Məhkəmə qərarları › İş №1(056)-10/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-10/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-10/2025 08.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Mirkazım Zülfəli oğlu Zülfüqarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad rayonunun Balakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, məsciddə axund müavini işləyən, Sabirabad rayonunun Balakənd kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə, saat 14 radələrində Sabirabad rayonu Balakənd kəndində yaşadığı fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs həkim müayinəsinə aparmadığı səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə vuraraq Zərərçəkmiş şəxs sol tərəfli postravmatik mezotimpanitlə və eşitmə zəifliyi ilə müşayiət olunan, sol qulağın xarici seyvanının sırğalıq hissəsində, sol çənə bucağı proyeksiyasında, boynun sol yan səthində qançırla nəticələnən bədən xəsarət yetirməklə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır, həyat yoldaşı Gülşənlə 2011-ci ildə ailə qurmuş, ailədə münasibəti normal olmuş, aralarında heç bir münaqişə olmamışdır. Gülşənlə birgə təsərrüfatda yaşamış, son 2-3 ildə Gülşənin səhhətində problemlər yaranmış, səhhətində xərçəng xəstəliyi ortaya çıxmış, bir neçə dəfə Bakı şəhərinə müalicəyə aparmışdır. Son günlər imkanı olmadığından həkim müayinəsinə apara bilməmişdir. xx.xx.2024cü il tarixdə saat 14 radələrində yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə mübahisələri yaranmış, əsəbiləşərək Gülşəni vurmuşdur. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs hazırda atası evində olsa da, barışmağa cəhd göstərmiş, hətta əməliyyat olunmasını eşidib onunla bir neçə dəfə əlaqə saxlamış, telefonla danışmışdır. İnanır ki, birgə nikahdan olan övladlarının xatirinə ailəsi bərpa olacaqdır. Hazırda o, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə mürciət edərək, əməliyyat olunacağına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır və birgə təsərrüfatda yaşayırlar. Zamirlə 2011-ci ildə ailə qurmuş, ailə qurandan sonra ailədə münasibətləri normal olmuş, bir müddət sonra münaqişələri yaranmış, Zamirdən məhkəmə yolu ilə boşanmışdır. 4 il atası evində yaşamış, lakin Zamir ondan əl çəkməmiş, barışmasını istəmiş, azyaşlı uşaqlarına görə barışmış və Zamirin atası evində yaşamağa davam etmişlər. Son vaxtlarda səhhətində xərçəng xəstəliyi yaranmış, Zamir onu həkim müayinəsinə aparmadığına görə birgə yaşadıqları evdə münaqişələri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində həkim müayinəsinə getməyə görə mübahisələri olmuşdur. xx.xx.2024-cü il tarixdə təkrar Zamirə həkim müayinəsinə getməyi bildirmiş, Zamir həkimə aparmayacağını, valdeyinlərinin aparmasını demiş, birgə yaşadıqları evdə mübahisələri olmuş, Zamir onun sol qulağının üstündən, sol çiyin nahiyyəsindən yumruqlar vurub saçından tutaraq döymüş və sağ əli ilə boğazından yapışıb boğmuşdur, həmin vaxt huşunu itirmişdir. Ayılandan sonra qaynanası Sevdanı qarşısında görmüşdür. Zamirin hərəkətlərinə dözə bilməyib atası evinə getmiş, hadisəni atasına danışmışdır. Bu səbəbdən də, atası X1 DİN-in 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Sonra özü də polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək ona ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadıqları evin pilləkənində oturarkən gəlini Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs arasında evin balkonunda mübahisələrini eşitmiş, pilləkəndən ayağa durub onlara yaxınlaşarkən Zamirin Gülşənin boğazından yapışdığını görüb onları sakitləşdirib aralaşdırmışdır. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 607 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol tərəfli postramvatik mezotimpanitlə və eşitmə zəifliyi ilə müşaiyət olunan, sol qulağın xarici seyvanının sırğalıq hissəsində, sol çənə bucağı proyeksiyasında, boyunun son yan səthində qançırlar küt əşyanın\əşyaların\ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti Qalaqayın kənd üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Az. Resp. DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, zərərçəkmişin və şahidin ifadəsi, ekspertiza rəyi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşmançılıq hissi keçirməsini, azyaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar