Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-82/2025 08.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci ildə Saatlı rayonu Krasnoselski kəndində doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Saatlı rayonu Qara Nuru kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda 01 ədəd 340- M №-li, ilkin variantda keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-5 modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfəngi olmuş, lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və texniki cəhətdən saz və atəş üçün yararlı olmaqla, hal-hazırda lüləsinin uzunluğu 358 mm, ümumi uzunluğu 564 mm, öz ilkin təyinatını itirmiş İJ-5 modelli, çaxmaqlı, silahın kustar üsulla kəsilmiş qundağına sonradan 04 ədəd metal lövhə və vintlər (samarez) vasitəsilə uzunluğu 235 mm, qalınlığı 14,12 mm, eni 101,93 mm olan taxta materialdan hazırlanmış qundağ bərkidilmiş və üzəri boz rəngli izoləedici yapışqan lent vasitəsi ilə bağlanmış hamar tək lüləli ov tüfənginin kəsiyi, yivsiz odlu silahı qanunsuz olaraq əldə edib və yaşadığı Saatlı rayonu Qara Nuru kəndində yerləşən evinə qanunsuz olaraq daşıyıb və orada saxlamış, 12 aprel 2025-ci il tarixdə saat 13:45 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradakı tövlənin tavanındakı qamış hissənin içərisində həmin hamar tək lüləli ov tüfənginin kəsiyi, yivsiz odlu silah aşkar edilərək götürülmüşdür, yəni qanunsuz olaraq odlu silahı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 1992-ci il tarixdən etibarən 2017-ci il tarixədək Rusiya Federasiyasında yaşamış və oranın vətəndaşlığını almışdır. O, Rusiya Federasiyasına fəhlə kimi işləyib pul qazanmaq məqsədilə getmişdir. 2017-ci il tarixdən etibarən isə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına köçmüş və o vaxtdan, Azərbaycan Respublikasının Saatlı rayonunun Qara Nuru kəndində yaşamışdır. O, Qara Nuru kəndində usta kimi işləyib ailəsini dolandırır. Təxminən 3 il əvvəl, yəni 2022-ci ilin iyun ayında Qara Nuru kəndində balıq tutmaq üçün piyada hərəkət edərkən, yaxınlıqda olan bostanlıq ərazidə 1 ədəd tək lüləli ov tüfənginin olduğunu görmüşdür. O, tüfəngin olduğu yerə yaxınlaşmış və tüfəngə baxdıqda, tüfəngin lüləsinin, eyni zamanda arxa qundaq hissəsinin kəsildiyi, rahat tutmaq üçün isə arxa kəsilmiş hissəsinin sarılmış formada olduğunu görmüşdür. O, əvvəlcə ətrafa göz gəzdirmiş və ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra həmin tüfəngi götürmüş və tüfəngin patronunun olmadığını görmüşdür. Bundan sonra həmin tüfəngi gələcəkdə ov etmək üçün özünə götürmüş və Qara Nuru kəndində yaşadığı evə aparmışdır. Həmin tüfəngi evin həyətindəki heyvanların saxlanılması üçün tikdiyi tövlənin içərisində tavandakı qamışın arasında gizlətmişdir. Onun həmin tüfəngi orada saxladığından heç kəsin xəbəri olmamışdır. O, ailə üzvlərinə də bu barədə bildirməmiş və onların həmin tüfəngi görməmələri üçün tövlədə gizlətmişdir. O, televizorda qanunsuz silahların təhvil verilməli olduğu barədə xəbərlərdə eşitmişdir və həmin zaman ağlına tapdığı tüfəng gəlmişdir. Lakin qorxduğu üçün həmin silahı polis əməkdaşlarına təhvil verməmişdir. 12 aprel 2025-ci il tarixdə günorta saat 13 radələrində Qara Nuru kəndində yaşadığı evdə olarkən qapının döyüldüyünü eşitmişdir. O, qapını açdıqda polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları ona özlərini təqdim edərək Saatlı RPŞ-nin əməkdaşları olduqlarını demişlər, yaşadığı evdə odlu silah gəzdirməsi barədə məlumat aldıqlarını və buna görə də yaşadığı evə baxış keçirməli olduqlarını, bu barədə onun etirazının olub-olmadığını soruşmuşlar. O, tüfəngi gizlətməyinin mənasız olduğunu bilmiş və polis əməkdaşlarına həqiqətən də yaşadığı evin həyətindəki tövlədə odlu silah gizlətdiyini etiraf etmiş və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, bu barədə ərizə yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evin tövləsinə getmiş, və orada tavan hissədə qamışın arasında gizlətdiyi 01 ədəd ov tüfəngini polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi silaha təhqiqatçı tərəfindən baxış keçirilmiş və onun təqdim etdiyi 01 ədəd tək lüləli ov tüfənginə baxış keçirilərkən tüfəngin nömrəsinin 340-M №-li olduğu müəyyən olunmuşdur. Bundan sonra təhqiqatçı ondan həmin tüfəng barədə soruşmuş, o, həmin tüfəngi Saatlı rayonu Qara Nuru kəndində bostanlıq ərazidə tapdığını bildirmişdir. Təhqiqatçı həmin tüfəngi nə üçün yaşadığı evdə saxladığını soruşduqda isə tüfəngdən ov üçün istifadə etmək məqsədilə saxladığını demişdir. Onun yaşadığı evin tövləsindən aşkar edilmiş 01 ədəd tək lüləli ov tüfəngi təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra təhqiqatçı ona üzərində olan qanunla qadağan olunmuş digər əşyaları da təqdim etməsini istəmiş, o, üzərində qanunla qadağan olunmuş heç bir əşyanın olmadığını bildirmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o da iştirak edən polis əməkdaşları kimi protokolda imza etmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Firudun oğlu ifadəsində göstərdi ki, o, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona 12 aprel 2025-ci il tarixdə Saatlı rayon Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Qərib İsmayılov, RPŞ-nin PPXBnin manqa komandiri, polis baş serjantı Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Həmin gün keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs Saatlı rayon Qara Nuru kəndində yerləşən yaşadığı evinin giriş qapısının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs evin giriş qapısına yaxınlaşmışdır. Onlar ona qanunsuz olaraq odlu silah əldə etməyi və saxlaması barədə məlumatlarının olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs həyətyanı sahəyə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Daha sonra onlar həmin silahı saxladığı yeri göstərməsini bildirmişlər. Təqsirləndirilən şəxs həmin silahın həyətində yerləşən tövlədə saxladığını bildirmiş və həmin tövləyə getmişdir. Tövlə 3 otağdan ibarət olan tövlənin giriş qapısı olmayan orta hissədə yerləşən otağına daxil olmuşlar. Silah otağın tavanına qoyulmuşdur. Təqsirləndirilən şəxs silahı oradan götürərək onlara təqdim etmişdir. Silaha təhqiqatçı Qərib İsmayılov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı həmin silah tək lüləli olmaqla kəsilmiş vəziyyətdə, İJ markalı 16 çaplı 340M nömrəli olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən tövlədən aşkar edilərək götürülmüş silahın odlu silah və onun komplekt hissələri olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilməsindən ötrü 1 ədəd kisədə qablaşdırılmış, həmin kisə Azərbaycan Respublikası DİN-nin 89 №-li möhürü ilə möhürlənib götürülmüşdür. Həmin kisənin üzərində Təqsirləndirilən şəxs və baxışda iştirak edən polis əməkdaşları kimi o da imza etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən tövlədən aşkar edilmiş 01 ədəd tək lüləli olmaqla kəsilmiş vəziyyətdə, İJ markalı 16 çaplı 340M nömrəli odlu silahın özünə məxsus olduğunu bildirmişdir. Sonda axtarış, baxış və götürmə aparılması ilə bağlı təhqiqatçı Qərib İsmayılov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, doğru yazıldığı üçün digər iştirakçılar kimi o da həmin protokolda imza etmişdir. Baxış və götürmə zamanı video çəkiliş CAB-nin əməliyyat müvəkkili Həsən Qasımov tərəfindən aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 Firudun oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayon Qara Nuru kəndində yerləşən evinin həyətyanı sahəsindəki tövlədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd “İJ” markalı 16 çaplı 340M nömrəli, çaxmaqlı, hamar tək lüləli , silahının lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu yivsiz ov tüfəngi aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 25/608 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 340-M nömrəli silah ilkin variantda keçmiş SSRİ dövlətində İjevski silah zavodunda istehsal olunmuş 16 kalibrli, İJ-5 modelli, çaxmaqlı, hamar tək lüləli odlu ivsiz ov tüfəngi olub. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsul ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 358 mm, ümumi uzunluğu 564 mm olan silah ilkin təyinatını itirmiş, İJ-5 modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Həmçinin silahın kustar üsulla kəsilmiş qundağına sonradan 04 ədəd metal lövhə və vintlər (samarez) vasitəsilə uzunluğu 235 mm, qalınlığı 14,12 mm, eni 101,93 mm olan taxta materialdan hazırlanmış qundağ bərkidilmişdir və üzəri boz rəngli izoləedici yapışqan lent vasitəsi ilə bağlanmışdır. İşdə olan Saatlı rayon Ovçular Cəmiyyətinin arayışından görünür ki, Əliyev X2 rayon Ovçular Cəmiyyətində ovçu kimi qeydiyyatda deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014 və 2016-cı il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Əliyev X3 Federasiyasında ovçular cəmiyyətinin üzvü olmaqla, ovçuluq bileti vardır. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyəti yaradır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 6-cı bəndində göstərilmişdir ki, yivsiz odlu ov silahından hazırlanmış, yəni artıq əvvəlki təyinatını itirmiş kəsilmiş tüfəngi əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə CM-in 228-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən və ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, qanunsuz olaraq saxladığı odlu silahın növünü, bu xarakterli cinayətlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhəmə praktikasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs Əliyev X3 Federasiyası vətəndaşı olduğundan əcnəbi hesab olunur. Lakin məhkəmə, Təqsirləndirilən şəxs bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğunu, onun Rusiya Federasiyası vətəndaşı olsa da, milliyyətcə azərbaycanlı olduğunu, Saatlı rayonu, Qara Nuru kəndində ailəsi ilə birlikdə uzun illərdi yaşadığını nəzərə alaraq, ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının təyin edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 12 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 14 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, 01 ədəd “İJ” markalı 16 çaplı 340M nömrəli, çaxmaqlı, hamar tək lüləli , silahının lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu yivsiz ov tüfəngi müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İşdə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 aprel 2025-ci il tarixdən 14 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, 01 ədəd “İJ” markalı 16 çaplı 340M nömrəli, çaxmaqlı, hamar tək lüləli, silahının lüləsi və qundağı kustar üsulla kəsilmiş odlu yivsiz ov tüfəngi müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-82/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-82/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver