Məhkəmə qərarları › İş №1(056)-104/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-104/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-104/2024 14.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Sabirabad Rayonunun Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonunun Həsənalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, Sabirabad rayonu Həsənli kəndi ərazisində yerləşməklə rayonun Cavad bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsindən X=285226, Y=4437624 koordinatlar daxilində yerləşən 0,95 ща torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 1998-ci ilin təxminən yanvar ayından etibarən hüdudlarını müəyyən etmək üçün kənarlarını qazdırmaqla və həmin torpaq sahəsində hazırkı vaxtadək əkin işləri aparıb özbaşına tutmaqla becərmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamla təqsirli bilərək bildirdi ki, Sabirabad rayonu Həsənli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, barəsində Əmlak məsələləri dövlət xidmətindən Sabirabad rayon polis şöbəsinə daxil olmuş məktubla tanış olmuşdur. O, rəsmi olaraq heç yerdə işləmir, əkinçiliklə məşğul olmaqla ailəsini dolandırır. Yaşadığı Sabirabad rayonu Həsənli kənd ərazisində Cavad bələdiyyəsinə məxsus torpaq sahəsindən uzun illərdir istifadə edir. Bələdiyyənin 0,95 ha torpaq sahəsindən istifadə etsə də hazırki vaxtadək torpağa aid heç bir sənədləşmə aparmamışdır. Əvvəlki illərdə də torpaq sahəsinin qanunsuz istifadəsini bilməmişdir. Həmin torpaq sahəsi ona aqrar islahat komissiyası yaranmamışdan qabaq, yəni 1998-ci ilin sentyabr ayında mərhum icra nümayəndəsi Fazil Qasımov tərəfindən verilmişdir. Həmin vaxtdan bugünədək torpaq sahəsindən istifadə etmişdir. O, hazırki vaxtda sahədə nar ağacları əkmişdir. Sahənin ətrafını hasar kimi qazdırmış, eləcə də nar ağacları ilə hasara almışdır. O, həmin torpaq sahəsinin Cavad bələdiyyəsinə məxsus torpaq sahəsi olduğunu və zəbt etdiyini başa düşdüyünü, 11 oktyabr 2023cü il tarixdə əmlak məsələləri dövlət xidmətindən həmin torpaq sahəsinin zəbt edilməsi faktı müəyyən edildikdən sonra, o, Cavad bələdiyyəsi ilə müvafiq sənədləşmələr aparmağa başladığını və indiyə kimi 280 manat pul ödədiyini, lakin tam ödəniş edə bilmədiyindən hazırda da torpaq sahəsinə dair hər hansı bir sənədinin olmadığını bildirmişdir. Hazırda torpaq sahəsi bələdiyyəyə təhvil verilmişdir. Məhkəmədən torpaq sahəsinin qaytarılmasını, bələdiyyənin ona qarşı şikayət və tələbinin olmadığını, özünün yaşını nəzərə alaraq barəsində ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirdi ki, o, 2020-ci ilin mart ayından Cavad bələdiyyəsinin sədri vəzifəsində işləyir. Sabirabad rayonu Həsənli kənd sakinləri Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 kənd sakinləri kimi tanıyır. Tağıyev X2 rayonu Cavad bələdiyyəsinin mülkiyyətində olan 1,00 ha torpaq sahəsini, Təqsirləndirilən şəxs 0,95 ha torpaq sahəsini, Şahid2 0,82 ha torpaq sahəsini, Şahid3 isə 0,95 ha torpaq sahəsini uzun illərdir ki, özbaşına zəbt edərək qeyri-qanuni istifadə edirlər. Bələdiyyə sədri seçiləndən sonra o, dəfələrlə torpaq sahələrinin zəbt olunmaları ilə əlaqədar sənədləşməsi üçün adları qeyd olunan şəxslərə şifahi müraciət etsə də, heç bir nəticəsi olmamış, həmin şəxslər torpaq sahəsini boşaltmamışlar. 2022-ci ilin oktyabr ayında ƏMDX-nin əməkdaşlarının iştirakı ilə ərazidə monitorinq keçirilmiş, həmin şəxslərə torpaq sahələrini zəbt etmələri ilə bağlı xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. Hazırda təqsirləndirilən şəxs torpaq sahəsini geri qaytarmışdır. Ona qarşı şikayət və tələbləri yoxdur. Odur ki o, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Həsənli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, barəsində Əmlak məsələləri dövlət xidmətindən Sabirabad rayon polis şöbəsinə daxil olmuş məktubla tanış olmuşdur. O, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Yaşadığı kənd ərazisində Cavad bələdiyyəsinə məxsus 1 hektar torpaq sahəsindən 2015-ci ildən bu günə kimi istifadə etmiş, həmin torpaq sahəsini həmkəndlisi X1 2000 manata almışdır. Bu günə qədər də həmin torpaq sahəsinə aid heç bir sənədləşmə aparmamışdır. O, həmin torpaq sahəsini alanda nar bağı olmuş, aldıqdan sonra isə nar ağaclarını çıxarıb yerində taxıl əkmişdir. 2021-ci il tarixdən isə həmin torpaq sahəsində yonca əkmişdir. 11 oktyabr 2023-cü il tarixdə əmlak məsələləri dövlət xidmətindən həmin torpaq sahəsinin zəbt edilməsi faktı müəyyən edildikdən sonra, o, Cavad bələdiyyəsinə şifahi olaraq müraciət etmiş, lakin maddi imkanı olmadığından halhazırki müddətədək qeyd olunan torpaq sahəsini sənədləşdirə bilməmişdir. Onun zəbt etdiyi torpaq sahəsi Təqsirləndirilən şəxs zəbt etdiyi bələdiyyə torpaqlarına yaxın olduğundan, sonuncunun da bələdiyyə torpağını zəbt etməsindən məlumatlı olmuşdur, belə ki, məlumatına görə Təqsirləndirilən şəxs da həmin torpağı aqrar islahat komissiyası yaranmamışdan qabaq təxminən 1998-ci il tarixdən əldə etmişdir. Məhkəmə iclasında şahid qismində Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, həmkəndlisi Şahid1 ifadəsində göstərdiklərini təsdiq etdilər. Məhkəməyə təqdim edilmiş Cavad bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 08 saylı iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs zəbt etdiyi 0,95 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özününü etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın növünü və həddini müəyyən edərkən, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayətçi və tələbinin olmamasını, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsini özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar