Məhkəmə qərarları › İş №1(056)-110/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-110/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-110/2023 08.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri, Nərimanov küçəsi, ev 33-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Sabirabad rayonu, Qaratəpə kənd sakini Zərərçəkmiş şəxs ayrı-ayrı şəxslər üçün təqaüd düzəltmək kimi imkanının olmasına inandıraraq, 1500 manat pul müqabilində sonuncunun atası X2 təqaüd düzəldə biləcəyinə dair yalan vədlər verməklə, etibarından sui-istifadə edib aldadaraq Zərərçəkmiş şəxs 2022-ci ilin may ayının əvvəllərində Sabirabad rayonu, Qaratəpə kəndində X1 məxsus fərdi yaşayış evində 1500 manat pulu alıb, ələ keçirməklə, sonradan verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Sabirabad şəhəri Nərimanov küçəsi ev 33-də yaşayır. Qaratəpə kəndində yaşayan Zərərçəkmiş şəxs onun haqqında Sabirabad RPŞ-nə yazdığı ərizə ilə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs sonuncunun qohumu hazırda Türkiyə dövlətində olan Zülfüqarın vasitəsi ilə tanımış, onunla münasibətləri normal olmuşdur. Ötən ilin mart ayında Zülfüqar qohumu Zərərçəkmiş şəxs ilə onun yanına gəlmiş, rayon mərkəzində yerləşən çayxanaların birində əyləşmişlər və söhbət əsnasında Zülfüqar ona bildirmişdir ki, Bahadurun atasının əlinin 4 barmağı amputasiya olunmuş, özləri nə qədər istəsələr də atasını təqaüdə çıxara bilmirlər, bu işdə ona köməklik etsin və əvəzində hörmət edərlər. O, Zülfüqarla razılaşmış, həmin şəxsin yanında Bahadura söyləmişdir ki, əgər təqaüd almaq istəyirsə 1500 manat xərci vardır. Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. Zərərçəkmiş şəxs ona demişdir ki, həmin məbləği verəcək, amma bu işdə köməklik etsin. O, Bahadura müəyyən sənədləri hazırlamasını demişdir. Bahadur da ona demişdir ki, sənədlər evdədir, verəcəkdir. Bundan sonra 2022-ci ilin may ayında Zülfüqarla birlikdə Bahadurun yaşadığı kəndə getmiş, Bahadurun əmisinin evinin həyətində söhbət etmişlər. Orada Bahadur, atası Bilal, əmisi və başqa tanımadığı qadın olmuşdur. Bahadur cibindən 1500 manat pulu çıxarıb Zülfüqara vermiş, həmin pulu da Zülfüqar ona vermişdir. Bir müddət o, çox çalışmışdır ki, bu məsələni həll etsin, lakin müəyyən səbəblərlə əlaqədar məsələ alınmamışdır. Həmin ərəfədə həmin puldan bir qismini xərclədiyi üçün pulu Bahadura geri qaytara bilməmişdir. Onun hər hansı bir şəxs üçün təqaüd düzəltdirmək kimi səlahiyyəti və ya imkanı yoxdur. O, səhv etdiyini başa düşür. Hazırda əməlindən peşmandır və həmin pulu qaytarmışdır. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də o, məhkəmədən cinayət məsuliyyətindən azad olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda təqsirləndirilən şəxs ona vurduğu ziyanın əvəzini tam ödəmiş, ondan üzr istəyərək barışmışdır. Ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim edir. Odur ki, qeyd olunanları nəzərə alaraq onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Sabirabad rayon Məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, aralarında barışıq əldə olunmuş, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Belə olduğu təqdirdə 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə görə 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət işinin icraatına xitam verilməli, həmçinin iş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar