Məhkəmə qərarları › İş №1(056)-113/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-113/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-113/2023 08.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,08 qram çəkidə narkotik vasitə metadonu qanunsuz əldə edib üzərində daşımaqla bir ədəd kağız bükümdə saxlamış, 26 mart 2023-cü il tarixdə Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri Q.Namazəliyev küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sol yan cibindən 0,08 qram çəkidə narkotik vasitə metadon 02 ədəd (dörd hissəyə bölünmüş) həb formasında aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İİ qrup əlil olması ilə əlaqədar 150 manat məbləğində pensiya alır. Təxminən 18 ildir ki, narkotik maddələrdən istifadə edir. Tutulmamışdan 2-3 gün əvvəl günorta saatlarında Sabirabad şəhərində “RTS” adlanan ərazidə piyada gedən zaman yolun kənarında bir ədəd sellofan torba görmüş, içərisinə baxan zaman bir ədəd kağız bükümdə 2 ədəd narkotik tərkibli metadon həbləri və bir ədəd şpris içərisində maye tapmışdır. Mayeyə baxanda narkotik vasitə heroin tərkibli olduğunu görmüşdür. Ona görə də istifadə etməsi üçün metadon həblərini iki yerə bölmüş və şprisdəki olan maye ilə birlikdə əynindəki şalvarının ciblərinə qoymüşdür. 26 mart 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı Sabirabad şəhəri Q.Namazəliyev küçəsində olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirib onu Sabirabad rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində polis əməkdaşları ondan üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmasını, olacağı halda könüllü olaraq təqdim etməsini bildirmişlər. Bundan sonra o, üzərində iki ədəd metadon həbi və içərisində heroin mayesi olan şpris olduğunu bildirmişdir. Daha sonra o, şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi təyin edilmişdir. Polis şöbəsinə dəvət edilmiş iki nəfər hal şahidinin və Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən bir ədəd kağız bükümdə yarıya bölünmüş iki ədəd metadon həbləri, sağ yan cibindən isə içərisində heroin mayesi olan şpris aşkar edilərək götürülmüş və kağız zərfdə qablaşdırılmışdır. O, heç vaxt narkotik vasitə satmamışdır. Sadəcə olaraq özü narkotik asılılığı daşımaqdadır. Daha narkotik vasitələrin qəbulundan uzaqlaşmaq, normal insan kimi cəmiyyətdə yaşamaq istəyir. Onun bu cür vəziyyətindən ailəsi də əziyyət çəkir. Oğlu gələn ilin oktyabr ayında əsgərliyə gedəcəkdir. Hazırda o, narkotik vasitələrin qəbulundan birdəfəlik uzaqlaşa bilməsi üçün məhkəmədən barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edir. Cəzanın müddəti müəyyən edilərkən isə oğlunu özünün sağlam vəziyyətdə qayıdıb əsgərliyə yola salmaq niyyətini həyata keçirmək arzusunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 mart 2023-cü il tarixdə daxil olmuş məlumat əsasında raportla RPŞ-nin rəisinə məruzə edərək, Sabirabad rayon sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olduğunu bildirmiş, həmin tarixdə tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilərək tədbirin keçirilməsinə icazə verilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması əməliyyat marağı doğurduğu üçün rayon ərazisində tədbirdə iştirak edən polis əməkdaşları tərəfindən saxlanılıb Sabirabad rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən bir ədəd bükümdə yarıya bölünmüş iki ədəd narkotik vasitə metadona oxşar həblər, eləcə də içərisində heroin mayesi olan şpris aşkar edilmişdir. Aşkar edilmiş həblər və şpris qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da baxış iştirakçıları kimi protokolda imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişlər. Məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2023-cü il tarixli, 6/1727 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kağız zərfdə qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, ümumilikdə 02 ədəd (dörd hissəyə bölünmüş) həblər metadon tərkibli dərman preparatıdır və 02 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı 0,08 qramdır. Metamfetaminin təmiz çəkisi -1,40 mg həb-02 ədəd (dörd hissəyə bölünmüş), tədqiqata sərf edildi: 1 ədəd, qalıq-3 ədəd (yarım hissəyə bölünmüş) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 22 iyun 2023-cü il tarixli, 3989 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsinin qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, halhazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmayıb. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsi ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, həmçinin təqsirləndirilən şəxsin islah olunması, narkotik vasitə asılılığından qurtrulması arzusu ilə bağlı izahatının məzmununu nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün o, cəzasını ümumi rejimli cəzaçəkmə üəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində tutulmuş, Sabirabad rayon məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını, onun, ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 92 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı tədqiqatdan sonra qalıq 3 ədəd yarım hissəyə bölünmüş metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olmasını nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 mart – 28 mart 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 (iki) gün həbsdə saxlanıldığı müddət bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 2 (iki) gün çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 92 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq 3 ədəd yarım hissəyə bölünmüş metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar