Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-75/2024 31.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə Saatlı rayonu Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işsiz, Saatlı rayonu Nərimankənd kəndində qeydiyyatda olan və Saatlı rayonu Musalı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2024-cü ilin may ayının axırında yaşadığı Saatlı rayonu Musalı kəndindəki evinin bağ sahəsində müxtəlif növ tərəvəz bitkilərinin arasında xüsusi hazırladığı torpağa qanunsuz olaraq əkmiş, 19 iyul 2024-cü il tarixədək müddət ərzində həmin torpaq sahəsində böyüyən 3 ədəd xeyli miqdarda çətənə (kannabis) şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 19 iyul 2024-cü il tarixdə saat 14:30 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilən zaman 3 ədəd xeyli miqdarda yaş vəziyyətdə ümumi çəkisi – 950,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüş, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin may ayının axırlarında özündə saxladığı 03 ədəd çətənə toxumlarını həyətyanı sahədə müxtəlif növ tərəvəz bitkilərinin arasında gələcəkdə istifadə etmək məqsədi ilə torpağa əkmişdir. Mütəmadi olaraq həmin toxumlara quluq etmiş və su vermişdir. 10-15 gündən sonra əkdiyi toxumlar cücərməyə başlamışdır. O, toxumlardan cücərmiş şitillərə qulluq etmiş, su vermişdir. 19 iyul 2024-cü il tarixdə saat 14 radələrində evdə olan zaman polis əməkdaşları onun yaşadığı həyətə gələrək məlumat əsasında yaşadığı evə, həyətyanı sahəyə və həyətdə olan yardımçı tikililərə baxış keçirməli olduqlarını demişlər. Polis əməkdaşları ondan yaşadığı evə və həyətə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, o da cavabında baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış keçirilən zaman, evin həyətyanı sahəsində yerləşən bağçada əkmiş olduğu çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər sayılmış və ümumilikdə çətənə bitkilərinin sayının 3 ədəd olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da əkdiyi çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Ardınca əkdiyi 3 ədəd çətənə bitkiləri torpaqdan çıxarılıb hal şahidlərinin, onun, aqronomun iştirakı ilə sintetik kisəyə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra yaşadığı evə də baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə qanunla qadağan olunmuş heç bir əşya predmet aşkar olunmamışdır. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və videoçəkiliş aparılmışdır. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Saatlı RİHB-nın Nərimankənd kənd İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. 19 iyul 2024-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları onu keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət etmişlər. O, digər hal şahidi qismində dəvət edilmiş Saatlı RİHB-nın Nərimankənd kənd İƏD-si üzrə baş məsləhətçi – mühasib vəzifəsində işləyən X6, polis əməkdaşları və aqronom Tural İbrəhimli ilə birlikdə Saatlı rayonu, Musalı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişlər. Orada baxış keçirilməmişdən əvvəl polis əməkdaşları tərəfindən ona və digər hal şahidinə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra orada olan Saatlı rayonu, Musalı kənd sakini, heç bir qohumluq əlaqəsi olmayan Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində müxtəlif növ tərəvəz bitkilərinin arasında ümumilikdə 3 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 3 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli həmin bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işlərinin aparıldığını bildirərək bu barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Həmin 3 ədəd bitkilər polis əməkdaşları tərəfindən əkildikləri yerdən çıxarılaraq qablaşdırılmış, möhürlənib götürülmüşdür. Tədbirdə iştirak edən polis əməkdaşları, o, digər hal şahidi və proses iştirakçıları qablaşdırmanın üzərində imza etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən qeyd olunanlardan başqa narkotik tərkibli bitkilər və ya narkotik vasitəyə oxşar kütlələr aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 19 iyul 2024-cü il tarixdə Saatlı rayonu Musalı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsində müxtəlif növ tərəvəz bitkilərinin arasında narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar həyətyanı sahəyə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində müxtəlif növ tərəvəz bitkilərinin arasında ümumilikdə 3 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 3 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli bildirmişdir ki, həmin bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Bununla bağlı Tural İbrəhimli tərəfindən rəy tərtib edilərək polis əməkdaşlarına təqdim olunmuşdur. Həmin 3 ədəd bitkilər polis əməkdaşları tərəfindən əkildikləri yerdən çıxarılaraq ekspertizaya göndərilməsindən ötrü sintetik torbalarda qablaşdırılmış, həmin torba Azərbaycan Respublikası DİN-nin 89 №-li möhürü ilə möhürlənib götürülmüşdür. Tədbirdə iştirak edən polis əməkdaşları, hal şahidləri və Təqsirləndirilən şəxs həmin qablaşdırmanın üzərində imza etmişlərdilər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində müxtəlif növ tərəvəz bitkilərinin arasından aşkar edilmiş həmin 3 ədəd çətənə bitkilərindən başqa narkotik vasitə və ya narkotik tərkibli bitkilərinə oxşar bitkilər aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 şahid X2 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsələr də, şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onların ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan “Baxış keçirilməsi haqqında” 19 iyul 2024-cü il tarixli protokoldan, ona əlavə olan videoçəkilişdən görünür ki, Saatlı rayonu Musalı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin bağ sahəsində müxtəlif növ tərəvəz bitkilərinin arasında ümumilikdə 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 20 iyul 2024-cü il tarixli 3-16-16/2-18/682 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətindəki bağçadan..3 ədəd..” sözləri və imzalar olan sintetik torbanı açdıqda ümumi sayı 3 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 950,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2024-cü il tarixli 5392 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Həsənov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını son həddinin yarısından az olmamaqla təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 19 iyul 2024-cü il tarixdən 21 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdən 21 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesab edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(055)-75/2024
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-75/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver