Məhkəmə qərarları › İş №1(056)-111/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-111/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-111/2025 17.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmənin iclas katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, evli, orta təhsili, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Yolçubəyli kəndində qeydiyatda olmaqla, Sabirabad rayonu Suqovuşan kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilən ittihama görə o, 16 mart 2025-ci il tarixdə saat 21 radələrində, naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi bir ədəd kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi 5,32 qram narkotik vasitə olan qurudulmuş marixuananı Sabirabad şəhəri, Vüqar Əhmədov küçəsində 70 manata həmkəndlisi Şahid1 qanunsuz olaraq satmışdır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2024-cü ilin yay ayında Kür çayının sahilindəki meşə zolağında bir ədəd çətənə kolu əkib yetişdirərək marixuanasını yığıb özü istifadə etmiş, həmin marixuanadan onda bir kibrit qutusu qalmış, həmin kibrit qutusunda olan marixuananı da yaşadığı evin yaxınlığında su kanalının kənarında gizlətmişdir. 16 mart 2025-ci il tarixdə saat 16 radələrindən sonra Sabirabad rayonu Yolçubəyli kəndində çayxanadan çıxarkən həmkəndlisi Şahid1 onun ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək harada olduğunu soruşmuş, o, çayxanadan çıxıb mağazaya getmək istədiyini demiş, Mirəzim də onunla görüşmək istədiyini bildirərək təxminən 15-20 dəqiqə sonra Ramalın idarə etdiyi VAZ-2107 markalı avtomobillə gəlib onun yanında dayanmışlar. Sonra Mirəzim çəkmək üçün marixuana lazım olduğunu demiş, o da Mirəzimə təşkil edə biləcəyini bildirmişdir. Həmin vaxt o, Mirəzimdən narkotikə görə deyil, şəxsi məqsədləri üçün 70 manat pul istəmişdir. Mirəzim onunla razılaşaraq onlar avtomobillə Sabirabad şəhərinə yola düşmüşlər. Onlar gəlib Sabirabad şəhərinə çatandan sonra Sabirabad şəhəri, Eynulla Nadirov adına məktəbin yanına getmələrini demişdir. Ramal avtomobili idarə edərək məktəbin yanına gedib avtomobili saxlmışdır. Sonra o, Mirəzim və Ramala avtomobildə gözləmələrini deyərək avtomobildən düşmüş, yaşadığı evə gedib gödəkçəsini geyinərək yaşadığı evin yaxınlığında olan kanalın kənarında gizlətdiyi 1 ədəd kibrit qutusunda olan marixuananı götürüb cibinə qoyaraq saat 21 radələrində geriyə qayıdıb avtomobildə Mirəzimin yanında əyləşərək həmin 1 kibrit qutusunda olan marixuananı Mirəzimə pay olaraq vermiş və bundan sonra avtomobildən düşüb evinə getmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Himayəsində iki azyaşlı övladı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Odur ki, o, məhkəmədən barəsində ən aşağı həddə cəza qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, 16 mart 2025-ci il tarixdə saat 20 radələrindən sonra həmkəndlisi taksi sürücüsü Şahid2 idarə etdiyi VAZ-2107 markalı avtomobillə yaşadığı Yolçübəyli kəndindən Sabirabad şəhərinə gələrkən onunla bir kənddən olan və Sabirabad rayon Suqovşan kəndində yaşayan Təqsirləndirilən şəxs zəng edib çəkmək üçün marixuana lazım olduğunu demişdir. Vasib onunla telefonla danışarkən Yolçubəyli kəndində çayxananın qarşısında olduğunu və ona marixuana təşkil edəcəyini bildirmişdir. Ona görə də o, çayxananın qarşısına gəlmiş, sonra Vasib avtomobilə əyləşmiş, yolda gedərkən 70 manata bir kibrit qutusu marixuana alıb verəcəyini, bir çəkimlik marixuana ona da verməsini demişdir. O, Vasibə 70 manat pul vermiş, onlar gəlib Sabirabad şəhərinə çatanda Vasib avtomobillə Sabirabad şəhəri, Eynulla Nadirov adına məktəbin yanına getmələrini demişdir. Ona görə də onlar məktəbin qarşısına getmişlər. X3 avtomobili yolun kənarında saxlamasını demiş, Ramal avtomobilini saxlamış, Vasib onlara avtomobildə gözləmələrini deyərək avtomobildən düşüb marixuana almağa getmişdir. Vasib təxminən 15 dəqiqədən sonra qayıdıb avtomobilin arxa oturacağında əyləşdikdən sonra cibindən bir kibrit qutusu marixuana çıxarıb ona vermiş və avtomobildən düşüb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, VAZ-2107 markalı, FV 421 dövlət nömrə nişanlı avtomobili ilə rayon ərazisində taksi kimi fəaliyyət göstərir. 16 mart 2025-ci il tarixdə saat 20 radələrindən sonra həmkəndlsi Şahid1 onu Sabirabad şəhərinə gətirməsini, sonra kəndə qaytarmasını bildirərək 10 manat yol haqqı verəcəyini demişdir. O, Mirəzimə razılıq vermiş, Mirəzim onun avtomobilnə əyləşmiş, kəndin ərazisində gedərkən Mirəzim kiminləsə telefonla danışdıqdan sonra kənddəki çayxananın qarşısına getmələrini demiş, ona görə də o, avtomobilini idarə edərək çayxananın qarşısına gedərək orada dayanmışdır. Sonra həmkəndliləri Vasib Mehbalısoy yaxınlaşaraq onlarla görüşüb onun avtomobilinə əyləşmişdir. Mirəzim ona Sabirabad şəhərinə getmələrini demiş, ona görə də avtomobilini idarə edərək Sabirabad şəhərinə yola düşmüşlər. Yolda gələrkən Mirəzim Vasibə 70 manat pul vermiş, lakin Mirəzimin həmin pulu Vasibə nə məqsədlə verdiyini bilməmişdir. Sabirabad şəhərinə çatdıqda Vasib onlara Eynulla Nadirov adına məktəbin yanına getməyi demiş, o, avtomobilini həmin məktəbin yanına sürmüş, sonra Vasib onlara orada gözləmələrini deyərək düşüb harasa getmiş, gedərkən də bir neçə dəqiqəyə qayıdacağını demişdir. Vasibin hara və niyə görə getdiyini bilməmiş, Vasib təxminən 20 dəqiqədən sonra qayıdıb gələrək avtomobilin arxa oturacağında əyləşərək cibindən bir ədəd kibrit qutusu çıxardıb Mirəzimə vermişdir. Həmin vaxt Vasibin Mirəzimə verdiyi narkotik vasitə marixuana olduğunu başa düşmüş, lakin Vasib marixuananı haradan əldə edib gətirdiyini bilməmiş, bundan sonra Vasib düşüb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, 16 mart 2025-ci il tarixdə Sabirabad rayon Yolçubəyli kənd sakini Şahid1 qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində saxlamaqla istifadə etməsi ilə əlaqədar olaraq keçirilən tədbirdə iştirak etmişdir. Tədbirin keçirilməsi ilə əlaqədar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 əməliyyat qrupunun rəhbəri, o, RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid5 və Şahid6 əməliyyat qrupunun üzvləri təyin olunmuşlar. Həmin gün onlar Sabirabad rayon Cavad kəndində olarkən saat 21:30-da Şahid1 «OBA» marketin qarşısında olduğunu görərək onu saxlayıb polis əməkdaşları olduqlarını bildirmişlər. Şahid3 Şahid1 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu izah etmiş, həmin vaxt orada adamların çox olmasına görə Şahid1 və taksi sürücüsü Şahid2 birlikdə yaxınlıqdakı Kür çayının mühafizə bəndinin üstünə gətirmişlər. Video çəkiliş aparılarkən Şahid3 Şahid1 üzərində narkotik vasitə vardırsa təqdim etməsini demiş, Şahid1 əynində olan gödəkçəsinin cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək, içərisində narkotik vasitə marixuana olduğunu demişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilərkən, yaşılımtıl rəngli, spesifik qoxuya malik olan, bitki mənşəli, quru halda marixuanaya oxşar kütlə olduğunu görmüşlər. Sorğu zamanı Şahid1 özü istifadə etmək məqsədi ilə Vasib adlı şəxsə 70 manat pul verdiyini, Vasibin isə gedib həmin kibrit qutusunda olan narkotik vasitə marixuananı gətirərək ona verdiyini demişdir. Kibrit qutusunda olan marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərək zərfə qoyularaq möhürləndikdən sonra götürülmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 eyni məzmunda ifadə verərək, Şahid4 ifadəsində göstərilən xüsusatları tam təsdiq etdilər. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 17 mart 2025-ci il tarixli 18/244 nömrəli rəyindən görünür ki, Şahid1 aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqatda 5,32 qram marixuanadan 0,02 qram sərf edilərək 5,30 qram qalıq qalmışdır. Cinayət işinin istintaq materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 25 aprel 2025-ci il tarixli, 2381 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon Yolçubəyli kənd İƏD nümayəndədəliyi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olubolmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özününü etirafedici ifadəsi, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanın ağırlaşdıran hallarının olmamasını, həmçinin maddənin sanksiyasında alternativ cəza olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər tərəfindən cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş, Sabirabad rayon məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanmasını, narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi 5,30 qram olan qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olduğunu əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 5,30 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar