Məhkəmə qərarları › İş №1(055)-97/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-97/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-97/2025 26.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, ümumi təmiz çəkisi 6,82 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq saxlamış, xx.xx.2025ci il tarixdə saat 17:45-də Saatlı şəhəri, Təqsirləndirilən şəxs küçəsi döngə 1-də yol kənarında idarə etdiyi “Mercedes” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə dayanmış vəziyyətdə həmin narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan üstündə daşıyarkən əməliyyat tədbiri keçirən Saatlı RPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunmuş və orada saat 17:45-dən 17:57-dək olan müddətdə üstü yoxlanılarkən əynindəki şalvarın sol yan cibində saxladığı həmin 1 ədəd sellofan bükümdə 6,82 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, el arasında “nəşə” kimi adlanan narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Saatlı şəhərində yerləşən Əzizbəyov adına 2 saylı tam orta məktəblə Su İdarəsinin arasında olan su kanalına balıq ovuna getmişdir. Həmin vaxt su kanalının yanında yerdən 1 ədəd sellofan büküm tapmışdır. Həmin 1 ədəd sellofan bükümü yerdən götürüb içərisində baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin vaxt ətrafda heç kim olmamışdır. Daha sonra isə həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan bükümü özü istifadə etmək məqsədi ilə əynindəki şalvarın sol yan cibinə qoymuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuananı istifadə etməyə şərait olmadığı üçün özünə məxsus olan “Mercedes” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamışdır. xx.xx.2025-ci il tarixdə həmin narkotik vasitəni istifadə etmək üçün yenidən götürüb əynindəki şalvarın sol yan cibinə qoymuşdur. Həmin gün saat 17:45-də Saatlı şəhəri, Təqsirləndirilən şəxs küçəsi döngə 1-də yol kənarında avtomobilini kölgədə saxlayıb içində oturmuşdur. Həmin vaxt yanında bir avtomobil dayanmış və içərisindən mülki geyimli tanımadığı bir neçə nəfər şəxs videoçəkilişlə endikdən sonra ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirərək, həmçinin xidməti vəsiqələrini göstərərək, özünü təqdim etməyini istəmişlər. O da özünü təqdim etdikdən sonra üstündə qanunla qadağan edilmiş əşya, predmet vardırsa təqdim etməyi təklif edilmiş, o da əynində olan cins şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin 1 ədəd sellofan bükümdəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, Saatlı şəhərində yerləşən Su idarəsinin yaxınlığındakı su kanalının yanından yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi həmin 1 ədəd sellofan büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş, daha sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi həmin 1 ədəd sellofan büküm ilə birlikdə bir ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmış, müvafiq ekspertizaya göndərilməsindən ötrü götürülmüşdür. Bundan sonra polis əməkdaşları ona məxsus olan “Mercedes” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər, avtomobilimdən isə ona məxsus olan 1 ədəd “Redmi 13” markalı mobil telefon və 01 ədəd “Nokia” markalı mobil telefon da polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Üstündən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanadan başqa qanunla saxlanması, daşınması, əldə edilməsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və sair əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişi dayandırmış, üstünə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gətirilmiş, polis şöbəsində yerləşən xidməti otaqların birində videoçəkilişlə üstündən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd sellofan büküm açılmış, içərisinə baxış keçirilmiş, həmin vaxt da narkotik vasitə qurudulmuş marixuananı Saatlı şəhərində yerləşən Su idarəsinin yaxınlığındakı su kanalının yanından yerdən tapdığını, istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana yenidən qabalaşdırılaraq götürülmüşdür. Üstündən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan başqa qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğu o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda əməlində peşman olduğunu bildirərək ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şövqi oğlu ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir, polis kiçik leytenantı xüsusi rütbəsi daşıyır. 23 iyul 2025-ci il tarixdə Saatlı şəhəri, O.Rzayev küçəsi ev 16-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə Saatlı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmiş, bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid1 həvalə olunmuşdur. Şahid1 tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Saatlı rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 17:45-də Saatlı şəhəri, Təqsirləndirilən şəxs küçəsi, döngə 1-də Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobildə yol kənarında dayanmış vəziyyətdə müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb avtomobildən düşməsini tələb edib, həmin vaxtdan şübhəli şəxs qismində saxlanılaraq faktiki olaraq azadlıqlarının məhdudlaşdırıldığı, müdafiəçi ilə təmin olunmaq hüquqlarının olması, ilkin araşdırma zamanı müdafiəçinin təmin olunacağını izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edərək üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı yerdən tapdığını və özü istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Həmin sellofan büküm açılıb içərisinə baxılarkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlə olduğu 01 ədəd sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 7 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı və 01 ədəd “Nokia” mobil telefonlar aşkar olunmuş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd “Redmi” markalı və 01 ədəd “Nokia” mobil telefonlar və Təqsirləndirilən şəxs müvafiq təhqiqat orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Bununla bağlı protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun yekununda şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına və ya dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ bir daha izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlə və 01 ədəd “Redmi” markalı və 01 ədəd “Nokia” mobil telefonlarla birlikdə Təhqiqat bölməsinə təqdim edilmişdir. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman götürülmüş həmin kütləyə Saatlı RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin kütləni yerdən tapdığını və istifadə etmək məqsədi ilə üstündə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üstündə saxladığı və polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd sellofan bükümdəki kütləyə baxış zamanı, içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edildi ki, üstündə başqa əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs üstündə başqa əşya və predmet olmadığını bildirmişdir. Daha sonra təqdim edilmiş kütlə yenidən həmin 01 ədəd kağız zərfdə qoyularaq qablaşdırılmış, möhürlənmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Redmi” markalı və 01 ədəd “Nokia” mobil telefonlar da iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bütün bunlar barədə videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokola imza etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmədə iştirak etməsələr də, şahidlər Şahid2 və Şahid1 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan 23 iyul 2025-ci il tarixli “Şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynindəki şalvarın sol yan cibində saxladığı 01 sellofan büküm ilə birlikdə 7 qram narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan 23 iyul 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 01 sellofan büküm ilə birlikdə 7 qram narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 24 iyul 2025-ci il tarixli 18/537 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 6,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertin 18 sentyabr 2025-ci il tarixli 5835 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertin 18 sentyabr 2025-ci il tarixli 3165 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kǝmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini etiraf edib səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan qərarının 2-ci və 3-cü bəndlərində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 23 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 25 iyul 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 23 iyul 2025-ci il tarixdən 25 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6,80 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2025-ci il tarixdən 25 iyul 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 6,80 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar