Məhkəmə qərarları › İş №1(055)-9/2023

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-9/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-9/2023 31.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx xxxx 2006-cı il tarixdə Saatlı rayonunun Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Yetkinlik yaşına çatmayan, xx xxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Saatlı rayonu Şirinbəyli kəndində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncunun evinin qarşısında, küçədən 1 baş 2000 manat dəyərində inəyi gizli olaraq talayıb oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs 2000 manat məbləğində maddi ziyan vurmuş, yəni qanunsuz olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qanuni nümayəndəsi-atası Qanuni nümayəndə və Müdafiəçi iştirakı ilə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hər şeyi olduğu kimi danışacaqdır. O, öz inəklərini satmaq istəmişdir. Çünki pal-paltarı olmamış, imkanları da zəif olmuşdur. Həm qohumlarının yaxınlaşan toyları olmuş, həm də müxtəlif yerlərə getmək lazım olmuş, lakin paltarı olmamışdır. Bu səbəbdən inəyi satmaq qərarına gəlmiş, atası isə inəklərinin qarnında balası olduğunu, onu satmamalı olduqlarını demişdir. Lakin o, bu fikrini atasına deməzdən qabaq kəndlərində heyvan alveri ilə məşğul olan Seyrana inəyi olduğunu, onu satmaq istədiyini demişdir. Seyranla əvvəlcədən razılaşmışlar. 25 sentyabr tarixində axşamüstü Seyran qazeli ilə onlara gəlmiş, atası oyaq olduğu üçün onlar bir az vaxt keçirmək məqsədi ilə Seyranın qazeli ilə Məmmədabad kəndinə getmişlər. Orada Seyran maşınına benzin vurmuş, daha sonra isə orada bir kafedə oturub çörək yemişlər. Lakin o, həmin vaxt inəyi Seyrana satmayacağına qərar vermişdir. Sonra kəndə qayıtmışlar. O, Seyrana getməsini, daha sonra ona xəbər edəcəyini demiş və evə gəlmişdir. Seyranın onun telefonuna zəng edəcəyini bildiyindən telefonunu söndürmüşdür. O, Seyranın inək almaq üçün gətirdiyi 400 manatdan xərclədikləri üçün atasına baş verənləri deyə bilməmişdir. Bir qədər sonra qapıdan səs gəlmiş, o, Seyran olduğunu bildiyi üçün həyətə çıxmamış, atası həyətə çıxmaq istəmiş, o, atasına Seyranın qardaşı ilə telefon dəyişəcəyini, Seyranın ona görə gəldiyini demişdir. Atası dediyinə inanmış, Seyran isə qapıdan getmək bilməmişdir. Axırda atası həyətə çıxmış, atasının ardınca da o çıxmışdır. Seyran da atasına onun dediklərini deyəndən sonra, atası evə qayıtmışdır. Orada Seyran ondan inəyi istəmiş, o, Seyrana inəyi sata bilməyəcəyini demiş, Seyran isə dirənmişdir. Daha sonra inək satmırsa, xərclədiyi pul əvəzində ona ot presi satmasını demişdir. O, Seyrana onların həyətindəki ot preslərinin sayılmış olduğunu bildirmiş, onu sata bilməyəcəyini demişdir. Bundan sonra Seyran ondan kənddə kimin inəyinin olduğunu soruşmuş və ardınca inəyi ona verməsini, onun da inəyi aparacağını bildirmiş, o, bunu qəbul etməmiş, bir müddət Seyranın qazelində oturmuşlar. Seyran ona ya pulunu, ya da inəyini verməsini bildirmiş, inəyi kimdənsə oğurlayıb ona verməsini və onun da aparıb satacağını bildirmişdir. O razılaşmamışdır. Seyran ondan qohumlarında kimin inəyi olduğunu soruşmuş, o da əmilərinin inəyi olduğunu bildirmiş, Seyran ona Nadir əmisigilin inəklərini çölə bağladığını, gedib onu götürmələrini təklif etmiş, o isə Seyranla razılaşmamış, oradan qaçmaq istəmiş, lakin Seyran ondan əl çəkməmişdir. O da qaça bilməmişdir. Sonra Seyran yenə əmisinin inəyini götürməyi təklif etmiş, o da axırda Seyranla razılaşmış və əmisigilin həyətinə getmişlər. O, kənarda dayanmış, Seyran isə inəklərə baxmış, yaxşı inək seçməyə çalışmışdır. O, orada da Seyrana inək aparmağın onluq olmadığını bildirmiş, əlini də heç nəyə vurmamışdır. İnəyin ipini açıb Seyrana vermişdir və Seyran da götürmüşdür. Seyran ona 340 manat pul vermişdir. Səhər durub əmisigilə getmiş, ona həyətdən inəyin yoxa çıxdığını demişlər. O gedib Seyranın ona verdiyi puldan özünə telefon və paltar almışdır. Bir qədər keçdikdən sonra, polis Elnurla əmisi maşınla gəlmişlər və ona maşına oturmasını demişlər. Ondan inəyi soruşmuşlar. O da hər şeyi olduğu kimi danışmışdır. Etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həmin hadisə olan zaman o, Bakı şəhərində olmuşdur. Kənddə olan əmisi oğlu 26 sentyabr tarixində ona zəng edərək onun həyətindən çölə bağladığı bir baş inəyinin oğurlandığını demişdir. O da onlara bununla bağlı 102 xidmətinə məlumat vermələrini bildirmişdir. Həmçinin özü də Bakıdan rayona qayıtmışdır. Saatlı rayonuna çatan kimi polis şöbəsinə gedərək inəyinin oğurlandığını bildirmişdir və ərizə vermişdir. Heyvanı Novruzun apardığını bilməmişdir. Polislərlə birlikdə kəndə getdikdən sonra polislər Novruzdan heyvanı onun aparıb-aparmadığını soruşmuşlar. O da cavabında heyvanı özünün apardığını bildirmişdir. O, Novruza əvvəldən bir dana söz vermişdir. Novruz da bilməyib dana əvəzinə inək aparmışdır. Hadisə belə olmuşdur. Həyətdə 4 ədəd inəyi və 2 ədəd danası olmuşdur, lakin konkret olaraq hansı heyvanını Novruza verəcəyini Novruza deməmişdir. Hazırda Təqsirləndirilən şəxs bağışlamışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Novruz ona 3-4 gün arxa-arxaya zəng edib inək satdığını bildirmiş, daha sonra həyətlərinə gəlmişdir. O, Novruza böyüklərinin xəbəri olduğu təqdirdə inəyi alacağını bildirmişdir. Novruz da onun yanında anasına zəng etmiş və inəklərini satdığını bildirmişdir. Anası da cavabında satırsa, cəhənnəmə satmasını bildirmişdir. Novruz orada ona inəyin şəkillərini göstərmişdir və onlar sövdələşmişlər. Novruz ona atası evə baxmadığı üçün inəyi satmaq istədiyini də bildirmişdir. O, inəyi özü saxlamaq üçün almışdır. Axşam Novruzla görüşmüşlər. O, qazelinə benzin vuracağından Məmmədabad kəndində getmiş, Novruz da onunla gəlmək istəmiş, birlikdə getmişlər. O, Novruza 400 manat pulu mağazanın qarşısında vermiş, maşına benzin vurduqdan sonra Novruz ona yemək yeməyi təklif etmişdir. Orada o, 1, Novruz isə 2 bakal pivə içmiş, yadında qaldığına görə 18 manat hesab gəlmişdir. Hesabı Novruz vermiş, ona da 20 manat benzin pulu vermiş, o da pulu götürmüşdür. Daha sonra kəndə qayıtmışlar. Novruz ona nə inəyi satmadığını, nə də inəyin əmisinin olduğunu deməmişdir. Hava qaralmışdır. O, yolda gözləmiş, Novruz ondan 100 metr aralıda olmuşdur. O, Novruzun inəyi kimin qapısından gətirdiyini bilməmiş, Novruz inəyi gətirib vermiş və onlar ayrılmışlar. Səhərisi gün polis Elnur mağazanın qabağına gəlmiş, ondan Novruzdan nəsə alıb-almadığını soruşmuş, o da inək aldığını demişdir. Daha sonra polis şöbəsinə getmişlər. O, inəyi aldıqda təxminən axşam saat 11 olmuşdur. Novruzun atası ondan Novruzla niyə görüşdüklərini soruşduqda o, Novruzdan inək alacağını deməmişdir. Çünki Novruz ona atasına heç nə deməməsini tapşırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs onun atasıdır. 26 sentyabr 2022-ci il tarixdə evə gələndə ona inək oğurlandığını demişlər. Sonra atasının əmisi oğlu Əlihüsenlə birlikdə atasına xəbər vermişlər. Atası həmin vaxt Bakı şəhərində olmuşdur. Atası onlara 102 xidmətinə məlumat vermələrini demişdir. Əlihüsen də atası dediyi kimi etmişdir. Daha sonra polislər gəlib həyətə baxış keçirib getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Novruzun Nadirin inəyini oğurlaması ilə bağlı heç nə bilmir. Sadəcə onu deyə bilər ki, 26 sentyabr 2022-ci il tarixdə sahəyə gedən zaman Nadirin yoldaşının həyətdə olduğunu görmüşdür. Ondan nə etdiyini soruşmuşdur. Nadirin yoldaşı da ona inəyin yerində olmadığını demişdir. O, inəyi axtarmağa kömək etmişdir, lakin tapa bilməmişlər. Daha sonra Nadirə inəyin olmadığını demişdir. Lakin oğurlandığını, yaxud özünün açılıb getdiyini bilməmişlər. Nadir də 102-ə zəng etməyini bildirmişdir. O da Nadirin dediyini etmişdir. Daha sonra inək tapılmışdır. Kənddən eşitdiyinə görə inəyi Novruz oğurlamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 baş inək Saatlı rayonu Şirinbəyli kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında küçədən oğurlanmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 27 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və şəkillərdən görünür ki, Şahid1 Saatlı rayonu Şirinbəyli kəndində yaşadığı evin yaxınlığında 1 baş sarı-boz rəngli, dişi, kiçik buynuzları olan, baş-üz hissəsi ağ rəngli, yerli cinsli, təxminən 5 yaşlı, diri çəkisi 200 kq olan iribuynuzlu heyvanı (inəyi) göstərərək həmin heyvanın Təqsirləndirilən şəxs ona satdığı və sonradan əmisi Zərərçəkmiş şəxs oğurladığını bildiyi heyvan olduğunu bildirmişdir. Bundan sonra həmin heyvan sahibi Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə aparılmış və sonuncu evdə olmadığından onun oğlu Şahid2 təqdim edilərkən Elşən həmin heyvanın onlara məxsus, 25 sentyabr 2022-ci il tarixdə oğurlanmış inək olduğunu bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 20 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, 1 baş dişi, yerli cinsli, 5 yaşlı, diri çəkisi 200 kq olan iribuynuzlu heyvanın (inəyin) 25 sentyabr 2022-ci il tarixə olan orta bazar qiyməti 2000 manat olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 25 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Saatlı rayonu Şirinbəyli kəndində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə əvəzsiz götürməkdən ötrü sonuncunun evinin qarşısında, küçədən 1 baş 2000 manat dəyərində inəyi gizli olaraq talayıb oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs 2000 manat məbləğində maddi ziyan vurması, yəni qanunsuz olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs qardaşı oğlu olduğu üçün əvvəldən bir dana söz verdiyini, Novruzun da bilmədən dana əvəzinə inək apardığını göstərmişdir. Onun bu ifadəsi təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi etirafedici ifadəsi və işin digər materialları ilə təkzib edildiyindən məhkəmə onları mötəbər hesab etmir və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə verilmiş ifadə hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında oğurluğa görə məsuliyyət özgənin əmlakını gizli olaraq talandığı hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Saatlı rayonu Şirinbəyli kəndində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinin qarşısında, küçədən oğurladığı 1 baş dişi inəyin ümumi dəyəri 2000 manat təşkil etdiyindən, onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs həmin cinayəti yetkinlik yaşına çatmadan törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərərçəkmiş şəxsə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx xxxx 2006-cı il tarixdə anadan olmuşdur və hazırkı cinayət əməlini yetkinlik yaşına çatmadan törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında ictimai işlər növündə cəzanın müddəti üç yüz altmış saatdan dörd yüz səksən saatadək müəyyən edilmişdir. Lakin həmin Məcəllənin 85.3-cü maddəsində yetkinlik yaşına çatmayanlara təyin olunan ictimai işlər cəzasının müddəti səksən saatdan üç yüz iyirmi saatadək müəyyən edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın aşağı həddi üç yüz altmış saat müəyyən edilmiş olsa da, həmin Məcəllənin 85.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin edilən ictimai işlər növündə cəzanın yuxarı həddi üç yüz iyirmi saat müəyyən edildiyindən, Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulmuş ictimai işlər cəzası üç yüz iyirmi saat müddətinə təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut olan bir baş iribuynuzlu heyvanın (inəyin) ibtidai istintaq zamanı sahibi-Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İşdə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək gündə dörd saatdan çox olmamaqla üç yüz iyirmi saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı çəkməyə başladığı vaxtdan hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar