Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-75/2025 17.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Saatlı rayon Əliabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayon Əliabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə 18 noyabr 2024-cü il tarixdə saat 20 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus Saatlı rayonu, Əliabad kəndində yerləşən fermanın həyətindəki saxlanc yeri hesab olunan qəhəlin qapısının ipini açıb qanunsuz daxil olaraq oradan 4 yaşlı, diri çəkiləri 60 kq, hər biri ayrı-ayrılıqda 410 manat olan 2 baş və 1 yaşlı, diri çəkiləri 55 kq, hər biri ayrı-ayrılıqda 470 manat olan 2 baş, ümumilikdə 4 baş qoyunları oğurlamaqla, özgə əmlakını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1760 (min yeddi yüz altmış) manat məbləğdə maddi ziyan vurmuş, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi olduğundan uzun müddətdir ki tanıyır, onunla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmədiyindən, yaşadığı kənddə hər hansı iş olarsa orada fəhlə kimi işləyib pul qazanır. 2024-cü ilin noyabr ayının 17-də saat 20 radələrində yaşadığı kəndin ərazisində yerləşən Azad adlı şəxsin mağazasının qarşısında mobil telefonla danışmışdır. Mobil telefonla danışarkən mağazanın qarşısından həmkəndlisi İlhamın getdiyini görmüşdür. İlham həmkəndlisi olduğu üçün çöl sahədə özünə məxsus fermanın olduğunu, fermada çox sayda xırdabuynuzlu heyvanlarının olduğunu, özünün də həmin heyvanlara tək nəzarət etdiyini və heyvanları fermaya apardıqdan sonra saat 20 radələrində işlərini bitirib yaşadığı evə gəldiyini bildiyindən və onun maddi cəhətdən imkanı zəif olduğundan, həmçinin borcları yarandığından İlhama məxsus fermadan oğurluq etmək qərarına gəlmişdir. Səhəri gün, yəni noyabr ayının 18-də saat 16 radələrində həmkəndlisi Zaminin mobil telefon nömrəsinə zəng edərək yaşadığı evə un almaq məqsədilə mağazaya gedəcəyini və idarə etdiyi motosikleti bir neçə saatlıq ona verməsini xahiş etmişdir. Zamin də ona işdə olduğunu, işdən çıxdıqdan sonra xəbər edəcəyini və həmin vaxt gələrək motosikleti götürməyini bildirmişdir. Saat 18 radələrində Zamin mobil telefon onun nömrəsinə zəng edərək işdən çıxdığını və motosikletə ehtiyacı olub-olmadığını soruşmuşdur. O da Zaminə bir daha un almağa gedəcəyini deyib, onların küçələrinə gəlməsini xahiş etmişdir. Zamin idarə etdiyi motosikletlə küçəyə gəldikdən sonra Zaminlə görüşüb idarə etdiyi motosikletə əyləşərək yaşadığı evə qayıtmışdır. Zamin isə piyada yaşadığı evə getmişdir. Saat 20 radələrində qaranlıq düşdükdən sonra motosikletin sükanı arxasına əyləşib İlhama məxsus fermaya doğru getmişdir. İlhama məxsus fermada heç kimin olmadığını bildiyi üçün motosikletlə həyətə daxil olmuşdur. Motosikletdən düşüb fermanın həyətindəki qəhələ yaxınlaşmış və qapının ipini açaraq içəri daxil olmuşdur. Qəhəldə saxlanılan 4 baş xırdabuynuzlu heyvanları tutaraq oradan tapdığı iplə ayaqlarını bağlamışdır. Oğurladığı 4 baş xırdabuynuzlu heyvanı motosikletin yük yerinə qoymuşdur və qəhəlin qapısını heç kimin şübhələnməməsi üçün iplə bağlamışdır. Motosikletin sükanı arxasına keçib imişli rayonu ərazisində yerləşən heyvan bazarına tərəf idarə etməyə başlamışdır. Saat 23 radələrində heyvan bazarına çatmış və motosikletdəki 4 baş xırdabuynuzlu heyvanları götürüb bazara daxil olmuşdur. Növbəti günə keçən gecə bazarda olarkən tanımadığı şəxslərdən biri ona yaxınlaşaraq 4 baş xırdabuynuzlu qoyun heyvanlarını neçəyə satdığını soruşmuşdur. O, həmin şəxsə 4 baş xırdabuynuzlu qoyun heyvanlarını ümumilikdə 1000 manata satdığını bildirmişdir. Tanımadığı şəxs onunla razılaşdıqdan sonra ona ümumilikdə 1000 manat pul vermişdir. Pulu götürdükdən sonra motosikletin sükanı arxasına əyləşib yaşadığı Saatlı rayonu Əliabad kəndinə qayıtmışdır. Yaşadığı evə çatdıqdan sonra yatmışdır və səhər saat 08 radələrində Zaminə zəng edib motosikletlə işini bitirdiyini demişdir. Zamin ona işə gedəcəyini və küçəyə çıxaraq motosikleti verməyini istəmişdir. O, motosikleti küçəyə tərəf aparmış və orada Zaminlə görüşüb motosikleti Zaminə təhvil vermişdir. Motosikleti Zamin götürdükdən sonra işə getmiş və o da yaşadığı evə qayıtmışdır. Xırdabuynuzlu heyvanları sataraq əldə etdiyi pullarla borclarını verib yaşadığı evə ərzaq alaraq hamısını xərcləmişdir. Sonradan polis əməkdaşları onu həmin oğurluqla əlaqədar RPŞ-nə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra İlhama məxsus fermadan etdiyi oğurluğu könüllü olaraq etiraf etmişdir. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə belə hərəkətləri etməyəcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus mal-qara saxladığı ferması vardır. Həmin fermada özü və oğlu Pərviz işləyirlər, fermada 65 baş xırda buynuzlu qoyun heyvanı saxlamışdır. O, əvvəllər mütəmadi olaraq heyvanları saysa da, son vaxtlar isə tez-tez heyvanları saymamışdır. Sonuncu dəfə 2024-cü ilin noyabr ayının əvvəlində heyvanları sayarkən 65 baş olmuş, 02 dekabr 2024-cü il tarixdə isə heyvanları oğlu Pərviz ilə birlikdə sayarkən heyvanın 4 başının olmadığını aşkar etmişlər, belə ki, 1 baş heyvanı it yeyərək öldürmüş, 4 başı isə yox olmuş, cəmi 60 baş heyvan qalmışdır. Əvvəlcə heyvanları axtarmışlar, bəlkə canavar yeyib deyib leşini taparlar və ya başqa sürüyə qoşulub getmişlər. Lakin axtarsalar da da tapa bilməmişlər, buna görə də heyvanların oğurlandığını müəyyən edib 09 dekabr 2024-cü il tarixdə Saatlı RPŞ-yə gəlib müraciət etmişdir. Qeyd etmişdir ki, heyvanların gündüz vaxtı çöl sahədən oğurlanması ehtimalı yoxdur, çünki gündüz vaxtı heyvanları özləri otarmışlar, heyvanlar çox güman gecə saatlarında fermanın ərazisindəki tövlədən oğurlanmışdır. Oğurlanmış heyvanların əlamətlərinə gəldikdə isə bildirmişdir ki, həmin heyvanların hamısı Ağcabədi cinsindəndir, 2 başı ana qoyun, 4 yaşlı, diri çəkiləri təxminən 60 kq, biri sarı, biri qumral rənglidir, hər ikisi qulaqsızdır, başqa heç bir əlamətləri yoxdur, onların bir başının dəyəri 450 manatdır. Digər iki baş qoyun da dişidir, lakin 1 yaşlıdırlar, diri çəkiləri 55 kq olan, biri sarı, biri qumral rənglidir, hər ikisi qulaqsız, başqa heç bir əlamətləri yoxdur, onların da bir başının dəyəri 500 manatdır. Hər 4 başı boğaz olub, 1 yaşlı heyvanlar cavan olduğu üçün onların dəyəri digər iki qoyundan bahadır. Qeyd etmişdir ki, ümumilikdə oğurluq nəticəsində ona 1900 manat ziyan dəymişdir. Polis əməkdaşlarının apardıqları işlər nəticəsində ona sonradan məlum olmuşdur ki, onun fermasındakı qəhəldən oğurluq edən şəxs həmkəndlisi Təqsirləndirilən şəxsdur və o, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində həmin oğurluğu törətmişdir. Ona məxsus heyvanların oğurlanması nəticəsində ona 1760 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət, tələbi və mülki iddiası yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Təxminən 1 ay əvvələ qədər isə Saatlı rayonu, Əliabad kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. Özü ev ustası işləyir. Özünə məxsus “İJ” markalı motosikleti vardır. Hadisə ilə bağlı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, Zərərçəkmiş şəxs isə qaynatasıdır. Onların heç biri ilə ədavət və ya düşmənçiliyi yoxdur. 2024-cü ilin noyabr ayının 18-də Elvin ona zəng edib mağazadan un alıb evlərinə aparacağını, buna görə də motosikletinin lazım olduğunu bildirmişdir. Həmin vaxt saat 16 radələri olmuşdur. O, həmin vaxt Elvinə işdə olduğunu, işdən çıxdıqdan sonra motosikletini ona verə biləcəyini demişdir. Elvin də onunla razılaşmışdır. Təxminən 2 saat sonra, saat 18 radələrində o, işdən çıxmış və Elvinə zəng edib motosikleti istəyib-istəmədiyini soruşmuşdur. Elvin də istədiyini bildirikdən sonra ondan kənddə onların yaşadığı küçəyə gəlməsini istəmişdir. O da həmin küçəyə getmiş və küçədə Elvinlə görüşüb motosikletini Elvinə verib piyada çıxıb evə getmişdir. 1 gün sonra isə Elvin ona motosikletlə işini bitirdiyini bildirib motosikleti onun özünə qaytarmışdır. Daha sonra eşitmişdir ki, qaynatası Zərərçəkmiş şəxs fermasından 4 baş xırdabuynuzlu qoyun heyvanları oğurlanmışdır. Polis əməkdaşları həmin oğurluq edən şəxsi müəyyən etdikdən sonra bilmişdir ki, həmin oğurluğu Təqsirləndirilən şəxs törətmişdir və həmin heyvanları onun Elvinə verdiyi motosikletlə oradan oğurlayıb aparıb satmışdır. Lakin Elvin ondan motosikleti istəyərkən evlərinə un alıb aparmaq üçün istədiyindən o, qabaqcadan Elvinin oğurluq etmək niyyətində olduğundan xəbəri olmamışdır. Əgər xəbəri olsaymış, Elvinə motosikletini verməzdi. İşdə olan 09 dekabr 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı hadisə yerinin Saatlı rayonu, Əliabad kəndində çöl sahədə yerləşən Zərərçəkmiş şəxs məxsus fermanın olması müəyyən edilmişdir. Həmin fermada fərdi yaşayış evi və xırdabuynuzlu heyvanların saxlanıldığı tövlə müəyyən edildi. Həmin tövlənin qarşısında qəhəl vardır. Həmin qəhəlin qapısı vardır və həmin qapı iplə bağlanılmışdır. İşdə olan 10 dekabr 2024-cü il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərdiklərini bir daha təsdiq etdikdən sonra ona oğurluğu haradan və necə etdiyini xırdabuynuzlu qoyun heyvanlarını necə oğurladığını göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs bundan sonra konvoy xidmətinin müşayiəti ilə müdafiəçisi Vüsal Abbasov iştirakı ilə Saatlı RPŞ-nin inzibati binasından çıxıb Saatlı rayonu, Əliabad kəndinə gedərək Zərərçəkmiş şəxs məxsus fermaya getdiyi istiqaməti, həmin fermada olan qəhələ getdiyi istiqaməti, həmin qəhələ daxil olduğu taxta qapını, həmin yerdən 4 baş xırdabuynuzlu qoyun heyvanlarını oğurladığı yeri, daha sonra heyvanları motosikletə yüklədiyi və getdiyi istiqaməti əyani olaraq göstərdi. İşdə olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 16 noyabr 2024-cü il tarixdə 2 baş Ağcabədi cinsindən olan, 4 yaşlı, diri çəkiləri 60 kq olan qulaqsız ana qoyun heyvanlarının hər biri ayrı-ayrılıqda 410 manat, 2 baş Ağcabədi cinsindən olan, 1 yaşlı, diri çəkiləri 55 kq olan qulaqsız dişi qoyun heyvanların hər biri ayrı-ayrılıqda 470 manat olmaqla, ümumilikdə 1760 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddəylə də təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, hərəkətini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halın olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 09 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 11 dekabr 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdən 11 dekabr 2024cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş bir il, altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-75/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-75/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver