Məhkəmə qərarları › İş №1(055)-74/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-74/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-74/2025 17.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Saatlı rayon Seyidlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Saatlı rayon Seyidlər kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 8,54 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, 02 aprel 2025-ci il tarixdə saat 19 radələrində Saatlı rayonu Seyidlər kəndində yol kənarında həmin narkotik vasitəni əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə qanunsuz olaraq satış məqsədi olmadan saxlayıb və daşıyarkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılaraq, Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 19:55-dən 20:02-dək olan müddət ərzində üstü yoxlanılarkən əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə saxladığı xeyli miqdarda, təmiz çəkisi 8,54 qram tərkibdə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 aprel 2025-ci il tarixdə günorta saatlarında kənddə piyada hərəkət edən zaman yol kənarında 1 ədəd şəffaf rəngli sellofan bükülü görmüşdür. Həmin bükülü ona maraqlı gəldiyi üçün yerdən götürmüş, içərisində el arasında “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Təxminən 10-15 gündən artıq müddət narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün bükülünü götürüb, cibinə qoymuşdur. 02 aprel 2025-ci il tarixdə saat 19 radələrində yaşadığı kənddə asfalt yolun kənarında olarkən mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edərək onun rayon ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar şübhəli olduğunu bildirmiş və polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinin inzibati binasına getmişdir. Polis şöbəsində olan zaman polis əməkdaşları ondan üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olubolmaması barədə soruşmuşlar. O, üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını səmimi olaraq etiraf etmişdir. Bundan sonra əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd “Corn” markalı mobil telefonu və “Winston” markalı siqaret qutusunu ,sol yan cibindən 01 ədəd sellofan bükümdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmişdir. Daha sonra təqdim etdiyi kütlə kağız zərfə qablaşdırılıb, götürülmüşdür. Üstündə saxladığı 01 ədəd "Corn" markalı mobil telefon polis əməkdaşlarına təqdim etmişdir. Həmin mobil telefon polis əməkdaşları tərəfindən əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. “Winston” markalı siqaret qutusunu isə əhəmiyyət kəsb etmədiyindən ona qaytarılmışdır. Daha sonra o polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-də təhqiqatçının xidməti otağına getmiş və orada onun üstündən aşkar olunmuş kütləyə təhqiqatçı tərəfindən də baxış keçirilmişdir. Baxış zamanı o üstündən aşkarlanaraq götürülmüş kütlənin narkotik vasitə olduğunu, özünün istifadə etmək məqsədilə üstündə saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kütlə kağız zərfə qablaşdırılıb götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolun doğruluğuna imza etmişlər. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Firudun oğlu ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 02 aprel 2025-ci il tarixdə saat 19:20 radələrində rayon ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı Saatlı RPŞ-nın CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Saatlı RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid3 ilə birlikdə Saatlı rayon Seyidlər kəndində xidmətdə olan zaman, həmin kəndin ərazisində Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onu Saatlı RPŞ-yə gətirmişlər. Həmçinin RPŞ-da Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxladığı şübhə doğurduğu üçün RPŞ-nin Növbətçi Hissəsinin qarşısında 19:55-də başlanmış, videoçəkilişlə qeydə alınaraq, üzərində qanunla gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşyanın olubolmaması, olduğu təqdirdə özünün təqdim etməsi bildirilmiş, hazırkı vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması, təhqiqat zamanı müdafiəçinin təmin olunacağı izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, üzərində “narkotik” olduğunu bildirmiş, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd “Corn” markalı mobil telefonu, 01 ədəd “Vinston” siqaret qutusunu, şalvarin sol yan cibindən isə 01 ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik olduğunu və həmin “narkotiki” yolun qırağından tapdığını bildirmişdir. Həmin büküm açılmış, içərisinə baxılan zaman, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. İçərisində marixuanaya oxşar kütlə olduğu sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin 8,89 qram olduğu müəyyən olunmuşdur. Həmin içərisində marixuanaya oxşar kütlə olduğu 01 ədəd sellofan büküm 01 ədəd zərfdə qablaşdırılmış, Təhqiqat bölməsinə təqdim edilməsi üçün götürülmüşdür. “Corn” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. “Vinston” markalı siqaret qutusu əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Baxış zamanı videoçəkiliş “Samsung S-23” markalı mobil telefonla Saatlı RPŞ-nin PPBX-nin manqa komandiri, polis baş serjantı Şahid3 tərəfindən aparılmışdır. Aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Təqsirləndirilən şəxs 1 ədəd “Corn” markalı mobil telefon və həmin zərfdə qablaşdırılmış kütlə ilə birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenant Afiq Abduləliyev tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan kütlənin, narkotik vasitə olmasını, həmin kütləni yaşadığı Seyidlər kəndi ərazisindən tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd zərfdə qablaşdırılmış sellofan bükümə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə başqa əşya və predmetin olub-olmaması soruşulmuş, olması təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üstündə başqa əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə yenidən həmin 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 1 ədəd “Corn” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində və məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsində Şahid2 Firudun oğlunun ifadəsi ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 02 aprel 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Seyidlər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümlə birlikdə çəkisi 8.89 qram narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan 02 aprel 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayon Seyidlər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan büküm ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 03 aprel 2025-ci il tarixli 18/280 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üstündən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 8,54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin 15 aprel 2025-ci il tarixli 2119 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 02 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 04 aprel 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdən 04 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 8,52 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdən 04 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il, altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 8,52 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar