Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-94/2025 22.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Saatlı rayonu, Krasnoselski kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2025-ci ilin mart ayının ortalarında yaşayış olmayan və nəzarət edilməsi ona həvalə olunmuş Saatlı rayonu Qara Nuru kəndindəki qardaşı Ramil Rüstəmova məxsus evin arxa hissəsində xüsusi hazırladığı torpağa qanunsuz olaraq əkmiş, 11 may 2025-ci il tarixədək olan müddət ərzində həmin torpaq sahəsində böyüyən 3 ədəd xeyli miqdarda çətənə (kannabis) şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 11 may 2025-ci il tarixdə saat 12:25 dəqiqədə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən yuxarıda qeyd edilən evin həyətyanı sahəsinə baxış keçirilən zaman həmin 3 ədəd xeyli miqdarda yaş vəziyyətdə ümumi çəkisi 6,68 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ay əvvəl yaşadığı Qara Nuru kəndində yol kənarından 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana tapmışdır. Həmin bükümdə olan narkotik vasitəni siqaretin tütününə qarışdırıb istifadə etmişdir. Kağız bükümdə qalan 3 ədəd toxumlarını əkmək qərarına gəlmişdir. X6 və ailəsi Bakı şəhərində qaldıqları üçün, evlərinə və həyətyanı sahəsinə nəzarət etməyi ona tapşırmışdır. O, fikirləşmişdir ki, X6a məxsus evin həyətyanı sahəsində toxumları əksə ondan heç kim şübhələnməz. Bu məqsədlə, həyətdəki evlə yardımçı tikilinin arasındakı torpaq sahəsində 3 ədəd toxumları əkmişdir. Bir tərəfini isə göy rəngli örtüklə bağlamışdır ki, heç kim görməsin. Mütəmadi olaraq həmin toxumlara qulluq emiş, torpağın diblərini sulamış, torpağını yumşaltmış, təbii gübrə vermişdir ki, tez inkişaf etsin. 11 may 2025-ci il tarixdə saat 12 radələrində X6a məxsus həyətyanı sahədə olarkən polis əməkdaşları həyətə daxil olub, onun qanunsuz olaraq narkotik tərkibli bitkilərinin əkilib-becərilməsi ilə məşğul olmağı barədə məlumat aldıqlarını və buna görə də həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Baxış zamanı video çəkiliş aparılacağı barədə öncədən ona məlumat verilmişdir. Polis əməkdaşları ondan həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olubolmamasını soruşmuşlar. O, baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Sonra polis əməkdaşları baxış keçirməyə başlamışlar. Baxış zamanı o, səmimi olaraq qardaşına məxsus həyətyanı sahədə çətənə bitkilərini əkdiyini bildirmiş və həmin yeri göstərmişdir. Belə ki, evin arxa tərəfində ev və yardımçı tikilinin arasındakı torpaq sahəsində əkdiyi 3 ədəd çətənə bitkilərinə oxşar bitkiləri polis əməkdaşlarına təqdim etmişdir. İlkin sorğu zamanı o, həmin nəşə kolarını özü çəkmək üçün əkib becərdiyini, həmin bitkilərə özü qulluq etdiyini, sonuncu dəfə həmin bitkilərə 1-2 gün əvvəl su verib diblərini yumşaltdığını etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da əkdiyi çətənə bitkilərinə baxıb, bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin 03 ədəd yaş vəziyyətdə olan əkib becərdiyi nəşə kolları torpaqdan çıxarılmışdır. Həmin nəşə kolları bir ədəd polietilen torbaya yığılıb qablaşdırılaraq möhürlənmişdir. Həmçinin nəşə kollarının qablaşdırıldığı torbanın üzərində imza etmişdir. Sonda baxış zamanı aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da, hal şahidləri və polis əməkdaşları kimi protokola imza etmişdir. Hazırda əməlindən peşmandır, ona köməklik olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 11 may 2025-ci il tarixdə Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qardaşı, Saatlı rayon Qara Nuru kəndində qeydiyyatda olan X5 məxsus yaşayış olmayan həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar raportla Saatlı RPŞ-nin rəisinə məruzə etdikdən sonra, həmin tarixdə tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra həmin qərarın icrası ilə əlaqədar keçirilən tədbirlə bağlı onun, Saatlı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2, Saatlı RPŞ-nin PPXB-nin manqa komandiri Şahid3, əvvəlcədən dəvət edilərək hüquq və vəzifələri izah edilmiş mütəxəssis-aqronom Tural İbrəhimlinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Evin həyətində olan Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, bununla əlaqədar X6un həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, X6 ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığı üçün onun evinə özü nəzarət edir və həmin sahəyə baxış keçirilməsinə heç bir etirazı yoxdur. Daha sonra Təqsirləndirilən şəxs səmimi olaraq çətənə bitkilərinin əkdiyini bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs özünün də iştirakı ilə baxış keçirilməyə başlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs X6a məxsus evin həyətyanı sahəsində evin arxa hissəsində tikililərin arasında xüsusi hazırlanmış yerdə ümumilikdə 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri aşkar etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olduğunu, öz istifadəsi üçün özünün əkib-yetişdirdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom Tural İbrəhimli tərəfindən həmin 03 ədəd bitkiyə baxış keçirilmiş və Tural İbrəhimli bildirmişdir ki, həmin bitkilərinə aqrotexniki qaydada becərilmə və qulluq işləri aparılmışdır. Bununla bağlı Tural İbrəhimli tərəfindən rəy tərtib edilərək təqdim olunmuşdur. Həmin 03 ədəd bitkilər tərəflərindən əkildikləri yerdən çıxarılaraq ekspertizaya göndərilməsindən ötrü bir ədəd sellofan torbada qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 89 №-li möhürü ilə möhürlənib götürülmüşdür. Tədbirdə iştirak edən polis əməkdaşları, aqronom və Təqsirləndirilən şəxs həmin qablaşdırmanın üzərində imza etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs X6a məxsus evin həyətyanı sahəsində evin arxa hissəsində tikililərin arasında xüsusi hazırlanmış yerdə aşkar edilmiş həmin 03 ədəd çətənə bitkilərinə oxşar bitkilərdən başqa narkotik vasitə və ya narkotik tərkibli bitkilərinə oxşar bitkilər aşkar edilməmişdir. Sonda baxışın keçirilməsi barədə Saatlı RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o, baxışda iştirak edən digər şəxslər kimi imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Baxış zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində və məhkəmə istintaqı zamanı elan edilmiş Şahid2 istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişlər. İşdə olan “Baxış keçirilməsi haqqında” 11 may 2025-ci il tarixli protokoldan, ona əlavə olan videoçəkilişdən görünür ki, Saatlı rayonu, Qara Nuru kənd sakini Təqsirləndirilən şəxs qardaşı X5 məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətyanı sahəsində evin arxa hissəsindəki tikililərin arasında xüsusi hazırlanmış yerdə ümumilikdə 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 12 may 2025-ci il tarixli 18/386 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs 3 ədəd...” sözləri və imzalar olan polietilen torbada ümumi sayı 03 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi – 6,68 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İşdə olan mütəxəssis rəyinə əsasən Təqsirləndirilən şəxs qardaşı X5 məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətyanı sahəsində evin arxa hissəsindəki tikililərin arasında xüsusi hazırlanmış yerdə əkib-yetişdirdiyi ümumilikdə 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə becərilmə və aqrotexniki qaydada qulluq işləri aparılmışdır. İşdə olan məhkəmə-narkoloji ekspertin xx.xx.2025-ci il tarixli 5610 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının çəkib qurtarmış və məhkumluğu ödənilməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, habelə barəsində CM-nin 62, yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hazırda məhkumluğunun olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 11 may 2025-ci il tarixdən 13 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət qanunvericiliyini tələbinə əsasən hazırda Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Rustamov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, həmin hökmlə hazırda mövcud olan məhkumluq hazırki baxılan cinayətə münasibətdə residiv yaratmır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2025-ci il tarixdən 13 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki günün bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla ona hazırki hökmlə təyin olunmuş cəzadan iki gün çıxılıb üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2025-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-94/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-94/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver