Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-108/2025 09.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Sabirabad rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla Sabirabad rayonu, Qəzli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat təxminən 13:00 radələrində Qaraqaşlı kəndində yerləşən evində qaynanası Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində mübahisə etmiş, baş vermiş həmin mübahisə zamanı Təqsirləndirilən şəxs, qaynanası Zərərçəkmiş şəxsmn sağ qolundan tutub arxasına keçməklə yıxmaq üçün aşağıya doğru əyməklə sonuncuya sol bud çanağının əziyi ilə, sol bud çanaq oynağının bayır səthində qançırla müşayiət olunan bədən xəsarəti yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona AR CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qayınanasıdır. Həyat yoldaşı Niyaz Dosiyevlə 2018-ci ildə ailə qurmuş və bir azyaşlı qızı vardır, Məhbubə ilə bir evdə qalırlar. Əvvəllər Məhbubə ilə ciddi problemləri olmamışdır. Lakin son 3-4 ayda münasibətləri pozulmuşdur. Özü də bilmədiyi səbəbdən Məhbubənin ondan xoşu gəlməmiş və onun evdən çıxmasına çalışmışdır. O, bəzən əsəbləşib evdən çıxmış, Qəzli kəndinə atası evinə getmişdir. Qayınanası Məhbubənin onun haqqında rayon polis şöbəsinə verdiyi şikayətdən məlumatı vardır. 01 iyul 2025-ci il tarixdə, saat 13 radələrində əkin sahəsindən evə gəlmiş və Məhbubə ona yenidən söz atmağa başlamış, evdən çıxaracağını demişdir. Ona cavab olaraq mərhum qaynanasına da belə zülm etməsini bildirmişdir. Məhbubə əsəbi halda ona evdən çıxmasını, boşanmalı olmasını, oğluna başqa arvad alacağını bildirmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Məhbubə stolun üstündə olan maskuranı götürüb “səni vuraram” demişdir. O da tez Məhbubənin sağ qolunu tutub burmuşdur. Bu zaman baldızı Firuzə yaxınlaşıb onları aralaşdırmışdır. Bir neçə gün sonra eşitmiş ki Məhbubə xəstəxanaya getmiş və ondan şikayət etmişdir. Hadisə vaxtı evdə baldızı Firuzə olub, hadisəni görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs gəlinidir və oğlu Niyazin arvadıdır. Onlar 2018-ci ildə ailə qurmuşlar, bir azyaşlı uşaqları vardır və onunla bir evdə yaşayırlar. Son 2-3 ildir ki, Təranə onunla dolanmır, yola getmir, evdə bir neçə dəfə münaqişələri baş vermişdir. Lakin şikayət etmək fikri olmamışdır. 01 iyul 2025-ci il tarixdə, saat 13 radələrində, Təranə və qızı Firuzə ilə evdə olmuşdur. Həyətə çıxmaq istəyən zaman Təranə həmişəki kimi ona söz atmış və “vaxtı ilə sən qaynananı çox incitmisən, mən də sənin başına oyun açacam” demişdir. Buna görə aralarında mübahisə yaranmışdır. O, əsəbləşib maskura qabını əlinə götürüb “bunu sənin təpənə çırparam” demişdir. Bu zaman Təranə onun sağ qolunu tutub burmuş, sonra arxasına keçib onun hər iki qollarını tutub sıxmış və güc göstərib onu aşağı tərəfə əymişdir. Bu zaman belində və sol qıçının oynağında bərk ağrı hiss etmişdir. Həmin vaxt qızı Firuzə yaxınlaşıb Təranəni uzaqlaşdırmışdır. Təranə bundan sonra onu buraxmışdır. Daha sonra oynağının ağrısından yeriyə bilməmiş, evdə uzanmış vəziyyətdə qalmışdır. Üstündən 2 gün keçmiş və xx.xx.2025-ci il tarixdə Sabirabad rayon mərkəzi xəstəxanasına gedib tibbi yardım almışdır. Rayon polis şöbəsinə dəvət olunarkən gəlini Təranənin barəsində şikayət etmişdir. Təranə ona xəsarət yetirən zaman evdə qızı Firuzə olmuş, onu Təranənin əlindən qızı Firuzə almış, evdə başqa heç kim olmamışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı Niyazın həyat yoldaşıdır. Evləndikdən sonra anası ilə Təranə arasında bir müddət qaydasında olsa da, sonradan Təranənin kobud rəftarı səbəbi ilə münasibətlər pozulmuşdur. Ailə daxili bir neçə dəfə mübahisələr baş vermişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində evdə olan zaman anası Məhbubə ilə gəlinləri Təranə arasında mübahisə olmasını eşitmiş və evin balkonuna çıxan zaman Təranənin anasını arxadan qucaqlayaraq sıxmasını görmüşdür. Anası xəstə və yaşlı olduğu üçün və Təranə ağırlığını anasının üstünə saldığı üçün belinin ağrımasını demiş və onların yanına gəlib anasını Təranənin əlindən almışdır. Həqiqətən də Təranə anasını arxadan tuturaq sıxdığı və öz ağırlığını anası Məhbubənin belinə saldığı üçün bir müddət yeriməkdə çətinlik çəkmiş və ağrıları artdığı üçün xx.xx.2025-ci il tarixdə Sabirabad RMX-yə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 08 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Sabirabad rayonu, Qaraqaşlı kəndində yerləşən fərdi evdə baş vermişdir (i.v.8). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X3 tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 08 iyul 2025-ci il tarixli, 297 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol bud çanağının əziyi ilə müşayət olunan sol bud çanaq oynağının bayır səthində qançır küt əşyanm/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025- cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər (i.v.38-40). “Sübutların qiymətləndirilməsi haqqında” 28 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs qismində məhkəmə məsuliyyətinə cəlb edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin rədd edilməsi və cinayət təqibi üzrə məhkəməyədək sadələşmiş icraat üzrə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi barədə etirafedici ifadəsi, şahid ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 59-63). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək zərərçəkmiş şəxslə sadəcə sözlə mübahisə etdiyini, zərərçəkmiş şəxsin onu vurmaması üçün sağ qolunu tutub burmuş lakin arxadan qucaqlayıb ağırlığını onun belinə salmadığını, bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini özünümüdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmaq naminə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, məhkəməyə təqdim edilmiş sadələşdirilmiş icraat metarialında olan 03 iyul 2025-ci il tarixli HK-2 saylı raportdan görünür ki, 03 iyul 2025-ci il tarixdə, saat 11:10-da Sabirabad RMX-nın həkimi Q.Rəhbəri telefonla RPŞ-nin növbətçi hissəsinə məlumat verərək, 1962-ci il təvəllüdlü Sabirabad rayonu, Qaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs “sol bud çanaq oynağının əziyi” diaqnozu ilə RMX-da tibbi yardım almasını və deməsinə görə gəlini tərəfindən döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli ərizədən görünür ki, 01 iyul 2025-ci il tarixdə evdə münaqişə zamanı gəlini Təqsirləndirilən şəxs ona xəsarət yetirmişdir. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda tam təqsirli bilərək qaynanası Zərərçəkmiş şəxs ilə münaqişə zamanı zərərçəkmiş şəxsin onu vurmaması üçün sağ qolunu tutub buraraq arxadan qucaqlayıb ağırlığını onun belinə salmasını etiraf etmiş, eyni xüsusat zərərçəkmiş şəxsin ifadəsi ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.35). Portalda çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2019-cu il təvəllüdlü (Zərərçəkmiş şəxs Niyaz qızı) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (AR CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), ictimai işlər, islah işləri və ya cərimə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının real olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sabirabad rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla sərf edilmiş 06 (altı) iş saatına görə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Vəkillər Kollegiyasına ayrılan vəsaitdən Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM : Cavid Cəfərov
Məhkəmə qərarları › İş №1(056)-108/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-108/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver