Məhkəmə qərarları › İş №1(055)-77/2022

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-77/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-77/2022 13.12.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Babayev Samir Hakim oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1999-cu ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, 19 avqust 2022-ci il tarixdə saat 11 radələrində Saatlı rayonu ərazisindən keçən Araz çayının kənarındakı kolların arasından tapdığı 1 ədəd polietilen torbadakı ümumi təmiz çəkisi 400 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və qanunsuz olaraq daşıyaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətinə gətirib, 5 gün orada göyərçin hinində gizlədib qanunsuz olaraq saxlamış, 24 avqust 2022-ci il tarixdə saat 15:30 radələrində gizlətdiyi yeri dəyişmək məqsədilə götürüb Saatlı şəhəri Nizami küçəsində daşıyarkən əməliyyat tədbiri keçirən polis əməkdaşları onu müəyyən edib Saatlı RPŞ-yə gətirib, 24 avqust 2022-ci il tarixdə saat 16:00 radələrində həmin narkotik vasitəni aşkar edərək götürmüşlər, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən bir neçə aydır ki, arada tapanda narkotik vasitə olan marixuanadan istifadə edir 19 avqust 2022-ci il tarixdə saat 11 radələrində tilov götürüb Araz çayının kənarına getmiş, günorta saatlarınadək orada balıq tutduqdan sonra çayın kənarı ilə yaşadığı evə qayıtmağa başlamışdır. Yaşadığı evə qayıdarkən Araz çayının kənarında olan kolun içərisində 1 ədəd qara rəngli sellofan torba görmüş, maraq üçün həmin sellofan torbanı kolun içərisindən götürüb içinə baxdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu bilmiş və dərhal öz istifadəsi üçün həmin marixuananı əynində olan köynəyin içərisinə qoymuş və yaşadığı evə qayıtmışdır. Marixuananı sellofan torba ilə birlikdə yaşadığı evin həyətindəki göyərçin saxladığı hinin içərisində özü istifadə etməsi üçün gizlətmişdir. Gizlətdiyi sellofan torbada olan marixuananı heç kim görməsin deyə yerini dəyişdirmək üçün 24 avqust 2022-ci il tarixdə saat 15 radələrində gizlətdiyi yerdən götürüb yaşadığı küçəyə çıxmış, küçə ilə əlindəki həmin sellofan torbanı Araz çayının kənarına aparıb orada gizlətmək istəyərkən Saatlı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumatları olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Saatlı rayon Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları otaqların birində onun üstünə şəxsi axtarış keçirərkən əlindəki sellofan torbanı aşkar etmiş, o da aşkar edilən torbadakı kütlənin marixuana olduğunu və öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, foto və videoçəkiliş aparılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qeyri-qanuni hərəkətə yol verilməmişdir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Firudun oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 24 avqust 2022-ci il tarixdə polis əməkdaşlarının iştirakları ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs Saatlı şəhəri, Nizami küçəsində olarkən tərəflərindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib Saatlı rayon Polis Şöbəsinə dəvət etmişlər. Saatlı RPŞ-nə gətirildikdən sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən əlində saxladığı 01 ədəd “qara” rəngli sellofan torba aşkar edilmiş, torba açılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin sellofan torbadakı narkotik vasitə olan qurudulmuş marixunaya oxşar kütlə qablaşıdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş kütlənin qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, öz istifadəsi üçün saxladığını bildirmişdir. Sonda axtarış və götürmə aparılması ilə bağlı protokol tərtib edilmiş, foto və video çəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 Şahid1 Firudun oğlunun ifadəsi ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 24 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ona əlavə edilən fotoşəkillər və videoçəkilişlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 25 avqust 2022-ci il tarixli 18/917 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərində...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi-400 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 400 qram olub, tədqiqata istifadə olundu 0,1 qram, qalıq-399,90 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 13 sentyabr 2022-ci il tarixli 5157 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 399.90 qram qalan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Saatlı RPŞ-yə məsul saxlanışa verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, narkotik vasitənin miqdarını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə az ciddi cəza vasitəsilə cəzanın məqsədlərinə nail olunması, eyni zamanda təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkün deyil. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən tam təcrid edilməsi yolu ilə mümkün olduğuna görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını aşağı həddə təyin etməyi məhkəmə qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 399.90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdən 26 avqust 2022-ci il tarixədək, yəni iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq beş ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin başlanğıcı bu gündən yəni, 13 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 399.90 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar