Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-95/2025 04.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1989-cu il tarixdə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində azyaşlı uşağı olan, məhkum olunmamış, işsiz, Saatlı rayonu Bəylər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında saat 12:48-də baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda 6,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, 08 may 2025-ci il tarixdə saat 13 radələrində Saatlı rayonu Bəylər kəndi ərazisində yeni yaşayış sahəsində həmin narkotik vasitəni əynindəki şalvarın sağ yan cibində qanunsuz olaraq satış məqsədi olmadan saxlayıb və daşıyarkən Saatlı RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, orada həmin tarixdə saat 13:23-dən 13:30-dək üstünə baxış keçirilərkən əynindəki şalvarın sağ yan cibində 1 ədəd kibrit qutusunda qanunsuz olaraq əldə edib saxladığı həmin xeyli miqdarda, təmiz çəkisi 6,56 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 06 may 2025-ci il tarixdə saat 10 radələrində yaşadığı Bəylər kəndində çöl sahədə yol kənarında piyada hərəkət edərkən, yerdə 01 ədəd kibrit qutusu olduğunu görmüşdür. O, həmin kibrit qutusuna yaxınlaşmış və içərisinə baxdıqda, içərisindəki kütlənin iyindən və rəngindən el arasında “nəşə” kimi adlanan narkotik vasitə qurudulmuş marixuana olmasını bilmişdir. O, arabir həmin nəşədən siqaretə qoldurub istifadə etmişdir. 08 may 2025-ci il tarixdə saat 13 radələrində yaşadığı Bəylər kəndi ərazisində piyada hərəkətdə olarkən mülki geyimli şəxslər kənardan yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərib, üstünün yoxlanılacağını demişlər. O, etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən təklif olunmuşdur ki, üstündə qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Səmimi olaraq üstündə narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Sonra üstündə saxladığı 01 ədəd “İphone” markalı mobil telefon, 01 ədəd alışqan, 01 qutu siqaret və əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Saatlı PPXB-nin polis nəfəri, manqa komandiri, polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 08 may 2025-ci il tarixdə Saatlı rayonu Bəylər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Şahid1 raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid1 həvalə olunmuşdur. Şahid1 tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Tərəflərindən 08 may 2025-ci il tarixdə saat 13:23-da başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri ilə əlaqədar Saatlı rayonu Bəylər kəndi ərazisində yeni yaşayış sahəsində Təqsirləndirilən şəxs müəyyən olunduğu üçün daxil olmuş məlumat barədə bildirib üstündə hər hansısa bir qanunsuz əşya, narkotik vasitənin olub-olmaması, olduğu təqdirdə özünün təqdim etməsini bildirib, hazırkı vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlığnın məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüququnun olması, təhqiqat zamanı müdafiəçinin təmin olunacağı izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 01 ədəd "İPHONE" markalı mobil telefonu, 01 qutu siqareti, 01 ədəd alışqanı, şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusu açılıb içərisinə baxılarkən içərisində qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. İçərisində marixuanaya oxşar kütlə olduğu kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 8.68 qram olduğu müəyyən olunmuşdur. Həmin 01 ədəd kibrit qutusunda olan marixuanaya oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. "İPHONE" markalı mobil telefon da götürülmüş, digər əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlə, mobil telefon, həmçinin Təqsirləndirilən şəxs Saatlı polis şöbəsinə gətirilərək müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. Protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlələr ilə birlikdə tərəflərindən Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən açılmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində başqa əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və tərəflərindən imzalanmışdır. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs kütlənin özünə aid olduğunu, satış məqsədinin olmadığını, qurudulmuş marixuana olduğunu bildirmişdir. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, o da, digər iştirakçilar kimi protokola imza etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 may 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayonu Bəylər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki şalvarın sol yan cibində saxladığı 01 ədəd kibrit qutusu ilə birlikdə çəkisi 8,68 qram narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 may 2025-ci il tarixli “Əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Saatlı rayon Bəylər Bəylər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 01 ədəd kibrit qutusu ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin xx.xx.2025-ci il tarixli, 18/377 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutususunda təmiz çəkisi – 6,56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair” aktdan görünür ki, 6,56 qram narkotik vasitəsi qəbul olunmuş, 0,02 qram nümunə götürülmüş, 6,54 qram geri qaytarılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Saatlı rayon İcra Hakimiyyəti başçısının Bəylər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 may 2025-ci il tarixli 83 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu Bəylər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və ailə tərkibi xx.xx.1965-ci il təvəllüdlü X1, xx.xx.1970-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü qızı-X6 və xx.xx.2013-cü il təvəllüdlü oğlu-X7 olmaqla ümumilikdə 4 nəfərdən ibarətdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Saatlı RPŞ-yə daxil olmuş “Tələbnamə”dən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilməsi görüntülərini özündə əks etdirən videoçəkilişin psixoloji qiymətləndirilməsi zamanı həmin şəxsə qarşı fiziki və psixi təsir göstərilməsi müəyyən edilməmiş və narkotik vasitə aşkar edilməsi görüntülərini özündə əks etdirən videoçəkilişdə Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində (təşviş, qorxu, psixi-emosional gərginlik və sair) kimi halların yaranması müşahidə edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda 6,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməsi, 08 may 2025-ci il tarixdə saat 13 radələrində Saatlı rayonu Bəylər kəndi ərazisində yeni yaşayış sahəsində həmin narkotik vasitəni əynindəki şalvarın sağ yan cibində qanunsuz olaraq satış məqsədi olmadan saxlayıb və daşıyarkən Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, orada həmin tarixdə saat 13:23-dən 13:30-dək üstünə baxış keçirilərkən əynindəki şalvarın sağ yan cibində 1 ədəd kibrit qutusunda qanunsuz olaraq əldə edib saxladığı həmin xeyli miqdarda, təmiz çəkisi 6,56 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məsuliyyət satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hallarında yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa, həmin qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunlarla təsdiq edilmiş 1-ci siyahıya əsasən marixuananın xeyli miqdarının aşağı həddi 5 qramdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını nisbətən aşağı həddə təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il tarixli 4 nömrəli qərarına və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarına əsasən, məhkəmə təqsirləndirilən şəxsin üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin 12 sentyabr 2025-ci il tarixli, 5688 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X12 13 may 2025-ci il tarixli, 18-1-65/2-340/2025 nömrəli məktubundan görünür ki, Saatlı rayonu Bəylər kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X12 Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb xəstəlikləri ilə bağlı heç bir dispanser qeydiyyatda yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 08 may 2025-ci il tarixli protokoldan və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında 10 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdən 10 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmış, 10 may 2025-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 11 sentyabr 2025-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində tutularaq Saatlı RPŞ-yə gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 6,54 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 may 2025-ci il tarixli, 18/377 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdən 10 may 2025-ci il tarixədək şübhəli şəxs kimi tutularaq iki gün və 11 sentyabr 2025-ci il tarixdə tutularaq bir gün saxlanılmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan altı gün çıxılaraq üzərində qəti olaraq bir il beş ay iyirmi dörd gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 6,54 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 08 may 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd CD və 08 may 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd CD disklərin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə münasibətdə hökmün surətinin ona verildiyi andan) 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(055)-95/2025
Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-95/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver