Məhkəmə qərarları › İş №1(055)-98/2025

Saatlı Rayon Məhkəməsi Hökm — İş №1(055)-98/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Saatlı rayonu İş № 1(055)-98/2025 26.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs ilə, xx.xx.1991-ci ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Saatlı şəhər Ü.Hacıbəyov küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs, 23 iyul 2025-ci il tarixdə saat 20:45 radələrində Hacıqabul- Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Bəylik kəndi ərazisindən keçən 52ci kilometrliyində yol hərəkəti qaydalarını pozması, yəni idarə etdiyi “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” tələbinə zidd olaraq Bəhrəmtəpə (Saatlı) şəhəri istiqamətindən Hacıqabul (Sabirabad) şəhəri istiqamətində icazə verilən 60 km\saat sürətdən artıq sürətdə, yəni 70 km/saat sürəti ilə hərəkətdə olması səbəbindən, qarşı hərəkət zolağından, ona nisbətən yolun solundan sağ istiqamətində keçən piyada Əliyeva Rahilə Babaş qızını avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun təpə-sağ gicgah, ənsə nahiyəsində baş beyin toxumasında, baş beynin sərt və yumşaq qişasında, qişaltında qansızmalar, həmin proyeksiyada yumşaq toxumada qansızmalar, təpə və ənsə nahiyəsində, sağ dirsək oynağının bayır və arxa səthində yaralar, sağ bud sümüyünün aşağı 1/3-də qapalı yerdəyişən sınıq, sağ gözaltı nahiyədə, sağ budun aşağı 1/3-də ön səthdə qançırlar, sağ qoltuqaltı xətt üzrə göbək səviyəsində, sağ böyrək proyeksiyasında, sol diz oynağının ön səthində, sağ diz oynağının iç səthində sıyrıqlar ilə müşahidə edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirilməklə, onlardan kəllənin qapalı küt travması nəticəsində baş beyin toxumasına qansızma ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 23 iyul 2025-ci il tarixdə Saatlı rayonunda yerləşən “Yengibar” adlanan kafedə işləyən tanıdığı Ülviyyə adlı xanımı həmin kafenin qarşısından etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə mindirmişdir. Ülviyyə Sabirabad rayonunda yaşadığı üçün onu ora aparacaqdır. Saatlı rayonundan çıxıb, idarə etdiyi nəqliyyat vasitəsini 70 km/saat sürətlə hərəkət etdirərək, Saatlı rayonu Bəylik kəndi ərazisində Hacıqabul istiqamətində hərəkətdə olarkən təxminən saat 20:45 radələrində yolun solundan sağına keçən piyada, sonradan adını bildiyi Rahilə adlı şəxsin yolun sol tərəfindən sağ tərəfinə keçdiyini görmüşdür. Həmin anda o, idarə etdiyi avtomobilə tormoz versədə, Rahilə avtomobilin qabaq sol tərəfinə, baş nahiyyəsi isə qabaq şüşənin sol tərəfinə dəyib yolun mərkəz hissəsinə düşmüşdür. Həmin anda onun avtomobili asfalt yolun sağ hissəsində dayanmışdır. O, avtomobildən düşüb Rahiləni yerdə uzanmış vəziyyətdə görmüşdür. Həmin an hadisə yerinə çoxlu adamlar gəlmiş və onu kənara aparmışlar. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadəsi, maddi sübut, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Əliyeva Rahilə Babaş qızı onun anasıdır. xx.xx.2025-ci il tarixdə axşam saat 19 radələrində anası Rahilə evdən çıxaraq yaşadığı Bəylik kəndində olan qohumugilə getmişdir. Bundan sonra o, həmin gün saat 21 radələrində öyrənmişdir ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Bəylik kəndi ərazisindən keçən 52-ci km-də, Saatlı şəhəri Ü.Hacıbəyov küçəsi ev 1-də qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul istiqamətində hərəkətdə olarkən yolun solundan sağı istiqamətində keçən piyada Əliyeva Rahilə Babaş qızını, yəni anasını vurmuş və o, aldığı xəsarətlər ilə əlaqədar hadisə yerində ölmüşdür. Bu barədə ona qohumları xəbər vermişlər və o, dərhal hadisənin baş verdiyi yerə getmişdir. O, hadisə yerinə gəldikdə öyrənmişdir ki, sürücü Vüsal adlı şəxs idarə etdiyi avtomobil ilə yoldan keçməyə çalışan anası Əliyeva Rahiləni vurmuşdur. Ona, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürəti çox olduğundan o, tormoz verməsinə baxmayaraq nəqliyyat vasitəsini qəza şəraitindən yayındıra bilmədiyini demişlər. O, hadisə yerinə çatanda artıq anası Rahiləni TTY maşını ilə Saatlı RMX-yə aparmışlar. O, bu səbəbdən Saatlı RMX-yə getmişdir. Orada ona anası hadisə yerində öldüyü məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışım, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 23 iyul 2025-ci il tarixdə Saatlı rayonunda yerləşən “Yengibar” adlanan kafedən çıxıb, evinə getmək üçün Vüsala zəng edərək onu aparmasını istəmişdir. Vüsal onu istifadəsində olan “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə götürmüş və Sabirabad şəhəri istiqamətində hərəkətə başlamışdır. O, həmin avtomobilin arxa hissəsində sağ tərəfdə əyləşmişdir. Saatlı rayonu Bəylik kəndi ərazisində olarkən qarşıdan “Şaqman” adlanan yük avtomobili gəlmişdir. Şaqman Vüsalın idarə etdiyi avtomobilin qarşısına çatan zaman onun arxa hissəsindən sonradan adını bildiyi Rahilə adlı şəxs, anidən yolu keçmək üçün sürətli addımlarla Vüsalın avtomobilinin qarşısına çıxmışdır. O, həmin an telefona baxdığı üçün hadisəni tam dəqiqliyi ilə görə bilməmişdir. Vüsal həmin an qışqıraraq “adam vurdum” demişdir. Daha sonra həmin şəxs maşının qabaq şüşəsinə dəyərək, maşının qarşısına düşmüşdür. Vüsalın idarə etdiyi avtomobil nisbətən yolun sağında dayanmışdır. Həmin an Vüsal və o, tez avtomobildən yerə düşərək Rahilə adlı şəxsə yaxınlaşmışlar, lakin o, hərəkətsiz vəziyyətdə olmuş, çox güman ki, ölmüşdür. Hadisə yerinə çoxlu adamlar gəlməyə başlamışdır. Təxminən 5 dəqiqəyə yaxın müddətdə təcili tibbi yardım avtomobili gəlmiş və o, yolun kənarına çəkilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Saatlı RPŞ-nin DYPB-nin YNH üzrə Baş inspektoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Saatlı RMX-dan Saatlı rayonu Bəylik kəndində yaşamış Əliyeva Rahilə Babaş qızı yaşadığı kənd ərazisində piyada hərəkətdə olan zaman Vaz 21074 markalı avtomobil tərəfindən vurulması nəticəsində aldığı müxtəlif növ bədən xəsarətlərindən hadisə yerində vəfat etməsi barədə məlumat daxil olmuş və dərhal Saatlı RPŞ-nin əməkdaşları ilə birlikdə hadisə yerinə getmişlər. Onlar hadisə yerinə çatanda piyada Əliyeva Rahilə Babaş qızı TTY avtomobili ilə Saatlı RMX-yə aparılmışdır. Bundan sonra müstəntiqin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən o, digər polis əməkdaşları və iki nəfər hal şahidi ilə birlikdə iştirak etmişdir. Baxış zamanı hadisənin Hacıqabul- Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Bəylik kəndi ərazisindən keçən 52ci km-də baş verdiyi müəyyən olunmuşdur. Hadisəni törədən Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Hadisənin baş verdiyi yol iki hərəkətli olmaqla yolun ortasından qırıqqırıq xətlə hərəkət istiqamətləri ayrılmışdır. Baxış zaman hadisəni törətmiş Təqsirləndirilən şəxs özü sərbəst şəkildə avtomobil yolunun hansı hissəsində piyadanı vurduğu yeri göstərmiş, fotoşəkillər çəkilmiş və Təqsirləndirilən şəxs özünün iştirakı ilə ölçmə işləri aparılarkən onun göstərdiyi yerdən Sabirabad (Hacıqabul) – Bəhrəmtəpə (Saatlı) istiqamətində dayandıqda yolun hərəkət hissəsinin sol kənarına qədər 4,2 metr, hərəkət hissəsinin sağ kənarına qədər 5 metr, həmin yerdən yolun sağ tərəfində beton sütuna qədər 8,70 metr məsafənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs piyadanı vurduğu yeri göstərərkən həmin yerə qədər tormozlama izi 24 metr müəyyən edilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs sərbəst şəkildə ona heç bir təsir və təziq göstərilmədən bildirmişdir ki, Saatlı rayonu istiqamətindən Sabirabad şəhəri istiqamətində idarə etdiyi “Vaz 21074” markalı avtomobil ilə yolun öz hərəkət zolağı ilə hərəkətdə olarkən qarşı tərəfdə yolun orta hissəsində piyadanı görmüş, lakin hadisənin qarşısını ala bilməyib avtomobilinin qabaq sol tərəfi ilə piyadanı vurmuşdur. Baxış keçirilərkən fotoşəkillər çəkilmişdir. Sonda baxışın keçirilməsi barədə tərtib edilmiş protokol ucadan oxunmuş, doğru yazıldığı üçün o, baxışda iştirak edən digər polis əməkdaşları, iki nəfər hal şahidi və Təqsirləndirilən şəxs özü protokolda imza etmişlər. İşdə olan 23 iyul 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Bəylik kəndi ərazisindən keçən 52-ci km-də baş vermişdir. Hadisə yerində yol örtüyünün və yolun hərəkət hissəsinin eni 9.2 metrdir. Həmin yol asfaltbeton örtüklü, hamar və qurudur. Yolun iki hərəkət hissəsi vardır və həmin hissələri yolun orta hissəsindən 1.5 nömrəli üfiqi nişanlanma xətti (qırıq-qırıq) ayırır. Baxış Hacıqabul (Sabirabad) şəhəri istiqamətindən Bəhrəmtəpə (Saatlı) rayonu istiqamətdə aparılmış, baxış zaman hadisəni törətmiş Təqsirləndirilən şəxs piyadanı vurduğu yeri göstərmiş, onun göstərdiyi yer piyadanın vurulma yeri kimi qəbul olunmuşdur. Hadisə baş verən yolun sağ və sol kənarlarında yol kənarına əkilmiş müxtəlif ağaclar yerləşir. Yol işıqlandırılmır. Piyadanın vurulma yerindən yolun hərəkət hissəsinin sol kənarına qədər 4,20 metr, hərəkət hissəsinin sağ kənarına qədər məsafə isə 5 metrdir. Həmin yerdən yolun sağ tərəfində yerləşən beton sütuna qədər məsafə 8,70 metrdir. Hadisə yerində Bəhrəmtəpə (Saatlı) rayonu istiqamətindən piyadanın vurulma yerinə qədər olan məsafədə 24 metr tormozlama izi müşahidə edilmiş, nəqliyyat vasitəsinin sınmış hissələri müşahidə edilməmişdir. Həmçinin hadisə yerində qanabənzər ləkə izləri müşahidə edilmişdir. Baxış zamanı başqa əhəmiyyət kəsb edən hallar müşahidə olunmamış, hadisə yerinin sxemi tərtib olunmuş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş, protokola əlavə edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 07 saylı rəyindən görünür ki, Əliyeva Rahilə Babaş qızının meyitinin müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir: Aşkar edilmiş xəsarətlər: təpə-sağ gicgah, ənsə nahiyəsində baş beyin toxumasında, baş beynin sərt və yumşaq qişasında, qişaltında qansızmalar, həmin proyeksiyada yumşaq toxumada qansızmalar, təpə və ənsə nahiyyəsində, sağ dirsək oynağının bayır və arxa səthində yaralar, sağ bud sümüyünün aşağı 1/3-də qapalı yerdəyişən sınıq, sağ gözaltı nahiyədə, sağ budun aşağı 1/3-də ön səthdə qançırlar, sağ qoltuqaltı xətt üzrə göbək səviyəsində, sağ böyrək proyeksiyasında, sol diz oynağının ön səthində, sağ diz oynağının iç səthində sıyrıqlar-həyatidir, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğundur, qərarda göstərilən şəraitdə əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər. Əliyeva Rahilə Babaş qızı ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir.Əliyeva Rahilə Babaş qızının ölümünə səbəb kəllənin qapalı küt travması nəticəsində, baş beyin toxumasına qansızma olmuşdur. Ölüm müayinədən 3-4 saat əvvəl baş vermişdir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/1907 saylı rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: VAZ-21074 markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 notariat formada təsdiq olunmuş xx.xx.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlər ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Buna görə də məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməlidir. İş üzrə xüsusi müadirə edilməli əmlak, mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar