən şəxslərə satmışdır. Sonradan Saatlı polis şöbəsinə dəvət olunarkən Təqsirləndirilən şəxs ona satmış olduğu qızıl-zinət əşyalarını oğurladığını bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs az müddətdir ki, tanıyır, lakin Qəmbərlə onun heç bir münasibəti, düşmənçilik və ədavəti olmamışdır. O, təxminən 2022-ci ilin fevral ayından Saatlı şəhəri, H.Əliyev prospektində yerləşən mağazanı icarəyə götürüb qızıl-zinət əşyalarının alveri ilə məşğul olur. O, qızıl əşyalarını şəxslərdən alarkən onların şəxsiyyət vəsiqəsinin nömrəsini, adını, soyadını və ata adını, tarixi, satdığı qızıl-zinət əşyalarının adını, əyarını və çəkisini özünə məxsus dəftərdə qeyd edir. Dəftərdə bunları qeyd etdiyi yerdə qızıl-zinət əşyalarını satan şəxsə imza etdirir. Təxminən 2023-cü ilin noyabr ayının axırlarında günorta saatlarında rayonda zibil yığan kimi tanıdığı Qəmbər qızıl mağazaya gələrək onunla görüşmüş, üzüyünün olduğunu və satmaq istədiyini demişdir. O da heç bir problem olmadığını, lakin həmin üzüyü hardan onda olduğunu soruşmuşdur. Qəmbər ona qızıl üzüyü zibil yığarkən tapdığını və pula ehtiyacı olduğundan satdığını demişdir. Qəmbərin dediklərinə inanmış və üzüyü ondan almağa qərar vermişdir. Qəmbər qızıl üzüyü ona vermiş, o da üzüyə baxarkən qırıq və əzik olduğunu görmüşdür. Üzüyü tərəzidə çəkmiş və Qəmbərə 250 manat pul vermişdir. Dəftərdə qeydiyyat aparmaq məqsədilə Qəmbərdən şəxsiyyət vəsiqəsini istəmiş, həmin vaxt Qəmbər ona şəxsiyyət vəsiqəsinin üstündə olmadığını və narahat olmamağını demişdir. Qəmbər pulu götürdükdən sonra mağazasından çıxıb getmişdir. Təxminən 2023-cü ilin dekabr ayında Qəmbər onun mağazasına gələrək zibil yığarkən qızıl diş tapdığını və pula ehtiyacı olduğundan satmaq istədiyini demişdir. Qəmbərdən qızıl dişi haradan əldə etdiyini soruşduqda sonuncu ona bir daha heç bir problem olmadığını zibil yığarkən qızıl dişi tapdığını demişdir. Dəftərdə qeydiyyat aparmaq məqsədilə yenidən Qəmbərdən şəxsiyyət vəsiqəsini istəmiş, sonuncu ona şəxsiyyət vəsiqəsinin üstündə olmadığını və narahat olmamağını demişdir. Qızıl dişə görə Qəmbərə 45 manat pul vermiş və Qəmbər pulu götürdükdən sonra mağazasından çıxıb getmişdir. Sonradan polis əməkdaşları onu Saatlı polis şöbəsinə dəvət edərkən Qəmbərin ona satmış olduğu qızıl üzük və qızıl dişi oğurladığını bilmiş, onun buna qədər həmin qızılların oğurluq olmasından xəbəri olmamışdır. İşdə olan 20 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 4 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq, 2 ədəd qızıl diş və 70 manat məbləğində pul onun ünvan 1 ünvanında yerləşən yaşadığı evin yataq otağındakı çemodandan oğurlanmışdır. Bununla bağlı fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan 14 may 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 300 manat məbləğində pul onun ünvan 2 ünvanında yerləşən yaşadığı evin yataq otağındakı stolun üstündən oğurlanmışdır. Bununla bağlı fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan 25 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus oğurladığı 8,39 qram çəkidə qızıl-zinət əşyalarını Şahid1 500 manata satmışdır. Bununla bağlı fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası BCAİ-dən daxil olmuş 29 may 2024-cü il tarixli 3- 13-11/2-6933/2024 nömrəli məktubdan görünür ki, Saatlı rayonu, Nərimankənd Fin qəsəbə sakini vətəndaş X2 məxsus evin pəncərəsinin şüşəsini sındırılmaqla evə daxil olma yolu ilə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Saatlı RPŞ-dən daxil olan) xx.xx.1989-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 avqust 2024-cü il tarixli 9/5884 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 5 qram çəkidə 1 ədəd qızıl kişi üzüyünün dəyəri 400 manat, 7 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünün dəyəri 560 manat, 6 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünün dəyəri 480 manat, 3 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünün dəyəri 240 manat, 7 qram çəkidə 1 ədəd qızıl kişi qolbağının dəyəri 560 manat, 6 qram çəkidə 1 ədəd qızıl kişi qolbağının dəyəri 480 manat, hər biri 2 qram olan 4 qram çəkidə 2 ədəd qızıl dişin dəyəri isə ümumilikdə 320 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3040 manat müəyyən olunur. İşdə olan Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, barəsində CM-nin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə, digər Zərərçəkmiş şəxs1 qismən ödəməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə teztez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən prinsiplər nöqteyi-nəzərindən yanaşdıqda da aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəbrayıl rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 04 iyun 2024-cü il tarixdən 06 iyun 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyun 2024-cü il tarixdən 06 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Cəbrayıl rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan oğurluq zamanı hadisə yerindən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izinin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 50(əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Cəbrayıl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar