Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 1(055)-75/2023 08.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ (xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina barədə) Saatlı Rayon Məhkəməsi Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X6 xüsusi ittiham qaydasında şikayətlə Saatlı Rayon Məhkəməsinə müraciət edərək X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibi başlanılaraq onların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətini müdafiə edərək göstərdi ki, hazırda Saatlı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də direktor müavini vəzifəsində işləyir. Barəsində şikayət və narazılıq olmamışdır. Saatlı rayon Qıraqlı kənd sakini X4 Azərbaycan Respublikası Baş Prokurorluğuna və TƏBİB-ə şikayət və teleqram göndərməklə onu vəzifədən sui-istifadə etmə, rüşvət alma cinayətini törətməkdə ittiham etmiş, onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibi başlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində X3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarında göstərilir ki, xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi qaydasında verilmiş şikayət ərizəsi öyrənilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, ərizədə yuxarıda qeyd edilən zəruri məlumatlar tam şəkildə öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibinin başlanması barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-75/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №1(055)-75/2023
08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver